Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəstə qadın üçün ən yaxşı ər”


Səhər Əhmədin yeni hekayəsi


Kulis.az Səhər Əhmədin “Xəstə qadın üçün ən yaxşı ər” adlı yeni hekayəsini təqdim edir.
 
-Əppəyim, suyum, qazım, ördəyim, pendirim, şorum...
 
İri cüssəli kişi ayı pəncəsi kimi yekə, qıllı əlləriylə yanında oturmuş arvadının sısqa çiyinlərini şappıldadırdı. Amma qadının üzünün heç bir cizgisi, necə deyərlər, tərpənmirdi. Klinikanın dəhlizində, mənimlə üzbəüz, divanda oturmuşdular,  yanlarından keçən tibb bacıları bu səs-küylü kişiyə  gülümsünürdülər, amma əri heç kim maraqlandırmırdı, bütün gücünü öz qadınının fikrini dağıtmağa sərf eləmişdi, onun kobud səsi, hündürdən səsləndirdiyi əzizləmələr, xanımın kürəyinə endirdiyi zərbələr belə səmimiydi. Müşahidənin təzə başlamasına rəğmən, anlayırdım ki, kişi qətiyyən oynamır, onun ən böyük dərdi bu qadının üzünü güldürməkdi.
 
Mənim həssas, mazoxist psixikamı isə daha çox qadının üzündəki məyus ifadə cəlb edirdi. Onlar psixoloqun qəbulunda idilər və bu fakt qadının üzündəki dərin ümidsizliyi anlamağa imkan verirdi. Gözlərinə baxanda özümü belə üşəndirən bir ifadə gəlmişdi ağlıma, sizin də qanınızı qaraltmaq hesabına da olsa deyəcəm, bəli, bu gözlər  nədənsə boş qəbri xatırladırdı.
 
Axır ki, məni laboratoriyadan çağırdılar, içəri keçib analizlərin cavabını götürdüm. Çıxanda qonşuların da növbəsi çatmışdı, həkimin otağının ağzındaydılar, amma qəfildən kişi çevrilib yolumu kəsdi:
 
-Bizimlə içəri girərsiz? Bəzi sözləri anlamıram...
 
Siz də mənim kimi sürətlə anlayasız deyə, izah edim, psixoloq Türkiyədən gəlmişdi və tanımadığım bu kişi məni dilmanc vəzifəsinə dəvət edirdi. Vaxtımın məhdud olmasına rəğmən onun sözünü yerə salmadım.
 
Öz “taxt-tacında” oturub gözləyən saçları ortadan tökülmüş, yumru sifətli kişi həkim üçümüzə də yer göstərdi. Onun üzündə indiyə qədər heç bir əsəb və ruh həkimində rast gəlmədiyim sakit ifadə vardı, bu sakitlik yorğunluğun və narahatlığın üstünə çəkilmiş pərdə deyildi, laqeydliyin sərhədlərinə qədər gəlmiş qəribə və gerçək bir qayğısızlıq vardı bu sifətdə. Təbii ki, bu mənim şəxsi yanaşmam idi və başqaları bunu professionallıq adlandırmaqda tam sərbəstdilər.
 
Qadın ona göstərilən kreslonun küncündə oturub, dizlərini birləşdirdi, sağ əlini sol dizinin, sol əlini isə sağ əlinin üstünə qoydu və heç bir həyat əlaməti olmayan baxışlarını qeyri-müəyyən bir nöqtəyə dikdi. Kişi köhnə bir vərdiş olduğu hiss olunan tərzdə təcrübəli halda, möhkəm səslə söhbətə, mən isə vəzifəmi icra etməyə başladım.
 
Bir azdan belə bir vəziyyət yarandı:
 
- Doxtur, gejə bir də görürsən kuxnaya keçir, xoledelniki açır, nə bilim peçenye yeyir.
 
Mən nədənsə “bisküvi” sözünü xatırlamaqda çətinlik çəkdim və vaxt sərf etməmək üçün peçenyeni vafli ilə əvəz etdim:
 
- Doktor, gecələr qoflet yeyomuş...
 
Həkim əvvəl mənim, sonra ərin üzünə baxdı:
 
- Bən də gecələr qoflet yiyorum, nə varmış?
 
Bu yerdə qadın qımıldandı, hətta mənə elə gəldi ki, “boş qəbir”də nəsə canlanma yarandı, sevincə, ya da ümidə bənzər nəsə...
 
Kişi ayağa qalxıb, sonra təzədən oturdu:
 
- Yox e, ay doxtur, yuxuda olur e, özünün xəbəri olmur.
 
Mən cümləni həkimə xırdalamaq istəyirdim ki, qadın yavaş səslə:
 
- Xəbərim olur,- dedi.
 
Bu yerdə sizə təsvir edə bilməyəcəyim dərəcədə anlaşılmazlıq yarandı, dördümüz də bir-birimizə qarışdıq. Həkim əlindəki qələmin arxasını hakim çəkici kimi qətiyyətlə, amma yavaşdan masaya vurdu:
 
- Bir qərara gəlin, “hatırlıyromu?”,  “hatırlamıyormu?” Bunu bilməm çok gərəkli...
 
Mənim telefonum zəng çaldı, bu arada kişi nəsə soruşdu, həkim mənim müdaxiləmi gözləmədən cavab verdi:
 
- Aynen!
 
Mən tələsik görəvimin başına qayıtdım, heç kimin üzünə baxmadan cavabı ortaya tulladım, nədənsə bu dəfə rusca:
 
- Toçno!
 
Yenə zəng elədilər, vacib işim olduğunu ərz edib, üzr istədim və otaqdan çıxdım.
 
Aradan dörd ilə yaxın vaxt keçir. Bu yaxınlarda Türkiyə telekanallarının birində həmin həkimdən süjet verirdilər. Tanış üz o saat yadıma həmin ər-arvadı saldı. “Yadıma saldı” bir az zəif səslənir, sizi inandırıram və dəqiq ifadə etdiyimə əminəm ki, mən həyatımda bir saatdan da az rol oynamış o iki insan üçün şiddətli şəkildə darıxdım. Onların hansısa kənddəki evlərində qonaq olmaq, ürəkdolusu söhbət eləmək istədim. Görəsən, yenə kişi öz qadınını o sözlərlə əzizləyirmi, qıcolmaları başlayanda eyni təlaşla kənd həkiminin yanına qaçırmı, yenə ona “xəstə qadın üçün  ən yaxşı ər” nominasiyası üzrə birincilik verərdimmi, qadın yenə sonra xatırlamayacağı hərəkətlər edirmi, yoxsa sağalıbmı, gözlərindəki boş qəbri torpaqlamağa tibbin güçü çatıbmı... Yəqin ki, mən bu sualların cavabını heç vaxt bilməyəcəm, darıxmağımın şiddəti də elə bu qeyri-mümkünlükdən doğur.
 
Mənim bütün durumlarda özümü günahlandırmaq kimi axmaq bir xasiyyətim var (bunu xəstəlik adlandırmaq daha düzgün olardı). Bu mənada müayinə otağından yarımçıq çıxdığım üçün özünü qınamaq da olar. Amma mən tamamilə başqa məsələdə özümü suçlayıram. Düşünürəm ki, o gün “bisküvi” sözünü xatırlamağa ərinib peçenyenı vafli kimi “tərcümə” etməsəydim, bəlkə hər şey başqa cür olardı...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar