Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quranı Azərbaycan dilində oxuyanlar gülünc vəziyyətdədirlər”

PİA.AZ tanınmış yazar Rövşən Abdullaoğlu ilə müsahibəni təqdim edir


- Rövşən bəy, sizin ixtisasınız nədir?

- Mən bir neçə ixtisasa yiyələnmişəm. Fəlsəfə, ilahiyyat, psixologiya sahəsində təhsil almışam.

- Çoxlu kitablarınız var. Biri də deyəsən Darvin haqqındadır. Bu ilk kitabınız idi?

- Əslində mənim ilk kitabım idman haqqındaydı.

- Fiziki görünüşünüzdən də idmançıya oxşayırsınız...

- Bəli... Orta məktəb illərində güləşlə məşğul olmuşam. Sonra samboya keçdim. O illər öz-özümə düşünmüşdüm ki, mükəmməl bir idman növü yaratmalıyam. Bu fikir də sambodan qaynaqlanırdı. Sovetin tərkibində olan ölkələrin idmanlarından cəm olmuş idman növü idi sambo. Ruscadan tərcümədə “silahsız özünü müdafiə” adlanır. İlk işlədiyim kitab bu barədə idi. Tək sambo yox, digər idman növləri haqqında. Mən onu əlyazma şəklində yazmışdım. Sonra o dəftər itdi. İndinin özündə də qardaşlarım soruşur ki, o kitabın taleyi nə oldu. Sonra mən taekvando, karate ilə məşğul oldum. O zaman özümdə bütün bu idman növlərini cəmləyən mükəmməl bir idman növü yaratmaq istəyi vardı. İdmanın fəlsəfəsindən yazırdım.

- Nailiyyətləriniz olub?

- Axırıncı dəfə İranda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutdum. 2011-ci ildə. Ən son yarışmam o olub.

- Əsas hansı idman növündə özünüzü sınayırsınız?

- Sambo və kinq-boks. İndi yarışlara o qədər vaxtım yoxdu. Sadəcə formamı saxlamaq üçün çalışıram. 7 yaşından idmanla məşğul olduğum üçün artıq məndə bu vərdişə çevrilib.

- Adətən idmançılar kitabdan uzaq olur. Amma qəribədir ki, siz idmanla məşğul ola-ola “N” qədər kitab da yazmısınız...

- Hər şey vaxtın əlindədi. Vaxtı düzgün istifadə etmək lazımdı. İdman nə qədər vaxt alır ki? Uzaqbaşı 2 saat yarım. Bu bir idmançı üçün kifayətdi. Bəzən gecə yarıdan keçənə qədər davam edən məşqlərimiz olur...

- Yapon yazıçısı Mişima ağırlıq qaldırma növündə məşğul olub. Bizdən bir Əli Kərimdi. O da boksla məşğul olmuşdu. Və siz...

- İdman ağır bir şeydir. Elə adam var ona çətin gəlir. Ona görə də vaxt ayıra bilmir digər şeylərə. Amma biz həmişə çalışırıq ki, filmə də, kitaba da vaxt ayıraq. Bu istəyə bağlıdır.

- Motivasiya, din, fəlsəfə, psixologiya və s. haqda kitab yazmısınız. Eləcə də bədii ədəbiyyat. Üstəlik də idman.

- 23 kitab. Tərcümə, şərhlər. Psixologiya, motivasiya, irfan, fəlsəfə və teologiya mövzuları haqqında kitablar. İbn Sinanın ağır bir kitabını tərcümə etmişdik... Sonra bütün bu düşüncələrin bədiiləşməsinə qərar verdim. Romanlarımda da...

- Necə vaxt ayırırsınız bütün bunlara? Bəlkə heç yatmırsınız?

- (gülür). Dediyim kimi, vaxtdan düzgün istifadə. Əsas məsələ budur.

- Siz həm də ilahiyyatçısınız...

- Bəli.

- Motivasiyanı da ilahiyyatçı kimi verirsiniz? Yəni İslam yolu ilə?

- Elə deyil. Mən tək İslamı deyil, digər dinlərin də oxunmasının, mənimsənilməsinin tərəfdarıyam. Adam var buddistdi, ateisti, deistdi. Bu mənə fərq eləmir. Qəbul etməsəm də onun fikirlərinə də hörmət edirəm. Din motivasiya psixologiyasından kənarda qalır.
 
- Demək istəyirəm ki, siz depressiyada olan bir adamı motivasiya edərkən ilahiyyatçı kimi çıxış edirsiniz?

- Psixoloqlar əvvəl nəzəriyyə üzərində işləyir, sonra da keçir praktikaya. Motivasiya çoxşaxəlidir. Geştalt terapiya məsələn, Loqo terapiya və s. Hərəsinin öz yanaşması var. Məsələn, Loqo terapiyada ilahi yanaşma var. Biz bütün bu motivasiya yollarını sınaqdan çıxarmalıyıq. Dini, ya qeyri-dini. Hansı praktikdir, ondan istifadə etməliyik. Erix Fromla Karl Yunqun bu haqda maraqlı araşdırmaları var. Onlar deyirlər ki, psixoterapevt bir ruhaninin gördüyü işin eynisini görür. O müalicə elədiyinə ruh deyir, biz isə psixika. Ola bilməz ki, biz güclərimizi birləşdirək? Dinin baxışından da istifadə edək. Psixologiya XIX əsrin ikinci yarısında formalaşmağa başlayıb. Halbuki dinlərin yaranışı daha qədimdi. Və onlar düşünürdü ki, dinlər bizdən daha təcrübəlidir. Məsələn, İslam fəlsəfəsinin verdiyi təskinlik daha realdır. Mən müasir motivasiya psixologiyasının çoxusunu qəbul etmirəm. İslamda isə təsəlli var, deyir ki, itirdiyin əzizin səfərə çıxıb və sən bir gün onu görəcəksən. Bu da qüssə yaratsa da, qürurverici qüssədir. Yaxud da buddist fəlsəfəsi. O insan heç ölməyib ki, deyir. O bir çiçəkdir, bir ağacın budağıdır və s. Bu da İslam fəlsəfəsinə yaxındır. Bu baxımdan mən İslamın yanaşmasını daha ideal və daha mükəmməl görürəm. Halbuki başqa yolla xəstəyə yanaşanda o sonda intihar edir və daha pis vəziyyətə düşə bilir.

- Freydə münasibətiniz necədir?

- Onu psevdoelm hesab edirlər. Çünki sənin ortaya qoyduğun nəzəriyyə praktiki olaraq çözüm tapmalıdır. Praktikada bu yoxdusa, mən o nəzəriyyənin doğruluğunu hardan bilim? Məsələn, yuxularla bağlı fikirləri. Bizim yuxuda kiminləsə dalaşmağımız və yaxud ona nəsə pis söz deməyimizin Freydə görə pisxoloji amili var. Mən bunu absurd hesab edirəm. Düzdü, bir-iki pasientini nümunə kimi çəkir. Amma bir-iki misal milyardlarla insana aid deyil.

- Onun ateist olmağına görə bu cür münasibət göstərmirsiniz ki?

- Yox, mənim hər hansı bir şəxsə münasibətim onun ateist olub-olmamağı ilə bağlı deyil.

- Bir dəfə ateistlərin savadsız olduğunu demişdiniz... Sanki onlara qəzəbiniz var.

- Mən onların hamısının dini mövzularda savadsız olduqlarını demişdim. Bu sahə haqqında danışmaq üçün gərək xeyli oxuyasan, məlumatlı olasan. İnternetdən oxuduğun qeyri-peşəkar fikirlər dini bilmək deyil. Bu akademik yanaşma sayılmır. Mən bu günə qədər din sahəsində yaxşı biliyə sahib olan ateist görməmişəm.

- Dünyanı da nəzərdə tutursunuz, yoxsa tək bizimkiləri?

- Bəli, onları deyirəm. Bizdə də eynən. Mən onların fikirlərini qəbul etməsəm də, oxuyuram. Ziqmund Freydi də, Hokinqi də..

- Məsələn, bizdə ortada olan və ateist fikirlər səsləndirən adamlar var. Onlar kifayət qədər din haqqında biliyə sahibdirlər.

- Bax o kifayət qədər nədir? Hansı kitabları oxuyublar? Ərəb dilini bilirlərmi? Gəlin razılaşaq ki, din haqqında fikir bildirən şəxs gərək bu dili bilsin. Quranı orijinaldan oxumalıdır. Bu hansısa əsər deyil ki, onun tərcüməsini oxuyub onun haqqında biliyə sahib olsun. Quranı Azərbaycan dilində oxuyub ziddiyyətdən danışanlar gülünc vəziyyətdədirlər. Və yaxud Qərbdə ingilis dilində oxuyurlar. İngilis dilində oxuyur və Qurandakı ziddiyyətlərdən danışırlar. Fikir verin, ingilis dilində oxuduğu kitabda ərəb dilində olan ziddiyyətdən danışır. Bu məntiqsizdir.

- Deyirsiniz ki, ərəb dilində bilməyən adam gərək İslam dinindən danışmasın?

- Din barədə mükəmməl biliyə sahib olmalıdır. Dinin hansı sahəsi haqqında fikir bildirirsə, onu yaxşıca öyrənməlidir. Fundamental, köklü şəkildə. Dinin ana qaynağını başa düşmək üçün də onu öz dilində - ərəb dilində oxumalıdır.

- Təkamül nəzəriyyəsinə münasibətiniz necədir?

- Mənə görə Təkamülün dəlilləri yetərli deyil, sönükdür. Tək mənə yox, ümumiyyətlə dünyanın bir çox alimlərinə görə. Bu elmin gəldiyi son nəticə deyil. Təkamüldən əvvəl də yaradılış haqqında fikirlər vardı. Elmin düşüncəsinin 180 dərəcə dəyişdiyini nə qədər görmüşük. Sadəcə indi ona görə bu nəzəriyyəni qəbul edirlər ki, elmin hələlik yaradılışı isbat etdirəcək gücü və qabiliyyəti Təkamüldən o tərəfə yoxdur. Yenə də buna nəzəriyyə deyirlər, fakt demirlər. Darvin öz dövründə də deyirdi ki, bu mövzu işlənməlidir, indi də elə deyirlər. Yəni tam isbat yoxdur.

- Rövşən bəy, gəlin söhbətimizi ədəbiyyatla davam etdirək. Siz ədəbiyyatda qəfil ortaya çıxdınız.

- Bəli.

- Ədəbi mühitdə də yox idiniz...

- İndi də yoxam. Ədəbi mühitdə necə olurlar? Buna uyğun bir universitet bitirəndə, ya da fəaliyyətin bu yöndə olanda. O adam ədəbi mühitdə olur, ətrafında dostları olur və həmin adam nəsə yazanda gözlənilməz effekt yaratmır. Çünki o adam həmin çevrənin gözü qabağında olub. Mənim sahələrim isə tamam fərqli sahələr olduğundan ədəbi mühitdən uzaq olmuşam.

- Sizin qəfil gəlişiniz, kitablarınızın satışı çoxlarında qıcıq doğurdu. Bir çoxları hesab edir ki, Rövşən Abdullaoğlu ciddi ədəbiyyatla məşğul olmadığı üçün kitabları satış rekordu qırır. Yəni sizi kütləvi, populist yazıçı hesab edirlər.

- Onu deyənlər əsərlərimizi oxumayıblar. Birmənalı belədir. Tanımadıqları adam haqda bunları necə deyə bilirlər? Mənim 24 kitabım çıxıb. O kitabları qeyri-ədəbiyyat hesab edən adamın ümumiyyətlə ədəbiyyatdan, sənətdən anlayışı yoxdur.

- Söhbət bədii kitablarınızdan gedir...

- Bu sözü deyən gərək bizim kitabımızı oxusun. Mənim istənilən bədii kitabımı götürək, ordakı elmi-fəlsəfi düşüncələri oxuyaq və hansısa əsərlə müqayisə edək. Görək, ciddi hansıdır, qeyri-ciddi hansı? Hansı əsəri ciddi hesab edirlər?

- Müasir yazarları oxuyursunuz?

- Yox. Adlarını eşitmişəm. Elə də vaxtım yoxdur.

- Vaxtdan düzgün istifadədən danışdınız bayaq. Maraqlı bilirsiniz nədir? Siz onları oxumamaqda günahlandırdınız. Amma sizin özünüz də onlardan heç nə oxumamısınız...

- Açığını deyim, mən onları ciddi izləməmişəm. Ancaq onların bəzilərinin kitablarına baxmışam. Və baxandan sonra Azərbaycan oxucunun yazarına qarşı niyə bədbin olduğunu anlamışam.

- Niyə bədbindir?

- Mən sizi demirəm. Sizi də oxumamışam. Sadəcə bəzilərinin əsərinə müraciət etmişəm. Onların əsərlərini elmi cəhətdən çox zəif görmüşəm. Mənə bayağı təəssürat yaradıb.

- Siz onları bayağı zənn edirsiniz, onlar da sizi. Nə etməli?

- Hamısını demirəm...

- Hər halda oxuduqlarınızı bayağı hesab etdiyinizi söylədiniz...

- Bəli...  

- Bir məsələ var burda. O yazarlar sizi bayağı hesab etdiyi üçün çox oxunduğunuzu deyirlər. Kütlə bayağılığa daha çox meylli olduğu üçün...

- Bunun bir həll yolu var.

- Nədir o həll yolu?

- Mən bütün ədəbi mühiti bayağı hesab edə bilmərəm. Buna görə də bayaq da vurğuladım ki, bəzilərinin əsərlərindən danışıram. Mən bayağı hesab etdiyim kitabı niyə bu cür qiymətləndirdiyimi dəlillərlə sübut etməliyəm. Həmin kitabı açıb görürəm ki, orda elmi mövzuya baş vurulmayıb...

- Bədii əsərdə mütləq elmi nəsə olmalıdır? Bu necə meyardı?

- Yaxşı, elm yoxdusa, onda ciddi və qeyri-ciddini necə ölçürlər? Mən eşitmişəm, bəzi yazarlar hesab edir ki, ədəbiyyat elmi olmamalıdır. Onda ciddi və qeyri-ciddi nədir?

- Söhbət əsərin bədii-estetik gücündən gedir...

- Yəni cümlə quruluşu... Siz hansı əsəri ciddi hesab edirsiniz, məsələn?

- Məsələn, İsa Hüseynovun “Məhşər”i, “İdealı”... Sanballı əsərlərdi. Və bədii-estetik baxımından çox ucadadır.

- Bax ordakı sanbal nədir? O sanbalı göstərin mənə, mən də gətirim öz əsərimi, bax o sanbal məndə var, ya yox. Bilirsiniz, bəziləri hesab edir ki, ədəbiyyatda məna önəmli deyil, birinci şərt bədii-estetik səviyyədir. Mənim kitabımı bədii-estetik səviyyədən aşağı kim görür? Cümlə quruluşları, bədii ifadə vasitələri məndə də çox güclüdür. Mən haqqımda bu sözləri kim deyir, tanımıram. Baxın, mənim fəaliyyətimdə olmadan uğur qazanan biri istər-istəməz məndə qıcıq doğuracaq. Onlar bizi ədəbi mühitdə olmadığımız üçün qəbul etmir. Əgər mən bunların içində olsam, onlarla ünsiyyətdə olsaydım və yaxud bunların içindən çıxsaydım, inanın ki, bizim əsəri bədii keyfiyyətinə görə ən ciddi bir əsər kimi qələmə verərdilər. 

- Deyirsiniz ki, bu səbəbə görə sizi ciddi ədəbiyyat hesab etmirlər?

- Bunun başqa səbəbi yoxdur. “Kənardan gəlmə” anlayışı var burda. Bizə münasibətdə. Və bizim əsərlərimizi oxumayıblar. Məndə ümumiyyətlə bu bölgü yoxdur: ciddi, ya qeyri-ciddi. Onlar özləri bu bölgünü yaradıblar və başlayıblar öz dost-tanışlarını ciddiyə aid etməyə, qalanlarını da qeyri-ciddiyə. Bir də ki bu məsələni həll etməyin yolu üz-üzə danışmaqdır. Bizim haqqımızda kənarda söhbət eləməsinlər. Yerimiz bəlli, gəlsinlər haqqımızda fikirləşdiklərini üzümüzə desinlər. Mehriban bir süfrə arxasında tanış olaq. Bu cür daha məntiqlidir. Amma o cür danışmaq yaramaz.

- Rövşən bəy, bayaqdan fikir verirəm, özünüz haqqında danışanda “mən” yox, “biz” deyirsiniz.

- Mən deyəndə hardasa özün haqqında təkəbbürlü imici yaradırsan. Özümə mən deyəndə narahat oluram. “Mən”i kölgədə qoymaq üçün “biz” deyirəm. Bir neçə yerdə deyiblər mənə bunu. Axı siz neçə nəfərsiz? Bu kitabları neçə adam yazır ki? (gülür).(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar