Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məhkəmənin yerinə olsaydım, Lapşini azad edərdim”




İqbal Ağazadə: “Hökumətin prezident seçkilərini keçirməmək üçün əlində kifayət qədər əsas var”


“Konstitusiyada Nazirlər Kabineti varsa, o zaman bir vitse-prezidentin olması yetərlidir, digərlərinə ehtiyac yoxdur”

“Yeni Müsavat”ın qonağı Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadədir. Onunla söhbətdə hazırda ölkə gündəmindəki əsas mövzuları və Azərbaycan ətrafında cərəyan edən prosesləri dəyərləndirdik.

- İqbal bəy ölkəmizin hazırkı sosial-iqtisadi durumu necə dəyərləndirirsiz?

- Əvvəla, onu deyim ki, ölkəmizdə iki deyil, üç dəfə devalvasiya baş verib. Azərbaycan manatı birincidə 28, ikincidə 45 və üçüncüdə 20 qəpik dəyərdən düşdü. Bu, elə səssiz baş verdi ki, Mərkəzi Bankın qərarı ilə deyil, “üzən məzənnə” siyasəti ilə həyata keçirildi. Hər üç devalvasiya sosial-iqtisadi vəziyyətə olduqca ciddi təsir etdi. Bu vəziyyətdən çıxdığımızı demək qeyri-mümkündür. Əmək haqları artmırsa, qiymətlər qalxırsa, hökumət öz nəzarətində olan resursların qiymətlərini qaldırırsa, demək biz bu vəziyyətdən çıxmamışıq. Vəziyyətdən çıxış yolu ağıllı üsullarla olmayacaq. Çox təəssüflər olsun ki, hökumət ağıllı üsullara əl atmır. Neft siyasəti dünyada artıq fərqli yerlərə gəlib çıxıb. Dövlətlər var ki, 4-5 ildən sonra benzin, dizellərlə işləyən avtomobillərdən imtina edəcəklər. Artıq alternativ enerji mənbələri axtarılır. Yeni enerji mənbələri də ortaya çıxır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün elə də ciddi addımlar atılmır. Kənd təsərrüfatı sahəsində atılan addımlar pərakəndə və xaotikdir. Bunun da müqabilində yeni iqtisadi bazanın yaradılması mümkünsüz görünür. Nəticədə işsizlik artır, sosial durum ağırlaşır. Əhalinin həyat şəraitinin pisləşməsi qaçılmaz olacaq. Necə ki, hazırda bunun qaçılmaz olduğu görünməkdədir. Ət və ət məhsullarının qiymətləri fantastik dərəcədə artıb. Qarşıdakı aylarda digər məhsullarda da artımın olacağını güman edirəm. Yay dönəmidir, bu dönəmdən sonra kənd məhsullarının da qiyməti qalxacaq. Bunu da tənzimləmək mümkün olmayacaq. Manatın məzənnəsinin saxlanılması inzibati resurslara söykənir. Bu resurslar da məzənnəni saxlaya bilməyəcək. Bir müddətdən sonra inzibati resurs məcbur olacaq ki, bu siyasəti yumşaltsın. O zaman manatın məzənnəsi bir qədər də aşağı düşəcək. Belə olan təqdirdə ölkəyə idxal olunan ərzaq və qida məhsullarının qiyməti də ona müvafiq olaraq qalxacaq. Daşınmalarda əsas rol oynayan benzinin qiymətinin qalxması digər sahələrə də mütləq təsir edəcək. Bütün bunların fonunda sosial iqtisadi vəziyyətin düzəldiyini, mövcud durumdan çıxıldığını deməyə düşünürəm ki, hələlik heç bir məntiqi cavab yoxdur.

- Son 11 ayda ölkə daxilində ən çox müzakirə edilən mövzulardan biri də ötən ilin sentyabrındakı referendumdan sonra gözlənilən prezident və parlament seçkiləri oldu. Bu istiqamətdə sizin də dəfələrlə fikirlərinizə rast gəldik, hətta konkret ayların da adını çəkmişdiniz. Amma deyilənlər hələ ki olmadı. Yenə də dediyiniz fikirlərdə qalırsınız?

- Referendumdan öncəki proqnozlar ona əsaslanırdı ki, hakimiyyət Qərb dairələri ilə də bu məsələdə razılığa gəlib. O cümlədən, bu istiqamətdə gedən müzakirələrdə qeyd edilən siyasəti həyata keçirəcəklərinin anonslarını verirdilər. Bu, təkcə bizim proqnoz deyildi. Verilən informasiyalara və anonslara uyğun sözlər deyilirdi. Artıq 2018-ci ilin astanasındayıq. Seçkilərə artıq az müddət qalıb. Prezident seçkilərinin keçirilib-keçirilməyəcəyi ilə bağlı proqnoz vermək niyyətim yoxdur. Amma onu qeyd edim ki, hökumətin prezident seçkilərini keçirməmək üçün əllərində kifayət qədər əsaslar var. Hakimiyyətin hansı yolu seçəcəyi onun vəziyyətindən və beynəlxalq aləmin bu məsələyə necə yanaşmasından asılı olacaq. Buna uyğun şəkildə hakimiyyət addımlar atacaq.

- İqbal bəy, ölkədə vitse-prezidentlik institutu yaradılıb, hələlik yalnız birinci vitse-prezident təyin olunub. Qarşıda vitse-prezidentlərin təyinatı ilə bağlı nə düşünürsünüz?

- Hesab edirəm ki, bu postlar ümumiyyətlə formalaşmamalıdır. Dünyanın heç bir yerində vitse-prezidentlər anlayışı yoxdur. Birinci vitse-prezident olur ki, o da təyin olunub. Əlavə vitse-prezidentlər təyin etməyin nə mənası var? Prezident olur, bir də I vitse-prezident. Nazirlər Kabineti var, nazirlər və digər strukturlar var. Bundan sonra vitse-prezidentlərin təyinatı qeyri-peşəkarlıq olardı. Əgər bu olarsa, o zaman gərək Nazirlər Kabineti bütövlükdə ləğv olunsun. Konstitusiyada Nazirlər Kabineti varsa, o zaman bir vitse-prezidentin olması yetərlidir. Digərlərinə ehtiyac yoxdur.

- Azərbaycanın indiki vəziyyətində demokratiya və insan haqlarının yeri barədə nə düşünmək olar?

- Bu sahədə ciddi problemlər var; istər daxildə, istərsə də xaricdə. Çoxsaylı siyasi motivlərlə insanın həbsdə olduğu qənaəti varsa, çoxsaylı jurnalist, blogger həbsdədirsə, siyasi məhbus siyahısı genişlənirsə və bununla bağlı beynəlxalq təşkilatların mövqeləri ortadadırsa, demək bu sahədə ciddi problemlər var. Hamımıza aydındır ki, beynəlxalq aləmdə insan haqları və digər bu kimi məsələlərin indeksini hansı təşkilatlar müəyyən edir. Təəssüflər olsun ki, bu indekslərdə də göstəricilərimiz olduqca aşağıdır. Azərbaycan hakimiyyəti bununla bağlı ciddi şəkildə düşünməli, bu istiqamətdə fərqli mövqe sərgiləməyi bacarmalıdır.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırda gedən proseslər ümidvericidir?

- Hamı bilir ki, bu münaqişənin həlli Rusiyanın nəzarətindən kənarda deyil. Rusiya istəməsə, bu problem həll olunmayacaq. Nə qədər güc sərf etsək yenə qarşımızda Rusiyanı görəcəyik. Azərbaycan-Ermənistan münaqişəsi Rusiya bu bölgədən çıxmayana qədər bu şəkildə də qalacaq. Mövqe savaşından başqa heç bir savaş olmayacaq. Belə olacağı halda da heç bir uğurdan söhbət gedə bilməz. Yaxın 3-4 ildə bu istiqamətdə ümidverici nəsə gözləmirəm. Aprel savaşı bir mövqe savaşı idi.

- Azərbaycan-Rusiya münasibətləri hər zaman müzakirə olunur. Hazırkı vəziyyətdə hələ də Kremldən ölkəmizə qarşı təhlükə varmı?

- Dünyada gedən hadisələr və proseslərin fonunda Azərbaycan çox kiçik bir ölkədir. Proseslərə təsir imkanlarımız sıfır vəziyyətindədir. Bizdən asılı olmayaraq yerimizi müəyyənləşdiriblər, harada necə durmaq lazımdır. Rusiya təbii ki, regionda və dünyada yerini qorumaq istəyir. Postsovet məkanında və dünyada gücünü qorumaq üçün buna uyğun siyasət yürüdür. Proseslər də bu istiqamətdə gedir. Bu və ya digər şəkildə Kreml fərqli mövqe sərgiləməyə çalışır. Hələ ki, Qərb Rusiyanı bu istiqamətdə durdurmaq, Rusiyanı mövqeyindən geri çəkdirmək üçün effektli mübarizə aparmır. Bunu Ukrayna və Gürcüstanın timsalında görmüşük. Qərb ehtiyatlı mövqe sərgiləyir. Qərb Rusiyanın digər ölkələrə müdaxiləsinə mane olmaq üçün beynəlxalq hüquq normalarına əsaslanır. Rusiya da bu hüquq normalarına əməl etməyən dövlət şəklini alıb. Ona görə Rusiyadan hər zaman Azərbaycan üçün təhlükə var. Təhlükə əslində nədir? Heç kim qoşun yeridib Azərbaycanı zəbt etməyəcək. Rusiyanın vasitəsilə ilə zəbt edilmiş torpaqlarımız var. İqtisadi çıxış imkanlarımız, daha çox ixrac potensialının böyük qismi Rusiya bazarlarına gedir. Bu yöndə bizə təzyiq edə bilərlər. Orada kifayət qədər mühacirlərimiz var. İş dalınca gediblər. Orada işlədikləri yerlərdən sıxışdırıla bilərlər. Nəticədə Azərbaycanda işsizlik problemləri ortaya çıxa bilər. Gedən konfliktlər vasitəsilə Azərbaycana təsir edə bilərlər ki, bunu da zaman-zaman gündəmə gətiriblər. Ona görə bu təhlükələri Azərbaycan hökuməti, cəmiyyəti daim nəzərə almalıdır. Buna uyğun şəkildə də siyasət aparılmalıdır.

- Hökumətin Rusiya ilə Qərb arasında yürütdüyü balanslı siyasət bəhrə verirmi?

- Azərbaycan kimi dövlətlər balanslı siyasət yeridə bilməzlər. Bu siyasəti o dövlətlər yürüdür ki, dünya siyasətinə təsir imkanları var. Azərbaycanın bu gücü var ki, balanslı siyasət də yürütsün. Azərbaycan özünü qorumağa yönəlik siyasət aparmağa çalışır. Hesab edirəm ki, bu istiqamətdə də nail olduğu bəzi nailiyyətlər var. Nail olduğu uğur var ki, hələlik Rusiya ölkəmizin daxilində və xaricində Azərbaycan əleyhinə çox ciddi fəaliyyət aparmır.
 
- İyulun 30-da Gürcüstanda Azərbaycanın iştirak etmədiyi NATO hərbi təlimləri start götürüb. Türkiyə Ermənistanın da yer aldığı bu təlimlərdə iştirak edir. Azərbaycanın bu məsələyə münasibəti necə olmalıdır?

- Bu, doğru addımdır. Ermənistan Rusiyanın təsir dairəsində olsa da, hərbi bazasını saxlasa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulsa da, NATO Ermənistanı da içərisinə almağa çalışır. Türkiyə də NATO-nun üzvüdür. Nə qədər mümkündürsə, o qədər proseslərdə iştirak etmək istəyir. Bu təlimlər konkret olaraq, hansısa bir dövlətə qarşı çevrilməyib. Avropa Şurası və digər təmsil olunduğumuz qurumlar var ki, orada Ermənistan da var. O zaman həmin qurumlardan imtina edək? Ona görə də bu məsələdə Türkiyənin üzərinə gedib, başqa məsələləri qabartmaq doğru deyil.

- Türkiyənin Ermənistanla NATO təlimində birgə iştirakı rəsmi İrəvanın üzünə bağladığı sərhədlər məsələsini yenidən gündəm edib. Zamanında qardaş ölkənin sərhədləri açmasının vacibliyi barədə fikirlər səsləndirirdiniz. Yenə də bu fikirdəsiniz?

- Bəli. Hesab edirəm ki, sərhədlər mütləq açılmalıdır. Türkiyə Cənubi Qafqazda tərəflərin hamısı ilə açıq münasibətdə olmalıdır. Bunun nəticəsində Ermənistanda Azərbaycana və bütövlükdə türk dünyasına olan düşmənçilik münasibəti zaman-zaman psixoloji cəhətdən aradan qaldırılmalıdır. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün daha aktiv fəaliyyətə keçilməlidir. Sərhədlər açılarsa, Azərbaycan buna sevinməlidir və düşünürəm ki, hətta bu məsələdə Türkiyəyə dəstək olmalıdır. Elə güman edirlər ki, sərhədlər açılan kimi Ermənistanda iqtisadi durum düzələcək. Sərhədlər açılmalı, inteqrasiya olunmalı və Ermənistanın Rusiyanın əlindən alınması prosesi sürətləndirilməlidir.

- Sərhədlərin açılmasının müsbət tərəflərini dediniz. Bəs ermənilərin əl-qolu açılmayacaqmı?

- Ermənistan hansı sahədə güclənə bilər? Ermənistanın Türkiyədən qazana biləcəyi heç nə yoxdur. Əksinə Türkiyənin içərilərinə inteqrasiya etməklə tarixən formalaşmış psixoloji düşüncələr dəyişəcək. Türkiyə vasitəsilə dünyaya açılandan sonra birdən-birə bunun təkcə Rusiya olmadığını, Rusiyaya sığınmağın əhəmiyyətsiz olduğunu görəcəklər.
 
- AzərbaycanRusiya prezidentləri günlər öncə Soçidə görüşdülər. Bu görüşün ölkəmiz üçün müsbət tərəfləri oldumu?

- O görüş barədə nə mən, nə siz, nə də heç kim heç nə deyə bilməz. Bağlı qapılar arxasında keçirilən və mətbuata detalları barədə məlumat verilməyən görüş oldu. Yalnız bir müddətdən sonra Rusiyanın Azərbaycana olan münasibəti bu görüş barədə bəzi təxminlər ortaya çıxara bilər, eləcə də, Azərbaycanın əks tərəfə olan münasibəti. Amma hələlik heç nə demək mümkün deyil.

- İyulun 20-də üç ölkənin vətəndaşı olan Aleksandr Lapşinə Azərbaycan məhkəməsi 3 il hökm oxudu. Sizcə ədalətli hökm oldu?

- Mən məhkəmənin yerinə olsaydım, əksinə Lapşini məhkəmədən azad edərdim. Lapşin məhkəmədəki ifadələrində göstərdi ki, Dağlıq Qarabağla bağlı ətraflı məlumata malik olmayıb. Onun bu ifadələrindən, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunun onun dilindən səslənən hissələrindən daha çox istifadə edə bilərdik, nəinki Lapşinin həbsindən. Azərbaycan tərəfi bir blogger kimi mövqelərinin dünyaya çatdırılmasında ondan daha çox istifadə edə bilərdi. Təəssüflər olsun, Azərbaycan tərəfi ona bu cəzanı verdi ki, növbəti alver predimeti yaratsın. Lapşin məhkəmə zalından azad olunmalı idi. Onu ekstradisiya etməklə Azərbaycan bu məsələni udmuş, onun üzərində məhkəmə qurmuşdu. Sübut etmişdi ki, Azərbaycan ərazilərinə Lapşin kimi gedən istənilən şəxs onu taleyini yaşaya bilər. Bundan sonra onu həbsdə saxlamağın heç bir əhəmiyyəti yoxdur.

- Lapşin vətəndaşı olduğu İsrailə ekstradisiya olunmaq üçün müraciət edib. Sizcə təhvil verilməlidir?

- Əgər iki ölkə arasında ekstradisiya haqqında qanunla bağlı ikitərəfli razılıq varsa, ekstradisiya normaldır və olacaq. Amma bundan divident qazanmaq çətin bir şeydir.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar