Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Restorandan gətirilən ayı alkoqolik idi“ - Zooparkın direktoru

Bakı Zooparkının direktoru Azər Hüseynovun APA-ya müsahibəsi


- Bakı Zooparkında vəziyyət necədir, işləriniz nə yerdədir?
 
- Əvvəla, deyim ki, əhval-ruhiyyəmiz çox yüksəkdir. İlin əvvəlindən heyvanlarımız artmağa başlayıb. Birinci Kuba Zebusunun balası olub. Ondan sonra kenquruların balaları doğulub. Təsəvvür edin, ana kenqurulardan biri qəfildən tələf oldu, onun balasını bizim işçilər götürüb analıq etməyə başlayıb. Bundan başqa, dəvəmizin, canavarımızın, şirimizin balası olub. Ən sevindirici hal odur ki, Qafqaz nəcib maralından bu il rekord sayda bala almışıq. Bu maral Azərbaycanın “Qırmızı kitabı”na salınıb. Altı il əvvəl iki baş Qafqaz nəcib maralımız vardısa, bu gün sayı on başdır. Qırqovullarımız da çıxıb, yırtıcı Kərkəzdən bala gözləyirik. İşimiz belədir ki, yayda qışa, qışda yaya hazırlaşırıq. Heyvanlarımızın təhlükəsizlik qaydalarına ən yüksək səviyyədə riayət etməyə çalışırıq. İndiyədək heç bir problemimiz olmayıb. Bizim ən böyük vəzifəmiz heyvanları qoruyub-saxlamaq, artırmaqdır. Deməzdim, 100 faiz belə olub, amma müəyyən dərəcədə buna nail olmuşuq.
 
- Zooparkın neçə əməkdaşı var?
 
- 41 nəfər əməkdaşımız var. Onların əksəriyyəti heyvanların qulluğundadır. Əməkdaşların yarısından çoxu gəncdir. Hətta on yeddi yaşında əməkdaşımız var.
 
Bu, heyvanat aləminə, Azərbaycan təbiətinə olan xoş münasibət deməkdir. Hər adam Zooparkda işləyə bilməz. Burda yalnız heyvanlara böyük sevgisi olan adamlar çalışır.

“Zooparkda yırtıcıların yeri problemlidir. Bunu mən tikməmişəm. Sovet dövründə tikilib, indi də istifadə olunur”
 
- Əməkhaqqı necədir? Məsələn, yırtıcı heyvanlara qulluq edən şəxslərə normal maaş verə bilirsiniz?
 
- Ağrılı sualdır. Maaşlar çox yüksək deyil, amma buna baxmayaraq, burda həvəslə işləyirlər. Bu yaxınlarda yazıblar ki, Zooparkda işçilərə 90 manat maaş verirlər. Ümumiyyətlə, Azərbaycanda heç bir yerdə 90 manat əməkhaqqı yoxdur. Çalışırıq, əksər işçilərimizə iki “aklad” əməkhaqqı verək. Çünki onlar kabinetdə oturub işləmirlər. Onlar heyvanların qəfəslərinə girib-çıxırlar. Təsəvvür edin, o adam fikirli, dərdli olsa, nələr ola bilər. Şükür, indiyə qədər xoşagəlməz hallar qeydə alınmayıb. Bəziləri elə bilir, Zooloji Parkda işləmək kinoteatrda, teatrda işləmək deməkdir.
 
Buranı başqa parklarla bir tutmaq olmaz. Parkda təkcə ağaclara su verilirsə, burda heyvana da su verilir, qida ilə təmin olunur, qəfəslər təmizlənir və s. Bir misal deyim: şirimizin balası oldu, süd vermədi. Bala 21 günlükdür. Biz o balaya süd tapdıq, bəsləyirik. Bəzi adamlar kabinetdə oturur, internet arxasında ağlına nə gəlirsə, onu yazır. Amma burda həyat bambaşqadır. Bu yaxınlarda yazmışdılar ki, dəvələr ölür, onlara baxan yoxdur. Onlar təbii prosesləri bilmirlər. Dəvələr yununu dəyişir ki, yayda isti olmasın. Bunu Allah belə yaradıb. Onu yazan adamlar yayda qış paltosu ilə gəzə bilər? Məni düzgün başa düşün. Mətbuata açıq adamam. Nə vaxt istəyirlər, zəng vursunlar, istənilən məsələyə aydınlıq gətirim, amma xahiş edirəm, bizim haqqımızda səhv təəssürat yaratmasınlar. Məsələn, canavarın bədənində spesifik qoxu olur. Qəfəsə yaxınlaşanda istər-istəməz o qoxu adamı vururdu. Canavarların qəfəsini dəyişdik, bu problem həll oldu. Zooparkda yırtıcıların yeri problemlidir. Bunu da mən tikməmişəm. Sovet dövründə tikilib, indi istifadə olunur. Biz bəbir üçün, pələng üçün yer tikmişik. İDEA İctimai Birliyi bizə dəstək oldu, böyük bir volyer tikdik. 
 
“Restorandan gətirilən ayı alkoqolik idi, heyvana şampan, pivə, çaxır içməyi öyrətmişdilər”

- Daha çox şirin qəfəsi ilə bağlı narazılıq olur. Yer çox balacadır, hərəkət edə bilmir və s...
 
- Düz deyirlər, şirin ikisi qəfəsdədir. İkisi isə açıq yerdədir və ora darısqal deyil. Məsələn, ayıların yeri balacadır. Restoranlarda saxlanılan ayılar bura gəlib çıxıb. Nəyə görə götürmüşəm, onu da deyim. Çünki restoranda saxlanılan ayını birbaşa təbiətə buraxmaq olmaz. Hətta Zooparkda saxlanılan ayını da təbiətə birbaşa buraxmaq olmaz. Reabilitasiya dövrünün keçirilməsi mütləqdir.
 
Bizim reabilitasiya mərkəzimiz olmalıdır ki, heyvan tədricən təbiətə öyrəşsin, sonra onu meşəyə buraxmaq mümkün olsun. 1997-ci ildə Şıx çimərliyində restorandan çıxan bir ayı qız uşağının başını zədələmişdi. Daxili İşlər Nazirliyindən xahiş etdilər ki, həmin ayını Zooparka gətirim. Ayı alkoqolik idi. “Dostluq” restoranında ona şampan, pivə, çaxır içməyi öyrətmişdilər. Təsəvvür edirsiniz? Xoşbəxtlikdən qız ölməmişdi. 
 
“Restoranlarda, istirahət mərkəzlərində yırtıcı heyvanlar varsa, müvafiq orqanlara müraciət olunmalıdır”

- Restoranda müştəri cəlb etmək üçün yırtıcı heyvan saxlamaq qadağandır...
 
- Qəti qadağandır. Özü də bu, təkcə hüquqi qadağa deyil, həm də mənəvi qadağadır. Təxminən bir il əvvəl Goranboydan ayını tutub Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reabilitasiya mərkəzinə göndərilməsini biz təşkil etmişik. Başqa bir misal gətirim. Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə zəng edirlər ki, evə ilan girib. İmkan daxilində kömək edirik. Tibb Universitetinin professorunun maşınında benzin çəninin üstünə ilan girmişdi. Zəng elədi, özüm getdim. İlanı oradan çıxarmaq mümkün olmadı. Həmin naşını gətirdik Zooparka, gözlədik. Bizim bir pişiyimiz vardı, bir qolu yox idi. Bu zaman həmin pişik girdi maşının altına, nə etdisə, ilan yerindən tərpəndi, akkumulyatorun altından çıxanda tutdum. Restoranlarda, istirahət mərkəzlərində yırtıcı heyvanlar varsa, müvafiq orqanlara müraciət olunmalıdır.
 
- Hər halda, bu cür faktlara rast gəlmək mümkündür...
 
- İki il əvvəl çox böyük iş görüldü. Demək olar, bütün restoranlardan canavarlar, yırtıcı quşlar, ayılar yığıldı. Ola bilər, müəyyən zaman keçəndən sonra yenə bu cür faktlar artıb. Mən bir şeyi başa düşmürəm: ayı balaca olanda maraqlı ola bilər. Böyüyəndən sonra o hər an təhlükə yarada bilər. İnsanlar bunu başa düşməlidirlər. Niyə görə onu həyətdə, bağda, restoranda saxlamalıdırlar?
 
- Dediniz, ayının yeri kiçikdir. Başqa hansı heyvanların yerində problemlər var?
 
- Şirlərin qəfəsindən sonra bir neçə qəfəsi birləşdirmək olar. Bu, gələcək plandır. Bilirsiniz, bura muzey deyil, buranı daha maraqlı etmək lazımdır. Otyeyən heyvanlarımızın yer problemi yoxdur. Quşlarda da vəziyyət pis deyil. Bizim əsas ağrılı yerimiz yırtıcı heyvanlarla bağlıdır. Çalışacağıq, bu problemi həll edək. Tək əldən səs çıxmır. Fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istəyirəm. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəhbərlik gəlib. Sizin agentlik vasitəsi ilə minnətdarlığımı bildirmək istəyirəm. Hiss elədim ki, mənə diqqət, qayğı göstərildi, maraqlandılar. Bu o demək deyil ki, əvvəlkilər maraqlanmırdılar. Əvvəlkilər getdilər, gərək gələcəyə baxaq. Bizim baş idarə heyvanların yemlənməsi üçün dotasiyanı artırıb. Bu, o deməkdir ki, diqqət var. Ötən il İDEA İctimai Birliyi böyük dəstək verdi.
 
Amur pələnginin yerini onların dəstəyi ilə hazır etdik. Uşaqlar üçün zooloji guşə yaratdıq və s. Bundan başqa, mədəniyyət və turizm naziri ayıların yerinin bərpası işində bizə kömək etdi, təmir işləri apardıq. Hər kəs bir balaca köməklik etsə, bu bizim də işimizdə irəliləyiş yaradar. Bu park uşaqlarımızındır, xalqımızındır. 
 
“Pulumuz olmasa, deyərəm, heyvanlara üç gündən bir yemək veririk. Elə deyil axı...”
 
- Sizi tənqid edənlərin arqumentlərindən biri də heyvanların qidası ilə bağlıdır. Yəni heyvanlar ac saxlanılır...
 
- (Gülür). Heyvanların yemi ilə bağlı qətiyyən problemimiz yoxdur. İstənilən şəxs qəfil gəlsin, hansı heyvanın yemi ilə maraqlanırsa, onu tanış edə bilərəm. Heyvanlar ac saxlanılırsa, onlardan necə bala alırıq? Dəvələri, şirləri, poniləri başqa zooparklarda saxlanılan heyvanlarla müqayisə edin, görün, bizim heyvanlar kökdür, yoxsa onlar? Bəzən mən özüm parkda gəzəndə kimsə deyir ki, heyvan acdır. Bu düşüncə necə yaranır, onu sizə deyim. Məsələn, meymuna konfet verirlər, o da götürür. İndi mən sual verirəm: elə bir uşaq tapaq ki, qəşəng bir konfeti verək, istəməsin. Bunu vəziyyətdən çıxmaq üçün demirəm, faktı deyirəm. Pulumuz olmasa, deyərəm, heyvanlara üç gündən bir yemək veririk. Elə deyil axı... Göydən Allah baxır. Bilsəm ki, ehtiyat yemimiz yoxdur, yata bilmərəm. Ola bilməz ki, əməkdaşlarımız hər hansı problem qaldırsın, onu sabaha saxlayım. Bunu reklam üçün demirəm və güman edirəm, bir-birimizi başa düşürük.
 
- Azər müəllim, sualım qəribə səslənməsin: praktikanızda heyvan satmağı təklif edən imkanlı adamlar olub?
 
- 20 ildən çoxdur, burda çalışıram. Əlbəttə, təkliflər olub. Amma kiməsə şirimin, ceyranımın, maralımın balasını satsaydım, adım Azər Hüseynov yox, alverçi Azər olardı. Bu ad mənə yapışmaz. Bir dəfə Salyan Polis İdarəsindən məni çağırdılar, müstəntiq dedi ki, Şirvan Qoruğunda ceyranları vururlar, əti Zooparkın qabağından restoranlara paylanılır. Mən də dedim, onda Bakıda polis, prokurorluq, MTN yoxdur? O nə deməkdir, bu nə söhbətdir? Zoopark bazadır ki, ceyranın əti burda restoranlara paylanılsın? Qayıtdı ki, belə deyirlər. Mən də cavab verdim ki, fakt lazımdır, fakt yoxdursa, çox adam çox şey deyə bilər. Yeri gəlmişkən, bunu da deyim: bu yaxınlarda Heydər Əliyev Mərkəzində vəhşi heyvanların alqı-satqısı və buna qarşı mübarizəyə həsr olunan dəyirmi masa olduŞ mən də çıxış etdim. Yaxşı ki, İDEA İctimai Birliyi var. Onu da deyim, bu birlik beş növ heyvanı himayəyə götürüb: Qafqaz qonur ayısı, yırtıcı quşlar, Qafqaz bəbiri, ceyran və ayı.

- Heyvanat Parkının bağlanmasını təklif edənlər də var...
 
- Onu deyənlər düşünür ki, burda 150 növ heyvan var? Yaxşı olmaz ki, bunların yerini yaxşılaşdıraq, artıraq? 
 
“1995-ci ildən hər il müraciət etmişəm ki, Zoopark geniş olmalıdır”
 
- Zooparkın başqa yerə köçürülməsi məsələsi də müzakirə olunurdu...
 
- Mən 1995-ci ildən hər il müvafiq orqanlara müraciət etmişəm ki, Zoopark geniş olmalıdır. 2008-ci ildə müraciətlərimiz nəzərə alınaraq, Qobuda 55 hektar yer ayrılıb. Orda oldum və dedim ki, həmin ərazidə Zooloji Parkın yaradılması mümkün deyil. Çünki torpaq gil və duzdan ibarədir. Orda yaxın 15-20 ildə yaşıllığın yaradılması mümkün deyil. Sonra Ceyranbatanı təklif etdilər. Ceyranbatan nisbətən yaxşı yerdir. Amma lap yaxşı yer istəsəydilər, mən təklif edərdim. Elə indi də edərəm.
 
- Haranı?
 
- Məsələn, Bakı Expo Mərkəzindən sonra yaxşı yaşıllıq massivi var, istərdim, orda olsun. Yaxud Xocasən gölü ilə birləşən ərazi, Zığ yolunda zeytunluq var, oraları istərdim.
 
- Amma bura mərkəzdir və insanlar üçün gəlmək rahatdır...
 
- Əlbəttə. Təklif edərdim ki, nə vaxtsa yeni park ərazisi salınacaqsa, lap yaxşı, ancaq burda rekonstruksiya işləri görək, gələcəkdə yırtıcı heyvanları bu əraziyə yerləşdirsək, çox gözəl mənzərə olar. Bu parkın ərazisi də qalsın, o biri yeni ərazi də olsun. Sonda bir məsələni də demək istəyirəm. Turizm Azərbaycanın gələcəyidir. Ona görə də Azərbaycanın bir neçə şəhərində Zooloji Parklar olmalıdır. Məsələn, Lənkəran zonası, Gəncə, Quba, Naxçıvan və gələcəkdə Dağlıq Qarabağda. İnanıram ki, bütün bunlar olacaq. Kifayətdir biznes adamları toyxana, əczaxana tikdi, gəlin diqqətimizi zooloji parklara yönəldək.

- Parka maraq necədir? İnsanlar gəlirlər?
 
- May ayında çox gözəl olub. İsti havalarda az olur. İl ərzində təxminən yüz min insan Zooparka gəlir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar