Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğluma dedim, istəyərsən, desinlər, bunun atası şərəfsizin biri idi”


Yazıçı Pərviz Cəbrayılın Kəramətlə söhbəti


PİA.AZ tanınmış yazıçı, teleqraf.com saytının baş redaktoru Pərviz Cəbrayılın Lent.az-a müsahibəsini təqdim edir
 
– Pərviz, aramızda yaş fərqi çoxdur, amma biz dostuq. Ona görə də istəyirəm, söhbətimiz “bəy”siz, “müəllim”siz, “siz”siz olsun...
 
– Əlbəttə, rahat olaq.
 
– Çox yorğun və gərgin görünürsən... Nədir bu? Ömür yorğunluğu, yoxsa iş?
 
– Yəqin iş yorğunluğudur. Bir də ümidsizlik var. Bir dəfə yazmışdım ki, bizim iztirablarımızın perspektivi yoxdur. Yəni dünyada – söhbət normal ölkələrdən gedir – bir yazıçı nə qədər çalışıb-vuruşur, istedadını sübut edir, nə qədər zülmə, aclığa, məhrumiyyətlərə dözür, amma eyni zamanda bilir ki, o, sabah nəyəsə nail olanda bütün bu əziyyətin əvəzi çıxacaq. Yəni perspektiv var, gözlənilir. Dünyanın bütün yazıçıları  bu yolu keçib. Bir gün isə istədiklərinə çatıblar.
 
Amma biz elə bir reallığın məngənəsində yaşayırıq ki, burda iztirabların sonu yoxdur. Və mənə elə gəlir ki, bizi yoran bura qədər yaşadığımız ömür, ağır iş rejimi yox, hələ yaşamadıqlarımız, yaşayacaqlarımızdır...
 
– İstedadını sübut eləməkdən danışdın... Səncə, bunun üçün nə qədər vaxt lazımdır?
 
– İstedad özü-özlüyündə sübut olunur. Tutalım, onsuz da çoxu deyir, Kəramət istedadlıdır. Söhbət isə istedadın dəyərinin alınmasından, yazıçılıqla dolanmaqdan gedir. Bəs Kəramət bu yazıçı istedadıyla, bu peşəkarlıqla dolana bilirmi? Yazıçı öz əsərləriylə dolana bilirsə, deməli, artıq peşəkardır. Doğrudur, biz jurnalistikada işləyir, pul qazanırıq. Amma əslində, bu qazancı yazıçılığımızla əldə etməliyik.
 
– Sən danışdıqca öz-özümə fikirləşirəm ki, Pərviz 50 yaşa yaxınlaşır, amma cəmi iki-üç kitabı var... Az deyilmi?
 
– Bu barədə özüm də düşünürəm. Mən ümidsizlik deyəndə bu şeylər də onun içində gedir. “Öləngi”, “Hər sabah yaşam” və “Yad dildə”. Cəmi üç kitab. Biri şeirlər, ikisi nəsr. Əlbəttə, çox azdır.
 
– Şeir də yazırsan, nəsr də. İstəyirsən, səni yazıçı kimi qəbul eləsinlər, yoxsa şair?
 
– Kim necə istəyirsə, elə də qəbul eləsin, mənim həyatım nəsrdi, amma şair çağırılmaqdan xoşum gəlir.
 
– Adətən, nasirlər daha ciddi, sanballı görünür, sən isə şair olmağı seçirsən...
 
– Nə bilim... Mənə şair kimi müraciət olunanda ləzzət edir. (gülür) Axı şair özü-özlüyündə çox gözəldir. Yəni şeir kimi adam!
 
– Bax, xeyli yaşın var, ortada mətnlərin, publisistik yazıların, şeirlərin... Amma hələ də müzakirə mövzusu olursan ki, Pərviz yaza bilir, yoxsa yaza bilmir... Sənə necə təsir edir bu?
 
– Düzü, elə ciddi müzakirələr eşitməmişəm ki, Pərviz yaza bilir, yoxsa yaza bilmir. İkincisi, lap sənin dediyin kimi söhbətlər varsa, mənə niyə pis təsir etməlidir ki?! Dostoyevskiyə də deyirlər ki, yazıçı deyil. Normal bir şeydir. Hələ bu da var ki, müzakirə olunursansa, deməli, varsan.
 
– “Yad dildə” oxunmur, dili ağırdır, Pərviz dili bilmir... – deyirlər.
 
– Heç kim deyə bilməz ki, “Yad dildə” oxunmur. Çünki iki dəfə çap olunub, ikisi də satılıb qurtarıb. Bu gün də almaq istəyənlər çoxdur. Çap olunduğu dövrdə ən çox satılan kitab kimi birinci yerdə olub. Faktdır bu.
 
– “Yad dildə” siyasi romandır. Bu əsərin Milli Kitab Mükafatında yer tutması, maraqla qarşılanması daha çox mövzusu ilə bağlıdır. Əslində isə mövzu öz bədii həllini tapmayıb. Əsər bədii-estetik cəhətdən zəifdir, publisistik dillə yazılıb və s. Bu cür tənqidlərə münasibətin maraqlıdır.
 
– Hərə öz münasibətini deyir. Mənim o əsərlə bağlı fikrim isə tamamilə başqadır. Mən “Yad dildə”ni ümumiyyətlə, siyasi roman saymıram. O əsərdə Azərbaycan insanının iyirmi ilini və tarixinin iliyini yazmışam. Qorquddan bu yana var olan Azərbaycan türkü, Azərbaycan adamı. Bir az siyasi, bir az psixoloji, mifoloji, fəlsəfi və s. Kim necə istəyir, yozsun. Hərə öz havasını çalır. Hər kəsin öz səs teli var, öz içindən, ciyərindən gələn hava var və hərənin səsi bir cür də çıxmalıdı. Bundan təbii nə ola bilər?! Adam içində nə çalırsa, səsi də elə çıxır. Mən o adama deyə bilərəmmi ki, sənin səsin niyə belə çıxır?
 
– Yəqin razılaşarsan ki, Azərbaycanda yazıçını əsərindən daha çox ictimai-siyasi həyatdakı rolu tanıdır. Məsələn, sən özün də əvvəllər siyasi köşə yazarı kimi tanınırdın.
 
– Mən ardıcıl köşə yazmağa 2007-ci ildən başlamışam. 2000-ci ildə isə “Öləngi” romanım çıxıb. Sadəcə, həmişə qəzetlərdə redaktor olmuşam. Yəni tanınmaq xronologiyası sənin dediyinlə üst-üstə düşmür.
 
İkincisi, mən heç vaxt siyasi yazılar yazmamışam. İctimai mövqeyim olsa da, heç bir partiyaya üzv olmamışam, hansısa bir siyasi tərəfə tapınmamışam. Sadəcə, nə görmüşəmsə, onları yazmışam. Kim daha çox qəzet oxuyur, məni qəzetdə görürdüsə, daha çox o rakursdan tanıyırdı – köşə yazarı. Kimi də media ilə maraqlanır, məni redaktor kimi tanıyır. Kim isə sırf ədəbiyyatla maraqlanırsa, məni yazıçı, şair kimi tanıyır.
 
– Bəs indi niyə köşə yazmırsan?
 
– Bayaqdan mənim bir dəqiqə boş vaxtımı görmüsən? Necə yazım? Yazmağa, vaxtım olsa, elə romanımı yazaram da. Mənim işim indi sırf redaktorluqdur. İşimlə də məşğulam. Axşamlar isə yorğun-arğın çıxıb gedirəm evə. Burda redaktor işləyəndən sadəcə, bir neçə yazı yazmışam, onları da artıq yazmamaq mümkünsüz idi. Üstəlik, onlar da elə ədəbiyyat yazısı idi.
 
– Bir yazıçı niyə redaktor olsun ki? Əvvəldən ayrı bir ixtisas seçə bilmirdinmi?
 
– İxtisasım jurnalistikadır. Bakı Dövlət Universitetini bitirmişəm. Əslində, ali təhsil almaq niyyətim, istəyim yox idi. Gənclik romantikası, ədalət axtarışı-filan məndə həvəs yaratmışdı ki, hüquqşünas olum. Orta məktəbi bitirəndən bir il sonra imtahan verdim, amma qəbul olmadım. İki “4”, iki “5”-lə müsabiqədən keçə bilmədim. Yalnız əsgərlikdən qayıdandan sonra bildim ki, mən söz adamıyam, işim əsər yazmaq olmalıdır.
 
Bir gün atam soruşdu ki, fikrin nədir? Dedim, oxumaq istəmirəm, mənə ali təhsil lazım deyil. Kişi nə dediyimi başa düşmədi, donub qaldı. Axırda məcbur olub atamın istəyi ilə jurnalistikaya sənəd verdim, qəbul oldum, oxudum. Elə birinci kursdan da “Azadlıq” qəzetində işləməyə başladım.
 
Mən bu işi seçmişəmsə, başqa nə etməliyəm? Təcrübəm var, redaktor bacarığım var, böyük bir məktəb keçmişəm, ölkənin ən nəhəng redaktorları ilə işləmişəm, hərəsindən filan qədər şey öyrənmişəm. Yəni bildiyim iş budur, çörəyimi qazanıram. Amma əlbəttə ki, redaktor kimi işləmək yazıçılıqla qətiyyən üst-üstə düşmür. Çox istərdim, işim-gücüm, gecəm-gündüzüm ancaq əsər yazmaq olsun.
 
– Adətən, hansısa siyasi prosesdən kənarda qalan, qarışmayan adamlar özlərinə bəraət qazandırır ki, balalarım var. Sən də iki oğul atasısan. Heç onlara görə nələrəsə göz yummusanmı?

– Heç vaxt belə bir şey olmayıb. Nə vaxt və harda işdən çıxmaq istəmişəmsə, çıxmışam. Nə vaxt harda işləmək istəmişəmsə, getmişəm, işləmişəm. Yəni mən heç vaxt övladlarımı bu konteksdə düşünməmişəm. Amma bəlkə də səhv eləmişəm. Zaman göstərəcək.
 
Yadımdadır, bir dəfə böyük oğluma sual verdim ki, istəyərsənmi gələcəkdə səni hardasa görənlər desinlər, bu uşaq filan kişinin oğludur, sənə xoş üzlə baxsınlar və s.?! Amma biri də var ki, hər şeyin olsun, amma səni görən kimi desinlər, bunun atası şərəfsizin biri idi. Hansını istəyərsən? Oğlum birinci variantı seçdi. Mən də oğlumun və özümün istədiyim kimi yaşadım, indi də o cürəm. 
 
Amma indi fikirləşirəm ki, övladları düşünməmək düzgün deyil. Çünki biz niyə yaşayırıq? Gələcək üçün. Bəs gələcək bizim övladlarımız deyilmi?
 
– Vaxtilə “Azadlıq” qəzetində işləmisən. Amma ordan getməyin, başqa bir yerdə işləməyin birmənalı qarşılanmadı...
 
– Mən bu mövzunu “Yad dildə” romanımda çox aydın işləmişəm. Bizim kimi adamlara hər səmtdən atəş açırlar. Mən “Gündəlik Teleqraf”a gələndən sonra müəyyən tənqidlər oldu. Ancaq sonra başa düşdülər ki, mənasız bir şeydir. Ümumiyyətlə, bu boyda absurdun içində kim nə dedi, kim nə demədi, mənim üçün heç bir əhəmiyyət daşımır.
 
– Özün rahatsanmı? Əsas budur.
 
– Bilirsən, iki tərəf var və hər iki tərəf istəyir ki, onun yanında olasan. Amma mənim heç bir tərəfim yoxdur. Mənim o tərəfim də özüməm, bu tərəfim də. İşim jurnalistikadır, “Azadlıq”da da eyni yazını... Yəni cümlənin quruluşunu eyni cür redaktə eləyirdim, burda da.
 
– Elə bildim deyəcəksən, “Azadlıq”da da eyni yazını yazırdım, burda da.
 
– Yox... Sadəcə, Azərbaycan reallığı deyilən bir şey var. Heç kim bu reallıqdan yuxarı tullana bilməz!
 
– Səncə, bu reallığa uduzmaq qaçılmazdırmı?
 
– Biz reallığa yox, bütün hallarda özümüzə uduzuruq. Əsas məsələ isə insanın öz ləyaqətini itirməməsidir.
 
– Pərviz, haqqında bir təəssürat da var. Bir qələm dostun sənin yaradıcılığını yüksək dəyərləndirirsə, deməli, dostluğunuz daha da möhkəm olur. Zəif hesab edirsə, birmənalı yanaşmırsa, əksinə...
 
– Bax, sən mənim yaradıcılığım haqqında heç vaxt xoş söz deməmisən. Düzdürmü? Buna görə sənə qarşı münasibətimdə pislik, naqislik görmüsən? Yox! Ola da bilməz!
 
Yaxud Əsəd Cahangir. “Öləngi” əsərimdən başlamış, “Yad dildə”yə kimi hər şeyi tam əksinə yazıb, tənqid edib. Amma Əsəd harda qabağıma çıxıbsa, həmişə hörmətlə yanaşmışam, görüşmüşəm. Nə olsun, Əsədin ağlına elə gəlir, yaxud nəsə tələb edir ki, o, mənim haqqımda o cür yazsın. O da onun bimarıdı da. Buna baxmayaraq, mən həmişə onu yüksək dəyərləndirmişəm. Hətta bundan sonra yazdıqlarım haqqında mənfi şeylər yazsa da, yenə o fikirdə olacağam ki, Əsəd çox güclü ədəbi intuisiyası, duyumu olan, ən incə mətləbləri belə tutan və onu bir tənqidçi kimi nəzəri baxımdan şərh eləyə bilən tənqidçimizdir. Mənfi cəhətləri də çoxdur, üzünə də demişəm, yazmışam da.
 
Təbii, istəyərəm, hamı mənim kitabım haqqında xoş söz desin. Kəramət də, Əsəd də, Cavanşir də, Tehran da, o birisi də, bu birisi də... Amma mən hər kəsə ləyaqətinə görə qiymət verirəm, əsərimə, yaradıcılığıma münasibətinə görə yox.
 
– Köhnə palan içi tökmək kimi çıxmasın. Bir dəfə Seymur Baycan demişdi ki, Pərviz Cəbrayılı deaktiv eləyiblər...
 
– Yeri gəlmişkən, Seymur Baycanı yaxşı yadıma saldın. Seymur mənim haqqımda tənqidi yazı yazdı, sözlər dedi, özünü həlak elədi. Amma həmişə onu görəndə görüşüb-öpüşüb kefini soruşmuşam. Bilirsənmi niyə? Çünki özünün nə yazdığını və nə istədiyini bilirsənsə, artıq sənə güllə batmaz.
 
Onsuz da Azərbaycan ədəbiyyat baxımından o qədər ümidsiz bir ölkədir ki, az qala, təkcə özümüz üçün yazırıq. Oxucu, alıcı bazarı yox, filanı yox, filanı yox... Yekunda görürsən ki, sən əslində, kim üçün yazırsan? Özün üçün. Deməli, nə etməlisən? Ürəyin istəyən kimi yazmalısan. Yəni bu əsərə görə pul almırsan, heç olmasa, ləzzət al.
 
– Pərviz Cəbrayılı deaktiv ediblər...
 
– Hə... Yadıma gəlir. Ancaq bu sözü Seymur deməmişdi, ona sən dedizdirmişdin bu sözü. Hətta kəlbətinlə ağzından qoparmışdın. Vecimə də deyil. Mən aktiv-passiv söhbətindən uzaq adamam. Əsas odur ki, adam kişi olsun. Və sevinirəm ki, Seymur özünü aktiv hesab edir (gülür).
 
– Üç-dörd il bundan qabaq deaktiv sözü sənə çox pis təsir eləmişdi. İndi isə vecinə deyil.
 
– Mənə sevdiklərimin sözü təsir eləyə bilər! Mənə təsir edən bilirsən nə idi?! Sən mənimlə bir yerdə işləyə-işləyə aktivliyə cəhd, işlədiyimiz yerə sayğısızlıq eləmişdin. Mən Seymurla heç vaxt dost olmamışam. Ömrümdə onunla beş dəfə görüşmüşəm, ya yox və o, heç vaxt mənimlə bir cəbhədə, bir təfəkkürdə, bir baxışda olmayıb.
 
Seymur əslində, öz qorxaqlığını yazmış adamdı. Əbülfəz Qarayevə yazdığı məktubda qorxaqlığını səmimi şəkildə boynuna da alıb, hətta buna görə Seymuru təbrik eləmişəm. 
 
– Deyirlər, kişidən maaş soruşmazlar. Amma mən məbləğ istəmirəm. Dolandırırmı?
 
– Maaşından razı olan adam görmüsən? Mən ən az maaşla işləmiş adamam. Heç vaxt da nə rüşvət almışam, nə də qıraqdan gəlirim olub. Bu gün isə əlbəttə, hamı kimi mənim də maddi problemlərim yaranır, amma həyatımı nizamlı yaşamağa çalışıram ki, tez-tez olmasın...
 
– Maraqlıdır, jurnalistlər üçün tikilən yeni binada ev almaq istəyin, arzun varmı?
 
– Haçansa özümün imkanım olsa alacam, olmasa da sona kimi balaca daxmamda yaşayacağam.
 
– Sənin zəhmətinin yüzdə birini çəkməyənlər ev alır, bəs sən niyə özünü layiq bilmirsən?
 
– Mən evlərə, saraylara layiqəm, ama bunun o evə nə dəxli?! Amma niyə mənim jurnalist bacarığım, qabiliyyətim hansısa bir evlə ölçülsün? Və yaxud niyə mənim jurnalist istedadımı kimsə ölçsün? Ev alanlara da pis yanaşmıram. Can sağlığı ilə yaşasınlar, xoş günlər görsünlər. Qoy evi də tam yuvasızlar alsın.
 
– Pərviz, bütün problemlərin, çətinliklərin içərisində sənə rahatlıq, ruh verən nədir?
 
– Təskinlik verə biləcək heç nə görmürəm. Çünki dünyada hər şey qaraya bürünüb. Müharibələr, terror, aclıq, yoxsulluq... Ara-bir başımı sevgiylə aldadıram və sadəcə, bir ümidlə yaşayıram ki, nə vaxtsa imkanım olacaq, əsərlərimi yazacam. Ancaq ona da inanmıram. Biz itmiş nəslin nümayəndələriyik...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar