Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh Platforması İrəvanla yanaşı Minsk Qrupunu da dilemma qarşısında qoyub”

“Ermənilər o zaman bizim çağırışları eşitmədilər, düşündülər ki, güclüdürlər, bizə şərtlərini diktə edə bilərlər; indi nə gücləri qalıb, nə də enerjiləri: 2016-cı ilin aprel savaşında ordularının məğlubedilməzlik “mifi” də dağıldı”


Ötən ayın sonlarında Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Tiflisdə təsis edildi. İlk dəfə olaraq 5 erməni, 5 azərbaycanlı, habelə ATƏT-in Minsk Qrupuna daxil olan digər 9 ölkənin hərəsindən 1 nəfər olmaqla, 19 nəfərlik İdarə Heyəti formalaşdı. Bundan başqa, 14 ölkəni təmsil edən 29 nəfərlik Ekspertlər Şurası fəaliyyətə başladı. Ekspertlər hesab edir ki, bu, sülh yaratma prosesində yeni situasiya deməkdir. 

Bu mövzuda növbəti həmsöhbətimiz “Atlas” Araşdırmalar və Qərb Kaspi Universiteti nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.

- Elxan bəy, münaqişənin sülh yolu ilə həllinə yönəlik ilk belə formatı necə dəyərləndirirsiniz?

- Bu formatı müsbət qiymətləndirirəm. Hətta Azərbaycan-Ermənistan Sülh Platforması sülhün əldə olunması istiqamətində ciddi nəticə əldə etməsə belə, təşəbbüsün varlığı belə Azərbaycan dövlətinin və xalqının xeyrinədir. Bununla biz göstəririk ki, torpaqlarımızı azad etmək məqsədilə savaşmağa hazırıq, eyni zamanda ermənilərlə dialoqdan da çəkinmirik. Yetər ki, işğala son qoyulsun. Biz o ermənilərlə birgə işləməyə hazırıq ki, sözün həqiqi mənasında Ermənistanla Azərbaycan arasında sülh istəsinlər, işğalçılıqdan vaz keçsinlər, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşsınlar və Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışına razılaşsınlar. Bu prinsipləri qəbil edən ermənilərlə azərbaycanlıların Sülh Platformasında birgə fəaliyyəti, məncə, hər iki xalqın və dövlətin xeyrinədir. Platformanın əsas məqsədlərindən biri də yuxarıda sadalanan prinsipləri daha çox erməninin qəbul etməsinə çalışmasıdır. Bugünlərdə Böyük Britaniyadan tanınmış siyasi ekspert Bakıya gəlmişdi, ölkəsində tanınmış təşkilatın rəhbəridir. O, qapalı konfransda çıxış etdi, AzərbaycanErmənistan prezidentlərinin Cenevrə görüşündən sonra iki xalq arasında təmasların - xalq diplomatiyasının vacibliyindən danışdı. Çıxışımda ona dedim ki, velosiped icad etməyə lüzum yoxdur, azərbaycanlılarla ermənilərin birgə təsis etdikləri Sülh Platforması var, bu platformaya və onun çalışmalarına dəstək verin.

- Sizcə, vətəndaş cəmiyyəti tərəfindən belə bir yanaşmanın tətbiqi konfliktin həllinə yeni impuls verə bilərmi?

- Sülh Platformasının əsası 6 dekabr 2016-cı ildə qoyulub. Bu ideya ondan yarandı ki, Ermənistanı tərk edən bir neçə erməni fəalı və Avropadakı bir qrup erməni bəyanat verdilər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası doğru deyil və iki xalq barışmalıdır. Həmin ermənilərin bu çağırışları Azərbaycan hakimiyyəti və cəmiyyətinin əksər hissəsi tərəfindən müsbət qarşılandı. Platformanın hazırkı məqsədi hər iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı dialoqun genişləndirilməsinə nail olmaqdır. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir. Fikrimcə, hazırda Sülh Platforması qarşısında 3 vəzifə dayanır: Birincisi, Sülh Platforması çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətləri arasında dialoqun genişləndirilməsinə ehtiyac var. Ermənistanda, Dağlıq Qarabağda və Avropada yaşayan ermənilər içərisində Azərbaycanla düşmənçiliyin səhv olduğunu anlayanlar var. Ancaq onların böyük qrupu öz fikirlərini açıq ifadə etməkdən çəkinirlər. Sülh Platforması həmin ermənilərin təşkilata və dialoqa cəlb etməlidir. Azərbaycan Sülh Platforması vasitəsilə Ermənistana mesaj yollayır. Mesajın əhəmiyyəti budur ki, sülh danışıqlarında irəliləyiş olmadığına görə Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi yoldan istifadə etmək hüququna malikdir, bununla yanaşı Azərbaycan cəmiyyəti normal qonşuluq əlaqələri qurmaq istəyən ermənilərlə də dialoqa hazırdır.

- Platformanın Bakıda ofisinin açılması hansı perspektivlər vəd edir?

- Platformanın Bakıda ofisinin açılması perspektivi o deməkdir ki, Azərbaycan cəmiyyəti ermənilərlə dialoqa hazırdır və yeni ideyalar müzakirə oluna bilər. İndi vacib olan Ermənistan hakimiyyətinin Platformanın İrəvanda ofisinin açılmasına icazə verməsidir. Əgər Platformanın İrəvanda ofisinin açılmasına icazə verilməsə, bu o demək olacaq ki, Ermənistan hakimiyyəti Sülh Platformasının fəaliyyətində maraqlı deyil.

İkincisi, Sülh Platforması Minsk Qrupunun tərkibində məşvərətçi səsə malik olmaq istəyir. Həmsədrlər daima deyirlər ki, AzərbaycanErmənistan cəmiyyətləri arasında dialoq bərpa olunmalıdır. Sülh Platforması məhz həmsədrlərin bu istəyinə cavabdır. Ona görə də, Minsk Qrupu həmsədrləri Sülh Platformasının bu təklifinə müsbət cavab verməsə özünün əksinə getmiş olacaq. Belə çıxacaq ki, həmsədrlər Sülh Platformasına Ermənistanla eyni mövqedən yanaşırlar.

Üçüncüsü, Sülh Platforması Dağlıq Qarabağın erməni və azərbaycanlı icma nümayəndələrinin üzvlərini də dialoqa cəlb etməlidir. Çünki iki xalq arasındakı münaqişə məhz Dağlıq Qarabağa görədir. Dağlıq Qarabağ münaqişəsinin həlli mərhələsində azərbaycanlı məcburi köçkünlər geri qayıdıb əvvəlki illərdə olduğu kimi, ermənilərlə qonşuluq şəraitində yaşamalıdırlar. Buna görə də iki icma nümayəndələri arasında dialoqun indidən başlamasına ehtiyac var. Doğrudur, bu, Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağın separatçı rəhbərliyinin maraqlarına cavab vermir. Çünki onlar, ümumiyyətlə, azərbaycanlıların geri qayıtması mövzusuna toxunmaq istəmirlər. Ancaq Sülh Platformasının məqsədi elə azərbaycanlılarla ermənilər arasında dialoqun qurulması olacaq.

- Elxan bəy, təsis qurultayında ciddi qərarlar qəbul olunub. Bunlardan biri Tiflis İrəvan və Bakıda Platformanın ofislərinin yaradılması haqqında qərardır. Sizcə, Platforma hər üç ölkədə fəaliyyətini qura biləcəkmi? Buna şərait varmı?

- Bakıda və Tiflisdə ofislərinə açılması ilə bağlı problem olmayacaq. Ancaq İrəvanda çətinlik yaşanacaq. Ermənistanın separatçı hakimiyyəti Azərbaycanla sülh istəyən erməniləri qəbul etmir, onları ölkələrindən didərgin salır. Ona görə də Sülh Platformasının İrəvanda ofisinin açılmasına ciddi əngəllər yaradacaqlar. Əgər ofisin açılmasına icazə verməsələr, demək, Ermənistan hakimiyyətinin Qarabağla bağlı özgəfikirliyi qəbul etmədiyi və Azərbaycanla sülh istəmədiyi bir daha sübut olunacaq və bundan biz separatçıları beynəlxalq aləmdə ifşa etmək üçün yararlanmalı olacağıq.

- Müşahidələr göstərir ki, ATƏT Minsk Qrupu fəaliyyət göstərdiyi 25 il ərzində vətəndaş cəmiyyəti institutları ilə ciddi təmasda olmayıb. Platforma ATƏT-in Minsk Qrupunun nəzdində məşvərətçi iştirakçı hüququ almaq üçün həmsədrlərə müraciət edib. Bu, maraqlı və yeni yanaşmadır. Bu təklifi necə dəyərləndirirsiniz?

- Azərbaycanlılarla ermənilərin birgə təsis etdikləri Sülh Platforması İrəvanla yanaşı ATƏT-in Minsk Qrupunu da dilemma qarşısında qoyub. Həmsədrlər demirdilər ki, iki xalq arasında dialoq lazımdır, xalq diplomatiyası genişlənməlidir, Sülh Platforması həm dialoq və xalq diplomatiyası üçün münbit məkanıdır. Bugünlərdə konfransların birində amerikalı diplomatla mübahisə etdim. Eyni sözləri o da mənə dedi ki, iki xalq arasında dialoqa ehtiyac var. Ona Sülh Platformasının varlığını və Tiflisdəki son toplantını xatırlatdım. Mənə nə desə yaxşıdır? Söylədi ki, axı orada təmsil olunan ermənilər Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycana aid olduğu fikrini dəstəkləyir. Qayıtdım ki, deməli, siz bizim o ermənilərlə dialoq qurmamızı istəyirsiniz ki, Azərbaycan torpaqlarının işğalının və Dağlıq Qarabağın “müstəqilliyinin” tərəfdarı olsunlar? Axı bu sülhə aparmır. Bax elə bu yanaşmaya görə, beynəlxalq vasitəçilər münaqişənin həllini illərdir uzadırlar. Ona görə də Minsk Qrupunun Sülh Platformasına məşvərətçi status verəcəyini proqnozlaşdırmıram.

- Danışıqları aparan hər iki ölkənin rəhbərləridir. Dəfələrlə bildirilib ki, ictimaiyyətin rəyi, dəstəyi olmadan hər hansı qərar qəbul etmək çətindir. Platforma hər iki prezidentə sülh prosesində dəstəkçi olmaq, qarşılıqlı etimadın yaradılması üçün köməyini əsirgəməmək məqsədilə müraciətlər edilib. Sizcə, prezidentlər bu dəstəyi necə qiymətləndirəcəklər?

- Azərbaycan rəsmi səviyyədə Sülh Platformasının fəaliyyətinə yaşıl işıq yandırıb. Demək, Azərbaycan prezidenti də Sülh Platformasının fəaliyyətinə etiraz etmir. Eyni sözləri Ermənistan prezidenti haqqında demək mümkün deyil. Bu şəxs birbaşa torpaqlarımızın işğalında iştirak edib, xəritələr çizib, Xocalı soyqırımını planlaşdırıb. Bu şəxsin düşüncə tərzi dəyişməyib, durub səhvini etiraf edəsi də deyil. Ona görə də Ermənistan prezidenti Sülh Platformasının fəaliyyətini görməzlikdən gələcək. Bu baxımdam Sülh Platforması öz işini o qədər genişləndirməlidir ki, Ermənistanın separatçı prezidenti reaksiya vermək məcburiyyətində qalsın.

- Ümumiyyətlə, prezidentlərin belə bir dəstəyə ehtiyacları varmı?

- Sülh Platformasının fəaliyyəti adından da göründüyü kimi, məhz sülh istəyən prezidentə lazımdır. Sülh Platformasının prinsipləri Azərbaycan prezidentinin maraqlarına cavab verir. Ona görə də Azərbaycan prezidenti Sülh Platformasının fəaliyyətinə dəstəyini əsirgəməyəcək.

- Qurultayın qərarı var ki, Ermənistanda və Azərbaycanda, ictimaiyyətlə, görüşlər keçirilsin. Bu görüşlərin keçirilməsi mümkündürmü? Baş tutmaması üçün nə maneələr mövcuddur? Nə edilməlidir ki, baş tutsun?

- Baxmayaraq ki, erməni separatçıları Azərbaycan torpaqlarını işğal ediblər, minlərlə insanı qətl ediblər və Xocalı soyqırımını törədiblər Sülh Platformasının erməni və azərbaycanlı nümayəndələrinin Azərbaycan ictimaiyyəti ilə görüşlərində problem yaşanacağını zənn etmirəm. Onsuz da Ermənistandan qaçanların bir qismi Azərbaycana pənah gətirir və buradan üçüncü ölkələrdə sığınacaq tapırlar. Avropada yaşayan ermənilər də Bakıya gəlir və iki dövlət və xalq arasında sülhün vacibliyindən danışırlar. Növbə Ermənistanındır. “Dağlıq Qarabağ Azərbaycana aiddir, bu bölgəyə müstəllik deyil, yüksək muxtariyyət verilməlidir” deyən ermənilərə İrəvanda qəbul edib dinləməyə hazırdırlarmı? Şübhə edirəm. Ermənistanda belə düşünənlər az deyil, sadəcə, separatçı rejimin illərlə yürütdüyü nifrət siyasətindən ehtiyat edərək fikirlərini açıq dilə gətirməkdən çəkinirlər. Demək, əsas məqsəd onları düşündüklərini deməyə məcbur etməkdir. Sülh Platforması bu çətin vəzifənin həlli üzərində düşünməlidir.

- Sülh Platforması formatında Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərini necə görürsünüz?

- Sülh Platformasının qarşısında böyük hədəflər qoymaq düzgün deyil. Sülh Plaftorması münaqişəni həll edəsi deyil, beynəlxalq vasitəçiləri əvəz etməyəcək. Bu yardımçı vasitədir. Qonşunla sülh istəyirsənsə, inkişaf istəyirsənsə, köhnə əlaqələrin bərpasını istəyirsənsə, nəhayət, müharibə istəmirsənsə, işğaldan əl çək, iki xalqın birgə yaşayışına dəstək ver! Məncə, Platformanın erməni cəmiyyətinə əsas mesajı bu olmalıdır və bu istiqamətdə fəaliyyətini genişləndirməlidir. Mən özüm 1990-cı illərin sonunda beynəlxalq təşkilatların xətti ilə iki dəfə Ermənistanda oldum, prezidentdən tutmuş adi vətəndaşlara qədər sual vermək imkanında oldum. O zaman bizim çağırışları eşitmədilər, düşündülər ki, güclüdürlər, bizə şərtlərini diktə edə bilərlər. İndi nə gücləri qalıb, nə də enerjiləri, 2016-cı ilin aprel savaşında ordularının məğlubedilməzilik “mifi” də dağıldı. Ermənistanda yaşayanların sayı azalır, gəncləri hərbidə xidmət etmək istəmir ki, bilirlər ki, Dağlıq Qarabağda onları ölüm gözləyir. Ona görə də nə qədər ki, gec deyil Azərbaycanla sülhə çalışmalıdırlar.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar