Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şəhid olan bir neçə şəxsin qatillərinin adlarını açıqlayacağam” - Jurnalist Səxavət Məmməd


“Ən maraqlı müsahibələrimdən biri Milli Qəhrəman Yelmar Ədilovun həyat yoldaşı Reyhan Ədilova ilə olub. Müsahibənin yarısı yayımlanıb, digər yarısı üçün isə məndən söz alıb ki, öləndən sonra yayımlayım. Həmin müsahibədə şəhid olan bir neçə şəxsin qatillərinin adları açıqlanacaq”


“Ən böyük problem Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatları gec yaymasındadır. Məlumatlar o qədər gec yayılır ki, Azərbaycan vətəndaşları erməni mediasını izləmək məcburiyyətində qalır”.

Şübhəsiz ki, bütün peşələrin özünə görə müəyyən çətinliyi var. Ancaq ən çətin peşələrdən biri də jurnalistika hesab olunur. Jurnalistika sektoru demokratik cəmiyyətlərdə konstitusiyanın nəzərdə tutduğu üç dövlət gücü yanında (qanunverici-məclis, icraedici-hökumət, məhkəmələr) dördüncü - nəzarətedici dövlət gücü olaraq yer alır.

Qəzetdən mətbuat anlayışına, mətbuatdan kütləvi informasiya anlayışına, bundan kütləvi kommunikasiya anlayışına və nəhayət bütün bunları özündə ehtiva edən mediaya uzanan yolda peşə borcunu yerinə yetirərkən ölən, yaralanan, təhqir edilən, mühacirətə getməyə məcbur olan  jurnalistlər də az deyil. Bəlkə də elə buna görə ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanların sayı zaman keçdikcə azalmaqdadır. Ancaq bununla yanaşı, həyatını jurnalistika peşəsinə həsr edən və bu sektorda çalışmaqdan zövq alan insanlar da az deyil.

Elə bugünkü müsahibim də uşaqlıqdan jurnalistikaya maraq göstərən və Qarabağ müharibəsinin düzgün araşdırılmadığını iddia edərək bu yöndə  araşdırmalar etməyi qarşısına məqsəd qoymuş jurnalist Səxavət Məmməddir.

PİA.AZ  “Olke.az” saytının reportyoru Səxavət Məmmədlə olan müsahibəni oxucularına təqdim edir:

Səxavət Məmməd: “Jurnalistika mənim üçün azadlıq, fikirlərini insanlara çatdırmaq idi, ancaq sonradan anladım ki, bu sahənin də çərçivələri, sərhədləri var”.


- Səxavət bəy, özünüzü oxucularımıza təqdim edərdiniz…

- Ölkə.Az saytının reportyoruyam. 18.08.1986-cı ildə Ağdam rayon Yusifcanlı kəndində anadan olmuşam. Uşaqlıda yadımda qalan kəndimizdən 3 dəfə qaçmağımız olub. Daha sonra çadır şəhərciyində böyümüşəm. Məktəbi çadır şəhərciyində bitirib, universitetə daxil olmuşam. İxtisasca hüquqşünasam, ancaq universitet vaxtından yazmağa başlamışam. 

- Niyə jurnalist oldunuz? Bu peşə sizin üçün doğurdanmı nəsə ifadə edir, yoxsa taleyin gərdişinə boyun əymisiniz?

- Əsgərlikdən gələndən sonra isə hüquq sahəsində işləməyi düşünmədim və jurnalistikaya gəldim. Universitetdə oxuyanda qrup yoldaşlarımla, müəllimlərimlə tez-tez siyasi söhbətlər edirdik. Bir gün Rəfail adlı cinayət hüququndan dərs deyən müəllimim dedi ki, “danışdıqlarını yaz”. Mən də yazdım. O, həmin yazını tərcümə elətdirdi, yazı xarici mediada yayımlandı. Təbii ki, o yazı öz imzamla getmədi. Çünki 19 yaşında bir gəncin analizi heç kimə maraqlı olmazdı.

Uşaq vaxtı futbolçu olmaq istəyirdim. Bölgə klublarından olan Ağcabədinin “Aran” klubunun cinah hücumçusu kimi oynamışam. Daha sonra “Qarabağ” klubunun selleksiyaçıları Ağcabədiyə gələndə oyunumu bəyəndilər. “Qarabağ” klubunun qapısından döndüm. Valideyinlərim futbolçu olmağıma icazə vermədi. Xüsusən atam dedi ki, hüquqşünas olacaqsan. Ona görə də, oxudum, hüquqşünaslığa qəbul oldum. Cinayət hüququnu, xüsusən də kriminalistikanı əla oxuyurdum. Hətta bir neçə il kriminalistikadan xüsusi kurslar da keçmişəm. Əsgərlikdə olanda  anladım ki, “sistem” işi mənlik deyil, çərçivədə ola bilmərəm, boğularam. Jurnalistika həmişə məni özünə cəlb edib. Universitetdə oxuyan zaman ara-sıra yazdığıma görə, qərar verdim ki, jurnalistikaya gəlim. Jurnalistika mənim üçün azadlıq, fikirlərini  insanlara çatdırmaq idi, ancaq sonradan anladım ki, bu sahənin də çərçivələri, sərhədləri var. Digər sahələrə baxdıqda burada hələ özümü azad hiss edə bilirəm.


Səxavət Məmməd: “İsa Qəmbərin Müsavat başqanlığından getməsi  müxalifətə ağır zərbə oldu”.


- Sizcə, bir jurnalistin sahib ola biləcəyi ən önəmli keyfiyyət hansıdır? Yəni, jurnalist başqalarından nəylə fərqlənməlidir?

- Məncə hər şeydən önəmlisi duyumdur. Xəbər duyumu. Başqa insanlar hər hansısa gördüyü bir hadisəyə adi bir şey kimi baxa bilərlər, ancaq jurnalist həmin hadisəni tamam başqa gözdə görər, görməlidir.

- Əsasən sosial və hərbi mövzular ətrafında çalışan bir jurnalist kimi ölkədə cərəyan edən siyasi və sosial prosesləri necə xarakterizə edərdiniz?

- Əslində siyasi proseslər daim diqqətimdədir. Ölkədə demək olar ki, siyasi proseslər getmir. Siyasi durğunluq yaşanır. Müxalifət bitib, daha dəqiq desək, bitirilib. Müxalifət düşərgəsi hakimiyyətdən kənarda qalıb, daha çox öz aralarında mübarizə aparmaqla məşğuldurlar. Müxalifətdə söz sahibi olanlardan bəziləri siyasətdən getdi, misal üçün Etibar Məmmədov, Lalə Şövkət. Fikrimcə, İsa Qəmbərin Müsavat başqanlığından getməsi  müxalifətə ağır zərbə oldu. Düzdür, İsa Qəmbər o zaman hakimiyyətə demokratiya dərsi vermək üçün bu addımı atdı, ancaq bundan hakimiyyət yararlandı. Son zamanlar siyasət ya parlament seçkiləri, ya da prezident seçkiləri ərəfəsində yada düşür.

Ölkədə kifayət qədər sosial problemlər var. Bu isə ölkədə narazı təbəqə yaradıb. Ancaq görürük ki, həmin narazı təbəqə müxalif düşərgəyə yaxın getmir. Bunun əsas səbəblərindən biri hakimiyyətin KİV-dən və digər üsullardan çox yaxşı istifadə edərək müxalifəti zərərsizləşdirməsidir.  Zənnimcə, ölkədə bu qədər narazı adamı etirazçı qüvvəyə çevirə bilmədiyinə görə müxalifət günahkardır. Hər necə olursa olsun bu onların işidir.

Fikrimcə, hakimiyyət müxalifəti bu qədər sıxmamalıdır. Çünki dünya praktikasından da görünür ki, siyasi müxalifət olmayanda insanlar digər radikal cərəyanlara qoşulmağa meyilli olurlar. Hər halda insanların içində olan etirazı bir yolla çıxarmalıdırlar. Son zamanlar DTX iki əməliyyat keçirdi və 5 nəfər terrorçu öldürüldü. Məncə ölkəmiz üçün hazırda təhlükə müxalifət yox, radikal dini cərəyanlardır.

-Keçən il Qarabağ müharibəsi tarixinin obyektiv şəkildə araşdırılması istiqamətində gördüyünüz işlərə və aprel  döyüşlərini obyektiv işıqlandırdığınıza görə xüsusi mükafata layiq görülmüşdünüz. Bu barədə nə deyə bilərsiniz?

- Bəlkədə uşaqlıqda yaşadıqlarımdandır. Hərb məni özünə çəkir. Hərb sahəsində yazmaq mənim üçün daha rahatdır. Düşünürəm ki, Qarabağ müharibəsi düzgün araşdırılmayıb. Ona görə də, bu istiqamətdə işlər görməyə çalışıram. Misal üçün, Monte Melkonyanın ölümü məsələsində cəmiyyətdə bölünmə var idi. Araşdırma zamanı isə məlum oldu ki, əslində erməni terrorçunu cəmiyyətin tanıdığı yox, tamamən başqa döyüşçülər, Rizvan Məmmədvəliyev, Fərrux Əsədov, Elfaq Hacıyev və Xəyal Məmmədovun olduğu BMP-1 vurub. Hazırda bununla bağlı bir kitabın üzərində işləyirəm. Yaxın zamanda kitab işıq üzü görəcək.

Aprel döyüşlərinə gəldikdə isə aprelin 1-i səhərə yaxın idi. Anam zəng elədi. Hamı kimi, mən də o saatda gələn zənglərdən narahat oluram. Qorxdum ki, qohumlardan kiməsə nə isə olub. Həyacanla kimə nə olduğunu soruşdum. Anam dedi, sən Bakıda rahat yat, camaat topun, güllənin altında olsun. Bilmirəm başqa analar onu deyərdi, ya yox, ancaq anam telefonu söndürən kimi geyinib, əl-üzümü yumadan yola çıxdım. Aprel hadisələri zamanı döyüşlərin getdiyi hər bir bölgədə oldum. Təhlükəli şəraitdə, güllə altında iş görürdüm. Yalan informasiyalar yayılırdı, ona görə hər riski gözə alıb işləyirdim ki, cəmiyyətə təmiz informasiyalar çatdıra bilim. Olduğum həyətə top mərmisi, gecə isə Çəmənli kəndinə gedəndə ətrafıma 10-a yaxın minaatan mərmisi düşmüşdü. Tərtərin Səhliabad kəndində bir neçə yüz metirliyimizdə top, minaatan mərmiləri düşmüşdü.

Çoxları aprel hadisələrini aşağılayaraq rişxəndlə deyir ki, iki təpə almışıq. Məncə bu yalnış düşüncədir. Aprel hadisələri ordunun, xalqın özünə inamını bərpa elədi. Anladıq ki, biz də varıq. Ona qədər “ordunun gücü ilə torpaqlarımızı ala bilərik”, deyəndə bir çox insan buna inanmırdı, ancaq indi bu inam var. Əsgərlərimiz səngərdə düşmənlə döyüşdü, biz də informasiya müharibəsi apardıq. O anların parçası olduğuma görə özümü xoşbəxt hiss edirəm.

Bir iş görəndə mükafat alacağımı düşünmürəm. Ümumiyyətlə, o ərəfədə gördüyüm işlə bağlı mükafat almaq ağlımın ucundan belə keçmirdi. Layiq gördülər, sağ olsunlar.

Aprel hadisələrindən sonra keçmiş döyüşçülərlə cəbhə bölgəsində olduq, post-post cəbhəni gəzdik. O anların anlamı tamam başqadır. Əsgərlərimizlə eyni vaxtda yatır, eyni vaxtda dururduq, eyni yeməkləri yeyirdik. Hər kəsin içində bir inam var idi ki, müharibə olacaq. Əsgərli, keçmiş döyüşçülü hamı bunu gözləyirdi.

Səxavət Məmməd: “İnsanlar öz dövlət orqanlarının yaydığı məlumatlara inanmır, şübhə ilə yanaşır. Məncə, dövlət bunun haqqında düşünməlidir”.


- Sizcə, Müdafiə Nazirliyinin Mətbuat Xidməti  öz vəzifəsinin öhdəsindən yetərincə gələ bilirmi?

- Müdafiə nazirliyinin mətbuat xidməti əslində digərlərindən fərqlənmir. “Zənglərə cavab vermirlər” desəm, yalan olar, ancaq cavabları belə olur: “Sualınızı elektron ünvanımıza göndərin, cavablandıracağıq”. 

Müdafiə nazirliyinin mətbuat xidmətinin suallara verdiyi cavab isə elə bir zaman gəlir ki, artıq onun xəbər mahiyyəti olmur. Bunları bağışlamaq olar. Ancaq ən böyük problem nazirliyin mətbuat xidmətinin məlumatları gec yaymasındadır. Məlumatlar o qədər gec yayılır ki, Azərbaycan vətəndaşları erməni mediasını izləmək məcburiyyətində qalır. Ümumiyyətlə, bir çox şeyləri biz erməni mediasından oxuyuruq. Ermənilər ağıllıdır, onlar bunu gözəl bilir. Ona görə də, bizim ziyanımıza işləyəcək materiallar da yayımlayırlar, onları oxuyan vətəndaşlarımız isə haqlı olaraq Müdafiə Nazirliyini tənqid edir. Başqalarını  necə düşünür deyə bilmərəm, mənim üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ölkə mediası ilə işləməkdən daha çox informasiya müharibəsinə fikir verməlidir.

İnformasiya müharibəsində isə gecikirik. Müdafiə Nazirliriyinin mətbuat xidməti gecikdiyi üçün ermənilər minaları basdırır, sonradan isə içi onlar və biz qarışıq mina təmizləməyə başlayırıq.

- Bir neçə gün öncə intihar etdiyi açıqlanan əsgərimiz Xanəli Fəttayevlə bağlı məsələdə çoxları Müdafiə Nazirliyini yalan açıqlama verməkdə ittiham edirdilər. Sanki əsgərimiz şəhid olsa da, bilərəkdən intihar etdiyini bəyan etmək Müdafiə Nazirliyinin düşünülmüş addımıdır. Siz isə bu fikirlərə qarşı çox kəskin reaksiya vermişdiniz. Bu məsələ ilə bağlı əlavə demək istədiyiniz nəsə varmı? 

- Xanəlini sosial şəbəkələrdən tanıyırdım. Ölümünə üzüldüm. Onun ölüm xəbərini eşidəndə bir neçə dostuma yazdım ki, kaş Xanəli düşmən gülləsindən ölsün. Hamı bu sözümə təəcccüblənmişdi. Ancaq Xanəli ətrafında, içi mən qarışıq çox adama yaşamaq istəmədiyini demişdi. Ona görə deyirdim ki, kaş düşmən gülləsindən ölsün.

Əsgərlikdə təhqiqatçı olmuşam. Mən xidmət etdiyim hərbi hissədə üç intihar hadisəsi olmuşdu. Təsəvvür edin, kiçik komandirlərdən tutmuş böyük komandirlərə qədər hamısının “başı ağrımışdı”. Rütbələri vurulanlar kim, həbsə gedənlər kim... Bunların hamısını bilə-bilə heç kim yalandan əsgərinin intihar etdiyini deməz. Bir də ki, bu Müdafiə Nazirliyinin özünə də baş ucalığı gətirmir. Əsgərin şəhid olmasını hardasa başa düşmək olar, düşmənin gülləsi dəyir və əsgər şəhid olur. Ancaq intihar çox ağır haldır. Müdafiə Nazirliyi buna getməzdi və sonradan dəqiqləşdi ki, buna getməyib də.

Sadəcə bizim insanlar çox şübhəçi olublar. İnsanları burada qınamaq da lazım deyil. Dövlət orqanları o qədər yalan-yalnış informasiyalar yayır ki, insanların inamı itib. Bu isə çox acınacaqlı haldır. İnsanlar öz dövlət orqanlarının yaydığı məlumatlara inanmır, şübhə ilə yanaşır. Məncə, dövlət bunun haqqında düşünməlidir.

- Hazırda mətbuatımızın çatışmamazlıqları hansılardır və mətbuatın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- Məncə media tam azad olmalıdır. Heç kimə sirr deyil ki, mediamızı kimlərsə maliyyələşdirir. Bu isə istər-istəməz qərəzə səbəb olur. Ən böyük çatışmamazlıqdan biri məlumat əldə etməyin mümkünsüzlüyüdür. Bir çox dövlət orqanlarının mətbuat xidməti demək olar ki, nə ilə məşğul olduqlarını heç özləri də bilmir. Məmurlar jurnalist görəndə qaçıb gizlənirlər. Türkiyə mediasını izləyirəm orada məmurlar, siyasətçilər az qalsın təhlükəsizlik kameralarına danışsınlar, bizdə isə kamera, diktafon görən məmurun, siyasətiçinin ya vacib işi çıxır, ya da xəstə olur.

Elektron mediada işlədiyimiz üçün hər gün gündəmi izləməli, yazılar yazmalıyıq, bu isə araşdırma sahəsini arxa plana keçirir. İnsanlar isə haqlı olaraq araşdırmaların yazılmadığını deyirlər. Bəzi saytlarımız İP üçün çox səviyəsiz işlər görür. İP xətrinə yazılan yazılar, iddialar mediamızı gözdən salır. Reket jurnalistikasından isə danışmağa dəyməz.

Səxavət Məmməd: “Bizdə kamera, diktafon görən məmurun, siyasətçinin ya vacib işi çıxır, ya da xəstə olur”.


- Bəzi jurnalistlər var ki, hansısa situasiyada  "press" kartdan və ya jurnalist olmalarından sui-istifadə edirlər. Avtomobilin şüşəsinə "press" sözünü yapışdıranlar da az deyil. Tam səmimi, sudan quru çıxmaq üçün bu taktikadan istifadə etdiyiniz vaxt olubmu?

- Bu hallara yaxşı baxmıram. Ancaq bir dəfə rayona gedəndə getdiyim maşın sürət həddini keçdiyi üçün yolda polis saxladı. Vacib iş üçün gedirdim deyə, vaxt itirə bilməzdim. Gördüm sürücü veteranlıq vəsiqəsini çıxardır, bildim ki, söhbət çox uzanacaq. Ona görə sürücüyə dedim, sən düşmə, mən həll etməyə çalışaram. Özüm düşdüm aşağı, vəsiqəni göstərdim. Xahiş etdim ki, iş üçün gedirəm, tələsirəm, mümkünsə sürücünü buraxasınız. Yol polisinin əməkdaşları anlayışla qarşıladı. Dedi, gedin, ancaq onsuz da bu sürücü "Bakı taksisidi" sonra məsələni həll edərik.

Bir dəfə də gülməli bir hadisə başıma gəlib. Metroya düşürdüm. Kartı vurub keçmək lazım idi, pik saatda olduğu üçün adam da çox idi. Karta baxmadan kartı turniketə vururam, baxıram heç nə göstərmir. Arxada da insanlar narazılıq edir. Dəqiq bilirəm ki, kartımda pul var. Birdən kartın üstünə baxdım ki, metro kartı yox, jurnalist vəsiqəmdir. Yanımda dayanan bir qadın dedi, bala, o kart yerin üstündə işləyir, yerin altında keçərli deyil.

- İndiyə kimi ən maraqlı müsahibiniz kim olub?

- 100-ə yaxın müsahibəm olub. Ən maraqlı müsahibələrim keçmiş təhsil naziri Firudin Cəlilov və ezoterikaçı alim İsgəndər Tağıyevlə olub. Digər bir müsahibəm isə Milli Qəhrəman Yelmar Ədilovun həyat yoldaşı Reyhan Ədilova ilə olub. Müsahibənin yarısı yayımlanıb, digər yarısı üçün isə məndən söz alıb ki, öləndən sonra yayımlayım. Həmin müsahibədə şəhid olan bir neçə şəxsin qatillərinin adları açıqlanacaq.

- Yeni nəsil jurnalistlərdən bəyəndikləriniz varmı?

- Artıq mediamızda nəsil dəyişkənliyi prosesi gedir. Belə desək, “qoca qurdlar” yavaş-yavaş yerlərini gənclərə verir. Elektron mediamız gənc jurnalistlərin çiynindədir. Bir çoxlarını da bəyənirəm. Gülşən, sənin yazılarını da izləyirəm və bəyəndiklərim arasında sən də varsan.

- Səxavət bəy, jurnalist fəaliyyəti ilə qazandığınız pul sizə yetirmi, yoxsa keçiminizi saxlamaq üçün başqa gəlir yerləri axtarmağa məcbur olursunuz?

- Qətiyyən yetmir. Ölkədəki bu bahalaşma hamı kimi jurnalistlərin də cibinə təsir edir. Ayın axırını gözləmək kimi bir işimiz də var. Açığı başqa gəlir yerləri axtarmamışam. Jurnalistikadan başqa bir sahədən qazanc əldə etməyi düşünmürəm. Düzünü desəm, buna vaxtım da yoxdur. İnsanların işsiz, acınacaqlı halda yaşadığı, 200-300 manata işlədiyi bir zamanda “bizim maaşımız niyə azdır?” deməyə adamın dili də gəlmir.

-Həmişə müsahibə alan bir insan kimi müsahib olmaq çətindirmi?

- Təhqiqatçı işləyəndə sual ver, jurnalist olanda sual ver. Daim sual verən biri kimi suallarla qarşılaşmaq çətinlik yaradır, özümü bir qədər qəribə hiss edirəm. Ancaq səmimi olduğum üçün o qədər də çətinlik çəkmədim.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar