Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kreml düşünəcək ki, Bakıdan istədiyini əldə edə bilər”


Elxan Şahinoğlunun ilginc Rusiya yorumu


Bakı ilə Qərb arasındakı ixtilaflar fonunda Azərbaycan-Rusiya yaxınlaşması Moskvanın təsir dairəsinin getdikcə artacağı barədə ehtimalları çoxaldıb. Bir sıra müşahidəçilər hesab edir ki, Kremlin basqıları nəticəsində sonda Avrasiya İqtisadi Birliyinə qoşulmaq məcburiyyətində qalacaq. Yeri gəlmişkən, hətta erməni şahmatçı Harri Kasparov da Azərbaycanı gözləyən təhlükənin anonsunu verib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu ilə mövcud situasiyanı şərh etdik:

- Elxan bəy, son zamanlar cərəyan edən proseslər fonunda rəsmi Bakının balanslaşdırılmış xarici siyasətində hansısa dəyişikliyin baş verdiyini söyləmək mümkündürmü?

- Rəsmi Bakı necə illərdir həyata keçirdiyi balans siyasətinə korrektə edib. Balanslaşdırılmış siyasətin mahiyyəti bu idi ki, Azərbaycan Qərb və Rusiya ilə eyni məsafədə dayanır. AzərbaycanNATOAvropa Birliyinə üzvlük məqsədini qarşısına qoyur, nə də ki, Rusiyanın patronajlığı ilə təsis edilən Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə üzv olur. Hətta kimsə Azərbaycandan çox şey tələb etməsin deyə rəsmi Bakı ölkəni Qoşulmayanlar Hərəkatına üzv etdirmişdi.

- Bu təşkilata üzvlük Azərbaycanı hansısa qütbə daha çox yaxınlaşmadan sığortaladımı?

-Rəsmi Bakının  Qoşulmayanlar Hərəkatına üzvlük mesajını nə Qərb, nə də Rusiya qəbul etdi. Hər ikisi əvvəlkitək Azərbaycanı yanlarında görmək istəyir. Rəsmi Bakı 2013-cü ilin ortalarından başlayaraq balans siyasətini Rusiyanın xeyrinə dəyişib. Rusiyalı rəsmilər və yüksək rütbəli diplomatlar az qala hər həftə Bakıya gəlir, ikitərəfli əməkdaşlığı genişləndirmək üçün müxtəlif təkliflər verirlər.

- Sizcə, Rusiya Azərbaycanı nədən öz orbitinə çəkmək istəyir?

- Rusiya prezidenti Vladimir Putin Milanda Avropa liderləri ilə görüşdən sonra dedi ki, guya Qərbin sanksiyaları Rusiyaya zərrə qədər də təsir etmir. Halbuki, bu belə deyil. Ukrayna siyasətinə görə Rusiyanın iqtisadi vəziyyəti getdikcə ağırlaşır, rubl dəyərdən düşür, inflyasiya artır, ehtiyat fondunun ianələrinə ehtiyac yaranır. ABŞSəudiyyə Ərəbistanının planlı siyasəti nəticəsində neftin qiyməti sürətlə aşağı enir və bu hal Rusiyanın maliyyə itkilərinə yol açır. ABŞ vaxtilə məhz bu yolla SSRİ-ni zəiflətmişdi. Həm Qərbin sanksiyaları, həm də neftin qiymətlərinin aşağı enməsi Rusiyanı alternativ bazarlar axtarmağa məcbur edir. Həmin bazarları tapıb hərəkətə gətirmək isə vaxt tələb edir. Digər tərəfdən, Rusiya yaxın ətrafında ciddi intizam yaratmağa çalışır. Rusiya Krımı işğal edib, Donbası Kiyevin əleyhinə qaldırıb və bununla Ukraynanı Qərbə uduzub. Ona görə də Moskva digər yaxın qonşularını Qərbə uduzmaq istəmir. Bu məqsədlə Kreml Azərbaycanı öz orbitinə cəlb etmək istəyir. Rəsmi Bakı isə Kremlin təşəbbüslərinə tam müsbət cavab verməsə də, Rusiya ilə fəal dialoq içindədir və bu dialoqun intensivliyi Azərbaycan üçün müəyyən təhlükələri yaradır.  

- Fəal dialoq dedikdə, konkret nələri nəzərdə tutursunuz?

- Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin bu il ərzində Bakıya bir neçə səfər edib. Nəticədə rəsmi Bakı Rusiyadan daha çox silah və hərbi texnika alacağına dair vəd verib. Moskvanın meri Sergey Sobyanin Bakıya səfər edib və Azərbaycan hakimiyyəti Moskva bazarına daha çox meyvə və tərəvəz məhsulları çıxaracağına dair vəd verib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib. Nəticədə onunla 2015-ci ilin hərbi əməkdaşlıq planı imzalanıb. Bütün bunlardan sonra belə bir təsəvvür yaranır ki, Azərbaycanın Rusiyanın istəklərini yerinə yetirməsində problem yoxdur. Vladimir Putin 2013-cü ilin avqust ayında Bakıya gələndə Rusiyanın hərbi gəmiləri Bakıya gəldi. Rusiyanın müdafiə nazirinin Bakıya gəlişindən sonra Rusiyanın hərbi gəmiləri yenə Bakıya gəldilər. Moskva bu hərbi gəmiləri vasitəsilə sanki Azərbaycan cəmiyyətinə və siyasi dairələrinə mesaj verir ki, bölgənin əsl sahibi kimdir.

- Rusiyanın müdafiə nazirinin Bakıya səfərində məqsəd nə idi? Yeri gəlmişəkən, səfərin ardınca rus gəmiləri Bakı buxtasına “qonaq” gəldi...

- Sergey Şoyqu Putinin ən yaxın silahdaşıdır və aydındır ki, o bura Kremlin birbaşa tapşırığı ilə gəlmişdi. Necə ki, türk əleyhdarı Vladimir Jirinovski Kremlin tapşırığı ilə qəfil Azərbaycanı tərifləməyə başladı və Bakıya gəldi, eləcə də digərləri plan əsasında Bakıya səfər edir, danışıqların formatını müəyyənləşdirirlər. Qayıdaq Şoyqunun səfərinə. Rusiyanın müdafiə naziri iki mövzuyla Bakıya gəlmişdi. Birinci mövzu Azərbaycana İŞİD təhlükəsi ilə bağlı idi. Şoyqu Azərbaycan rəsmilərini inandırmağa çalışdı ki, guya Azərbaycan İŞİD terroru ilə üz-üzədir və bu halda Rusiya Azərbaycana hərtərəfli kömək edəcək. Əslində beynəlxalq terrora qarşı mübarizə məsələsində rəsmi Bakı bu günə qədər Moskva ilə deyil, Vaşinqton və Brüsellə əməkdaşlıq edib. Görünür, Kreml bu əməkdaşlıqdan narahatdır. Ona görə də Bakını beynəlxalq terrora qarşı mübarizə məsələlərində ABŞAvropa Birliyi ilə deyil, Rusiya əməkdaşlığa cəlb etmək istəyir. İkinci mövzu Xəzərdə hərbi əməkdaşlıq idi. Rusiya istəyir ki, rəsmi Bakı Xəzərin təhlükəsizliyi məsələlərində ABŞ-la deyil Rusiya ilə əməkdaşlıq etsin. Bu məqsədlə Kreml Bakıya birgə hərbi təlimlər və bigə hərbi planlaşdırma təklif edir. Bir neçə həftə əvvəl Xəzərin statusu ilə bağlı Rusiyanın Həştərxan şəhərində keçirilən zirvə toplantısında da Rusiya bu məsələni zondaj etdi. Həştərxanda qəbul olunan sənəddə Xəzərə aid olmayan ölkələrin hərbi varlığı qəbuledilməz sayıldı. Rəsmi Bakı bu sənədi qəbul etməklə Rusiyanın təşəbbüsü ilə razılaşdı və indi də Kreml Sergey Şoyqunu məhz ona görə Bakıya göndərib ki, Azərbaycanı daha çox Xəzərdəki planlarına cəlb etsin. Belə görünür ki, rəsmi Bakı həm beynəlxalq terrora qarşı mübarizədə, həm də Xəzərin qorunması məsələsində Rusiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

- ABŞ Azərbaycanın Rusiyanın istək və arzularını yerinə yetirməsini belə asanlıqla həzm edərmi?

- Həqiqətən rəsmi Bakının hazırkı siyasəti Vaşinqtonda narahatlıq doğurur. Təsadüfi deyil ki, Vaşinqton Həştərxanda imzalanan sənədə etiraz edərək Xəzərin qorunması məsələsində Azərbaycanla hərbi əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirdi. Bu Kremllə yanaşı Bakıya da mesaj idi. Mesajın mahiyyəti budur ki, Azərbaycan hakimiyyəti Xəzərin təhlükəsizliyi məsələsində Rusiyanın xeyrinə ABŞ-la əməkdaşlıqdan imtina etməsin. Çünki, bu illərdə ABŞ Xəzərin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycana hərbi katerlər, xüsusi radarlar və digər hərbi-texniki təhcizat verib və əməkdaşlığı davamında maraqlıdır. Əgər rəsmi Bakı Xəzərin təhlükəsizliyi məsələsində Kremlin planlarını qəbul etsə bu o demək olacaq ki, ABŞ Xəzər hövzəsindən sıxışdırılacaq. Bu ABŞ üçün ciddi zərbə olacaq. Çünki Xəzər sahili ölkələrdən ABŞ-ın yalnız Azərbaycanla dəniz sərhədinin qorunması məsələsində əməkdaşlığı mövcud idi.

- Azərbaycan hakimiyyəti həqiqətənmi Kremldən bu dərəcədə ehtiyat edir?

- Bəlkə də bəziləri bu məsələyə sadə yanaşar, ancaq rusiyalı müğənni Andrey Makarevicin Bakıdakı konsertinin ləğvi yaxşı hal deyildi. Makareviç Krımın işğalına görə Rusiya hakimiyyətini ən sərt tənqid edən rusiyalı mədəniyyət xadimidir. Bakıdakı konsert “Heydər Əliyev Sarayında başqa tədbir olduğu üçün Makarevicin konserti təxirə salınıb” arqumenti ilə ləğv olundu. Ancaq Makarevic facebook səhifəsində yazdı ki, ona deyiblər ki, Bakıdakı konserti onun Ukrayna hadisələrindəki tutduğu mövqeyə görə ləğv olunub. Makarevicə verilən bu cavab onu göstərir ki, rəsmi Bakı Kremli tənqid edənlərdən də çəkinir. Halbuki Azərbaycan  Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımı Ukrayna ərazisi sayır. Marakerviclə bağlı hadisə Bakının Moskvaya ünvanladığı səhv siqnaldır. Çünki, bu hadisədən sonra Kremldə düşünəcəklər ki, Bakı Rusiyadan ehtiyat edir və ona görə də Azərbaycanı daha çox sıxışdırmaqla Bakıdan istədiyini əldə edə bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar