Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Komandirlər o kitabları sobaya atıb, yandırırdılar” - Varis


Bu gün kitab mağazalarında ən çox satılan kitab müəlliflərinin sırasında onun da adı var


“Heç kim heç kimin kitabını oxumur” aksiomasının aktual olduğu dönəmdə insanlara kitab oxutdurmaq, onları kitab alıcısı etmək ciddi məsələdir

Yazıçı Varisi ədəbiyyat sahəsində qəbul edənlərlə yanaşı, onu “ciddi ədəbiyyat” yazmamaqda ittiham edənlər də var. Biz də onu musavat.com-un redaksiyasına dəvət edib, tənqidləri də, tərifləri də sorğuladıq. Və ortaya maraqlı açıqlamaların, fikirlərin toplandığı müsahibə çıxdı. 

- Varis bəy, öncə son günlərin hadisəsindən danışaq. Sizin uğurunuzdan... Moskva Ədəbiyyat Mükafatının laureatı olmanızdan...

- Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı, “Moskovskaya pravda” Media Holdinqi və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilmişdir. Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə, bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub ki, onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşmüş, final mərhələsinə vəsiqə qazanmışlar. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirib. Mən «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib oldum. Xatırladım ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxıb, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda «Sankt-Peterburq» kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimat mərasimləri keçirilib. Əlbəttə ki, Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi (təsəvvür edin ki, Boris Akunin, Mixail Jvanetski, Lev Anninski, Mixail Zadornov kimi dünyaşöhrətli yazarlar finala yüksəlsələr də, laureat adını qazana bilməyiblər) tanınmışlarla bir sırada təmsil olunmağımdan qürur duyuram. Özü də ikiqat sevinc hissi keçirirəm. Həm Lev Tolstoy, Fyodr Dostoyevski kimi ədəbiyyat nəhənglərinin vətənlərində təltif olunduğuma görə həm də mükafata layiq olan əsərin insan-cəmiyyət-təbiət arasındakı düyünlərin açılmasına cəhd edən süjet xəttindən Azərbaycanın, Qarabağ həqiqətlərinin mövzu olaraq keçdiyinə görə... 

 “Bizdə kim istəsə, nəşriyyata gedib, yazdığı cəfəngiyyatı çap etdirir, diletantlıq meydan sulayır” 

- Varis adı kitab mağazalarına tez-tez baş çəkən oxuculara, ədəbiyyat sahəsinin təmsilçilərinə yaxşı tanışdır. Ən çox oxunan, satılan kitabların müəllifi... Azərbaycanda kitab satmağın, kitab oxutmağın mümkünlüyünü təsdiq edən yerli yazarlardan biri... Necədir, kitablarınızın satış qrafiki?

- Hazırda dünyanın bir neçə ölkəsində kitablarım satılır, təbii ki, ən böyük çətinlik elə məhz Azərbaycandadır. Mən 2008-ci ildə ölkəmiz üçün fantastik görünən 10000 tirajla debüt etmişəm. Kitab satışı şəbəkəsi olmadığı üçün metroda, qəzet satışı köşklərində kitab satışını təmin etmişik. Növbəti illərdə də tirajım düşməyib. Amma 2013-cü ildən kitab bazarımız ardıcıl zərbələr aldı. Öncə metroda kitab satışı dayandırıldı, ardınca dövriyyəyə kitablarımın on minlərlə pirat nüsxələri daxil oldu. Metro kitab satışının 40 faizi demək idi. Bu faizdən məhrum oldum. Ardınca isə vəziyyət bir az da pisləşdi. Manatın devalvasiyaları, böhran insanların pul kisələrində kitaba ayrılacaq manatların sayını lap əskiltdi. Düzdür, “Hədəf” nəşrlərinin, “Ali və Nino” mağazalar şəbəkəsinin “Ən çox satılan” kitablar reytinqlərində yenə kitablarım ilk sıralardadır, amma indi ölkədə kitab bazarının vəziyyəti heç də ürəkaçan deyil.

- Vaxtilə “168 saat” qəzetində hər həftə "ardı var"la çap etdiyiniz serial xarakterli hekayələri roman halında oxuculara təqdim etdiz. Debütünüz bununla oldu. Sizi buna görə qınayanlar oldumu? Bunu ciddi ədəbiyyat hesab etməyənlərin düşüncəsinin əksinə olan arqumentiniz nə idi? Tanınmaq, kitabını satdırmaq üçün bu, uğurlu çıxış idimi, sizcə?

- Düz buyurursunuz, mən qəzetdə dərc edilən peroserial janrında olan “Sonuncu ölən ümidlərdir” povestinin bir qədər təkmilləşmiş roman variantı ilə debüt etdim. Kitab oxunmayan bir məmləkətdə insanların diqqətini kitaba cəlb etməyin yeganə yolunun uğurlu bir balletristik əsərlə olması mənim kəşfim deyil. “Kitab oxumağın vaxtı yetişdi!” devizi ilə on minlərlə insanı kitab mütaliəsinə dəvət etdik, ictimai nəqliyyatda, metroda, parklarda əllərində kitab olan insanlar görünməyə başladı. İzdihamlı görüşlər, imza günləri təşkil olundu. Təsadüfi deyil ki, Bakı Kitab Klubu “Sonuncu ölən ümidlərdir”i 10 minlik start tirajı və 5 sonrakı təkrar nəşri ilə müstəqillik tariximizdə ən çox satılan kitab elan etdi. Tənqidlər oldu, əlbəttə... Balletristik əsərimə görə məni qınadılar da... Amma mən "öncə oxucunun ardınca gedib, onu qazanıb sonradan oxucunu öz ardınca aparmaq" prinsipimin düzgün olduğunu sübut etdim. Növbəti dəfələrdə çoxminli oxucu kütləmi artıq “Yetmiş yeddinci gün”, “Metamorfoz” kimi ciddi ədəbiyyat nümunələri ilə başbaşa qoydum.

“Yazıçılıq bizdə ən yaxşı halda, peşə yox, bir hobbidir”  

- Yaxşı, bəs Azərbaycanda oxucu zövqünü kimlər korlayır?

- Azərbaycan dünyada fərqli kitab bazarına malik olan unikal bir məkandır. Savadından, peşəkar vərdişlərindən asılı olmayaraq, hər kəs borc-xərclə kitab çıxardır, sonra da bu kitabı əlini hülqumuna çəkərək, yalvar-yaxarla dost-tanışa sırıyır. Mən 3 sinif təhsili olan bir yerbelləyənin siyasi məqamlı kitab çıxartdırıb, onu mənzil istismar kontorları rəislərinə sırıdığını da görmüşəm, bir ağsaqqalın ailə avtomobilini satdıraraq şeir kitabı çıxarıb, orta məktəb şagirdlərinə zorla satdırmasının da şahidi olmuşam. Hər yerdə nəşriyyatlar yazıçıya kitab sifariş verir, kitabyazma, ədəbiyyat peşəkar sahə sayılır, bizdə isə kim istəsə nəşriyyata gedib, yazdığı cəfəngiyyatı çap etdirir, diletantlıq meydan sulayır. Məncə, özünü dahi hesab edən cəfəngiyyat yazandan çox, onu qeydsiz-şərtsiz, pul xatirinə çap eləyən naşirlərdir, oxucu zövqünü korlamaqda günahkarlar... Bu sayaq kitablar kütləvilik qazanmasa da, oxunulmasa da kitabı gözdən salmaq baxımından, dağıdıcı təsir göstərirlər.

- Siz kitabları çox satılan yazarsınız. Azərbaycanda yazıçılıqla dolanmaq, pul qazanmaq, yaşamaq mümkündürmü?

- Əvvəlki suallarda buna dolayı yolla cavab verdim, yox, mümkün deyil. Kitab satışı şəbəkəsi təsadüfi satış nöqtələri şəklindədir, insanların alıcılıq qabiliyyəti olduqca aşağıdır, himayədarlıq, qrant vermə təsisatları yoxdur. Yazıçılıqla dolanmaq necə mümkün ola bilər? Yazıçılıq bizdə ən yaxşı halda peşə yox, bir hobbidir.

“...Naşirlərdir, oxucu zövqünü korlamaqda günahkarlar”

- Sizi kimlər oxuyur, Varis bəy? Tələbə qızlar, serial izləməyi sevən evdar qadınlar, yaxud...? Oxucu kontingentinizin kimdən ibarət olması sizi narahat edirmi?

- Oxucu kontingentini bilməyən yazıçı meşədə xilas cığırını görməyən azmışa bənzəyir. Kiminçün yazdığını bilmədən, niyə yazdığının mahiyyətinə də vara bilməyəcəksən. Mən ilk kitablarımda aldığım oxucu rəylərini dərc etdirərək, oxucu auditoriyamı göstərirdim. Bu özündən müştəbehlik deyildi, oxucu coğrafiyasını çözmək üçün bir vasitə idi. Oxucularım arasında ən müxtəlif təbəqənin adamlarına rast gələrsiniz. Daha çox gənclər və tələbələrdir, əlbəttə... Pedaqoqlar, hərbçilər, dövlət qulluqçuları, səhiyyə və maliyyə sektorlarının nümayəndələri, media təmsilçiləri, vətəndaş cəmiyyəti fəalları, tanınmış mədəniyyət, idman xadimləri… Məsələn, mən şərəf duyuram ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov oxucum olub, “Bir ovuc torpaq” romanımdan təsirlənib. Mən fəxr edirəm ki, görkəmli yazıçımız Elçin Əfəndiyev zəng edib, “Metamorfoz” romanımın müsbət keyfiyyətlərindən danışıb. Mən qürurlanıram ki, rus tənqidçisi Tatyana Ştorm mənim “Sarı dəftərin əhvalatı” hekayəmdə böyük Çingiz Aytmatova xas hiss-emosiya çılğınlığı, zərif duygular seli hiss edib, məmnun olur. Mən fəxr edirəm ki, Şərqi Avropanın ən böyük prodüsser mərkəzinin rəhbəri Aleksandr Qritsenko “Yanvarın 13 günü” romanımı ədəbi nailiyyət hesab edir. Yazıçının ən böyük sərvəti onun oxucularıdır.

- Amma kitablarınızın yandırıldığı dönəm də olub... 

- (Gülür) Olub, amma siz düşündüyünüz səbəbdən yox... Mən ilk kitabımı çıxarandan sonra dərhal kitablarım sevildi, kütləvilik qazandı. Kitablarım tələbələr arasında əl-əl gəzirdi, siyahı tuturdular, hərəyə oxumağa bir gün vaxt verilirdi. Hərbi hissədə əsgərlər gecələr yatmayıb, kitabımı oxuyurdular, komandirlər bəzən bu kitabları sobaya atıb, yandırırdılar ki, əsgərlər yuxusuz qalmasınlar. Həbsxanada əldən-ələ keçən kitablarımızın vərəqləri üzülüb tökülürdü... 

- Siz kimi oxuyursuz? Müasir yazarlardan, klassiklərdən... Müasir ədəbiyyatda üslubunu, əsərlərini bəyəndiyiniz kimlər var? 

- Mən çox mütaliə edirəm. Favorit kitablar siyahısı mənimçün tez-tez dəyişir. Son illərdə ən çox bəyəndiyim əsərləri sadalaya bilərəm: Joze Saramoqa “Korluq”, Vasiliy Rozanov “Zəmanəmizin Apokalipsisi”, Meşa Selimoviç “Dərviş və ölüm”, Haruki Murakami “Norveç meşəsi”, Xalid Hüseyni “Çərpələng uçuran”, Orxan Pamuk “Beynimdəki qəribəliklər”, Corco Moyes “Səninlə görüşənədək”... Azərbaycan poeziyasını sevə-sevə oxuyuram. Cəlil Cavanşir, Aqşin Evrən imzalarını çox bəyənirəm.

- Yazıçılar Birliyində təmsil olunursuz. Amma sizi heç vaxt ədəbi cameədə gedən mübahisə və söz atışmalarında görməmişik. Siz də sözü ancaq bədii əsərdə istifadə edənlərdənsiz, ya bu mübahisələrdə tərəf, cəbhə tutmamaq taktikanız var?

- Mənə elə gəlir ki, yazıçı hansısa regionçuluqda, qruplaşmada olmamalıdır. Məncə yazıçı hansısa məmurun tərəfini yox, ədəbiyyatın tərəfini tutmalıdır.

- Siz eyni zamanda erməni yalanlarına qarşı ciddi təbliğat aparırsınız. Bu istiqamətdə gördüyünüz işlərdə nə kimi yeniliklər var? Son dəfə on minlərlə erməninin şikayəti ilə Rusiyada "Yaş əsgər çəkmələri" adlı əsərinizə qadağa qoyulduğu barədə xəbər yayılmışdı.

- Soyuq müharibədə ədəbiyyat böyük əhəmiyyət kəsb edir ki, mən də bundan maksimum yararlanmağa çalışıram. Bir neçə fakt gətirəcəyəm. Türk dilində kitabların yayıldığı çox böyük coğrafi ərazidə kifayət qədər populyarlıq qazanan, 1000 kitap.com portalının reytinqində 50000 adda bədii kitab nümunəsi arasında ötən ilin əvvəllərində 52-ci pilləyədək yüksələn, nüsxələri hətta Böyük Britaniyada yerləşən məşhur Birmingem Universiteti tərəfindən istənilən "Son məktub" romanımda Xocalıda qana boyanan bir sevgi tarixçəsi yer alıb. Amerikada psixoloji və fəlsəfi romanlar kateqoriyasından çıxaraq, ABŞ və Kanadada maraqla qarşılanan "Metamorfoz" romanımda Mübariz İbrahimovun meyitinin belə, əllərini bağlayan erməni əsgərlərinin qorxaqlığı diqqət önünə gətirilib. Rusiyada elektron kitab formatında əhatəli oxucu auditoriyası toplayan, hazırda böyük tirajla çapa hazırlanan "Əzilmiş fotoşəkillər" romanımda 1989-cu il Sumqayıt hadisələrinin erməni izlərinə toxunulur. Türk Dünyası Mədəniyyətinə Dəstək Fondunun sifarişi ilə Qırgızıstanda çapa hazırlanan "Bir ovuc torpaq" romanım isə bütünlüklə Qarabağ müharibəsindən bəhs edir. Əslində Qarabağ mövzusu hər bir əsərimin içindən keçir. Amma məhz siyasi müstəvi üçün hesablanmış əsərlərim də var. 1918-ci ildə ermənilərin Qubada türklərlə yanaşı, yəhüdiləri də qətliama məruz qoymaları barədəki "Xrizantema dəstəsi" adlı hekayəm Ümumdünya Dağ Yəhüdiləri Konqresinin internet səhifəsində tövsiyyə olunan ədəbiyyat statusu alıb. 2016-cı ildə 200 minə yaxın erməninin faşist ordusunun tərkibində vuruşaraq, ruslara güllə atması barədəki "Qar uçqunları" adlı hekayəm isə Rusiyanın məşhur Proza.ru ədəbiyyat portalında dərc edilərək, reytinq qazanıb. Bu əsərlər həm yəhudilərə, həm ruslara, həm də digər xalqlara ermənilərin tək türkün deyil, hamının düşməni olmasını təlqin edir. Bilirsiniz, hər bir yazıçı tanınmaq, məşhur olmaq, kitab satışından böyük gəlir əldə etmək istəyir. Amma bundan başqa, yazıçının öz xalqı qarşısında bir xalqa xidmət öhdəliyi də olmalıdır. O halda xoşbəxt olaram ki, bu öhdəliyi tam şəkildə yerinə yetirmiş olum.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar