Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“KİV haqqında” qanun sərtləşdirildi



Milli Məclisin “KİV haqqında” qanuna etdiyi dəyişikliklərə görə barəsində iki dəfə məhkəmə qərarı olan qəzetlər, xaricdən maliyyələşən media orqanları bağlanacaq; ekspertlər bu dəyişikliyi Azərbaycan mediasının buxovlanması kimi qiymətləndirir Mediaya qarşı bədnam qanun parlamentdə təsdiqləndi


Dekabrın 16-da parlament “KİV haqqında” Qanuna dəyişiklik edib.

 Yeniliyə görə, Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. İndiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.

Başqa bir yenilik xarici ölkənin fiziki və hüquqi şəxslərindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur. Qanuna “oxşar ad” termini əlavə edilib və mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan olunub. 
Oxşar ad termininin təsnifatı belədir: “Əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar”.

Arif Əliyev: “Hökumət informasiya seqmentini itirməkdən çəkinir”

Qanun layihəsini “Yeni Müsavat”a şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu cür mərhələli dəyişiklikləri mənasız hesab edir. Onun fikrincə, belə dəyişikliklərə ehtiyac yoxdur. A.Əliyevin sözlərinə görə, Azərbaycanda barəsində üç dəfədən artıq məhkəmə qərarı olan mətbu orqanlar var: “Onlarla haqq-hesab çəkmək praktikası ola bilər. Bu dəyişiklik mətbuata çəkindirici, xüsusi bir təzyiq vasitəsidir.
Söhbət fundamental deyil, qadağaları artırmaqla psixoloji təsir etməklə bağlı düzəlişlərdən gedir. Çox heyf ki, qanunda dəyişdirilməli olan müddəalar nəzərdən qaçır. Ancaq belə əhəmiyyətsiz işlərlə məşğul olurlar. Düşünmürəm ki, ciddi bir təsirə nail olunacaq. Sadəcə, mətbuata məhdudlaşdırıcı norma kimi qiymətləndiriləcək və söz azadlığının boğulması haqda çıxışları artıracaq".

A.Əliyev Azərbaycanda fəaliyyət göstərən və xaricdən maliyyələşən KİV-lərin bağlanma ehtimalına belə izah verdi: “Xaricdən maliyyələşən media orqanları dövlətlərarası müqavilə üzrə fəaliyyət göstərir. Burada qanunazidd və gizli maliyyələşən KİV-lər nəzərdə tutulur. Əslində çoxdan bu mübahisələr gedirdi. Ancaq belə bir praktika olmayıb. 
Xarici təsisçinin maliyyələşdirdiyi media ola bilər və bununla bağlı qanun əlavə izah tələb edir. Ancaq baxmaq lazımdır ki, hansısa media xaricdən Azərbaycana yayım edilirsə, bunu da xaricdən maliyyələşmə kimi qəbul edəcəklər, ya yox? 
Yəni gizli maliyyələşən xarici media haqda ciddi əsaslar olmalıdır. Aydındır ki, niyə xaricdən maliyyələşən media orqanları məsələsini tez-tez səsləndirirlər. Çünki hökumət informasiya seqmentini itirməkdən çəkinir. Bu məsələ elə-belə ortaya çıxmayıb və ideoloji məna kəsb edir".

Müsahibimiz ölkədə qanunazidd fəaliyyət göstərən və gizli maliyyələşən media qurumu tanımadığını dedi: “Mənim əlimdə belə bir fakt yoxdur və bunun üçün ciddi əsaslar olmalıdır. Çünki ciddi ittihamlardır”.



A.Əliyev “Meydan TV” informasiya portalının və “Azərbaycan saatı” verilişinin yeni qanunla ölkəmizdə yayımına qadağa qoyulmasını istisna etmir.
Zeynal Məmmədli: “Bu dəyişiklik medianın buxovlanmasına xidmət edəcək”
AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri Zeynal Məmmədli “Yeni Müsavat”a açıqlamasında deyib ki, qanuna dəyişiklik Azərbaycan mediasının buxovlanmasına xidmət edəcək. Onun sözlərinə görə, mətbuatda senzura dərinləşəcək. Z.Məmmədli hesab edir ki, qanunla məhdudiyyətlər qoyulması mediaya şans verilməməsi deməkdir: “Hökumət rəsmiləri bəyan edirlər ki, medianın peşəkarlığının artmasına çalışırlar. Ancaq qanunla məhdudiyyətlər artıq mediaya şans verməməkdir. Çünki Azərbaycan postsovet ölkəsidir və burada medianın rolunu məmurlar başa düşmürlər, münasibətlərdən qaçırlar, tənqidi medianı informasiya ilə təmin etmirlər. Jurnalistin bu halda məlumatı balanslaşdıra bilmədiyi üçün ilişdirmək asan olur. Ancaq bu, nəticədir, səbəb isə jurnalistə məlumat verilməməsidir”.

Büro rəhbəri deyir ki, bu məsələdə hökumətin üzərinə pay düşür, daha sonra cəza müəyyən oluna bilər: “Əgər bir mətbu orqana cəza verilirsə, əvvəla, məhkəmənin 2 və ya 3 qərarının olması elə böyük fərq etmir. Bununla medianın səhv etmək hüququnu məhdudlaşdırırlar. Jurnalistin səhv etmək hüququ anlayışı var. Ancaq sən bunu səhv etmə fikri ilə etmirsən. Sadəcə, daha böyük doğrunu üzə çıxarmaq üçün kiçik yalanı verirsən, onu da əlacsızlıqdan”. 

Qanunda xaricdən maliyyələşən KİV-lə bağlı müddəadan söz açan Z.Məmmədli məsələnin qeyri-müəyyən olduğunu bildirdi: “Bu dəyişikliyin nüansları aydın deyil və detalları öyrənmək lazımdır. Çünki Azərbaycanda xarici təsisçinin 25 və ya 30 faiz kapital qoymaq hüququ var. Bilmək lazımdır ki, bu dəyişikliyi nə dərəcədə beynəlxalq radio, televiziyaları qurumlarına aid etmək olar? Onların fəaliyyətinin məhdudlaşdırılması haqda detalların şərhi lazımdır. Azərbaycan Avropa Şurasının üzvüdür və sərbəst xəbərləşmə olmalıdır”. 
Mehman Əliyev: “Bütün KİV potensial olaraq bağlanmaya namizəddir”



"Meydan TV"yə danışan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə sənəddəki dəyişiklikləri konstitusiyaya və qanunvericiliyin məntiqinə zidd adlandırıb: “Bu qanuna əsaslansaq, Azərbaycanda bütün KİV potensial olaraq bağlanmaya namizəddir. Çünki əksər media orqanlarında qanun pozuntuları var, bura televiziya kanalları da, çap mətbuatı da aiddir”.

M.Əliyev Azərbaycanda müstəqil məhkəmənin olmadığını xatırladaraq bildirib ki, beynəlxalq təhqiqatlar da, Avropa Məhkəməsinin qərarları da bunu göstərir. Onun sözlərinə görə, Azərbaycan mətbuatında bir prinsip pozulur - o da həqiqətə xidmət prinsipi: “Qanunla televiziya və çap mediasının yalan danışması, yalan məlumat yayması qadağan olunur. Yalan danışmağın səbəbi odur ki, mediada plüralizm və balans təmin olunmur. Azərbaycan mediası kütləvi şəkildə ölkədə çaşqınlıq yaradır, düzgün informasiyalar vermirlər, kanallara və qəzetlərə baxın, dediklərimi görəcəksiniz. O zaman qəzetlər və televiziyalar qapanmalıdır? Axı qanundakı dəyişikliklərin məntiqi bunu tələb edir”.

M.Əliyev Milli Məclis qarşısında tələb və təkliflə çıxış edib: “Parlament komissiya yaratsın və aparıcı mütəxəssisləri cəlb etsinlər. Araşdırılsın görək, KİV müvafiq qanuna riayət edirmi? Fakt budur ki, media qanuna riayət etmir. Siz hansı televiziyada müxalifəti, yaxud tənqid olunan opponentlərin cavablarını görərsiniz? 

Yaxud ”Yeni Azərbaycan", “Səs”, “Azərbaycan” qəzetlərində plüralizm qorunur? Kim nə istəyir yazır. Bu, normaldırmı? Bir daha deyirəm, Azərbaycan KİV-lərində əsas pozuntu vətəndaşlara düzgün informasiya çatdırmamaqla bağlıdır, bu isə cəmiyyətdə çaşqınlıq yaradır və nəticədə doğru olmayan qərarlar çıxarılır". (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar