Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Problem varsa, bunun səbəbi dövlətdədir“


Əhməd Şəfəq: “İndi vəhşiliyin adını demokratiya qoyurlar”


Bu müsahibədə Türkiyənin məşhur müğənnisi Əhməd Şəfəqi bir ayrı yöndən tanıyacaqsınız

Bəlkə də çoxlarınız bilmir ki, Əhməd Şəfəq həm də ədəbiyyatçı, yazardır, vaxtaşırı olaraq ədəbi-ictimai publicist yazıları ilə diqqət mərkəzinə gəlir.

Yəni Əhməd Şəfəq təkcə məşhur sənətçi deyil, həm də fakir, düşüncə adamıdır, vətəndaşdır və onun vətəndaşlığının mənəvi sərhədləri Altaylardan Balkanlara qədərdir…

Ziyalıların əksəriyyətinin düşüncəsinə fərdiyyətçilik hakimdir


- Ədəbiyyat bir ziyalının ictimai fikri, cəmiyyətin ümumi əhval-ruhiyyəsini öz əsərində əks etdirməsidir. Oxucuya öz hekayəsini ən kiçik detallarına qədər anladanlar da var. Məsələn, Orxan Pamuk belə edir. Düzdür, romanda ictimai ismarışlar da var. Ancaq bu mesajlar yenə kosmopolitzmlə əlaqədardır.

Onun məqsədi cəmiyyətin ortaq dəyərlərini anlatmaq, müasir dövrdə həmin dəyərlərin bərpası və gücləndirilməsi mövzusunda fərqi təmin etmək deyil. Mənim fikrimcə, kosmolitizm bir ədəbiyyat xəstəliyidir. Təəssüflə qeyd etməliyəm ki, Türkiyədə kosmopolitizm adlanan bir ədəbiyyat nümunəsi var. Ziyalının özünü içində olduğu cəmiyyətə aid hiss etməməsi kosmolitizmin əsas xüsusiyyətidir.

Bunu Azərbaycanda da görürəm. Ziyalıların əksəriyyətinin düşüncəsinə fərdiyyətçilik, individualizm hakimdir. Lakin unutmaq olmaz ki, bir millət yaşadığı zamandan asılı deyil. Keçmiş və gələcəyin tərkibi olan maddi-mənəvi toplumdur. Ədəbiyyat isə günün dəbindən ibarət deyil, xalqın keçmişinə də sahibdir.

Azərbaycan kimi dərin ədəbiyyat tarixinə malik bir atmosferdə bu qədər individual əsər görmək, dünya ədəbiyyatına bənzəmək həvəsinin bu qədər çox olması təəssüf doğurur. Doğrudur, Amerika həyat tərzi individualizmi, kosmopolitizmi aşılayır. Ancaq dünya Amerikadan ibarət deyil ki! Amerikanın söykənəcəyi tarix, adət-ənənə yoxdur. Halbuki ədəbiyyat dediyimiz məhz bundan ibarətdir.

- Musiqi sahəsində də belədir?


- Musiqi sahəsində vəziyyət daha ağırdır. Musiqini ədəbiyyatdan tamamilə qoparıblar. Musiqiçilər heç bir mənası olmayan sözlərə yüksək ritmli mahnılar bəstələyirlər. Mənası olan əsərlər də yox deyil. Amma musiqidəki vəziyyət ədəbiyyatdan çox fərqlidir. Çünki ədəbiyyatın özünə aid bir dili, terminləri var. Mahnı isə daha çox musiqidən asılı olduğu üçün, ya da belə zənn edildiyi üçün burada vəziyyət sosial inkişafdan asılıdır.

Nəticədə dünyanın ən tanınmış bəstəkarları belə “Oynama şıkıdım-şıkıdım” kimi mahnılar bəstələyə bilirlər. Mən onu deyə bilərəm ki, individualizm həyatin bütün sahələrində olduğu kimi, söz və sənət sahəsində də çox böyük təsir qüvvəsinə malikdir.

Sənəti seçilmişlər, elitarlar, ziyalılar yaradır


- Sənətin və sənətkarın sifarişçisi xalqdır. Bu mənada, dedikləriniz toplumun istəyinə bağlı deyilmi?

- Sənət bəzən toplumun istəyinə bağlı ola bilir. Ancaq unutmayaq ki, sənəti yaradan cəmiyyət deyil. Sənəti seçilmişlər, elitarlar, ziyalılar yaradır. Onlar hər şeyi çoxluğun istəyinə bağlamamalıdır. Məsələn, mən bəstələyərkən düşünürəm: bu bəstə məni kövrəldir, ya yox?..

- Dedikləriniz assosiativ olaraq bir mükaliməni yenidən aktuallaşdırdı: ədəbiyyatçı, musiqiçi əsərini özü üçün yaratmalıdır? Sənət sənət üçündür?

- Əgər özünün bəyənmədiyi bir əsər yaradırsa, o, bir satıcıdır.

- Satılmaq üçün çıxarmırsınızmı albomu?

- Elədir. Amma sənət Allahın verdiyi bir istedaddır. Tanrı hər hansı sənət yaratmaq bacarığı veribsə, sən bunu etik və estetik dəyərlər üzərində yaratmalısan.

- Amma oxucu, dinləyici onu istəmirsə...

- Hardan bilirsiz istəmədiyini?

- İnsanların daha çox məhz “Oynama şıkıdım”ları dinləməsindən...

- Cəmiyyət sosial ictimai qruplardan təşkil olunub. Mənim şəhər kənarında yaşayan, tarixi keçmişinə bağlı, ənənələri olan topluma ünvanlanan əsərlərim var. Ancaq həm də şəhərdə yaşayan, sosial və iqtisadi cəhətdən tam şəhərli olan dinləyicilərə hesablanan musiqilərim də var.

Bizdə klassik türk musiqisi də var, türk pop və pop oranjiman musiqiləri də. Bu musiqilərdən müxtəlif təbəqədən olan insanların xoşu gəlir. Bütün bu kəsimlərin ortaq faydasını toplayan, bütün bu toplumlara xitab edən bir janrım var mənim. Həyata olan baxışımda da bütövlüyə olan marağım, bütövlüyü tamamlamaq arzum var.

Mahnılarımda da həmin bütövlük hissi yer alır. Ayrı-ayrı qrupları bir araya gətirib millət formalaşdırmaq üçün göstərdiyim həssaslığım mahnılarıma da sirayət edir. Burada müzakirə mövzusu başqadır. Yəni sadəcə mahnını dinləyiciyə çatdırmaq üçün dinləyici ilə arada yaratdığın bağ müzakirə olunmalıdır.

Hansı mahnı hansı qrupa hədəflənib? Mahnıların hansı topluma hesablandığına baxmaq lazımdır. Siz bayağı musiqi ifaçılarının adını daha çox hallandırarsınızsa, sabah-axşam ondan danışarsınızsa, o vaxt reallığın nə olduğunu bilməzsiniz. Hardan biləcəksiniz ki, onu toplum sevir, yoxsa yox.

Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə 100 il əvvəlki köhnə fikirlər inkişaf modeli kimi təklif edilir


- Bayağı musiqilərin və onların müəlliflərinin cəmiyyətdə daha tez məşhurlaşması, dinləyici auditoriyası qazanmasına xeyli misallar çəkə bilərəm...

- Bu, bir ara bizdə də oldu. Bunu yuxarıdakılar istədilər və onlar istədiyi müddətdə bu belə davam edəcək. Bunu toplum istəmədi ki! Televiziyaların özünə aid bir strukturu var. Tamaşaçı, dinləyici televiziyaları istədiyi şəklə sala bilməz, amma televiziyalar tamaşaçının zövqünü formalaşdırar.

Televiziyaya olan marağı tamaşaçı qutusu kimi qiymətləndirmək olmaz. Televiziya tamaşaçını formalaşdıran bir mexanizmin önəmli strukturudur. Bir misal çəkim: Maşınla küçədə gedirik. Hərəkət sıxlığı müşahidə edilməyən bir küçədə tıxac olduğunu görürük. Bunun səbəbinin ya qəza, ya da hər hansı texniki nasazlıq olduğunu düşünürük.

Axırda məlum olur ki, həqiqətən qəza olub. Ancaq qəzanın maşın sıxlığına aidiyyəti yoxdur. Qəzaya uğrayan maşınlar artıq kənara çəkilib. Ancaq digər maşınlar ona baxdığı üçün hərəkət ləngiyir. İnsanlar döyüşə, qovğaya baxar. Amma televiziya maraq qutusu deyil ki! Tamaşaçı televiziya xəbər aldığı, əyləndiyi bir yer, bir məktəb olaraq görür. Televiziyanın kütlə üzərindəki təsirini unudub bunu prodüserlərin, rejissorların ixtiyarına buraxsanız, onlar cəmiyyəti istədiyi kimi şəkilləndirər və siz kənardan baxmaqdan başqa bir iş görə bilməzsiniz.

Amerikalı yazıçı Neil Postmanın “Öldürən televiziya” əsərində deyir ki, televiziyanı toplumu istədiyiniz şəkildə formalaşdırmaq vasitəsi kimi istifadə etsəniz, buna nail ola bilərsiniz. Televiziyanı öyrətmə, əyləndirmə, gerçəklikləri anlatma kimi görsəniz, bunu da bacararsınız. Televiziya burada həm yaxşı, həm də pisliyə səbəb ola bilər. Əvvəllər telekanallarda daha çox “reality” deyilən, hətta çox iyrənc mövzular işlənirdi. Artıq çox maraq cəlb etdiyi üçün belə mövzuları görə bilməzsiniz.

Bu bütün dövrlər üçün problemdir. Belə verilişlər varsa, dövlətin təhlükəsizlik orqanları da özündən hesab soruşmalıdır. Ailələrə yönələn verilişlər ailələri parçalayır. Deməli bunun dövlətə birbaşa dəxli var. Çünki ailənin bütövlüyü millətin bütövlüyüdür. Dünyada 2 cür toplum var. Biri Amerika və İngiltərənin aid olduğu anqlosaksonlardır. Bu cəmiyyət oyunu, rəqabəti sevir.

Qapalı yerlərdə xoruz döyüşdürür, qəfəs döyüşləri təşkil edir, ya ölür, ya da öldürür. Bir də almanların üstünlük təşkil etdiyi kontinental Avropa cəmiyyəti var. Onlar daha çox öz işini sevər. Bu gün dünyada çoxluq Amerikanın liderliyi ilə anqlosakson və ya anqloamerikan toplumlarıdır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə 100 il əvvəlki köhnə fikirlər inkişaf modeli kimi təklif edilir. İctimai rəyin formalaşmasını da məhz bu baxımdan dəyərləndirmək lazımdır.

- Türkiyədə də ailə mənəviyyatını zədələyən seriallar var. Onların nüfuzu mənəviyyat aşılayan proqramlardan qat-qat artıqdır...

- Türkiyədə bu toplumun yox, dövlətin və televiziyaların günahıdı. Bir kənddə başqa əyləncəsi olmayan insan nə etməlidir? Təbii ki, həmin televiziyalara baxır. Ancaq tarixi maraqlı əhvalatlarla bəzəyib bir proqram hazırlamaq olar. Məsələn, “Möhtəşəm yüz il” serialı çox önəmli, qiymətlidir.

Burada məhz anqlosakson məntiqi var. Görüntü ilə insanların diqqətini bura çəkirlər. Ancaq ciddi səhvlər də var. Məsələn, Osmanlı Hərəm sistemi elə qurulmuşdu ki, Hürrəmin Parqalı İbrahimlə qarşılaşmasına imkan yox idi. Serialda bu cür qüsurlar var. Ancaq məzmunca pis deyil.

- Bəs cəmiyyətin səviyyəsi vacib deyil?

- Cəmiyyətin səviyyəsi problem deyil. Problem varsa, bunun səbəbi dövlətdədir.

Bütün dövlətlərin formalaşmasında ziyalıların mütləq rolu var

- Axı, dövlət cəmiyyəti deyil, cəmiyyət dövləti idarə etməlidir...


- İctimai rəyi formalaşdıran ziyalılardır. Ziyalılar göstərməli, dövlət tənzimləməlidir. Misal göstərim: 1919-cu ildə Mustafa Kamal ətrafında ziyalılar toplaşdı, cümhuriyyəti qurdular. Bütün dövlətlərin formalaşmasında ziyalıların mütləq rolu var. Osmanlı imperatorluğu necə quruldu?

Osman xanın qılıncı da vardı, fikirləri, ideya verənləri də. Cəmiyyətin fikri ziyalıların, seçkinlərin təsiri ilə formalaşır. Dövlət də atacağı addımları ziyalılar və seçkin insanların fikri əsasında təyin edir. Almaniyada, yaxud Fransada ziyalılar hərəkat başlada bilər.

- Bəs, Türk ziyalıları dünyada bir hərəkata başlaya bilərmi?

- Çətindir. Lakin hesab edirəm ki, 20-ci əsrdə bu baş verdi. Kant deyir ki, 1 dəfə baş verən yenə ola bilər. Amerikada ziyalıların heç bir təsir qüvvəsi yoxdur. Amerikada ziyalılar tamamilə dövlətə çalışırlar, cəmiyyət üzərində təsir qüvvəsinə malik deyillər. Bu ölkədə cəmiyyət üzərində siyasətçilərin və iş adamlarının daha çox təsir imkanı var.

Halbuki artıq 40 ilə yaxındır ki, Amerikanın yaşam tərzi inkişaf etməkdə olan ölkələrə təlqin edilir. Ancaq tarixə baxanda görürsən ki, bütün dövlətlərin formalaşmasında ziyalılar iştirak edib. İngiltərə parlamentində 2 sinif - işçi və sənayeçi sinfi təmsil olunurdu. Sənayeçilər işçi sinfi lehinə səs verəndə, Parlamentin girişində qoyulan kassadan pul alırdılar. Demək, anqlosakson siyasəti belə formalaşırdı. Ancaq türk, ya da başqa toplumlarda belə olmayıb.

Əsərlərində oxucuya ümidsizlik aşılanır

- Ədəbiyyatdan başladıq. Bakıya gələndə kitabxanaları gəzirsiz... Türkiyədə də kitabçılıqla maraqlanırsız. Müşahidələriniz nədir?..


- Axır zamanlarda dünyada ən çox qazanan yazarlar Amerika yaşam tərzi əsasında formalaşan yazarlardır. Məsələn, Çarlz Bukovski şəxsi maraqlarını yazan bir adamdı. Özünə aid olanları qələmə alır. Amerika bu tipləri qabağa çıxarır. İnsana sən dünyanın mərkəzisən, səndən önəmlisi yoxdur – fikri aşılanır.

Türkiyədə də var belələri. Məsələn, Oğuz Atay nə olduğu başa düşülməyən, məzmunsuz əsərlər yazır. Onun əsərlərində oxucuya ümidsizlik aşılanır. Halbuki “yaradıcı təkamül” deyilən bir şey var. Yazar nə qədər ağır maneələrlə də rastlaşsa, ortaya bir iradə qoymalıdır.

- Azərbaycan və Türkiyədə yaradıcı təkamül yoxdur?

- Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov öz dövrlərində bir iradə qoydular. Cəlil Məmmədquluzadə cəmiyyətin qüsurlarını ortaya çıxarırdı, Əli Bəy Hüseynzadə babalarının həyata keçirdiyi yaxşı əməllərdən nümunə götürməyi məsləhət görürdü. Əli Bəy Hüseynzadə görün nə deyir: “Türk qanlı, islam imanlı, firəng qiyafəli olalım”.

Başqa bir türk yazarları isə deyir: “Bizdən adam olmaz, biz avropalı olmalıyıq”. Həm Türkiyə, həm Azərbaycanda öz əsərində eybəcərliyi də, çıxış yolunu da göstərən yazarlar var. Türkiyənin bu məsələdə çox önəmli simaları var. Ancaq təəssüf ki, Amerika təfəkkürü daha çox üstünlük təşkil edir.

Türkiyə Amerikanı sevmir

- Amerikanı niyə sevmirsiz?


- Amerikanı niyə sevim ki?

- Axı, Türkiyə Amerikanı sevir...

- Türkiyə Amerikanı sevmir. İctimai rəydə Amerika dünyada ən sevilməyən ölkə kimi tanınır. Amerika dünyaya qan, barıt, od, imperializm verir. Amerikanın dünyadakı marağı silah və dollar üzərində dayanır. Ya silah satır, ya da dollar. Dünyanı idarə etmək heç kimin həddi deyil. Ziya Göyalp 100 il əvvəl yazır: “Biz türkçülər millətlərin birliyinin tərəfdarıyıq.

Ruslar bizim düşmənimizdir. Onlar imperializmdən əl çəksə, dostumuz olar”. Millətlər biri-birini sevməlidir. Bu səbəbdən BMT quruldu. Bizim arzumuz millətlərin bərabərliyi və imperializmin yer üzündən silinməsidir. Gerçək demokratiyanın qurulmasıdır. İndi vəhşiliyin adını demokratiya qoyurlar.

- Millətlərin bərabərliyini qəbul etsək də, dünyanı dərk etmək baxımından da, milli xüsusiyyətləri də eyni deyillər...

- Təbii ki, millətlər milli xüsusiyyətləri ilə fərqlənir. Məsələn, türklərin hərbi sahədə üstünlüklərini bütün dünya qəbul edir. Dünyaya hərb tarixinə türkün hədiyyə etdiyi terminlər, rütbələr var. Onbaşı, yüzbaşı, minbaşı türkün yaratdığı rütbələrdir. İqtisadi cəhətdən isə ingilislər üstündür.

Millətlərin üstünlükləri onların yaşadığı ərazinin coğrafi şərtlərindən asılı olaraq formalaşıb. İngilislər adada yaşadıqlarından azadlıqlarına daha çox önəm verirlər. Bunlar alğı-satqıya maraqlıdırlar. Millətlər arasında genetik xüsusiyyətlərinə əsaslanan fərqlər də var. Məsələn, ənənələrinə bağlı xalqlar üzərində antropoloji araşdırma aparılmır. Belə araşdırmalar əsasən afrikalılar, yerlilər üzərində aparılır.

Çünki onlar daha az mədəniləşib. Millətlər mədəniləşdikcə biri-birinə bənzəyirlər.

Dünyada homogen toplum yoxdur

- Ancaq millətlərin geni ilə onların nəyə qadir olduğunu müəyyənləşdirmək olur, deyirlər...


- Mən inanmıram. Bütün genlər bir-birinə qarışıb. Dünyada homogen toplum yoxdur.

- Genetik və etnik amil aparıcı deyildisə, Parqalı İbrahim sultan ola bilərdimi?

- Osmanlılarda ola bilməzdi. Rum coğrafiyasında olardı.

- Ərdoğan da qeyri-türkdü...

- Onu deyə bilmərik. Ancaq milli məsələlərlə bağlı ictimai rəydə öndə olan sənətçilər yoxdur. Bu səbəbdən əksəriyyəti Ərdoğanın "kürd açılımı" kampaniyasına qoşuldu. Hətta Sezen Aksu çox böyük dəstək verərək, bu kampaniyaya qoşulmayanlara “2 cahanda ləkəlidir” dedi.

Bu qəbuledilən deyil. Çünki açılım Türkiyənin bütövlüyünü zərbə altında qoyaraq, 1000 il boyunca Anadolu məkanında bərabər yaşayıb eyni qibləyə doğru namaz qılıb, savaşlarda bərabər döyüşən millətlərin içərisinə etnik ayrı-seçkilik sala biləcəyi fikrini də ortaya qoydu.

- Bəs, mili məsələlərdə sənətçilər niyə cəsarətsizdir?

- Türkiyədə sənətçilər bir çox məsələlərə şəxsi maraqları çərçivəsində baxırlar. Peşəkarlığına zədə vurulmasından qorxurlar.

- Niyə zərbə vurulur?

- Allahın mənə verdiyi istedadla mahnılarımı yazmağa davam edirəm. Minlərcə insana çatdıra bilirəm. Ancaq daha geniş kütlələrə çıxa bilmirəm. Çünki buna hansısa formada mane olurlar.

Bu, iqtidarın dəyişməsi deməkdir

- Amma pərəstişkarlar dinləyir... Buna ki mane ola bilmirlər.

- Şübhəsiz. Qəbul etmək lazımdır ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilməyən fikirləri azlığın qəbul etdirməsi lazımdır. Azlıq bunu inanaraq edə bilər. Yəni, qərarlı və inamlı şəkildə qəbul edərsə, cəmiyyət də həmin fikrə yönəlir. İdealistlərin də elə fikirləri olub ki, cəmiyyət sonradan həmin fikirlərə alışıb, qəbul edib.

Bunun üçün fikirlərin mənsub olduğu idealistlərin öndə olmaları, təbliğ etməsi lazımdır. Mənim fikirlərmi dostlarım cəsarət göstərib, müdafiə etsələr, cəmiyyət daha çox bilgi sahibi olar.

- Bəs, fikirlərini dəyişə bilərlərmi?

- Şübhəsiz, dəyişə bilərlər. Bu, iqtidarın dəyişməsi deməkdir.

- İqtidar dəyişməsə də, hər hansı hərəkətə keçə bilməzlər?

- Bu ehtimal zəifdir.

- Əhməd Şəfəqdən 1 deyil, 100 olsaydı, nə olardı?

- Könül istəyər ki, çox olsun.

Kürdlər bizim insanlarımızdır

- Türkiyəyə kənardan baxanda elə görünür ki, türklər digər millətlərdən asılıdır?


- Kənardan görünən fakt deyil. Kürdlər bizim insanlarımızdır. Uzun illər bərabər yaşadıq. “Kürdlər bizimdir”, ya da “kürdlər bizim deyil” kimi yanaşma doğru deyil. 1974-cü ildə Kıprıs hərəkatının önündə kürd könllülər növbə yaratmışdı. Amma indi kürdləri türklərdən uzaqlaşdırmağa xidmət edən ictimai rəy formalaşdırılır. Türkiyədə bu prosesi idarə edənlər var.

Onlar iddia edir ki, Türkiyə irqçi bir dövlətdir və kürdləri assimilyasiya etmək istəyir. Problemin səbəbi məhz budur. Sonra PKK-nı göstərib deyirlər ki, Türkiyədəki məzlum budur. Onlar da bu iddianı təsdiq edir. Ondan sonra dövləti çağırırlar ki, gəlin, danışaq, müzakirə etməsək, savaş olacaq. Bu dəfə 1000 il bərabər yaşadığımız, qohum olduğumuz insanlara “siz kürd deyilsiniz, türksünüz deyirlər.

“Açılım” kampaniyasının aktyorları “siz kürd deyilsiniz, türksünüz” deyəndə onların ürəyi açılmır ki! Bir şeyi yaddan çıxarmaq olmaz: 1921-ci ildə Ziya Göyalp Malta adasında sürgündə olanda İstanbulda Əli Kamal bir yazı yazdı.

Göyalpa ünvanlanan o yazıda “Sən bir kürdsən, baş verənlərdən sənə nə” deyilirdi. Bu yazıdan təsadüfən xəbər tutan Göyalp Xarici İşlər nazirinə bir şeir yazdı. Sonradan işıq üzü görən şeir möhtəşəm cavab oldu.

- Ziya Göyalp kimi kürd olaraq tanınan, əslində türk olan nə qədər insan var?


- Çoxdur. Əslində əsas müzakirə mövzusu “Mən türk millətinə mənsubam” deyib, 1974-cü ildə Kıprısda yunanlara qarşı döyüşən kürdlərin düşmən elan edilməsidir?

Kürdün dərdi isə sadəcə insan kimi yaşamaqdır

- Diyarbəkirdə və Anadolu bölgəsində kürdlər çoxluqda yox, azlıqdadır. Bəlkə bu səbəbdən də “türk açılım” burada irəliləyə bilmir?

- Əsas səhv ondadır ki, kürdə “Sən Türkiyə Cümhuriyyətinin vətəndaşı ola bilərsən, ancaq türk deyilsən” deyilir. Kürdün dərdi isə sadəcə insan kimi yaşamaqdır. Adamın arzusu iqtisadi cəhətdən inkişaf etmiş bir ərazidə yaşamaq, insan haqlarından istifadə etmək idi.

Mustafa Kamal da deyir, Türkiyə Cümhuriyyətini quran xalqa türk deyilir. Birlikdə bu dövləti qurduqsa, eyni Konstitusiya ətrafında birləşdiksə, bu ölkənin xalqıyıq. Əslində görüləsi işlər var ki, gecikmədən onları həyata keçirmək lazımdır.

Məsələn, xalqın təhsil almaq, səhiyyə xidmətlərindən istifadə etmək hüquqlarını bərpa etmək və başqa sosial tədbirlər həyata keçirmək lazımdır.

- Türkiyədə hər kəs türk milli kimliyi qazana bilərmi?

- Türklər Osmanlıdan sonra “hakim millət” kimliyi aldı. Türklər Osmanlı dövlətinə qədər də bu torpaqlarda vardı. Milli kimliyi bəlli idi. Sadəcə, orada ayrı-ayrı türk dövlətləri vardı. Biz mövqeyimizi həmin türk dövlətlərinin birinin lehinə, o birinin əleyhinə qoyarıqsa, birini türk adlandırıb, digərinə yad adlar verəriksə, o torpaqlara tarixi bağlılığı qoparmış olarıq.

Milli kimlik onsuz da bu torpaqlardan gəlir. Türk-kürd məsələsi son 30 ildir başlayıb və 5-6 ildir ki, ən son həddə çatıb. Halbuki indiyədək bu xalqların içərisindən biri o birisinin qapısını döyüb, qız istəyəndə “türksən” və ya “kürdsən” bəhanəsi ilə rədd edilməyiblər. Bu, ictimai rəyin formalaşdırdığı təfəkkürün nəticəsidir.

Siyasi iqtidar dedi ki, millət 36 etnik qrupdan meydana gəlir. Bu, düz deyil. Türk milləti deyiləndə, Anadoluda illərdir ki, dövlət qurmuş, müasir dövrdə isə Cümhuriyyət quran xalq başa düşülməlidir. Türklər, Asiyadan başlayaraq, böyük bir ərazidə siyasi gücdür.

Soyqrıma məruz qalmısınız, ancaq erməni humanizmindən danışırsınız

- Bu durumda ziyalıların öhdəsinə nə düşür?

- Ziyalıların, ədəbiyyatçıların milli gerçəkliklərini qəbul etmələri və onu öz əsərlərində əks etdirmələri şərtdir. Bakıdan 1 kitab alıb oxudum. Əsərin sonunda qəhrəmanlardan biri erməni olduğunu öyrənir.

Belə əsərlə beynəlxalq səviyyədə erməni lobbisinə uduzursunuz. Torpaqlarının 20 faizi işğal olunub, soyqrıma məruz qalmısınız, ancaq erməni humanizmindən danışırsınız.

- Yeri gəlmişkən, 2015-ci ildə “erməni soyqırımı”nın 100 ili tamam olur. Hər il aprel ayında türk olaraq özümüzü müdafiə etməli oluruq...

- Hər il Amerikanın boynuna qoyduğu minnət var. Deyirlər ki, təzyiqlərə baxmayaraq, bu məsələni qəbul etmirik. Nə edirlər, etsinlər. Türk millətinin başına gələcək fəlakətlər məsələsində ictimai rəy formalaşdırmalı, bu işi həyata keçirəcək qurum yaratmalıyıq. Yəni ictimai rəyin formalaşdırılması prosesi bu qurumdan tənzimlənməli, istiqamətləndirilməlidir.

Məsələn, mənim yazdığım kitabların ikisi roman olacaq. Hər 2 əsərim erməni məsələsi ilə bağlıdır. Birində 1915-ci il erməni məsələsinin yarandığı, digəri 2015-ci il – başımıza gələcəklər mövzusundadır.

- Bu qədər çabalar var. Bunun bir xeyri olacaqmı?

- 1915-ci ili bir kənara qoyaq, dünya 1992-ci ildə baş verən Xocalı soyqırımını görməzdən gəldi. Dünya, xüsusən, bu məsələlərdə kar və kordur.

Almaniyada, İngiltərədə yaşasaydım...

- Yazarın, sənətçinin siyasətə qarışmasına münasibətiniz necədi?

- Sənətçi siyasət aparmamalıdır, ancaq siyasətlə maraqlanmalıdır. Siyasi mövzularda fikrini bildirəndə siyasət həyata keçirmir ki, vətəndaşlıq mövqeyini bildirmiş olur.

- Sənətçi millət vəkili olursa, bundan sonra sənətini atmalıdırmı?

- O, artıq sənətçi deyil. Çünki sənətin öz tələbi var: Sənət bütövlük sevir. Almaniyada, İngiltərədə yaşasaydım, bu qədər qabağa çıxmazdım. Türkiyədə yaşadığım və türk olduğum üçün proseslərin gedişi buna məcbur edir.

- Yaradıcılığınızdan da danışaq bir az... Hansı planlarınız var?

- 11-ci albomum hazırdır. Orada 14 mahnı toplanıb. Həmin mahnıların əksəriyyətinin söz və musiqisi mənə aiddir. Bilirsiniz ki, öz mahnılarımı səsləndirən sənətçiyəm. Konsertlərim davam edir.

Dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə konsert proqramım olacaq. Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib.(AzNews.az )


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar