Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qoluyox” – Şərif Ağayarın hekayəsi


Bu gün Şərif Ağayarın ad günüdür, 42 yaşı tamam olur. Kulis.az bu münasibətlə onun “Qoluyox” hekayəsini təqdim edir


Nə olacaq? Cavan vaxtı avtomobil qəzasında sağ qolunu itirib. Heç yarası qaysaq başlamamış “Qoluyox” ayamasını şappıltıyla kürəyinə yapışdırıblar. “Noolubun, ayə! Noolubun, ayə?” – ləqəbini özü eşidəndə ilk reaksiyası belə olmuşdu. Yadına düşəndə ki, o da həmişə adamları korluğuna, karlığına, lallığına görə ləqəblə çağırıb, xeyli sakitləşmişdi.
 
Vaxt keçdikcə camaatın verdiyi təzə ada öyrəşdi, hətta boyun əyib biət elədi.
 
Qolunun yoxluğuna ömrü boyu alışa bilmədi amma. Hərdən sanki uyuşurdu, qaşınırdı olmayan qolu. O vaxt yeganə əlini olmayan qoluna atır, onu ovur, qaşıyır, sığallayırdı. Bəzənsə, tərsinə, ağrıyan, geyişən, qaşınan yerini olmayan əli ilə axtarırdı. Hətta əlinin, barmaqlarının bu təmasdan aldığı həzzi aydınca hiss edirdi. Bir yandan da oynağan adam idi, yazıq. Düzdü, qəzadan sonra bir müddət toylara getmədi. Amma az keçməmiş bu utancaqlığını təntənəylə yenə bildi. Oynadıqca sağ qolunun bütün hərəkətlərini, barmaqlarının, əllərinin vəziyyətini sol qolundan daha aydın hiss edirdi. O, olmayan qolunu nəinki duyur, həm də görürdü! Nə olsun camaat üçün bu qol yalnız paltarının altında əcaib şəkildə oynaqlayan 5-6 santimetrlik ət və sümük çıxıntısından ibarət idi. Özü ki, qolunun varlığına əmin idi! Hətta oynadıqca onun varlığından zövq də alırdı.   
 
Oynağan olsa da musiqi zövqü yoxuydu. Toylarda adətən “Azərbaycan oğluyam” mahnısını sifariş verirdi, amma nə çalsalar ona oynayırdı. Çox vaxt bu mahnını öz-özünə zümzümə edirdi:
 
Cavanşirəm, Babəkəm...
Nəbiyəm, Koroğluyam...        
 
Onun ikinci və az işlənən ləqəbi “Azərbaycan oğlu” idi.
 
- Necəsən, Azərbaycan oğlu? – pəh! Bu kəlmələri eşidəndə uçmağa qanad gəzirdi. Ən çox da ona görə ki, “Azərbaycan oğlu” “Qoluyox”u ikinci plana ata bilərdi. Bircə, bu yaltaq müraciətin ardınca kişidən nəsə xahiş etməyəsən. Onda qanı qaralırdı. “Qoluyox” yox eee... lap “Köpəyoğlu” de, amma işinin haqqını ver, hörmətini elə! Malı mala qatma!  
 
Qoluyox Vəlyəddin!
 
Gözünü açandan vəzifədə işləmişdi. Di gəl, tərcümeyi-halının ən təntənəli vaxtını, öz diliylə desək, adam balası kimi yaşadığı dövrü Pensiya Fonduna baş mühasib təyin olunan gündən hesablayırdı. Onda artıq sol əllə yazmağı öyrənmişdi. Özü də necə? Sağ əlindən də yaxşı... Hətta ona elə gəlirdi ki, sol əllə sənədləri çevirmək, ora-bura quş qoymaq, uzun-uzun imza atmaq daha cazibədardır. Müştərilər isə bu solaxaylıqdan vahimə hiss edirdilər. Çünki yazdığı yazını çeçələ barmağının altından böcək seliyi kimi buraxan bu sehrli əl çoxunun taleyini həll eləməyə - təqaüdə salmağa, əlillik dərəcəsini artırıb-azaltmağa qadir idi. Onun sol əllə qazandığının yarısını özündən deyən oğul iki əllə qazana bilməzdi. Adamlar ona pay-püş, pul-para verməyə adətkar idilər. İllah da sağlam ola-ola təqaüdə çıxmaq istəyənlər! Vəlyəddin Nəsimidən betər soyurdu belələrini... Qoluyox Vəlyəddinə rüşvət vermək, uşağa corab almaq kimi adi iş idi. Hələ bəlkə ondan da ötə, ondan da savab!
 
Həmişə yaxşı qazanmışdı Vəlyəddin. Onun həyat fəlsəfəsi bircə sözdən ibarət idi: “Qazanmaq!” Məsələn, kimsə sinəsini qabağa verib gəzəndə Vəlyəddin ürəyində deyirdi: “Görəsən ayda nə qazanır ki, belə şəstlə yeriyir!”, “Ayda nə qazanır ki, televizora çıxır?”, “Ayda nə qazanır ki, maşını belə bərk sürür.” Bir dəfə qonşuda iki uşaq dalaşmışdı. Vəlyəddin ağsaqqallığa gedib guya: “Bala, ayda nə qazanırsız ki, belə tutaşırsız?” Adamlar heyrətlə bir-birinə baxmışdılar... Xəstəlik üçün təqaüdə çıxmaq istəyən bir kişiylə tutaşmışdı bir dəfə. Kişi bürokratik əngəllərdən bezib səsini qaldıranda Qoluyox Vəlyəddin təmkinlə soruşmuşdu: “Ayda nə qazanırsan ki, belə qışqırırsan?” Xəstə, pensiyaya möhtac adam nə qazanacaq? Kişi çaşmışdı. Elə çaşmışdı ki, dili dolaşmışdı və Vəlyəddinə cavab verə bilməmişdi.
 
Başqa bir dialoq:
 
- Ə, ayda nə qazanırsan ki, bu boyda bığ buraxıbsan?
 
- Vəlyəddin əmi, mən gündəlik qazanıram...
 
- Qazancını otuza vur!
 
- Altı-bazar işləmirəm axı...
 
- Onda 20-yə vur!
 
Onun dinə münasibətinin əsasında da qazanmaq amili dayanırdı. Məsələn, həmişə düşünürdü: görəsən peyğəmbərlər babat pul qazana bilibmi? İsa Məsih heç, elə fağır adamın cibində bir quruş da olmaz! Amma Məhəmməd! Böyük adam idi! O boyda şəhərlər tutdu! Mən balaca bir qəsəbənin təkcə təqaüdçülərindən bu qədər qazanıram. Aman Allah! Ölümündən sonra da Kəbəylə milyon qazandırır ölkəsinə. Halal olsun!
 
“Adam ayda nə qazana bilər ki, Dünya müharibəsi törətsin?!” – onu Hitler qədər heyrətləndirən adam olmadı heç vaxt. Adamlar ölənlərin hayına qalanda Qoluyox Vəlyəddin pıçıldayırdı: “Hayıf o pullara!”   
 
İdealı Makedoniyalı İsgəndər idi! Tarix və coğrafiya müəllimlərindən üç-dörd dəfə soruşmuşdu – onun qədər torpaq tutan cahangir olmayıb! Yəqin, xəzinəsini karvanlar daşıya bilməzdi! Görəsən heç o parıldayan qızılların içində doyunca ağnayıbmı, rəhmətlik?
 
Var-dövləti sevməyən şair və filosoflardan, zənginliyi aşağılayan ibrətamiz hekayətlərdən zəndeyi-zəhləsi gedirdi. Xüsusən də Nizami Gəncəvidən. Hələ uşaqlıqda “Sirlər xəzinəsi” sözünə aldanmışdı. Oxuyub nə görsə yaxşıdı? Deyingən bir qarı o boyda Sultanın qabağını kəsib ağzına gələni deyir! Ləçər! Xəbərçi!          
 
Qoluyox Vəlyəddinin rəhbərlərə münasibəti birmənalı idi: səhv danışmazlar! Vəzifə elə-belə şey deyil! Bəzi quşbeyinlər bunu başa düşmür! Qulaq asdı-asmadı rəhbərə əl çalmaq onun şakəri idi. Hətta evdə, televiziya qarşısında da! Di gəl, əlinin biri yox idi! İnsafdırmı, kölgəsində milyonlar qazandığın insanın çıxışına əl çala bilməyəsən? Əslində içində əl çalırdı Vəlyəddin. Olmayan qolunu şəstlə o birinə çırpır, bu vaxt nəinki əllərinin göynərtisini hiss edir, hətta sürəkli alqışların səsini eşidirdi.
 
Bəzən yuxuda əl çalırdı! Yuxuda sağ qolu yerində idi, təbii ki! Səksənib oyanırdı... Həmişəki kimi, peşmançılıq... Sallayırdı burnunu hüznlə.
 
Qoluyox Vəlyəddinin beynində sovet hökuməti dağılmamışdı hələ. Çünki müstəqilliyin ilk illərində vəzifəsindən çıxarmışdılar kişini və təntənəli avtobioqrafiyası burdaca sona çatmışdı. Hətta həbs eləmək istəyirdilər onu. Sən demə, qəsəbənin icra hakimi ilə əlbir olub, ölən qocalara bir ildən artıq təqaüd yazıbmış. Su boğazına çıxanda başçı Vəlyəddini güdaza verdi. Yaxşı ki, müharibə düşdü araya. Əslində, müharibə Qoluyox Vəlyəddinin qanının arasına girdi. Bir yandan da öz əlilliyi... İncitməyə ar elədilər. Fikirləşdilər ki, nə olar-nə olmaz! Vəlyəddin ermənidən pis iş tutmayıb ha! Bir az pul yeyib, o qədər. Pul yeyən bircə Vəlyəddindimi?
 
Vəlyəddinin sovet dövründən qalma zəngin bir arxivi vardı. Nə istəsən tapılardı bu arxivdə. Brejnyev ölən ili cibində işarələdiyi lazımsız kağızları belə saxlayırdı və bununla fəxr edirdi. Partiya biletini də atmamışdı. Ona görə yox ki, “uruslar nə vaxtsa qayıdacaq”. Ona görə ki, onlar heç getməyib! Qoluyax Vəlyəddin indinin özündə də bəzi xırda məmurları Moskvayla hədələyirdi.
 
Qəsəbənin təzə başçısı sevmirdi Vəlyəddini. Neçə illik stajı olan tanınmış dövlət qulluqçusu, özü demiş, “raykom iclaslarına” həsrət qaldı. Səbəbi çox acınacaqlı idi: iclasların birində hamı başçını bərkdən alqışlayır, bircə Qoluyox Vəlyəddin əl çala bilmir. Daha doğrusu həmişəki kimi özü üçün əl çalır, əllərinin təmasını özü duyur, alqışlarının səsini özü eşidir. İclasdan sonra başçı öz adamlarından bu, arıq, uzundıraz kişinin əl çalmamasının səbəbini soruşur. Biləndə ki, qolu yoxdur, qeyzlənir: “Qolu yoxdu, bir əlini dizinə, qarnına, başına, stola – nə bilim, bir yerə çırpsın! Eləcə boynunu qaz kimi uzadıb durmasın!”
 
Beləliklə, Qoluyox Vəlyəddini mədəni şəkildə iclaslardan qovdular. Onun təəssüfü belə oldu: “Görəsən başçı ayda nə qədər qazanır ki, məni iclaslara buraxmır!”
 
Vəzifədən ayrılmaqdan betər, “raykom iclasları”ndan qovulmaq - həm də günahı olmadan, Qoluyox Vəlyəddini yorğan-döşəyə saldı və bu xəbər ildırım sürətliyə hər tərəfə yayıldı. Hətta gedib, Moskvaya da çıxdı. Başqa yerə yozmayın... Vəlyəddinin oğlu Moskvada alverlə məşğul idi... Xəbər tutan kimi gəldi, atasını maşına qoyub Bakıya apardı, ona protez qol düzəltdirdi. Dirsək, bilək, oynaq, barmaq və dırnaqlar da daxil bütün əzaları yerində... Minimum hərəkət imkanları da vardı. Məsələn, toylarda asanca yuxarı qaldırıb hərəkət etdirə bilirdi. Əsas da, əl çalmaq mümkün idi bu əlin köməyi ilə. Düzdü səs çıxmırdı, amma yuxarı qaldırıb necə ürəklə əl çaldığını başçı daxil hamıya göstərə bilərdi.
 
Xeyli dirçəldi Vəlyəddin. Doğrudur arada “görəsən oğlum ayda nə qazanır ki, mənə belə bir qol düzəltirdi” – fikri ürəyindən bir neçə dəfə keçdi, amma dilinə gətirməyə ar elədi. Az qala “Qoluyox” ayamasını da götürəcəkdilər üstündən... Bircə qalırdı “yoldaş katib”in bu şad xəbəri eşitməsi və Vəlyəddinin “raykom iclaslarına” buraxılmasına icazə verməsi...
 
Yoxsa, “raykom” ayda nə qazanırdı ki, əl çalmağı bacardığını bilə-bilə onu iclaslara buraxmasın?!
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar