Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəzetin fəaliyyətini davam etdirsəydim daha bir neçə müxbir tutulacaqdı”


Elçin Şıxlı: “Heç kimin yedəyində getmək də istəməmişəm”; “Raufun həbs olunması son damla rolunu oynadı”


Hər şey bir neçə həftənin, günün içində baş verdi. Ölkənin məşhur jurnalistlərindən birinin həbsi, ardınca onun da işçisi olduğu qəzetlərin öz fəaliyyətini dayandırması zaman etibarı ilə, ani baş verdi. Ardınca isə bütün bu proseslərin içində başını itirən oxucu, media cameəsi... 

“Ayna  - Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının, eləcə də rəhbəri olduğu nəşrlərin taleyi elə həmin vaxtdan böyük sual işarəsinə çevrildi. Verdiyi müsahibələrə, açıqlamalara baxmayaraq hələ də “niyə”, “nə üçün” suallarının cavabı tapılmayıb. 
 
“Yeni Müsavat” bu dəfə də E.Şıxlını söhbətə çəkdi. De fakto fəaliyyəti olmayan, amma adı hələ də oxucuların yaddaşında olan “Ayna  - Zerkalo”nun redaksiyasında... Yenə qəzetdən, mətbuatdan və  olub-keçənlərin səbəblərindən danışdıq... 
 
-Elçin bəy, bu gün sizin iş gününüzdür? 
 
- İş günüm deyil. Sadəcə olaraq, özüm özümə iş tapıram. 
 
- Bu necə mümkün olur? 
 
- Qəzet dayanıbsa belə, müəyyən texniki işlər var. Vergi ödənməsi, hesabatlar  və sair kimi işlər var ki, onları nəzarətdə saxlamaq lazımdır. 
 
- Hər gün gəlirsiz? 

“Bir çox şeylər artıq məni maraqlandırmır” 

- Lazım olanda gəlirəm. İki-üç otaq saxlamışam. Bəlkə buranı da bağladım. Çünki saxlamağa maliyyə ehtiyatı yoxdur. İşıq pulu, məişət xərcləri var. Mənbə olmayanda bunu saxlamaq olmur. 
 
- Neçə vaxtdır ki, oxucular özlərini “Ayna”da görə bilmirlər? Ya da bir az poetik desək, aynasız qalıblar? 
 
- Qəzet kimi iyun ayının, sayt kimi sentyabrın əvvəlindən. 
 
- Bir qəzet üçün yetərincə böyük bir fasilədir. 2015 üçün də belə davam edəcək,fikrinizcə? 
 
- Yəqin ki, davam edəcək. Çünki qəzetin və saytın fəaliyyətinin dayanmasının mövcud səbəbləri və şərtləri dəyişməyib. 
 
- Qəzetlərin bağlanmasından sonra verdiyiniz müsahibələrdə bu sonucla bağlı heç vaxt dəqiq bir söz deməmisiz. Hər zaman səbəblərlə bağlı dolayı açıqlamalarınız olub. Niyə bağlandı qəzetlər? 
 
- Əsl səbəb müstəqil şəkildə işləməyin qeyri-mümkünlüyüdür. Bunu da dəfələrlə demişəm ki, bu işə biznes kimi baxmışam. Biznes kimi də gəlir gətirməyən, heç olmasa özü özünü saxlaya bilməyən bir biznes qala bilməzdi. 
 
- Amma maraqlıdır ki, Azərbaycan mətbuatında gəlir, biznes, reklam sözləri deyiləndə yada düşən nəşrlərin siyahısına “Ayna”, “Zerkalo” liderlik edib. Amma indi məlum olur ki, bu qəzetlər də elə dediyimiz səbəblərdən bağlanıb. Mənzərə paradoksal görünmürmü? 
 
- Paradoksal görünmür. Sadəcə olaraq qəzetə və sayta baxmaq kifayət edir ki, o söylədiyiniz reklam bolluğunun olmadığının şahidi olasız. Reklam var idi, artıq yoxdur. Onun səbəbləri isə bir az başqa şeydir. 

“Hiss edirəm ki, sağ əlim yazmaq üçün gicişir. Amma sol əlimlə onu vururam ki, etmə...” 

 
- Bura Azərbaycandır və hamımız bilirik ki, hansısa media orqanına gələn reklam axınının qabağı adətən dayandırılır. Sizdə proses necə cərəyan etdi? 
 
- Həm subyektiv cəhətlər var, həm obyektiv. Qəzetlərin dolanmasının iki mənbəyi var. Biri satışdır ki, onun da ölkədə olmamasını hamımız bilirik. İkinci mənbə isə reklamdır. Satış olmayan yerdə heç bir ağıllı adam reklam verməyəcək. Bunu ən elementar şəkildə belə izah etmək olar. 
 
- Yaxşı, hər iki mənbəyin eyni zamanda sıfırlanmasının iyunun əvvəlində baş verməsini təsadüf hesab etmək olarmı? 

- Təsadüf məsələsindən irəli gəlmir. Bu vəziyyət mənimçün keçən ilin bu vaxtlarından aydın idi. Sadəcə olaraq müəyyən zamanlarda nəyəsə ümid edir, nəyisə nəzərdə tuturdum. Amma ümid etdiyim, nəzərdə tutduğum məqamlar alınmadı, bu öz yerində. Həm də bilirsiz ki, Rauf Mirqədirovun həbsi ilə bağlı xeyli mürəkkəb məqamlar da yarandı. Hamısı bir-birinə qarışdı, topalandı. Təsəvvür edin ki, dağdan dığırlana-dığırlana qar topası gəlirdi və aşağı gəldikcə o qar topası böyüdü. Böyüdü və nəhayət çiynimdə daşıya bilməyəcəyim bir həddə gəlib çatdı. Bununla da hər şey bitdi. Bunun iyunda baş verməsinə gəlincə, düşünürdüm ki, 24 il ömrümü bu işə həsr eləmişəm. Ağırdır, çətindir, kollektivlə birgə neçə illərdir çalışırıq. Bir az yenə nəsə düşünürdüm. Amma bir şey çıxmadı. Son iki-üç ayı da həftəliyə keçdik. Onun da xeyri olmadı. Çünki şərtlər dəyişməmişdi...

“Belə təəssürat yaranır ki, sən kiminsə pisliyini istəyirsən. Halbuki mən sadəcə olaraq öz yaxşılığımı istəyirəm”

- Qəzetlərin bağlanma şərtlərini çox poetik şəkildə ifadə etdiz: qar topasının dağın başından yuvarlanaraq, böyüyərək düşməsi... Maraqlıdır, sizin ifadənizlə desək, ən kiçik qar topası nə vaxt yarandı? Rauf Mirqədirov həbs olunanda, siz Ziyalılar Forumunda təmsil olunmağa başlayanda, ya...? 
 
- Ziyalılar Forumunda bir elə fəal təmsilçiliyim də yox idi. Ümumiyyətlə, birinci və sonuncu dəfə 1985-ci ildə Kommunist Partiyasının üzvü olmuşam. Düzdü, onda bəxtim gətirdi ki, partiyaya üzv olan kimi partiya da, hökumət də dağıldı, ölkə də. (gülür) Ona görə mən bir az zarafatla deyirəm ki, hər hansı partiyaya girməyə çəkinirəm. Çünki o partiya dağılacaq. Düzdü, bu, bir zarafatdı, amma hər zarafatda bir həqiqət payı da var. Mən istənilən halda bir az fərdiyyətçiliyi xoşlayan adamam. Öz fikrim, dünyagörüşüm var. Təbii ki, hamının fikri üst-üstə düşə bilməz. Düşsə, deməli nəsə düz işləmir. O nöqteyi-nəzərdən heç bir qrupda liderliyə can atmamışam. Amma eyni zamanda heç kimin yedəyində getmək də istəməmişəm. Ola bilər, nəsə üz-üzdən utanar. Bir dəfə, iki dəfə... amma üçüncü dəfə artıq öz istəyimə qarşı gedə bilmirəm. O Ziyalılar Forumunda da müəyyən şeylər var idi... Mənim çox hörmət etdiyim, istədiyim dostlar var ki, onlarla hər zaman dərdləşirik, danışırıq ki, bu da elə forum kimi bir şeydir. Rauf Mirqədirova qədər isə o dediyimiz topa böyümüşdü. Raufun həbs olunması son damla rolunu oynadı. Çox məqamlar var... 
 
- Belə başa düşürəm ki, çox şeyi açıqlamaq da istəmirsiz... Ən azı reaksiyalarınızdan belə anlamaq olur. 
 
- Bilirsiz, mən əsassız danışmaq istəmirəm. 
 
- Həm də bəlkə şanslar da var... Gələcəkdə qəzetlərin öz fəaliyyətini bərpa edəcəyi ilə bağlı. O şansları qapatmamaq adına ehtiyatlı davranmaq olar, düzdür? 
 
- Ehtiyatlı davranmaq normal şeydir. İnsan özünü qorumaq instinktini itirirsə, deməli, orqanizmdə nəsə problemlər var. Bu, tək fərdlərə yox, ümumən qurumlara, partiyalara, dövlətlərə də aiddir. Orada hisslərə qapılmamaq məqamı da olmalıdır. Düzdür, o hislər olmayanda həyat bir az maraqsız  - ağ, qara, boz olur. Amma müəyyən məqam gəlir ki, o hisləri arxa plana qoymalısan, hesablamalar getməlidir. O hesablamalar heç də o demək deyil ki, sən alçaqlıq edəsən, kiminsə başını əzə-əzə gedəsən. Mənimçün bu, qəbul olunası bir şey deyil. Düşündüm ki, bir az ayaq saxlayıb, olub keçənləri, gördüyüm işləri sanballamaq lazımdır. Sanballayıram, hələ ki, ortalıqda bir şey yoxdur. Bayaqdan deyirəm ki, media və jurnalistika biznesdir. Amma spesifik xüsusiyyətləri olan biznesdir. Onun ideoloji tutarı və tutumu çox güclüdür. Elə bir məqam yaranır ki, siyasi tutum iqtisadi tutumu və peşə tutumunu üstələməyə başlayır. Siyasət tutumu peşə tutumundan ön plana keçməyə başlayanda öz peşənlə, öz işinlə normal məşğul ola bilmirsən. Bir çox hallarda səndən asılı olmayan səbəblərdir. Siyasiləşməyi sən istəmirsən, siyasi konyunktura elə bir şəkil alır ki, vəziyyət çıxılmaz olur. Götürək ümumən medianı. Söhbət Azərbaycanın sıx təmasda, ünsiyyətdə, təsiri altında olduğu dövlətlərdən gedir: Rusiya və Türkiyə. Baxın görün orda media nə vəziyyətdədir. Rusiyada media yoxdur, Türkiyədə də Ərdoğan məhv edir. Son iki-üç günün hadisələrini də bilirik. Özü də həbsə atılan adamlar 3-4 il əvvəl  min faiz Ərdoğana işləyirdi.

Rusiyada media yoxdur, Türkiyədə də Ərdoğan məhv edir. Son iki-üç günün hadisələrini də bilirik. Özü də həbsə atılan adamlar 3-4 il əvvəl  min faiz Ərdoğana işləyirdi. “

- “Siyasi konyunktura elə bir vəziyyət alır ki, vəziyyət çıxılmaz olur” dediz. Amma Azərbaycanda ortada olmaq da çox çətindir. Bu, media adına da belədir. Bəs sizdən nə tələb olunurdu siyasi konyunktura adına? Hansı tərəfdə dayanmaq, nə yazmaq, nə yazmamaq? 
 
- Söhbət tələb etməkdən getmirdi. Siyasi konyunktura seçilməməyi, ümumi sıradan çıxmamağı tələb edir. Özünüz də söylədiz ki, ya o tərəfdən, ya bu tərəfdən olmalısan. Mən də bayaq dedim ki, hansısa tərəfdə olmağa qorxuram, çünki o tərəf yüz faiz dağılacaq. Zarafatdı, qeyri-zarafatdı, amma mən buna inanıram. (gülür)
 
- (zarafatla) Hökumət tərəfə keçin də, nolar... 
 
- Yazıq deyillərmi? (gülür). O vaxt partiyaya keçəndə deyirdim ki, mən Qorbaçovun yenidənqurmasının qurbanına çevrildim, amma əslində deyəsən onlar mənim qurbanıma çevrildilər. Səbəblərini söylədim, istəyirəm, dünyaya öz baxışlarım qalsın... 
 
- Qəzetiniz bağlanandan sonra verdiyiniz müsahibələrdən birində demişdiz ki, “hardasa səhv eləmişəm, ona görə bunlar baş verib”. Kontekstdən çıxarmıram dediklərinizi? 
 
- Yox, təxminən belə idi ki, “özümü düz aparmamışam”. 
 
- Aha, kimin gözündə? 
 
- Bu, bir az başqa məsələdir. Hər halda müxalifətin gözündə deyil. Çünki Azərbaycanda müxalifət yoxdur, müxalifətin gücü yoxdur. Bizdə də söhbət siyasətdən, hökumətin gözündə özünü düz aparıb aparmamaqdan getmir. Sadəcə olaraq fərdi baxışlar, tendensiyalar, bir qrupun fərdi görüşləri var. Ola bilər ki, bu gün həmin qrupun fərdi görüşləri, sözü keçir, sabah başqasınınkı keçsin. Amma ümumi tendensiya və imic məsələsi də var. Bir çoxları hətta zarafatla deyirlər ki, Elçinə nə qədər deyirsən de, yenə öz bildiyini edəcək. Mən qəsdən etmirəm, bu, belə alınır. Amma bir şeyi dəqiq deyə bilərəm ki, nəyəsə söz verirəmsə, onu edirəm. 
 
- Maraqlıdır, indi özünüzü media sektorundan tamamən getmiş, kobud səsləndiyi üçün üzr istəyirəm, amma silinmiş hiss edirsiz, yoxsa hələ də burdasız? 
 
- Silinmiş yox, amma bir çox şeylər artıq məni maraqlandırmır. Sözün doğrusu, indi heç düşünmək belə istəmirəm. Çünki özümə söz vermişəm, heç nə yazmayım. Hər hansı bədii ədəbiyyat oxuyanda, nəsə bir şey haqda düşünəndə hiss edirəm ki, sağ əlim yazmaq üçün gicişir. Amma sol əlimlə onu vururam ki, etmə... Yəni, gedəndə getmək lazımdır.
 
- Səssiz-səmirsiz getmək lazımdır? Son söz demədən, hər hansı bəyanat vermədən? 
 
- Mediadan getmək söhbəti deyil. İnsan öz fəaliyyət növünü dəyişə bilər. Amma insan insan olaraq qalacaq. Sadəcə indiki şəraitdə düşünürəm ki, heç bir xeyri yoxdur. Ola bilsin, mən səhv edirəm. Hər halda bu qənaətdəyəm ki, daşdan-qayadan səs çıxır, amma nə qədər yazsan da, səs çıxmır. Belə təəssürat yaranır ki, sən kiminsə pisliyini istəyirsən. Halbuki mən sadəcə olaraq öz yaxşılığımı istəyirəm. Bilirsiz nə mənada? Ətrafda nəsə səhv iş olanda, bu səhv addım təkcə o adamın yox, fırlanıb mənim, mənim yaxınlarımın, ətrafımın, millətin də başında çatlayacaq. Bunları görmək lazımdır. 
 
- Qısa müddət bundan öncə dərs deyirdiz... 
 
- Bir aylıq jurnalistika kursu idi, bir həftə öncə bitirdim. Gürcüstanda, Tiflisdə neçə illərdir GİPA deyilən Amerika Jurnalistika Məktəbi var. Hər il hər üç Cənubi Qafqaz ölkəsindən orda oxumağa uşaqlar seçilir. Bizdən gedən uşaqlara ingilis dilində bir aylıq hazırlıq mərhələsi keçilirdi. Media etikası və media qanunu haqda dərsi mən keçdim. 
 
- Sizin dərs keçdiyinizi eşidəndə ilk ağlıma gələn o oldu ki, yəqin Elçin Şıxlı bu dərsi bir il əvvəl versəydi, tələbələrinə başqa şey öyrədərdi. İndi isə onlara media “qanunlar”ı haqda tamam başqa dərslər vermək istəyər. Düz düşündüm? 
 
- Söhbət konkret mövzudan gedir. Tələbələr soruşublar, mən də təcrübəmdən çıxış edib nələrsə danışmışam. Özü də ordakı tələbələrin əksəriyyəti jurnalistlərdir, səviyyələrini artırmağa çalışırlar. Media mühitimizin ən zəif yerlərindən biri dil bilməməkdir. İngilis dilini bilənlərin sayı kifayət qədər deyil, əvvəl rus dilini bilənlər çox idi, indi azalıb. 
 
- 2015-ci il üçün qəzet adına ümidiniz var? 
 
- Sözün düzü, yoxdur. Amma bir ümidim və arzum odur ki, Rauf Mirqədirov azadlığa buraxılsın. Bir şeyi də söyləyim. Bayaq dediyim özünü qorumaq instinkti. Nədənsə mənə elə gəlir ki, qəzetin fəaliyyətini davam etdirsəydim və o qırımla da – biz tərəfdə elə deyirlər – getsəydim, daha bir neçə müxbir tutulacaqdı. Belə qənaətə gəldim ki, camaatı təhlükəyə atmayım və.. 
 
- .. Siz də ola bilərdiz o tutulanların siyahısında? 
 
- Bilmirəm. Demək istəmirəm. Amma hər halda bu qırımla, bu hadisələr haqda yazılanda, şərhlər veriləndə təbii ki, problemlər olacaqdı. Ona görə dayandım. Çünki artıq hadisələrin gedişatında siyasi tutum çoxalırdı. Hələ heç bir jurnalisti “vətənə xəyanət” maddəsi ilə tutmamışdılar. Özü də ermənilərə casusluq etdiyinə görə. Hətta bəzi hörmət etdiyim adamlar deyirlər ki, deyə bilmərəm ki, Rauf haqda ittihamlar doğrudur, ya yox... Doğrusu, ağır gəlir. Raufu mən gözəl tanıyıram. Səhv etmək olar. Düşünürəm ki, heç səhv də eləməyib. Sadəcə olaraq, siyasi konyunkturanın qurbanı oldu. Gün-gündən də daha dəqiq anlayırıq ki, ətrafa Rusiyanın təsiri güclüdür.  Dünyada nəhənglərin savaşı gedir.  Və bu savaşın qəlpələri altında qalan müəyyən qurbanlar var. Jurnalistlərin, ictimai fəalların həbsi də  o mübarizənin təzahürüdür. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar