Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oliqarxlardan biri səhifəmizi almaq üçün 300 min dollar təklif etdi”

“Oliqarxlardan biri səhifəmizi almaq üçün öncə 120 min, axırda isə 300 min dollar təklif etdi”


Mühacir jurnalist Emin Hüseynov: “Çoxları Mehman haqqında miflər yaradır”; “Biz heç kimin alətinə çevrilməmişik”

Bloqqer Mehman Hüseynovla bağlı mövzu hələ də medianın gündəmindədir. Ötən həftə polis bölməsinə aparılan və barəsində pul cəriməsi ilə bağlı məhkəmə hökmü çıxarılan M.Hüseynovla bağlı məsələdə sözünü, rəyini eşitmək istədiyimiz şəxslərdən biri də onun qardaşı, hazırda İsveçrədə yaşayan hüquq müdafiəçisi Emin Hüseynov idi. Musavat.com-a müsahibəsində E.Hüseynov həm qardaşı ilə bağlı baş verənlərə, həm də bu məsələdə özünə qarşı yönələn tənqidlərə cavab verdi. 

-Emin bəy, öncə qardaşınızla bağlı baş verən olaydan başlayaq. Sizinçün bu cür sonluq gözlənilən idimi? Cəmiyyətdə onun gördüyü işlərə, verdiyi açıqlamalara, videolara görə tezliklə cəzalandırılacağı ilə bağlı narahatlıq vardı. Bəs siz bunun hansısa formada baş verəcəyindən narahatlıq keçirirdiz? 

- Azərbaycanda istənilən şəxs geniş kütlə qarşısında tənqid səsləndirirsə, o, artıq iqtidar üçün təhlükə mənbəyi olur. Amma Mehman bu işdə təkcə mənim qardaşım yox, eyni zamanda həmkarım, iş yoldaşım olub. 2006-cı ildən, 18 yaşından başlayıb bizimlə işləməyə. Hər zaman o narahatçılığım var idi ki, başına hansısa iş gələ bilər. Amma 2012-ci ildə Mehman “Demokratiya naminə oxu” kampaniyasının koordinatoru idi. O vaxt da guya Mehmanın hansısa polis işçisini döyüb, şikəst etməsi ilə bağlı cinayət işi açılıb, bu iş hələ də onun üzərindədir. Onu buna görə də ölkədən buraxmırlar, təqibə məruz qoyurlar, şəxsiyyət vəsiqəsini də əlindən alıb, hələ vermirlər. Mənimçün bu kimi şeylər gözləniləndir. Allah eləməmiş, ona nəsə ola bilərdi, ağır fiziki xəsarət, sağlamlığını və ya həyatını itirmə ehtimalı da ola bilərdi. Necə ki, Rasim Əliyevə qarşı bu oldu. 

Rasimlə Mehman eyni vaxtda RATİ-də işləməyə başlamışdı. Rasimlə müqayisədə Mehmanın başına gələnlər çox kiçikdir. Tutublar, döyüblər, biz də bunun hüquqi müstəvidə araşdırılmasına çalışacağıq. Kimsə Mehmandan şikayətçi ola bilər. Amma polis buna qarşı adekvat güc tətbiq etməlidir. Polis Mehmanın başına torba keçirib, onun ayaqlarına tok buraxmalı  deyil. Biz daha çox çalışırıq ki, emosional yox, peşəkar səviyyədə cavab verək. 

-Son vaxtlar Mehman “Sancaq Production”dakı video və məlumatları ilə xeyli önə çıxmışdı. Hətta qardaşınızı zaman-zaman hansısa oliqarxlar arasındakı savaşın elementi də adlandırırdılar. Onun bəzi məmurların evi ilə bağlı etdiyi paylaşımları nazirlərin, məmurların bir-birinə qarşı kompromat savaşı kimi qiymətləndirənlər də vardı. 

“2008-ci ildən ABŞ-a köçüb bəy balası kimi yaşaya bilərdim” 

-İşin içində olan adam kimi deyə bilərəm ki, biz heç vaxt heç bir məmur qruplaşmalarına, kompromat savaşlarına qoşulmamışıq. Həmişə bu trendlərə qarşı neqativ münasibətimiz olub. Azərbaycanın aparıcı oliqarxları bir neçə dəfə “Sancaq Production”la bağlı bizə kommersiya təklifi vermişdilər. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin sonuna qədər bir neçə dəfə bu və ya digər şəkildə Azərbaycanın ən nüfuzlu məmurlarının adamları vasitəsilə bizə çıxmağa çalışıblar. Təklif ediblər ki, bunu bir media layihəsi olaraq bizdən satın alsınlar. 

Image result for Mehman Heseynov ağladı

-Nə qədər təklif etmişdilər? 

-İlkin başlamışdı 120 min dollar. Son təklif 300 min dollar idi. Mən hər zaman bunu təbəssümlə qarşılamışam. Bir nazir elə bilirdi ki, bizi rəqibi olan nazir ona qarşı öyrədir. Adamını göndərirdi ki, bu səhifəni bizə satın. Biz də deyirdik ki, bu səhifə yaradıcı məhsuldur. Bizə bu pullar lazım deyil. Xüsusən də biz çalışmışıq ki, bir adamın üstünə yox, bütün məmurların üzərinə gedək. Bu məsələdə Mehmanın bir səhvi var ki, bəzən yersiz ifadələrə yol verir, özünü bu sözlərlə ucuzlaşdırır. İctimai fikrə yaraşmayan söyüş tərkibli sözlər işlədir. Amma cavandır, mən inanıram ki, yaşlandıqca bu üslubdan əl çəkəcək. Çünki səhifənin 300 min izləyicisindən ola bilər ki, 100 mini bu söyüşləri bəyənsin, amma qalan 200 mini bəyənməsin. Kiçik kəsimin gözündə qəhrəman ola bilərsən, amma qalanları sənin haqqında “ağzının danışığını bilmir” deyəcək. Biz heç kimin  alətinə çevrilməmişik, bundan sonra da belə şey olmayacaq. 

Mehmana demişəm ki, elə mövzular var, ora başını soxma. Orda səni heç kim və heç nə xilas edə bilməz. Azərbaycan reallıqlarını bilirsiz. Bu gün ən müstəqil KİV-lər də var ki, bəzi mövzularda dərinə getmirlər.

 Azərbaycanda sənə hələ dözürlərsə, sərhədləri nəzərə almalısan. Demişəm ki, həmin mövzulara girişsən, səni ən azı təcrid edib, həbsə atacaqlar. Həbs isə insana heç nə gətirmir. Bu gün bizim həbsdə kifayət qədər vicdanlı jurnalistimiz, hüquq müdafiəçimiz, siyasətçimiz var. Yaxşı olardı ki, onlar imkan daxilində azadlıqda olub, bir yerdə, çiyin-çiyinə mübarizə aparsınlar. Yoxsa elə hamı türmədə oturmaqla bir şey əmələ gəlmir. Çoxları miflər yaradır Mehman haqqında. Deyirlər ki, bunların arxasında hökumət dayanır. 

“Niyə filankəsi tuturlar, amma Mehmanı yox?” deyib sual verirlər. Amma Mehman da birdən-birə ortaya çıxmayıb. O, insan haqları aktivi kimi, o təcrübəni zərrə-zərrə toplayıb. Biz təşkilat daxilində də çox məsləhətləşirik. Xüsusən də Rasim Əliyevin qətlindən sonra bütün uşaqlara deyirəm ki, biri var adamı həbs edib, bir neçə ildən sonra azadlığa çıxırsan. Mehmanın bəxti gətirib ki, bir komandada işləyib, nəyisə öyrənməyə çalışsın. Amma müəyyən məqamlar var ki, bir-birimizə arxayın olsaq da, özünü qorumalıdır. Nominal təhlükəsizlik qaydalarına əməl etməlidir. Tək gəzməməli, təxribat yaradacaq yerlərdə olmamalıdır. Heç kim heç nədən sığortalanmayıb. Amma Mehmana da onu deyirəm ki, 27 yaşın var, amma 4-5 ildən sonra gərək daha ciddi işlərlə məşğul olasan. 2016-cı ilin noyabrında Mehman RATİ-nin sədri seçilib. Tiflisdə təşkilatın yığıncağı keçirilib, iki günlük görüş oldu, hesabatlar verildi, təzə idarə heyəti seçildi. Bütün sənədləri, hətta tədbirin videoyazısını da Ədliyyə Nazirliyinə göndərmişik. Mən özüm də kənardan məsləhətçi kimi onlara kömək edirəm. 

“Mehman bəzən söyüş işlədib özünü ucuzlaşdırır” 

-Mehmanla bağlı son olayda sizi daha çox qınadılar. Sosial şəbəkəni izləmisizsə, kiçik qardaşınızı qorumamaqda ittiham olunduz. “Bir gün türmə yatmayıb, İsveçrəyə qaçdığı halda Mehmanı türmə, hətta ölüm təhlükəsi qabağında qoyub”, deyənlər də çox oldu. Bir böyük qardaş kimi Mehmanı lazımi məqamlarda dayandırmaq yerinə uzaqdan onu qızışdırdığınızı iddia edənlər də az deyildi... Doğrudanmı mənzərə bu iddialarda səsləndirildiyi kimidir? 

- Mən insanların bu arqumentini başa düşürəm. Amma onlar başa düşmürlər ki, mən Azərbaycanı xoşluqla tərk etməmişəm. Əksinə, ölkəmə daha çox töhfə vermək üçün buradan getmişəm. Mən bu ölkədə daha çox qalsaydım, məcbur olub, indi gördüyüm işlərin heç 10 faizini görə bilməzdim. Amma mən hər zaman çalışmışam ki, səhhətim imkan verdiyi qədər potensialımı bu və ya digər şəkildə gerçəkləşdirim. Mən bura bir günün içində gəlməmişəm ki. 10 il boyunca mən də aktiv fəaliyyətdə olmuşam, öncə “Turan” informasiya agentliyində çalışmışam, sonra RATİ-də. 2015-ci ilə qədər Azərbaycanda olmuşam. Türmə həyatı görməmişəm. Kim istəyirsə, gedib türməni yaşayacaq. Amma mən türməyə girsəydim, ordan səhhətimə görə sağ-salamat çıxmayacaqdım. Bəlkə kiminsə səhhəti normaldır, gedib türmədə yatır, çıxandan sonra da qaldığı yerdən davam edir. Amma mənim əlilliyim var idi. 

Gedib düşəcəkdim türməyə, içəridə bir polis nəsə sərt söz deyəcəkdi, cavab qaytaranda məni vuracaq, mən də o dünyaya gedəcəkdim. Axırda da adını qoyacaqdılar, bədbəxt hadisə, türmə qanunlarını pozma nəticəsində baş vermiş qəza və sair. Kimsə hesab edirsə ki, 10 ay səfirlikdə bir otaqda qalmaq can rahatlığıdır, mən o adama nə deyim? Yaxşı hekayədir, sizin də o vaxt müsahibədə dediyiniz kimi, film ssenarisinə bənzəyən hekayədir. Biz də Azərbaycanda, aksiyalarda əziyyət çəkmişik, xəsarət almışıq. Son ana qədər ölkəni tərk etməmişəm. Baxmayaraq ki, mənim ölkəni tərk etmək problemim yox idi, yoldaşım ABŞ vətəndaşıdır, 2008-ci ildən ABŞ-a köçüb bəy balası kimi yaşaya bilərdim. Mənim heç vaxt elə arzum olmayıb. 

-Yeri gəlmişkən, Mehmana ölkəni tərk etməklə bağlı təklif vermisiz? 

 Image result for Mehman Heseynov

-Əlbəttə. Amma bu, Mehmanın öz seçimi idi. Mən Mehmana demişdim ki, əgər həyatına təhlükə varsa, ölkədən çıx. Mehman ən azından ciddi tibbi əməliyyata ehtiyacı var. Ayağında problem var, futboldan əmələ gəlib. O keçən il Azərbaycanda əməliyyat edirdilər, son anda əməliyyatdan çıxarıblar. Düzdür, indi onun ölkədən çıxması üçün heç bir sənədi yoxdur. Amma bizim ölkəmizdə də olub ki, jurnalistin həyatına təhlükə olanda onu humanitar koridorla çıxarıblar. Ya da Zaqatala-Balakəndə yolu yaxşı tanıyan bir kənd adamı deyə bilər ki, Azərbaycandan bir fədakar jurnalist var, onu sərhədçinin görmədiyi yerlə ölkə ərazisindən çıxarmaq olar. Ən azı keçib, sonra sərhədi pozmağa görə saxlanmaq və 500 manat cərimə ilə qurtulmaq mümkündür. (gülür) Mehman həmişə deyib ki, qanun çərçivəsində ölkədən gedib-gələ bilmək istəyirəm. Məsələn, qardaşım mən ölkədən getdiyim gündən məni görməyib. (musavat.com)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar