Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müşfiqin heykəlini Nazim Hikmətin qızlığı düzəltmişdi” - Heykəltəraş


PİA.AZ kulis.az-ə istinadən heykəltəraş Cümşüd İbrahimli ilə müsahibəni təqdim edir


- Cümşüd müəllim, Mikayıl Müşfiqin heykəlinin götürülməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Prezident də günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verdi. Bəs sizin bir heykəltəraş kimi münasibətiniz necədir, bir sənət əsərinə qarşı bu cür laqeyd davranmaq nə dərəcədə doğrudur?
 
- Xalqımızın bu məsələ ilə əlaqədar haqlı narazılıqları yerinə düşür. İctimaiyyətin diqqətindən yayınmayıb. Nə yaxşı ki, məsələ prezidentə də çatıb, prezident də öz qəti mövqeyini bildirib. O ki, qaldı Mikayıl Müşfiqin büstünə, onun müəllifini mən gözəl tanıyırdım.
 
- Münəvvər Rzayeva?
 
- Bəli. Münəvvər xanım Moskvada oxuyanda Nazim Hikmət onu qızlığa götürmüşdü. Mən 1973-cü ildə Tiflisdə heykəltəraşlığı bitirib gələndə onunla tanış olmuşdum. Çox yaxşı heykəltəraş idi. İlk qadın heykəltəraşlarımızdan idi, olduqca məhsuldar idi. Biz onunla Nəsiminin heykəlinin düzəldilməsi ilə bağlı keçirilən müsabiqədə tanış olmuşduq. O biləndə ki, Bakıya yeni gəlmişəm, emalatxanasının açarının birini mənə verdi ki, işləməyə yerim olsun. Mikayıl Müşfiqdən başqa Ayna Sultanovanın heykəlini də o, işləmişdi.
 
- Üslub olaraq da Mikayıl Müşfiq heykəli ilə Ayna Sultanova heykəli oxşayır.
 
- Bəli. Münəvvər xanım monumental əsərlər yaradırdı. Ayna Sultanova heykəli də büst idi, daha doğrusu portret.
 
- Deyəsən Ayna Sultanovanın da heykəlini götürüblər.
 
- Hə. O ərazidə də indi təmir gedir deyəsən. Münəvvər xanımının bir işi də Rusiya səfirliyinin yanındakı parkda qoyulub. Azərbaycan SSRİ-nin ilk qadın mexanizatoru Sevil Qazıyevanın şərəfinə ucaldılan monumentdir.
 
- Cümşüd müəllim, Mikayıl Müşfiqin heykəli 49 ildən çoxdur ki, qoyulub. Ümumiyyətlə dünya praktikasında belə şey hal varmı, heykəlin postamentin uçurasan, yerini dəyişəsən?
 
- Belə hal olanda gərək ictimaiyyətə əvvəlcədən xəbər verilə. Bizdə heykəllərə qarşı bu laqeydlik bir neçə dəfə olub. Bir neçə il əvvəl Nəsiminin heykəlini də götürmüşdülər. Sonradan gətirib yerinə qoydular. Əvvəllər gözəl bağın içində idi, həmahəng landşaftı vardı. İndi isə arxasında ticarət mərkəzi tikiblər. Heç uyğun gəlmir. Şair hara, ticarət mərkəzi hara.
 
- Heykəlin sökülməsinin xüsusi texnologiyası yoxdurmu? Çünki Müşfiqin sökülən heykəlinin şəkillərinə baxanda görürük ki, onu adi arabanın üzərinə uzadıblar, qoruyucu örtük ilə də mühafizə olunmayıb.
 
- Hər hansı bir heykəl incəsənət əsəridir. Özü də çox qiymətli incəsənətə əsəridir. Çünki bunu dövlət sifariş verir, özü də baha başa gəlir. Onu sökmək, yerini dəyişmək böyük məsuliyyət tələb edir. Heykəl yerindən götürüləndə zədə ala bilər.
 
- Qranit materialdı, kiçik mexaniki zərbədən çartlaya, qırıla bilər.
 
- Əlbəttə. Cüzi ehtiyatsızlıqdan heykəlin qulağı, burnu sına bilər, abidə çartlaya bilər. İnşaatçıların, fəhlələrin gördüyü iş necə olmalıdır! Bunu xüsusi mütəxəssislər eləməlidirlər. Belə işlər hökumətin nəzarəti ilə olmalıdır, özbaşına olmaz.
 
Müşfiq elə bir şəxsiyyətdir ki, onun üçün daha böyük abidə ucaltmaq lazımdır.
 
- Hazırkı abidə ona layiq deyil?
 
- Layiq deyil. Mən deyərdim ki, imkan yaranıb, prezidentin də bu işdən xəbəri var, Mikayıl Müşfiqin adına daha böyük, ayaq üstə abidəsi ucaldılsın. Onsuz parkın da genişləndiriləcəyini deyirlər.
 
- Bəs, indiki monumenti?
 
- İndiki monumenti də başqa yerə köçürmək olar.
 
- Olmaz ki, hazırkı abidə öz yerində qalsın, təzə abidəsini başqa yerdə ucaltsınlar?
 
- İndi bu iş veribsə fürsətdən istifadə edib ayaq üstü heykəlini ucaltmaq olardı. Mən bunu arzulayıram.
 
- Bu, Münəvvər xanımın ruhuna qarşı etinasızlıq olmazdımı?
 
- Orası da var, amma Müşfiq daha böyük abidəyə layiq adamdır.
 
- Heykəlin qoyulması zamanı yer nə qədər önəmlidirmi? Məsələn, bir neçə il əvvəl Əliağa Vahidin heykəlini Quberntor bağından götürdülər, İçəri Şəhərdə qoydular. Halbuki Vahidin heykəli Qubernator bağının aurasına da uyğun gəlirdi, çünki Vahid poeziya evi də orda yerləşir.
 
- Öz aramızdı, elə Sovet vaxtında da bu məsələlərə diqqətli yanaşmırdılar. Nərimanov prospekti  var idi, heykəli başqa yerə qoyulmuşdu. Nəsimidə də o cürə.  Bizdə adətən belə olub, hansı heykəltəraşın adamı var, imkanı var, onun heykəli üçün yaxşı yer yaradırlar.
 
- Deməli heykələ yox, heykəltəraşa baxıb abidəyə yer ayırırlar.
 
- Bəli. Bu şeylər məntiqlə olmalıdır. Mikayıl Müşfiqin də heykəlinin hazırkı yerinin seçilməsi zamanı yəqin onun Dağlı məhəlləsində yaşaması nəzərdə tutulub. Yəni heykəlin yeri seçilərkən adamın şəxsiyyəti, fəaliyyəti nəzərə alınır. Kompozisiyaya uyğun relyef seçilməlidir.
 
- Sizcə Mikayıl Müşfiqin indiki yeri münasibdirmi? Ora yol ayrıcıdır, döngədir, sanki heykəl orda “itirdi”.
 
- Büst üçün pis yer deyil. Mən yenə deyirəm, əgər o park genişləndiriləcəksə Müşfiqin adına layiq böyük bir heykəl ucaldılmalıdır. Mənim Münəvvər xanıma böyük hörmətim var, bununla belə yenə deyirəm, bizə müəllifmi lazımdır, yoxsa Müşfiqə verə biləcəyimiz ləyaqətli töhfəmi?
 
- Cümşüd müəllim, Bakıda xeyli heykəl var. Onların nə qüsurları var?
 
- Dediyimi kimi bizdə yerlə düzgün seçilmir, o cümlədən Koroğlunun heykəli. Koroğlunu bağa sığışdırmaqmı olar? Hələ utanmaz-utanmaz əvvəllər Kukla Teatrı ilə üzbəüz bağa qoymaq istəyirdilər.
 
- Ora Məhəmməd Əmin Rəsulzadənin heykəlini qoymaq da istəyirdilər.
 
- Rəsulzadədən qabaq orda Koroğlunun heykəlini qoymaq istəyirdilər. İndi də fəvvarə var orda. 
 
- Tiflis prospektində qoyulan at heykəlini də tənqid edirlər.
 
- Əvvəla o abidənin yeri münasib deyil. Onun ətrafı dörd tərəfdən açıq olmalıdır. Amma indiki yeri elədir ki, şaha qalxmış at ancaq iki tərəfdən görünür. O heykəl barədə mənə bir neçə tanınmış qadınlar şikayətlər ediblər ki, biədəb görkəmi var.
 
- Cümşüd müəllim, xalq qəhrəmanı Babəkə heykəlin qoyulması ətrafında mübahisə yaşanmışdı. Sizin narazılığınız nədən idi?
 
- Dediyim kimi, bizdə heykəlləri tanışlıqla, rüşvətlə, qohumbazlıqla müəyyən adamlara tapşırırlar. Bu ölkədə nə qədər heykəltəraş var? Nə vaxta qədər ancaq bir-iki adama sifariş veriləcək. Bəs yerdə qalan heykəltəraşların işləri nə vaxt qoyulacaq?
 
- Tbilisidə küçə boyu balaca heykəllər qoyulur. Bulvardakı bir neçə bürünc heykəli nəzərə almasaq bizdə qoyulan abidələrin çoxu nəhəngdir.
 
- Bulvarda düz-əməlli heykəl görməmişəm. Ordakılar heykəl deyil, bəsit fiqurlardı. Fəvvarələr bağında da birini qoyublar, qız ağzına pomada çəkir. Bu heykəl deyil, pul yemək vasitəsidir. Bayaq dediyim kimi bizdə heykəl işi bir neçə nəfərin əlində cəmlənib, qalan heykəltəraşlar da acından ölür. Bəs mən bu ölkənin vətəndaşı deyiləmmi?
 
- Bu sahəni əlində cəmləşdirən kimlərdi? Fərhad Xəlilov, Xanlar Əhmədov?
 
- Hamısı bir-biri ilə bağlıdır. Xanlar Əhmədov Rəssamlar İttifaqında heykəltəraşlıq bölməsinin rəhbəridir. 25 ildir o vəzifədədir? Niyə? Əvəzedilməzdir? Onlar hamısı bu işin içindədirlər, amma soruşanda deyirlər bizlik deyil. Axırıncı dəfə Bakıda qoyulan heykəllərdən birini götürək – Rəşid Behbudovun heykəli. Biabırçılıqdır. Görmüsünüzmü o heykəli?
 
- Bəli...
 
- Rusa oxşayır. Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayevin işidir. Mən o heykəli çox qeyri-adi düzəltmişdim. Bu heykələ neçə illərdir can qoymuşam. Mənim düzəltdiyim heykəl mistikdir: Rəşid Behbudovun heykəlinin ətrafında “Möbius lenti” (həndəsi olaraq uzun bir lentin 180 dərəcə bükülərək digər ucu ilə birləşməsindən yaranan alınan lent – red.) quraşdırmışdım. Ellips formalı “Möbius lenti” rəmzi mənada iki dünya arasında qapını simvolizə edir, həm də güzgü təsiri bağışlayır. Mən magiya ilə məşğul olmuşam, magiya qanuna görə isə güzgüdən ölənin ruhunu çağırmaq olur. Mənim abidəmdə də sanki Rəşid Behbudovu təzədən bu dünyaya çağırırdım. Dünyada belə heykəl yoxdur: Rəşid sanki o dünya ilə bu dünyanın arasında dayanıb. Mənim Rəşid Behbudov heykəlim mistik abidə olacaqdı. Ancaq ki, bu cür heykəli qoyub gör necə abidə quraşdırıblar.
 
- Sizin layihəni qəbul etmədilər?
 
- Etmədilər. Baxmadılar, heç müsabiqə də keçirmədilər. Öz adamlarına verdilər.
 
- Hazırda hansı layihə üzərində işləyirsiniz, kimin heykəlinin qoyulmasını istərdiniz?
 
- Nuru Paşanın heykəlinin layihəsini hazırlamışam. Mənim fikrimcə Nuru Paşanın heykəli Azneft meydanında quraşdırılmalıdır. Gözləyirəm, görək diqqət edən olacaqmı?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar