Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qırmızı çəpiş”


Mirmehdi Ağaoğlunun “Qırmızı çəpiş” hekayəsini təqdim edirik


Maşını satdım. Hardasa on gün olar. Bəlkə də çox, nə bilim? Hesablamağa ərinirəm. Bircə onu bilirəm, daha qırmızı çəpişim olmayacaq. Onu təzə satdığım vaxtlarda əvvəl-əvvəl fikirləşirdim bir az ucuz qiymətə başqa maşın götürərəm. Əsas odur borcları verdim, qalan pulu da saxladım, nəsə alaram. Bir də baxdım, pulun başın açmışam. Əlimdə bir şey qalmayıb. Buna uzaqbaşı “Zapı” almaq olar, ya da “Qalenvagen"-"Porşe” təkəri.
 
Ona görə qeyri-müəyyən müddətə maşın almaqdan əlimi üzdüm. Düzü heç əvvəldən maşın həvəskarı olmamışam. On birinci sinfə kimi “05”-lə, “07”-nin fərqini bilmirdim, heç indi də “Yeşqa” ilə “Çeşqa”nı bir-birindən ayıra bilmirəm. Adam tanıyıram yaşadığı rayonun bütün maşınlarının nömrəsini əzbər deyir, mənim heç öz maşınımın nömrəsindən xəbərim yoxdu. Bir dəfə işdə maşınlarımızı siyahıya alırdılar, avtodayanacaqda yer bölüşdürüləcəkdi. Deyəndi ki, gedib maşına baxıb nömrəsini öyrənim, təəccübləndilər. Necə ola bilər ki, adam maşının nömrəsini yadında saxlamasın? Birdən ağlıma gəldi, Facebook hesabımda maşının şəkli vardı, ona baxıb nömrəni dedim, aşağı düşmək əziyyətindən də xilas oldum. Birinci maşının nömrəsindən danışıram, ikincininki hələ yadımdadı.
 
Birinci maşını da təsadüfən almışdım. Bankda işləyirdim, qəfil imkan düşdü, aldım. Sonra onu satıb qırmızı çəpişimi götürdüm. Heç birinə də baxmırdım. Zəhləm gedir maşına qulluq etməkdən. Mənimki odur otur sür, vəssalam. Yaxşı ki, şüşəsilən deyə bir icad var, “parpress”i təmizləməyə həvəs olmayanda düyməni bas suyu, fışqırdıb özü silsin.
 
Mənim kimisinə maşın yaraşmır. O maşınlar məndə necə qalmışdı, xarab olmurdu, möcüzədir. Benzin tökməkdən, yağ dəyişməkdən başqa bir şey eləmirdim, bununla belə yeriyirdilər. Yanımda qranatdan, tyaqadan, nakladkadan, nə bilim, babindən danışanda təəccüblənirdim, elə bilirdim mənim maşınımın belə detalları yoxdu. Möcüzə idi, möcüzə, xarab olanda da gəlib qapıda dayanırdı, yolda qoymurdu.
 
Yox, şişirtməyim, bir-iki dəfə yolda qoymuşdu. Özü də düz tıxacın ortasında. Ətrafdakı maşınları gəzib “primiçka” axtarırdım. Qəfil kimsə əlində kabel yaxınlaşdı. Ondan əvvəl də bir dəfə yolda qalmışdım, həmin vaxtı “primiçka” verən taksi şoferi maşını xodlaya bilməyə-bilməyə beş manat alıb getmişdi. Bu da mənə çox pis təsir etmişdi, insanlara inamımı sarsıtmışdı. Qəfildən kiminsə əlində “primiçka” köməyə gəlməsi məni heyrətləndirdi. Elə bildim açılmaqda olan tıxacın tən ortasına Həzrəti İsa zühur elədi. Həmin adam kabeli verib əvəzinə mobil nömrəmi götürdü, mən də onunkunu, dedi, nə vaxt işin qurtarsa zəng edib qaytararsan. Qaytaranda da pul filan istəmədi.
 
Nəsə. İndi qalmışam piyada. Açığı çox da üzülmürəm. Təkcə uşağa görə narahatam, öyrəşmişdi maşına, hər səhər dərsə aparırdım, axşam da nənəsigildən gətirirdim. Daha bunlar olmayacaq.
 
Özümə görə qorxum yoxdu. Lap yaxşı, piyada gəzib arıqlayaram. Səhhətim də qaydasına düşər. Avtobus “xoroşo”.
 
Demək asandı, amma hərdən “Koroğlu”da metrodan çıxıb marşrut-taksi şoferləri ilə sərnişinlərin döyüş bölgəsinə girdimmi, qırmızı çəpişim yadıma düşür. Leş üstünə şığıyan qarğa-quzğun kimi hücum çəkən adamların əlindən avtobusa minə bilməyəndə həmişə maşınla olanda keçib-getdiyim qarşıdakı yola zillənirəm, elə bilirəm şütüyən avtomobillərin arasında mənim maşınım da var, budu, uzaqdan görünən o qırmızı çəpiş mənimkidir, indicə gəlib keçəcək, içində də mən. Elə vaxtda lap qəribsəyirəm, deyirəm gəlib dayanardı qabağımda, qaşqasını sığallayardım.
 
Elə ki, avtobusa mindim toxtayıram: Burdakılardan nəyin artıqdır. Sən də avtobusla gedib-gələnlərdən biri, ölkədə maşınsız nə qədər adam var, dərd etdiyin şeyə bax!
 
Özümə acığım tutur. Maşındı da. Adam bu qədər dünyagir olmaz. Allah tərəfi unuduram da. Sağdan-soldan şütüyən maşınlara heç fikir vermirəm. Amma yol hərəkəti haqqında məlumatları göstərən elektron tablonun altından keçəndə gözüm havanın temperaturunu axtarır. Temperaturu göstərən rəqəmləri görən kimi yenə maşın yadıma düşür.
 
Hə, mənim maşınım... Termostatı xarab olmuşdu, qayğıkeş ana qızdırmalı övladının dalınca termometr gəzdirən kimi lobsu avtomatik qoşulmayan maşınım qızdırmasın deyə keçdiyim yollarda gözüm temperatur göstəricilərini axtarırdı, istilik aşağıdırsa sürmək olar. Çoxdu? Tez rulun altından çıxardığım şnurları birləşdirirdim, pər işə düşsün deyə.
 
Bəs indi nəyimə gərək hava temperaturu? Heç nəyimə. Sadəcə vərdişdi. Əynim də nazik deyil ki, havanın temperaturu ilə maraqlanım. Hə... Maşına minən kimi peçi qoşardım, salonun istisindən az qala bədənimdən qarı əriyən torpaq kimi buğ çıxardı. 
 
Bir vaxtlar onunla keçdiyim küçələrdən indi piyada keçirəm. Hərdən başımı qaldırıb yola baxır, onu xatırlayıram. Özümə gülməyim tutur, elə bil bir vaxt maşınla yox, sevgilimlə keçmişəm buralardan. İndi də həmin küçələrdə gəzib “sevgilim”lə olan xoş günləri xatırlayıram.  
 
Axşamlar siqaret çəkməyə həyətə düşəndə gözlərim bir anlıq qırmızı çəpişimi axtarır. Bütün maşınlardan fərqlənirdi, rəngi ilə, ölçüsü ilə, pintiliyi ilə. Nolsun boy-buxundan balaca idi, məhlənin ən gözəgəlimli yerində saxlayardım, ta künc-bucağa soxmazdım. Elə lotu-lotu da dayanardı, lap balacaboy zağar oğlanlar kimi. Bircə əllərini şalvarın ciblərinə salıb qarnını qabağa verməyi çatmırdı.
 
Başqa maşınlar yerini çox tez doldurdular. Elə bil əvvəldən məhlədə bu nişanda həmcinsləri olmayıb. Maşını satdığım günün səhəri bir az dəm idim. Həyətə siqaretə düşmüşdüm. Sağa-sola bir baxdım, gördüm qırmızı çəpişim yoxdu, özümü itirdim. Bir anlıq elə bildim oğurlanıb. Qəfil yadıma düşdü ki, satmışam. Başqa maşınlar da elə arxayın dayanmışdılar, elə bil əvvəldən burda qırmızı çəpiş olmayıb. Onlara acığım tutdu. İstədim üzümü maşınlara tutub danlayım: nə tez unutdunuz park yoldaşınızı, insanın vəfasızına dözmək olar, dəmirin yox. Heç olmasa siz etməyin. Yanınızda ovuc içi boyda boş yer saxlayın ona da. Nə bilmək olar, bəlkə tezliklə keçəcək buralardan. Yolunu azmış övlad kimi burulacaq məhləyə, gəlib dayanacaq əvvəlki yerində, siqnallayıb məni çağıracaq - köhnə sahibini.
 
Yaxşı ki, maşınlar adamların dilini bilmirlər. Yoxsa bu sözlərimə görə məni əməlli-başlı ələ salıb gülərdilər.
 
Bəlkə də çəpişim “malalitrajka” yox, iri maşınlardan olsaydı heç bu qədər darıxmazdım. Fikrim yanında qalmazdı. Yəqin balaca olduğuna görədir, valideyn narahatlığı ilə xatırlayıram onu, elə bil uşağımı əsgər göndərmişəm. Onu satandan sonra başqa maşın alsaydım bu qədər darıxmazdım, yenisi qırmızı çəpişimi unutdurardı. Yoxsa bir dəmir parçası üçün niyə bu qədər darıxım ki? Bilmirəm nə vaxta qədər xatırlayacam, bəlkə sabah, bəlkə sabahdan da yaxın... unudacam. Bəlkə də növbəti maşını alana qədər. Və bu nisgil hər dəfə maşınsız olmağın çətinlikləri ilə qarşılaşanda “polabarot”a ürəyimi odlayacaq. 
 
13 mart 2017
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar