Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəzifə”


Kəramət Böyükçölün “Vəzifə” adlı yeni hekayəsini təqdim edirik

 
Eşidəndə ona ciddi vəzifə veriblər, Nazim müəllim ən birinci katibə haqqında düşündü. Xəbər mətbuata da sızmışdı, ancaq işinin nə olduğu hələ bilinmirdi. Ürəyi partlayırdı. Yan-yörəsində çoxlu adamlar vardı. Bilmədi özünü necə ələ alsın, durduğu yerdə əlini tanımadığı bir adamın çiyninə qoyub dedi:
 
“Nə olur-olsun, əsas vəzifədi, elə deyilmi?”.
 
Tanımadığı adam diksindi:
 
“Nə?”.
 
Nazim müəllim üzr istəyib bir az kənara çəkildi.
 
Düzü, onu irəli çəkilmə söhbəti çoxdan vardı. Bu barədə əvvəlcədən lazımlı adamlarla görüşüb danışmışdı, boynuna nə düşürdüsə, hamısını eləmişdi, oturub evdə xəbər gözləyirdi. Xəbəri eşidəndə isə özü Bakıda deyildi, Kürdəmir rayonunda yaxın bir qohumu rəhmətə getmişdi, onun hüzründə çörək yeyirdi. Nazim müəllim əslində, yasa gəlməyə də bilərdi, ancaq çox darıxırdı, başını qatmaq istəyirdi. Yas yerində sevinmək yaxşı çıxmır, buna görə özünü güclə saxlayırdı, ancaq axıra kimi bacarmadı. Gizlin bir yerə çəkilib sevindiyindən ağacın yarpağından öpdü. Əlində-ovcunda olanı satıb bu işə vermişdi, gecə-gündüz fikirdən yata bilmirdi. Gördü heç kəs baxmır, xəlvətcə yas çadırının arxasında qol açıb oynadı. Sevinc hissini, həyəcanı az da olsa canından çıxardı ki, Bakıya sağ-salamat gedib çıxa bilsin, yolda ürəyi partlamasın.
 
Dost-tanışları, yaxınları zəng eləyib yeni işinə görə Nazim müəllimi təbrik eləyirdi. Heç dostlarının bu qədər çox olduğunu bilmirdi. Hiss edirdi ki, telefonda onunla danışan adamların hamısının səsi dəyişib, intonasiyalarında özünə qarşı sonsuz hörmət və sayğı duyurdu.
 
Jurnalistlərin ardı-arası kəsilməyən telefon zənglərində əsas sual ondan ibarət idi:
 
“Vəzifəyə gedəcəyindən əvvəlcə xəbəriniz vardımı?”
 
Nazim müəllim:
 
“Elə şey olar? Əlbəttə, xəbərim yox idi. Hər şeyi dostlarımın zəngindən sonra bildim. Etimad göstərənlər sağ olsunlar. Bütün ömrüm boyu çalışacağam ki, göstərilən diqqətə layiq olum”.
 
Rayona yas yerinə gedəndə Nazim müəllimin cibində pul çox az idi. Əyni-başı da nimdaş görünürdü. Buna görə utanırdı. Boy-buxun, saç-baş hamısı yerində idi, qurbanolduğum onu elə bil vəzifə üçün yaratmışdı, amma gəl ki, iki il bundan qabaq aldığı şalvar-köynək hələ də canından azad olmamışdı. Bəs Bakıya belə necə qayıtsın? Ayıb deyilmi o boyda vəzifənin sahibi bu viddə adam içinə çıxsın? Xeyli düşünüb-daşınandan sonra ilk ağlına gələn o oldu ki, təcili borc pul tapıb geyim-kecimini düzəlsin, özünün olmasa da, qohum-əqrəbadan kimdə normal bir maşın varsa minib gəlsin şəhərə, işə başlayan kimi qalan şeyləri həll eləyər.
 
Vəzifə elə şeydir ki, insan olduğunu nə qədər bildirməsən, o qədər yaxşıdı. Sərt olmaq lazımdı! Yeri gəldi-gəlmədi səmimiyyət, mehribanlıq işləmir. İnsanların gözünə nə qədər az görünsən, o qədər hörmətli olarsan. Adamlar ki, səni görəndə bir addım kənara qoyub, pencəklərinin orta düymələrini bağlayıb əllərini yanına salmadı, daha o nə vəzifə oldu?
 
Düzdür, vəzifə əbədi deyil, amma müvəqqəti olan bir şeydən sən gələcəyin üçün istifadə eləyə bilmirsənsə deməli, balaların sənin ağzına-üzünə söyəcək. Xərc çəkib bu boyda işə gəlmisən, nə olar sənin də dörd-beş yerdə yüngülvarı dükanın olsa? Nə olar şəhərin mərkəzi yerlərində dörd-beş balaca restoranın olsa? Nə olar şəhərin üç-dörd yerində evin olsa? Nə olar iki-üç maşının olsa? Adam nə qədər eyni arvadla yaşayar, nə olar kənarda bir saxladığın olsa? Çox şey nəyə lazımdır? Hərəsindən iki-üçü oldu, bəsdir. Onsuz da dünya fanidir, hamı beş arşın ağ aparacaq.
 
Nazim müəllim üçün, əlbəttə, ən vacib məsələlərdən biri də katibədir. Xalqa xidmətə katibədən başlayanda vəzifə uğurlu, xeyir-bərəkətli olur. Vəzifəni vəzifə eləyən katibədir! Katibən olmadısa o vəzifəni apar tulla. Katibə iş yerinin yaraşığıdır. Qapını açanda üzünə ay parçası kimi yupyumru bir qadın gülümsəmədisə, deməli, həmin gün işə gəlməmisən.
 
Nazim müəllim fikirləşdi ki, iş otağının arxasında bir yataq otağı da olmalıdır. Ora yüngülvarı divan-kreslo qoyursan, balaca bir sauna düzəldirsən, qurtardı getdi. Adam ciddi işləyəndə çox yorulur, tez-tez əsəbiləşirsən, beyin dözmür. Arada dincəlmək lazımdır. Keçirsən arxa otağa, yüngülcə uzanırsan, canını dincə qoyursan, yuyunursan, tərləyirsən, boynunu, kürəyini masaj elətdirirsən, olursan qoz kimi. Yaxşı pürrəngi çaydan sonra yenidən xalqa xidmət kimi məsuliyyəti bir işin başına keçirsən.
 
Nazim müəllim adamları addım səslərindən tanıyırdı, amma düşündü ki, otağının qabağında xüsusi kameranın olması vacibdir. Lazımsız adamlar çox gəlib-gedir. Elələri olur, girib otağında uzun-uzadı qəzəl oxuyur. Bir də görürsən kimsə gəlib deyir, ərim müharibədə ölüb. Neyləyim? Ərini mən öldürmüşəm? Biri gəlir ki, oğlum itkin düşüb? Neyləyim? Oğlun cibimdədi? Oğlunu mənim otağımda niyə axtarırsan? Əl çəkmirlər, dil qəfəsə qoymurlar. Birdəfəlik başa düşmürlər ki, vəzifə sahibi bank üstündə oturmayıb.
 
Kameranı belə adamlar üçün istəyirdi. Bəri başdan qabaqlayıcı tədbir görürsən ki, hansısa yersiz-yurdsuz, yetim-yesir burnunun ağzının içinə kimi gəlib çıxmasın. Bizim Qarabağ kimi böyük dərdimiz var, mən burda Ağdamın, Laçının, Kəlbəcərin dərdini çəkirəm, bu da gəlib deyir, işləmirəm, dolana bilmirəm, mənə iş ver. Utanmasa deyər, bacı-qardaşını çıxar, oğlunu-qızını çıxar, məni qoy onun yerinə. Bu adamlarda abır-həya qalmayıb. Mən bütün günü otağımda doğma dədə-baba yurdumu düşünməsəm, ağlayıb-sızlamasam, onda el-obanın dərdini kim çəkəcək?
 
Nazim müəllim bir də başını qaldırıb gördü ki, şər qarışıb, ölünün mağarın başında asılan şəklindən başqa yas yerində heç kim qalmayıb. (kulis,)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar