Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vacib deyil ki, küpün hamısını yeyəsən“


Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarında islahatlar aparılır. Kadr dəyişikliklərinə münasibət öyrənmək üçün uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetində və “Ulduz” jurnalında rəhbər vəzifələrdə işləmiş Seyran Səxavətlə əlaqə saxladıq. Seyran müəllimlə ədəbi orqanlarda çalışdığı vaxtlardan danışdıq.


-Seyran müəllim, hazırda nə yazırsınız?
 
-Hazırda ancaq öz üzərimdə işləyirəm. Bu yaxınlarda  “Qaçaqaç” romanımın ikinci hissəsini yazacağam. Bu roman özüm haqqındadı. Çünki məni özümdən yaxşı tanıyan insan yoxdur.
 
-Bilirik ki, o vaxtlar nə qədər istedadlı da olsan, Yazıçılar Birliyinin orqanlarına təyin olunmaq üçün mütləq tanışa, tapşırığa ehtiyac var idi. Bəs siz necə oldu ki, “Ulduz” jurnalında nəsr şöbəsində işləməyə başladınz?
 
-Mən o vaxtlar  “Ədəbiyyat qəzeti”ndə işləyirdim. Eşitdim ki, “Ulduz” jurnalında nəsr şöbəsinin müdiri vəzifəsi boşalır. O dəqiqə tanışlarımı yada saldım. Bir cib dəftərçəm var idi, ona da baxdım. Həmin vaxt da Yazıçılar Birliyində təşkilati məsələlərə İsax İbrahimov baxırdı. Mən də bilirdim ki, Rəssamlar Fondunun sədri İsmət Axundov İsax müəllimlə yaxındılar. İsmət Axundovla biz ailəvi tanış idik. Getdim onlara, İsmət müəllim də elə mənim yanımda İsax  İbrahimova zəng vurdu və məni işə götürdülər. Ondan sonra Yusif Səmədoğlu kimi çox böyük yazıçı və dünyanın ən rahat kişisi ilə işləməyə başladım.
 
-Ulduz” jurnalında hansı maraqlı hadisələr olurdu?
 
-Bizim kollektiv bir-birinə bağlı adamlardan ibarət  idi. Yusif müəllim kimi də baş redaktorumuz var idi. Bir dəfə Novruz bayramı qabağı idi. Hamımız da rayon uşağı idik və istəyirdik bayramda evimizə gedək. Mən gəldim icazə istədim, sonra Taleh Həmid, Əhəd Muxtar gəlib icazə istədi. Yusif  Səmədoğlu da hamıya icazə verib. Sonra işə gəlib görüb ki, işdə heç kim yoxdur. Onda  “Azərbaycan” jurnalı da bizimlə qonşu idi. Gedib jurnalın redaksiyasına, deyib ki, bizim uşaqları görməmisiniz? Bilmirsiniz hardadırlar?
Sonra mənim özümlə bağlı maraqlı bir əhvalat olmuşdu. Yusif Səmədoğlu jurnalda bizə o qədər azadlıq vermişdi ki, hələ Azərbaycan xalqı azad olmamışdan biz müstəqil idik. Biz də heç vaxt bundan sui-istifadə etməzdik. Bir gün mən Moskvadan tanınmış yazıçı, “Sovetski pisatel” nəşriyyatının işçisi Yamil Mustafildən teleqram aldım. O, mənim kitabımın redaktoru idi. Teleqramda deyilirdi ki, kitabın redaktəsi bitib, bura gəlib qol çəkməlisən ki, nəşrə başlayaq. Mən də icazə almaq üçün tez Yusif Səmədoğlunu axtardım. Amma heç yerdə tapa bilmədim. Kimdən soraqlaşırdımsa, deyirdilər ki, sən bilmirsənsə, biz hardan bilək? Mən də məcbur qalıb  təyyarəyə minib, getdim Moskvaya. Onda bizdə Mərkəzi Ədiblər Evi var idi. Həm SSRİ Yazıçılar İttifaqı orada yerləşirdi, həm də möhtəşəm restoran var idi. Biz həmişə Bakıdan gedəndə birinci ora gedib, mehmanxanada qalmaq üçün bron alırdıq. Mən də nahar etmək üçün restorana girdim. Gördüm ki, Yusif Səmədoğlu  Azər Mustafazadə və Nəmidə xanımla oturublar. Məni görən kimi Yusif müəllim dedi ki, “qaqaaş, gəl bura, gəl bura”. Özü də Yusif Səmədoğlu bir az lağlağı, “prikol” adam idi. Mənə dedi ki, bəs o boyda redaksiyanı sənə etibar edib gəlmişəm, sən burda neynirsən? Mən də dedim ki, bəs Yamil Mustafildən teleqram gəlib. Hər yerdə səni axtardım. Axırda dedilər ki, sən Moskvadasan. Bura gəldim ki, səndən icazə alım, Moskvaya getmək üçün”.
 
-Bəs hansı çətinlikləriniz olurdu?
 
-Bir də görürdün ki, adlı-sanlı yazıçılardan biri gəlib zəif əsər verirdi. Çap etsən olmurdu, çap etməsən olmurdu. Lənkəran Yazıçılar Birliyinin sədri Məmmədhüseyn Əliyev iri həcmdə bir povest gətirmişdi. Bu da bizim jurnala uyğun deyildi. Povestin bir başına baxdım, bir ayağına baxdım, dedim ki, bu, bizim jurnala uyğun deyil. Məmmədhüseyn Əliyev dedi ki, necə oldu ki, bir neçə dəqiqənin içində hamısını oxudun? Başa saldım ki, axı balın yaxşı olub-olmamasını bilmək üçün vacib deyil ki, küpün hamısını yeyəsən. O, getdi Mirzə İbrahimova şikayət etdi. Ancaq Mirzə müəllim də bizim tərəfimizi saxladı.
 
-Bir çoxları deyir ki, “Ulduz” jurnalının əvvəlki hörməti qalmayıb. Siz indiki “Ulduz”u necə görürsünüz?
 
-Təkcə “Ulduz” jurnalının yox,  ayrı-ayrı kişilərin, obyektlərin, məktəblərin də hörməti qalmayıb. Küll halında cəmiyyətin hörməti azalıb. “Ulduz” jurnalı indi ildə bir dəfə gənclərə verilir. Bizim vaxtımızda belə olmurdu. Onda   jurnal Azərbaycan Lenin Komsomol Mərkəzi Komitəsinin və Yazıçılar Birliyinin orqanı idi. Onda bizə kiçik bir nəfəslik açmışdılarsa, indiki jurnalın belə demək mümkündürsə, bütün damı,  pəncərəsi açıqdır.  İndi yaxşı yazı olsa, “Ulduz” jurnalı mütləq çap edər. Qulu Ağsəs də mənim sevimli şairlərimdəndir. Anar müəllimin bu təyinatından tam razı qaldım.
Elçin Hüseynbəyli cavandır. Qəzet də çeviklik istəyir. Mən 18 ildir ki, “Ədəbiyyat qəzeti”ni oxumurdum. Ancaq artıq iki nömrəni almışam. O qəzet pis mənada Sovet təfəkkürü ilə çıxırdı. Elə bil ki, ədəbiyyata heç bir dəxli yoxdur. Bu qəzetin bir bədbəxtçiliyi də bu idi ki, ətrafında olan müəllifləri pərən-pərən salmışdı. Məsələn, mən 18 ildir ki, nə “Ədəbiyyat qəzeti”nə, nə də işğal altında olan Qarabağıma gedə bilmirdim. Ancaq bu gün getdim. Öz otağıma girdim. Orda olduğum illəri xatırladım.
 
-Seyran müəllim, bildiyimiz kimi istər “Ulduz” jurnalında, istərsə də “Ədəbiyyat qəzeti”ndə həmişə yeyib-içmək məclisləri qurulurdu.
 
-Bizim işimiz başlayırdı saat 11-də, 4-də bitirdi. Nahar vaxtı otururduq bir yerdə. Özü də bizdə işləyən qadınlarla bir yerdə içirdik. Sonra biz o ənənəni “Ulduz” da da davam etdirdik. Bir dəfə jurnalın redaksiyasında oturmuşduq. Kasıbçılıq idi. İçmək istəyirdik, pul yox idi. O vaxt da bizdə partiyaya üzvlük haqqı yığan Taleh Həmid işləyirdi. Pul lazım olanda həmişə ondan borc götürürdük. Bu dəfə isə bu pul da azlıq edirdi. Fikirləşirdik ki, bu pula içki alsaq, yemək ala bilmirik. Yemək alsaq da içki ala bilmirik. Mən də dedim ki, gedin bu pula içki alın gətirin. Sonra da şairə Nurəngiz Günə zəng etdim. Dedim ki, Nurəngiz xanım, nə bişirmisən? Məlum oldu ki, erkək ətindən dolma bişirib. Xahiş etdim ki, o dolmanı bizə göndərsin. Nurəngiz xanım da sağ olsun, həmin dolmanı bütün dəmdəsgahı ilə birlikdə bizə göndərdi. Başladıq yeyib-içməyə. Mən Qarabağlıyam axı, yaxşı səsim var. Muğamları da gözəl bilirəm. Əhəd Muxtar adlı məsul katibimiz var idi. Bayaqdan pulum yoxdur deyirdi, bu yeyib-içməyi görüb bir 25-lik çıxardı. Dedi ki, Seyran Səxavət bir “Segah Zabul” oxusun. Əlimi atdım qulağımın dibinə, başladım oxumağa. Amma yarıda kəsdim. Sonra Əhəd Muxtar dedi ki, gərək mənim 12 manatımı qaytarasan. Muğamı yarımçıq oxumusan. Mən də sonra həmin 25-liyi elə onların özünə yeyib-içməyə xərclədim.
Bir dəfə də “Ədəbiyyat qəzeti”ndə yeyib-içirdik. Vidadi Məmmədov var idi. Çox böyük insan idi. Yalnız bir əsəri var idi. Yazmağı sevmirdi, ancaq danışırdı. Adama üç badə içmişdik. Dördüncü badədən sonra şeir şöbəsinin müdiri Davud Nəsib durub dedi ki, mənə hələ təzə gəlib çatdı. Vidadi bunu eşidən kimi gülüb dedi ki, sən nə dərin adam imişsən.
 
-Bəs necə oldu ki, “Ulduz” jurnalından çıxdınız?
 
-1992-ci il olardı, Ələkbər Salahzadə bizə redaktor gəlmişdi. Maaş almağa getmişdim. Gördüm ki, maaş azdı. Səbəbini soruşdum. Dedilər ki, işə gəlmədiyim üçün maaşımı kəsiblər. Mən də ərizəmi yazıb işdən çıxdım”.
 
-Yusif Səmədoğlu ilə münasibətləriniz necə idi?
 
-Jurnalda  nəsr əsərlərinin birində bir cümlə getmişdi. Həmin cümlə yuxarıda oturanlardan birinin xoşuna gəlməmişdi. Yusif Səmədoğluna demişdilər ki, Seyranı işdən çıxar. Yusif də cavab vermişdi ki, onda mən də çıxıram. Yusif Səmədoğlu ilə aramızdakı münasibəti heç cür başa sala bilmərəm. Mənə “Yusif Səmədoğlu” mükafatı da verdilər. Mən Mərdəkanda olurdum onda. Dostlardan biri zəng vurub dedi ki, sənə mükafat verirlər. Mən də telefonu söndürdüm. Onda inanmırdım. Bu mükafata görə də mənə bir milyon pul verdilər. İndiki pulla təxmini 200 dollar edirdi. Yusif Səmədoğlunun sayəsində yaxşı-pis, milyonçu da oldum.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar