Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən axırıncı yadigaram, artıq heç kim yoxdur”

“Hara getdi bizim izzətimiz?...”


PİA.AZ bildirir ki,“Yeni Müsavat”ın budəfəki qonağı xalq artisti, məşhur rəqqasə Roza Cəlilovadır. Rəqqasə ilə evində görüşüb, söhbətləşdik:

- Roza xanım, yenə də fəaliyyət göstərirsizmi, rəqslər qurursuzmu?

- Əsl rəqqasənin  istər 100, istərsə də 90 yaşı olsun, əgər sənəti sevib gəlibsə, hər zaman rəqsə həvəsi var. Əgər canda bu varsa, qorxulu deyil, hər yaşda rəqs qurur. Bu  yaxınlarda mən Dövlət Rəqs Ansamblında rəqs qurdum. Onlardan biri yarım əsr bundan əvvəl  qurduğum “Ağ çiçəyim” rəqsi idi. İllər  öncə bu rəqsi qurdum və bu günə qədər gənclər həmin rəqsi oynayırlar. Bir il öncə böyük bir tədbir  keçirilirdi. Həmin tədbirdə səhnəyə ağ paltarda 12 kiçik qız çıxdı. Elan olundu ki, “Ağ çiçəyim” oynanılacaq. Baxdım ki, mən verdiyim quruluşdur. Demək ki, hələ də tələbat var. Bizim rəqslər gözəldir. Hara getsə öz yerini tapır.

Bu yerdə müsahibimiz stolun üstündəki “Səhnəmizin ağ çiçəyi” adlı, ona həsr edilən kitabı göstərir:

- Kitab Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il dərc olunub. Müəllif bütün materialları arxivlərdən çıxardıb, heç bunlardan xəbərim olmayıb. Onu demək istəyirəm ki, hər oxuyan Molla Pənah olmur, hər rəqs edən də  sevilmir və barəsində bu cür gözəl kitab dərc edilmir. Çox gülünc vəziyyətdir ki, rəqsə gedənlər indi daha çox pulu düşünür. Rəqs pulu sevmir, pul özü gəlir. Sən olursan gözəl rəqqasə və səni tədbirlərə, konsertlərə salırlar, olursan məşhur.

- Rəqqas və rəqqasələrin toylarda çıxış etməsini necə qarşılayırsız?

- Bu sualı mənə “n” qədər veriblər. Toy rəqsini ilk dəfə 1940-cı ildə Soltan Dadaşov qurub. Leyla Bədirbəyli o zaman gəlin rolunu oynayırdı. Oturduğu yerdə duvağı belə tərpənmirdi. Bu isə tamaşaçıya bir örnək idi. Leyla Bədirbəyli getdikdən sonra gəlin obrazını mən oynamaya başladım. Mən də oturduğum yerdən tərpənmirdim. Bu, adət-ənənə idi. Bəs indi nə olur? Toyda gəlin nəinki yerində oturur, düşür meydana oynayır. Biabırçılıqdır. Bir dəfə biri mənə zəng edib deyir ki, “Roza xanım, kim ”Ləzginka"nı qura bilər?" Dedim ki, “Ləzginka” bizim rəqs olmasa da oynayırıq. Necə bəyəm?" Qadın cavab verdi ki, “gəlinim istəyir ki, toyda ”Ləzginka" oynasın". “Sağ ol” demədən telefonu bağladım. Gəlin hara, “Ləzginka” hara?! Gəlin utanırdı toyda çörək yeməyə. Bəs indi hara getdi bizim izzətimiz? Bunun üçün isə məktəb lazım deyil, əsas ailədə ata-ana tərbiyəsidir...

Bu zaman Roza xanıma telefon zəngi gəlir, danışır, yenidən söhbətimizə qayıdır:

- Oğlum idi... Əsir düşəndə haralara getmədim. Ermənilərin içinə girmişəm, düz 5 dəfə. Nəsə...

- Bir az öncə gəlinlərin oynamasından gileyləndiz. Bu məsələ qalsın bir kənara, qızlar artıq kişi kimi şıdırğı gedir, hoppanıb-düşürlər. Bəzi kişilər isə qadın kimi rəqs etməyə başlayıb.

- Biabırçılıqdır da. Mən eşitmişəm iranlı kişilər bu cür oynayır, yəni əzilib-büzülürlər. Mənim babam da iranlıdır (gülümsəyir). Muğam Teatrında işlədiyim vaxtlarda ora iranlılar tez-tez gəlirdi. Məhz onda gördüm ki,  iranlılar birtəhər oynayırlar, sanki bədənlərində sümük yoxdur. Amma bu belə yaramır. Kişi gərək kişi kimi oynasın. Bünövrə, daxili mədəniyyət başqa şeydir. Quyuya su tökməklə olmur. Məsələ burasındadır ki, elə etmək lazımdır ki, toylarda şıdırğı havalar getməsin. Bunun da qarşısını almaq olmayacaq. Neynəmək olar? Heç nə. İndi zəmanə çox dəyişib. Çox təəssüflər olsun. Amma mənim kimi adamlar buna qatlaşmır.

Toylara gedib oynayıb pul qazanırlar. Pul qazanmağa çox iş var. Gedib hansısa işi görüb qazana bilərlər. Amma elə bilirlər ki, toyxana... Özlərini nüfuzdan salırlar. Yaxşı, getsinlər, heç olmasa aşı onlar gətirməsinlər. Axı aşı gətirən xidmətçi var. Rəqqasə milli geyimi geyinib aş gətirirsə, olur ofisiant qız. Ayıb deyil?

“Dövlət Ansamblına indi Dekola adında bir çeçen gəlib rəhbərlik edir, o, dilimizi bilmir, milli rəqsləri haradan biləcək?”

- Vaxtilə rəqqasələr məclisə aş gətirmirdi?

- Əlbəttə ki, yox. Bunun üçün xidmətçi var və ona görə maaş alır. Bir daha qeyd edirəm ki, bütün bunlar ilk növbədə ata-anadan asılıdır. Şəxsən mən qızımı toya göndərmərəm. Qızım şərqşünaslığı, oğlum isə hüquqşünaslığı bitirib. Nəvəmin biri isə Moskvada hüquqşünaslığı bitirdi. Bütün bunlar bünövrədən gəlir.

- Bəs ailədə heç kəs sizin sənətinizi davam etmədi?

- Hüququ bitirən nəvəm gəlin görün necə oynayır. Kitabda onun da şəkili var. Həmin nəvəm Türkiyədə, Gürcüstanda keçirilən festivalda 1-ci yerin qalibi olub. Digər iki nəvəm isə xoreoqrafiya məktəbində oxuyur. Nəvəmə demişəm ki, heç olmasa sən baleti sona qədər davam et. Çünki mən zamanında baleti iki ildən sonra atdım. Nəvəm söz verib ki, davam edəcək. Oğlumun qızı isə çox gözəl milli rəqsləri oynayır.

- Maraqlıdır ki, artıq efirlərdə də rəqslərin estetikası pozulmağa başlayıb.

- Telestudiya gərək hər adamı çağırmasın. Eşidirəm ki, biri pul verir, digəri bilmirəm nə edirsə efirə düşə bilir və sairə. Baxırsan ki, azərbaycanca danışa bilmir, amma rəqsə rəhbərlik edir. Hərdən mənə deyirlər ki, “Roza xanım, çox kəskin danışırsan”. Bu, kəskin danışmaq deyil, içəridən gələn gileydir. Zamanında mən baleti milli rəqslərimizə qurban verdim. O vaxt atam balerina olmağımı istəyirdi. 1937-cil də mən balet məktəbinə getməyə başladım. Həmin vaxt 7 yaşım var idi. Məktəbdə isə cəmi 4 azərbaycanlı qız var idi ki, onlardan biri də mən idim. Sonra isə atamı müharibəyə göndərdilər və o, döyüşlərdə həlak oldu. Bu zaman öz-özümə dedim ki, gərək atamın arzusunu yerinə yetirim. Düz 9 il oxuyub balet məktəbini bitirdim. Daha sonra məni Opera Teatrına göndərdilər, orada 2 il çalışdım. Lakin hiss etdim ki, milli rəqslərə marağım böyükdür. Günlərin bir günü Əlibaba müəllim məni görüb dedi ki, sən çox yaxşı oynayırsan, sənin yerin rəqs ansamblıdır. Bu söz mənə təsir etdi və ərizə yazıb milli rəqs ansamblına keçmək istədim. Lakin hökumət buna razı ola bilmirdi, çünki mənim üzərimdə çox çalışmışdılar, baleti atmamaq üçün aclıq dövründə məni yedizdirirdilər və sairə. Lakin inad etdim və məni ansambla götürdülər. Ansambla keçən kimi yenilik gətirdim. Çünki orada hamı özfəaliyyətdən gəlmişdisə, mən məktəb bitirmişdim. Ona görə də az bir zamanda xalqın rəğbətini qazanmağa başladım. Mən oynayanda incəlik, millilik və savad hiss olunurdu.

- Amma 80 ildən çox ömrünü, həyatını bu sənətə həsr edən Roza xanım yalnız 78 yaşında xalq artisti adını ala bildi. Maraqlıdır ki, gözəl rəqqasəmiz Aliyə Ramazanova da bu günə qədər əməkdar artist adında qalıb. Sənətkarlarımıza qarşı bu cür münasibət nədən irəli gəlir?

- Aliyə Ramazanovanın ayağının düzgün “stopkası” yoxdur. O, necə əməkdar artisti adını  aldı, bilmirəm. Pis qız deyil, amma onun haqqında kitab çıxdı, “Rəqs mələyi”. Əminə Dilbazi onun üstündə qırğın elədi. Dedi “ay qız, sən məndən sonra gəlmisən”. O, bizləri görüb gəlib. Sadəcə, onda  təlim-tərbiyə var. Amma sənət başqa şeydir. Mən isə axırıncı yadigaram, artıq heç kim yoxdur. Heç olmasa qədrimi bilsinlər də. Əbülfəz müəllim gəldikdən sonra mən fəxri ad aldım. Biləndə ki, fəxri adı almamışam, o saat məsələni həll etdi. Onu da qeyd edim ki, əməkdar artist adını alanda mənə ev vermişdilər, halbuki əməkdar artistə ev verilmir. Heydər Əliyev mənə təqaüd verdi. Amma o bilmirdi ki, mənim adım yoxdur.

- O dövrdə də sənətkarlar arasında qalmaqallar, intriqalar yaşanırdı?

- Xeyr. Mən çox bəla çəkmişəm. Amma hökumət mənim arxamda dururdu. O gün nazirə dedim ki, “Əbülfəz müəllim, zamanında 60-cı illərdə Türkiyəyə qapılar bağlı olanda ora yalnız 3 nömrə seçilmişdi - Müslüm Maqomayev, ”Qaytağı" və bir də mənim “Ağ çiçək”im. Halbuki 40 nəfər ora getmək üçün namizəd idi. Onların arasında Zeynəb Xanlarova, Şövkət Ələkbərova, “Qaya” və digər məşhur qruplar var idi.  Bu isə sənətin qüvvəsi deməkdir. Amma indi baxıram hazırkı vəziyyətə... Nə olacaq bunun axırı, bilmirəm. Dövlət Ansamblına indi Dekola adında bir çeçen gəlib rəhbərlik edir. Niyə? Bizim özümüzün kadrlarımız olmalıdır. Əlibaba, Əminə Dilbazi getdi, mən isə artıq yaşa dolmuşam. Baxmayaraq ki, bu yaşdayam, biləndə ki, vəziyyət ağırdır, getdim ansambla. Həmin vaxt nəsə bir qalmaqal var idi. Gördüm ki, çeçen bir hərəkət belə bilmir. Bəs 2 il ərzində ansamblda nə edir?

- Bəs niyə kadrlarımız yoxdur? Bu sənətə maraq azalıb, yoxsa?

- Bu problem incəsənəti idarə edən insanlardan asılıdır. Maraqlanmalıdırlar ki, niyə baletmeysterlər yoxdur. İndi isə rəqs ansamblı Moskvaya konsertə hazırlaşır. Gedəcəklər ora, soruşacaqlar ki, bədii rəhbər kimdir, cavab veriləcək ki, bir çeçen. Dekola heç Azərbaycan dilini bilmir, milli rəqslərimizi necə bilə bilər axı?

- Bildiyim qədər Müslüm Maqomayevlə dəfələrlə bir səhnədə olmusuz. Məlum oldu ki, ölümündən sonra da onunla bağlı məsələlərə qadağalar qoyulur.

- Mən onunla Kanadada, Türkiyədə və digər səhnələrdə olmuşam. Biz onunla fəxr edirdik. O, çox gözəl mahnı yazıb, “More, more”... Ondan yox idi ki. Yüz il keçsə də ikinci Müslüm olmayacaq.

- 89 yaşınız var, amma bu yaşdan xeyli cavan görünürsüz.

- Bunu mənə həmişə deyirdilər. Lakin oğlum əsir düşəndən sonra səhhətimdə problemlər yarandı. Bu yaxınlarda isə çox ağır şəkildə infarkt keçirdim. Bütün bunlar təbii ki, həm mənəvi, həm də fiziki olaraq öz təsirini göstərdi. Buna qədər isə mənim yaşımı heç kəs verə bilmirdi. Ona görə ki, daima sənətlə yaşamışam, camaatın rəğbətini qazanmışam. Bu, əlbəttə, özünü büruzə verir.

- Və bu yaşda yenə də rəqslər qurur, öz fəaliyyətinizə davam edirsiz.

- Bəli.

- Bəs rəqs necə?

- Sonuncu dəfə səhnədə 80 illik yubileyimdə “Sabirabadı” oynadım. Amma indi harada oynayım?

- Məclislərdə də oynamırsız?

- Yox. Hamı xasiyyətimi bilir. 3 nəvəm var, mənim yerimə qəşəng oynayırlar" (gülümsəyir).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar