Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənə bu evi KQB verib…” - Xəlil Rzadan maraqlı lətifələr


Tanınmış yazçı-publisist Əjdər Ol şahidi olduğu, müasirlərindən eşitdiyi maraqlı hadisələri, lətifələri, duzlu-məzəli əhvalatları qələmə alaraq, vaxtilə onları kitab halında çap etdirib


“Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabında siyasətçilər, dövlət və sənət adamları, yazıçı və şairlər barədə müxtəlif olmuş əhvalatlar toplanıb.

Teleqraf.com kitabda xalq şairi, “İstiqlal” ordenli Xəlil Rza Ulutürklə (1932-1994) bağlı yer alan əhvalatları təqdim edir. Ə.Ol qeyd edir ki, bu əhvalatların bir çoxunu ona X.R.Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanım danışıb, bəzilərinə isə özü şahidlik edib.

***

1970-ci illərdə Türkiyədə çıxan “Ana dili” şeirinə görə Xəlil Rza işdən çıxarılır. Təzə iş tapa bilməyən şair çörək pulu qazanmaq üçün tez-tez “Bilik” Cəmiyyətinin xətti ilə rayonlara mühazirə oxumağa gedirmiş.

Bir dəfə Xəlil Rza ezamiyyət vaxtı gözəl qonaq otağı olan rayona düşür. Oradan gecə evinə zəng edib hal-əhval tutur. Sən demə, onun ev telefonu Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindəymiş.

Təhlükəsizlik Komitəsindən zəng edib birinci katibə bərk-bərk tapşırırlar ki, şair kütlə içərisinə buraxılmasın.

Səhər raykom katibi Xəlil Rzaya üzrxahlıq edib deyir ki, indi əkin-biçin vaxtıdır, camaatı işdən ayırmaq olmaz…

Xəlil Rza kor-peşman Bakıya qayıdır.

Bir müddət sonra şair başqa rayona gedəndə yenə orada onu təmtəraqla qəbul edirlər, lüks otaqda yer verirlər. Gecə yenə də Xəlil Rza evi ilə telefonla danışmalı olur. Yenə də səhər raykom katibi Xəlil Rzanı hörmətlə başdan eləyir. Xəlil Rza buna dözməyib Bakıya gələn kimi o vaxt Mərkəzi Komitədə ideologiya üzrə katib işləyən Cəfər Cəfərova zəng edib, iş tələb edir. Cəfər Cəfərov Xəlil Rzaya iş tapmaqda kömək edəcəyinə söz verir.

Sonradan Xəlil Rza dəfələrlə onun iş telefonuna zəng vursa da, hər dəfə köməkçisi cavab verir ki, Cəfər müəllim yerində yoxdur. Xəlil Rza gecə Cəfər Cəfərovun evinə telefon açmalı olur. Onun xanımı dəstəyi qaldırır. Xəlil Rza ondan Cəfər müəllimi telefona çağırmağı xahiş edir. Qadın dəstəyi kənara qoyur və xeyli vaxt keçəndən sonra

qayıdıb deyir ki, Cəfər müəllim yatıb.

Xəlil Rzanı od götürür. O hayqırır:

– Get ərini durğuz! Sənin ərin toxluqdan yatır, mənim uşaqlarım acından yata bilmir! Əgər o, sabah mənə iş verməsə, qoy özündən küssün!

Ertəsi gün səhər Mərkəzi Komitədən zəng vurub Xəlil Rzanı çağırırlar və Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə işə götürürlər.

* * *

1991-ci ilin martında Bakı Filarmoniyasında Azərbaycan Yazıçılar İttifaqının növbəti qurultayı keçirilirdi. Həmin qurultayda, özüm şahid oldum, fasilə zamanı ümummilli lider Heydər Əliyev foyedə şair Xəlil Rza ilə görüşüb ondan soruşdu:

– Bəs niyə Naxçıvana gəlmirsən? Dəvət edirəm! Buyur, gəl!

Xəlil Rza cavab verdi:

– Ustad Cəlaləddin Ruminin bir kəlamı var:

Şair şah qapısında gədadan gəda,

Şahsa şair evində ucadan uca!

Heydər Əliyev gülümsədi:

– Şükür Allaha, nə mən şaham, nə də sən saray şairi. On dörd il (1969–1982) “şahlıq” etdim, səni bircə yol da Mərkəzi Komitənin həndəvərində görmədim. İndi mən məmləkətin yox, onun bir adacığının başçısıyam. Buyur, gəl!

* * *

Bir dəfə yayda Xəlil Rza rəssam dostu Səttar Bəhlulzadəni Salyanda yaşayan qardaşı Fərhadgilə qonaq gətirir. Səttar Bəhlulzadə demək olar ki, evə girmir, yatanda da yerinin eyvanda salınmasını xahiş edir. Xəlil Rza obaşdan oyanıb Kür qırağına gəzintiyə getmək istərkən rəssamı yataqda görməyib təşviş keçirir. O heç kəsi yuxudan

oyatmadan yaşıllığa bürünmüş böyük həyətin dörd tərəfini dolanır.

Birdən görür ki, Səttar çömbəlib torpağın üstünə səpələnmiş xırda qəmbərləri bir-bir dilinə vurub rənginə baxır və xoşuna gələni cibinə doldurur. O, Xəlil Rzanı görüb deyir:

– Daşların səhərin alatoranında necə göründüyünü bilmək istəyirdim.

* * *

Səksəninci illərin ortalarında Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda yığıncaq keçirilirdi. Yığıncağın əvvəlində iclasın sədri Səbail rayonunun I katibi Xəlil Xəlilovu rəyasət heyətinə dəvət etdi. Pasportunda adı və soyadı Xəlil Xəlilov yazılmış şair Xəlil Rza orta cərgədən durub qürurla rəyasət heyətinə qalxdı və oturdu. Sədr

onun qulağına pıçıldadı ki, onu yox, Səbail rayonunun I katibi Xəlil Xəlilovu çağırıb.

Xəlil Rza bayaqkı qüruru ilə ayağa qalxıb məğrur yerişlə keçib salonda əyləşdi.

* * *

Xəlil Rza ilə Nəriman Həsənzadə Moskvada Ali Ədəbiyyat kursunda oxuyarkən Peredelkino kəndindəki yataqxanada yaşayırlarmış.

Bir gün şair Hüseyn Arif də Peredelkinodakı yaradıcılıq evinə dincəlməyə gəlir. Rus yazıçılarının böyük yığnağına düşən Hüseyn Arif şair dostlarına deyir:

– Ayə Xəlil, ayə Nəriman, “Mədrəsə”dən, “Ağdam”dan yoxunuzdurmu? Gətirin bunları içirdib hallandıraq.

Xəlillə Nəriman gülə-gülə cavab verirlər:

– Qağa, Bakıdan təzəcə gələn sən, “Mədrəsə”ni, “Ağdam”ı niyə bizdən istəyirsən?

* * *

Moskvada Ədəbiyyat İnstitutunda oxuyan Xəlil Rza ilə Nəriman Həsənzadə qatarla şəhərdən Peredelkino kəndinə qayıdanda bilet almayıblarmış. Nəzarətçi onların biletsiz olduğunu görüb, adları və hansı təşkilatdan olduqlarını soruşur. Xəlil Rza yazıçı Əli Vəliyevin, Nəriman Həsənzadə isə yazıçı Cəlal Məmmədovun adını verir.

Bir neçə gündən sonra Azərbaycan Yazıçılar İttifaqına bir məktub gəlir. İttifaqın sədrinə ünvanlanan həmin məktubda deyilir ki, sizin yazıçılarınız Əli Vəliyev və Cəlal Məmmədov intizamsızlıq edib qatarın pulunu verməmişlər. Bu günə qədər həmin məktubun sirri açılmamışdı.

* * *

Xəlil Rza Moskvada Ali Ədəbiyyat kursunda oxuduğu dövrdə Boris Pasternakın “Doktor Jivaqo” əsəri Sovet hökumətindən xəbərsiz İtalyada nəşr olunandan sonra, dövlətin sifarişilə yazıçını həbs etmək üçün Mockvada yazıçılardan imza toplayırdılar. Xəlil Rza bunu görüb qəzəblənir, lakin imza toplayanlara bir söz demir. Qol yerinə iri hərflərlə yazır: “Protestuyu!” (Etiraz edirəm). Qol çəkdirənlər imzaya baxmadan, təşəkkür edib gedirlər. Ertəsi gün SSRİ Yazıçılar İttifaqının katibi hay salıb, Xəlili tapmağı tapşırır. Xəlil İttifaqda yığılmış yazıçıların qarşısında yazıçı azadlığından danışıb yenidən öz sözünü təkrar edir:

– Protestuyu!..

* * *

Səməd Vurğunun qızı Aybəniz hər dəfə Xəlil Rzadan “Firəngiz xanım necədir?” deyə soruşanda, Xəlil Rza belə cavab verərmiş: “Çiçəkləyir!”.

Növbəti dəfə yenə Aybəniz xanım ondan Firəngiz xanımın kefini soruşanda aradan xeyli müddət keçdiyinə baxmayaraq Xəlil Rza eyni cavabı verir: “Çiçəkləyir!”. Onda Aybəniz xanım yarızarafat-yarıciddi dillənir:

– Xəlil bəy, bəyəm biz xəzan tökürük?

* * *

Bir gün Oruc Qoşqarlı Xəlil Rzanı ova dəvət edir. Ov qabağı Xəlil Rzaya uzunboğaz çəkmə tapmaq istəyən Oruc Qoşqarlı ondan ayaqqabısının ölçüsünü soruşur. Xəlil Rza duruxur:

– Mən bilmirəm, qoy Firəngizə zəng edim, ondan soruşum, – deyə cavab verir.

* * *

Tofiq Bayram, Xəlil Rza, Eldəniz Zeynalov bir yerdə görüşürlər və məclis qurmaq istəyirlər. Bu vaxt Eldəniz Zeynalov üzünü dostlarına tutub deyir:

– Qonaqlıq sizdən, iştah məndən!

* * *

1990-cı il yanvar qırğınından sonra şair Xəlil Rza da təhrikçi kimi həbs edilib, Moskvanın Lefortovo zindanına salındı. Bir müddətdən sonra mərkəzi televiziya ilə Ermənistan-Azərbaycan qarşıdurmasına yumşaqlıq gətirmək məqsədilə çıxışı təşkil edilən şair, söhbətinin bir məqamında erməni şairəsi Silva Kaputikyanı “Silva xanım” deyərək yad etdi.

Bakıda qaragüruhçular Xəlil Rzanı gözdən salmaq üçün erməni qadınına “xanım” dediyinə görə onu yamanladılar.

Xəlil Rza həbsxanadan çıxandan sonra görüşlərin birində oxucu sualına cavab olaraq bu məsələyə münasibətini bildirdi:

– Bəli, Silvaya “xanım” demişəm. Mən 70-ci illərdə Yerevanda qonaq olarkən xəstələnmişdim. Silva məni evinə apardı, kürəyimi ovdu, banka qoydu, mənə xanımlıq elədi.

* * *

Bir dəfə şair Xəlil Rza Gəncədə yaşayıb-işləyən füzulişünas alim Sabir Əliyevlə Bakının küçələrində gedərkən tez-tez rast gəldiyi tanışlarına onu təqdim edib deyirmiş:

– Tanış olun, Sabir Əliyev! Gəncədə yaşayıb yaradır. Görkəmli füzulişünas alimdir, köhnə dostumdur, xalqımızın böyük oğludur və s.

Onlar təxminən on-on beş adamla qarşılaşdıqdan və hər dəfə Xəlil Rza dostu haqqında eyni sözləri təkrar etdikdən sonra üzünü Sabir Əliyevə tutub deyir:

– Sabir, səni təqdim etməkdən yoruldum, sən canın məşhurlaş, canım qurtarsın!

* * *

Şair Xəlil Rzadan soruşanda ki, ədəbi aləmdə təzə nə var, nə yox?

Deyərdi:

– Təzə bir şey yazmısansa, ədəbi aləmdə yenilik var, yazmamısansa, yoxdur.

* * *

Şair Xəlil Rzadan soruşdum ki, Xəlil bəy, nəyə görə adamları tərifləməkdə belə səxavətlisiniz? Nə qədər adamı “xalqımızın böyük oğlu”, “qəhrəman” və s. adlandırırsınız?

O dedi:

– Həyatda o qədər alçaq adama rast gəlirəm ki, biri yaxşılığı ilə başqalarından azacıq seçiləndə ona qəhrəman kimi baxıram…

* * *

1990-cı il 20 yanvar Bakı qırğınından sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin işçiləri şair Xəlil Rzanı qəfildən həbs edirlər: Üst-başını yoxlamamışdan qabaq ondan soruşurlar:

– Silahın var?

Xəlil Rza qürurla cavab verir:

– Var!

Soruşurlar:

– Hanı?

Xəlil Rza:

– Elə mən özüm silaham! – deyir.

* * *

Şair Xəlil Rza şəkər xəstəliyinə tutulandan sonra deyirdi:

– Deyirlər bu xəstəliyə tutulanlardan mindən biri sağalır. O mindən biri elə mən olacağam!

* * *

1990-cı ildə, SSRİ vaxtında şair Xəlil Rza dövlətdən təzə mənzil alanda deyib:

– Mənə bu mənzili sovetin Dövlət Təhlükəsizlik Komitəsi verib! Qorxusundan!

* * *

1991-ci ildə respublika üzrə seçkilər zamanı deputatlığa namizəd Xəlil Rza seçicilərlə çox güclü, gur görüşlər keçirir. Seçicilərin böyük məhəbbəti ilə üzləşir. Lakin seçki günü seçki komissiyasının qərarı ilə tanış olanda bülletenlərini saxtalaşdırıldığını bilib deputat seçilmədiyinə görə deyir:

– Sizlərə millət vəkili yox, başmaqcütləyən, dəsmaltutan lazımdır!

* * *

1991-ci ilin mart ayında yazıçıların növbəti qurultayı keçirilirdi. Ürəyi sözlə dolu olan Xəlil Rza qurultayın sədrinə belə bir müraciət göndərir:

“Hörmətli sədr!

Qurultayımızı ləyaqətlə başa çatdırmaqda Sizə böyük uğurlar diləyirəm! Söz istəyirəm! Mümkün qədər tez, çünki xəstəyəm, yorğunam! Günortadan sonra bəlkə də danışdığımın effekti olmadı. Nəzərə alın ki, mən hələ dünəndən çıxışa yazılmışam, həm də iki dəfə söz istəmişəm, verməmisiniz. Hayqıra bilərəm, üsyan saçaram!”

* * *

5 fevral 1992-ci il. Mən bu gün Şəhidlər Xiyabanında Qarabağ uğrunda vuruşlarda həlak olmuş, şair Xəlil Rzanın oğlu Təbrizin dəfnində oldum. Qəbrin başında Xəlil Rza məğrur və qalib bir əsgər kimi dayanmışdı.

“Adam çətin məqamda tanınar” deyiblər. O, oğlunun ölümünün yas tərəfini yox, iş, qəhrəmanlıq tərəfini düşünməkdəydi. Şair matəm nitqinin bir yerində dedi:

– Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak, müqəddəs ölümdür. Eşq olsun belə ölümə!

* * *

Əlisəmid Kür küçədə rast gəldiyi Xəlil Rzadan borc pul almaq istəyir. Bilmir 50 manata ağız açsın, yoxsa 100 manata? Çox götür-qoydan sonra 50 manatın üstündə dayanır. Xəlil Rza çibindən bir dəstə onluq çıxarıb beş ədədini sayaraq ona uzadır. Əlisəmid Xəlil Rzanın əlində pulun çoxluğunu görür və pulsuz badə yoldaşlarını düşünüb ondan əlli manat da qopartmaq istəyəndə daim yanında gəzdirdiyi gündəliyinə indicə nə isə qeyd edib çantasına qoyan Xəlil Rza qəti şəkildə deyir:

– Mümkün deyil! Əlli manatı artıq gündəliyimə yazdım.

* * *

1994-cü ilin 23 iyununda Fəxri Xiyabanda şair Xəlil Rzanın dəfni zamanı cənazəni qəbrə endirəndə cavan bir oğlan qaranəfəs özünü mərasimə çatdırdı və ağlaya-ağlaya qışqırdı:

– Əl saxlayın! Onu burada dəfn etməyin! Xəlil Rza şəhid olub, onun yeri Şəhidlər Xiyabanıdır!(teleqraf.com)

Müəllif: Səxavət Həmid

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar