Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil”


Rusiya və Qərb arasında münasibətlər Britaniyada keçmiş casus Sergey Skripala qarşı kimyəvi maddə ilə hücumla əlaqədar rus diplomatlarının ABŞ və Avropa ölkələrindən çıxarılması və Rusiyanın buna eyni cavabı verməsilə daha da gərginləşib


Birləşmiş Ştatlar Rusiya oliqarxlarına qarşı yeni sanksiyaları nəzərdən keçirir. 

ABŞ dövlət katibinin keçmiş Sovet İttifaqı məsələləri üzrə keçmiş müşaviri, tanınmış ekspert Pol Qobl “Amerikanın Səsi” radiosuna müsahibəsində Qərbin Moskvanın davranışına reaksiyası, Moskva, Ankara və Tehran arasında Suriya ətrafında əməkdaşlıq və Qərb və Rusiya arasında qarşıdurmanın Rusiyanın qonşuları ilə münasibətlərinə təsiri məsələlərini şərh edib.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

–  Cənab Pol, Rusiya və Qərb arasında münasibətlər son həftələr keçmiş rus casusu Sergey Skripalın Britaniyada zəhərlənməsi ilə bağlı daha da gərginləşib. Rusiyanın 150 diplomatının Birləşmiş Ştatlar, Avropa İttifaqı və başqa ölkələrdən çıxarılması haqda qərar qəbul edilib, Rusiya buna eyni şəkildə cavab verib. Bəziləri bunun soyuq müharibə dövrünü xatırlatdığını söyləyir. Siz hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

– Diplomatların ölkədən çıxarılması taktikası, əlbəttə ki, soyuq müharibə dövrünü xatırladır. Amma bizim soyuq müharibə dövründə olub-olmadığımız sualına gəldikdə, mən hesab edirəm ki, buna mənfi cavab verilməlidir. Bunun bir neçə səbəbi var. Əvvəla, Qərb Rusiyanın pis davranışına qarşı birlik nümayiş etdirdi. Rusiyanın bu mənada heç bir müttəfiqi yoxdur. Heç kəs Rusiyaya qoşulmadı. Soyuq müharibə dövründə Sovet İttifaqı ilə belə olmazdı. Söhbət iki blok arasında deyil, Qərb və ayrıca bir ölkə arasında qarşıdurmadan gedir. Bu, birinci.

İkincisi, Qərb Rusiyanın Ukraynada və bu yaxınlarda da Britaniyada etdiklərindən dəhşətə gəlsə də, soyuq müharibə dövründəki birliyi göstərməkdən uzaqdır.

Üçüncüsü, Qərbdə və Birləşmiş Ştatlarda bizim artıq müşahidə etdiyimiz daha çevik və əməkdaşlıq şəraitində bir yanaşma haqda çağırışlar edilir. Birləşmiş Ştatlar, Ağ Ev bildirir ki, Rusiya çıxarılan diplomatların yerinə onları əvəz edəcək diplomatlar göndərə bilər. Bu, soyuq müharibə dövründə doğru və normal olmazdı və çoxlarının indi danışdığı kəskin bir dönüşə işarə etmir. Amma eyni zamanda, gəlin, açıq danışaq. Rusiyanın pis davranışı və bunun artması Qərbdə on il bundan əvvəl düşünə bildiyindən daha çox insanın qəzəbinə səbəb olub. Rusiya cəzalandırılıb. Tədricən də olsa, amma qəti şəkildə. Mənə elə gəlir ki, Qərb və Rusiya arasında uzun müddət ciddi qarşıdurmadan söhbət gedir. Amma bu, soyuq müharibə ilə eyni şey demək deyil. Bunun soyuq müharibə olduğunu demək, Moskvanın dünyada fərqli bir qütbü təmsil etdiyi haqda baxışını dəstəkləmək deməkdir. Bu, belə deyil. Rusiya Sovet İttifaqı deyil. Rusiyanın Sovet İttifaqının malik olduğu müttəfiqləri və satellit dövlətləri yoxdur. Rusiyanın cəlbedici ideologiyası yoxdur. Əslində, insanlar demək olar hər gün təhqir olunur. Buna görə də mən buna Qərbin Rusiya hökumətinin kriminal hərəkətinə qarşı birliyi deyilməsinə üstünlük verirəm.

– Cənab Qobl, sizcə, bu addımları atmaqla Rusiya prezidenti nəyə nail olmağa çalışır?

-Faciə burasındadır ki, Putin inanır ki, iqtisadi cəhətdən olduqca zəif olan Rusiya-ölkə iqtisadiyyatı Avropa və Birləşmiş Ştatlarla müqayisədə mikroskopik dərəcədə kiçikdir, Putinin Rusiya hərbi qüvvələrinin genişləndirilməsinə dair Amerikanın builki müdafiə büdcəsindən kiçikdir – və insanlar elə davranır ki, sanki bununla ikinci super qüdrət yaradılır. Bu, belə deyil. Vladimir Putinin etdiyi ondan ibarətdir ki, o, Qərb demokratiyasını zəiflətmək, qarışıqlıq yaratmaqla Rusiyanın faydalanmasına çalışır və ümid edir ki, bu situasiyada on illər bundan əvvəlkindən qat-qat zəif olan Rusiya onun vəziyyətə nəzarət etməsinə görə yuxarı qalxa biləcək. Fikrimcə, onun ideoloji bir baxışı yoxdur. O, dağıtmaqda maraqlıdır, çünki onun təklif edəcəyi heç bir şey yoxdur. Rusiyanın super dövləti xarakterizə edən üç əsas cəhətdən heç biri yoxdur. Nüvə silahlarına malik olsa da, o, artıq yüksək səviyyəli hərbi qüvvələrə malik deyil. Ölkənin qüdrətli iqtisadiyyatı yoxdur, bunun əvəzinə tamamilə təbii resursların ixracından asılı olan bir iqtisadiyyat mövcuddur. Və başqalarını cəlb edən bir mədəni model də yoxdur. Bütün bunlara baxmayaraq Qərb hökumətlərinə müdaxilə etmək, seçkiləri pozmaq, opponentlərini zəhərləyərək, beynəlxalq qanuna ikrah nümayiş etdirmək, ya da Gürcüstan və Ukrayna kimi qonşularının ərazilərinə müdaxilə etməklə, cənab Putin göstərmək istəyir ki, başqalarının qanunlara riayət etdiyi dünyada o, kriminal kimi hərəkət etməyə hazır olduğu üçün ciddi qəbul edilməlidir. Bu, qısa müddətdə qələbə strategiyası ola bilər. Amma uzun müddət üçün bu, daha çox adamı Rusiyadan uzaqlaşdıracaq və Rusiyanın Vladimir Putinin dediyi kimi, ayağa qalxması deyil, onun mövqeyinin dünyada düşməsi demək olacaq.

-Rusiya Kimyəvi Silahların qadağan edilməsi təşkilatında Britaniyada keçmiş rus casusu ilə bağlı yeni birgə araşdırmaya dair səsverməni uduzub. Azərbaycan Çin və İran kimi ölkələrlə birgə Rusiyanın təşəbbüsünü dəstəkləyib. Bu haqda nə söyləyə bilərsiniz?

– Bu vəziyyətdə baş verən hadisələrdən biri odur ki, hökumətlər özlərini bir tərəfdə hiss edəndə, tamamilə bir tərəfdə olmadıqları kimi bir siqnal göndərmək istəyirlər. Mənim təxminimə görə, Çin, Azərbaycanİranın misalında onlar işarə etməyə çalışıb ki, “biz Rusiya ilə daha sərt mövqe tutan ölkələrdən daha yaxın münasibətlərin saxlanmasını istəyirik”. Amma eyni zamanda, Rusiya hökumətinin əməlləri ilə bağlı bu üç ölkə tərəfindən təəccüb də ifadə edilib. Mən bunu Rusiyanın rəhbərliyi altında Qərb əleyhinə blokun yaradılmasına sübut kimi görmürəm. Buna daha çox ayrı-ayrı hökumətlərin hazırkı durumda istər coğrafi və tarixi, istərsə də siyasi və iqtisadi hesablamalara görə. Rusiya Federasiyası ilə əlaqələrini kəsmək istəmədiyi ilə izah edirəm.

-Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən RuhaniRusiya prezidenti Vladimir Putinin iştirakı ilə Suriyada vətəndaş müharibəsinə son qoyulması səylərinin bir hissəsi olaraq üçtərəfli sammitə ev sahibliyi edib. Moskva, Ankara və Tehran arasında bu əməkdaşlığı haqda nə düşünürsünüz?

-Bu oyunçudan hər birinin əməkdaşlığa çalışmaq üçün öz səbəbləri var. Bunların bəzisi Amerikanın Yaxın Şərqdə mövcudluğuna qarşı çıxmaqla əlaqədardır. Bəzisi isə öz ölkəsinin statusunun gücləndirilməsi və son zamanlar təcrid olunmuş vəziyyətdən çıxmaq istəyi ilə bağlıdır. Bu da mənim fikrimcə, Türkiyənin etdiklərini izah edir. Hesab edirəm ki, biz bu hər üç ölkənin ümumi mövqeyə gəlmək üçün eyni səbəbləri olduğunu fikirləşməməliyik. Yəqin ki, onların hər biri müvəqqəti əməkdaşlığa gətirib çıxaran müxtəlif səbəblərlə masa arxasına gəlib. Biz bu ölkələr arasında tez-tez münaqişə və əməkdaşlığın şahidi oluruq. Mən bunun yenə də baş verəcəyini gözləyirəm.

-Rusiya və Qərb arasında qarşıdurma Rusiyanın qonşuları ilə münasibətlərinə, eləcə də keçmiş Sovet İttfaqı ərazisində dondurulmuş münaqişələrin həllinə hansı şəkildə təsir göstərir?

-Bu, çox böyük məsələdir. İlk növbədə, siz bir tərəfdən görürsünüz ki, 11 qeyri-rus keçmiş sovet repsublikası və üç işğal edilmiş Baltik dövləti daxil olmaqla, daha çox ölkə Rusiyanın nüfuz dairəsindən çıxmağa çalışır. Rusiya müttəfiqlər tapmır, adamları özündən uzaqlaşdırır. Hətta Putinə çox yaxın olan Belarus belə “yumşaq Belaruslaşma” adı ilə tanınan siyasət yürüdür. Bu, Kremlin istədiyinin tam əksidir. Beləliklə, bir tərəfdən bu ölkələrin Rusiyadan uzaqlaşdığını, mümkün olanda Qərbdə müttəfiq tapdığını görürsünüz. Baltikanın üç ölkəsi NATO-da və Avropa İttifaqındadır. Gürcüstan, Ukrayna bunu istəyərdi. Moldova arxa qapılardan Rumıniya ilə birləşmək istəyə bilər. Bu, çətin ki, Rusiyanın imperiyanı yenidən yarada biləcəyinə dəlalət edir. Putin bu haqda istədiyi qədər danışa bilər. Amma başqa tərəfdən, bunun əleyhinə işləyən iki faktor var. Rusiya ordusu artıq dünya səviyyəsində deyil. Ordu hələ də qonşu ölkələrin ordularından daha yaxşı və daha güclüdür. Rusiya iqtisadiyyatı da artıq dünya səviyyəsində olmasa da, hələ də keçmiş sovet respublikalarının iqtisadiyyatından daha böyükdür. Bunun nəticəsi olaraq onların bəzisinə böyük təzyiq göstərə bilir və Qərbin də aydın dəstəyi olmadan, xüsusilə də Ukraynada gördüyümüz kimi, qeyri-qanuni və aqressiv vasitələrlə buna adətən nail ola bilir. Əgər Birləşmiş Ştatlar bu ölkələri Rusiyanın onları yenidən tabeçiliyinə salmaq səylərinə qarşı öz milli maraqlarını müdafiə edə biləcəkləri bir şəkildə dəstəkləməyə hazır olsa idi, mən hesab edirəm ki, bu ölkələrin hamısı Rusiyadan uzaqlaşardı. Təəssüf ki, hazırkı durum budur. Vaşinqton bunu etməyə hazır deyil. Bu da mənim vəziyyətin soyuq müharibə adlandırılmasının əleyhinə olmağımın səbəblərindən biridir. Çünki soyuq müharibə dövrü olsaydı, Birləşmiş Ştatlar bu ölkələrin Rusiyadan uzaqlaşması və Rusiyanın nüfuzundan kənarlaşdırılması üçün bir çox işlər görərdi. Başa düşmək lazımdır ki, keçmiş Sovet İttifaqı məkanında hara baxsaq görürük ki, ölkələr öz siyasi sistemlərini möhkəmlətdikdə onlar Rusiyanın üstünlüyündən uzaqlaşmağa çalışır. Rusiya bu səylərin baş verməməsinə çalışır. Qərb isə dəstəyə harada hazır olub-olmaması məsələsində selektiv yanaşma nümayiş etdirir. Ukraynaya keçən il bundan əvvəldən daha çox, amma bizim çoxumuzun görmək istədiyindən az dəstək göstərildi. Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi zamanı dəstək olmadı. Amma olmalı idi. Amerika prezidenti tərəfindən Putinin təcavüzünə qarşı çıxmağa meyl göstərilmədi. Bu, mürəkkəb işdir. Amma bizim indi Moskvanın dominantlıq etdiyi bir imperiyanın astanasında olduğumuz haqda təsəvvürün düzgün olmadığını düşünürəm. Eyni zamanda, bu ölkələrin Qərbin davamlı dəstəyi olmadan özlərinin müstəqil olaraq yolunu gedəcəyi fikri də problemlidir. Çünki Vladimir Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil.

İndi sizin sualınızın dondurulmuş münaqişələrlə bağlı ikinci hissəsinə gələk. Mən atəşkəs xəttində Azərbaycan və təkcə Dağlıq Qarabağ deyil, Azərbaycanın ona bitişik bir neçə rayonunu işğal etmiş Ermənistan arasında zorakılıqlar nəzərə alındıqda bu terminin tamamilə düzgün olduğunu düşünmürəm. Qərb, fikrimcə, prezident Donald Trampın rəhbərliyi altında getdikcə münaqişə ilə məşğul olmaq istəmir. Bu, Qərb-Şərq dəhlizi layihəsi ilə bağlı qərar verilməsi prosesindən uzaqlaşaraq, bunun Moskva və bu iki ölkə arasında münasibətlərə yönəlməsinə gətirib çıxarır. Bunun nəticəsində də Moskvaya malik olduğundan daha artıq nüfuz verilir. Bu həm də o deməkdir ki, münaqişənin tərəfləri qərarın onların xeyrinə çıxarılacağı ümidi ilə gözlərini Moskvaya dikməli olur.

Faciə ondadır ki, bu Transdnestrdə də belədir, Donbasda da, Qarabağda da, Rusiya bu dondurulmuş münaqişələri həll etməməkdən, onları sona çatdırmamaqdan faydalanır. Ona görə faydalanır ki, münaqişə davam etdikcə və Qərb də dominant rol oynamağa hazır olmadıqqca, o zaman Moskva son 25 ildə olduğu kimi bir tərəfdən o biri tərəfə qarşı istifadə edə bilər. Mən Qarabağ danışıqlarının Minsk qrupu formatında aparılmasının əleyhinə olan adamlardan biriyəm. Ona görə ki, Rusiyanın qrupa daxil olması ilə danışıqların daim davam edəcəyi, amma həllin olmayacağı demək olar ki, təmin olunub. Faciəlidir ki, biz başqa formatlarda mümkün olan və əslində, ABŞ-ın vasitəçiliyi ilə BakıYerevan arasında ikitərəfli danışıqlar zamanı olduğu kimi əldə edilən irəliləyişi görmürük.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar