Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtidarın və mənim Hüseyn Abdullayev problemimiz yoxdur”



Fəzail Ağamalı: “Milli Məclis indi-indi səviyyəli institut kimi formalaşır”


Parlamentdə 2015-ci ilin büdcə müzakirələri üç günlük müzakirələrdən sonra başa çatdı və hökumətə sənədin yenidən hazırlanması üçün simvolik vaxt verildi. Ancaq daha çox diqqət çəkən bir məqam oldu ki, müzakirələrdə müəyyən istisnalar olmaqla əksər deputatlar daha çox ölçülü-biçili danışmağa üstünlük verdilər.

Bunun bir səbəbi də o ola bilər ki, hazırkı tərkib sonuncu dəfə büdcə müzakirələri üçün toplaşmışdı və olduqca həssas vaxtdır.

Hesab olunur ki, deputatlar növbəti çağırışda da mandat qazanmaq üçün hökumət üzvləri ilə münasibətlərə xələl gətirə biləcək hər hansı sərt ifadəyə yol vermək istəməyib. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə büdcə ilə bağlı söhbətimizdə ilk olaraq bu barədə soruşduq:

- Fəzail bəy, bəs, siz büdcə müzakirələrindəki çıxışınızda nə qədər korrekt olmağa çalışdınız? 

- Mən düşünürəm ki, bu, sizin o qədər də dəqiq olmayan, əslində çıxışlardan dolayı çıxarmış olduğunuz nəticələrin subyektiv yanaşması və daha çox da qəzetçilik baxımından, həmçinin, mənsub olduğunuz qəzetin müxalifət xarakterinə uyğun bir yanaşmadır. Çünki orada büdcə ilə bağlı bütün iradlar bildirildi. İstər parlamentin siyasi partiyalar bloku, istər müstəqil deputatlar tərəfindən. Hətta Siyavuş Novruzovun çıxışı və söylədiyi fikirlər kifayət qədər ciddi xarakter daşıyan notlarla zəngin idi. 

- Təbii ki, Siyavuş Novruzov budəfəki çıxışı ilə istisna təşkil edənlərdən oldu...

- Bu, o demək deyil ki, Siyavuş Novruzov siz dediyiniz kontekstdən özü üçün tam mənada arxayındır. Mənim buna qətiyyən şübhəm yoxdur. Siyavuş Novruzov hələ uzun illər boyu Azərbaycan siyasətində öz sözünü deyəcək, bu, birmənalıdır. Siyavuş Novruzov orda bir sıra həqiqətləri dilə gətirməklə həm də belə bir fikri ortalığa qoydu ki, bu gün YAP da iqtidarda olmasına baxmayaraq inkişafımızın yüksək tempini etiraf etməklə bərabər, mövcud nöqsanların üzərinə getməyi də bacarır. Şəxsən mən özüm əldə edilmiş uğurları söyləməklə bərabər həm də Azərbaycanın iqtisadi inkişafının hədəflərinin müəyyənləşdirilməsi ilə bağlı fikirlərimi ifadə etdim. Kənd təsərrüfatı ilə bağlı fikirlərimi dedim. Eyni zamanda seçildiyim rayonun problemləri ilə bağlı fikirlərimi ifadə etdim. 

Texniki peşə məktəbləri kimi ciddi əhəmiyyət kəsb edən sahənin inkişafı ilə bağlı danışdım. Yəni mən düşünmürəm ki, biz 2015-ci ili göz önünə alaraq daha çox ehtiyatlı çıxış etdik. Xeyr! Milli Məclis artıq indi-indi səviyyəli, elitar bir siyasi institut olaraq formalaşır və ordakı deputatlar hay-küydən, emosiyadan kənar, daha çox konstruktiv xarakterli, məhsuldar mahiyyətli çıxışlara üstünlük verirlər. Hətta İqbal Ağazadənin çıxışında da bu, öz əksini tapdı. Yəni emosiyadan daha çox təklif xarakterli fikirlər oldu. Onun da səsləndirdiyi təkliflər real təkliflər idi və deputatların əksəriyyəti tərəfindən müsbət qarşılandı. 

- Amma bu da var ki, vaxtilə bir sıra müxalifətçi deputatların səsləndirdiyi təkliflər hakim çoxluq tərəfindən qəbul olunmadığı kimi, bu gün YAP təmsilçiləri tərəfindən dilə gətirilən nöqsanlar da məmurlar tərəfindən qəbul olunmadı. Bu qəbulolunmazlıq bizi toplum olaraq hara aparır?

- O zaman deyim tərzi fərqli idi. Həmin müxalifət partiyalarının bəzi nümayəndələrinin vaxtilə Milli Məclisdə söylədiyi fikirlərlə Siyavuş Novruzovun söylədiyi fikirlərin deyim metodologiyasında, deyim formasında ciddi fərq var. Söhbət bundan gedir. 

Bəli, bu gün məmurlar çalışır ki, özlərinə haqq qazandırsınlar. Məsələn, mən özümdən deyim. Bu gün kommersiya banklarının Azərbaycan vətəndaşlarına verdiyi kreditlərin faizinin ailələrə gətirdiyi fəlakətlər göz önündədir. Bunun üçün təklif etdim ki, əgər Mərkəzi Bankın tövsiyələri konkret nəticə vermirsə, onda biz qanunvericilik baxımından sərt münasibəti ifadə edək və çalışaq ki, kommersiya banklarının qarşısı alınsın. Bəzi iqtisadçıların söylədiyi fikirlərə görə Azərbaycan əhalisinin 5 milyonu bu gün kreditlərin içərisində çırpınmaqdadır. Əgər Mərkəzi Bankda bu məsələyə adi bir şey kimi yanaşırlarsa, ört-basdır etməyə, ütüləməyə çalışırlarsa, bu, artıq sadəcə olaraq çox primitiv özünümüdafiə xarakteri daşıyır. 

O biri məmurların da, digər millət vəkillərinin, siz söylədiyiniz kimi, Siyavuş Novruzovun fikirlərini də səmimi etiraf edərək bu problemlərin aradan qaldırılmasının zəruriliyini demək əvəzinə, özlərinə haqq qazandırması əslində başadüşülən deyil. Mən açıq etiraf edim ki, bütün bu proseslərdə Samir Şərifov daha səmimi görünür, hadisələrin üzərinə getməkdən çəkinmir, deputatlarla daha çox polemikaya hazırdır. Çox təəssüf ki, bir çoxları belə deyil. 

- Sizcə, baş nazir deputatların rəyi ilə nə dərəcədə hesablaşır? Onu müzakirələrdə çox az gördük və mövqeyi də bəlli olmadı...

“Əgər Mərkəzi Bankda bu məsələyə adi bir şey kimi yanaşırlarsa, ört-basdır etməyə, ütüləməyə çalışırlarsa, bu, artıq sadəcə olaraq çox primitiv özünümüdafiə xarakteri daşıyır”


- Mən tam məsuliyyət və səmimiyyətlə deyirəm ki, ölkənin baş naziri cənab Artur Rəsizadə bütün hadisələrin içindədir və o, bütün ruhu ilə söylədiyimiz problemlərin aradan qaldırılmasında bizimlə həmrəydir. Burada ikinci fikir ola bilməz. Çünki mənim bir neçə dəfə deputatı olduğum regionla bağlı onunla keçirdiyim görüşlərdə verdiyim təkliflərə reaksiya, görüşün dərhal konkret nəticə verməsi məni belə fikir söyləməyə sövq edir. Bizim hökumət üzvləri bütün mənalarda Artur Rəsizadədən nümunə götürməlidir. 

- Bundan əvvəlki büdcə müzakirələrində də müəllimlər, həkimlərin maaşı, pensiya təminatı və s. bağlı təkliflər olub, amma problem həllini tapmayıb. Budəfəki təkliflərə isə hökumət üzvləri sanki 2015-lə bağlı ümidsizliklə fikir bildirdilər. Gələn illə bağlı narahatlığınız varmı?

- Mən deməzdim ki, bu, ümidsizlik idi. Sadəcə, son dərəcədə ehtiyatlı yanaşma var idi. Çünki dünyada gedən proseslər, xüsusi olaraq Azərbaycanın xeyli dərəcədə Rusiya ilə, onun iqtisadi həyatı ilə əlaqələri, bizim soydaşlarımızın Rusiyada çalışmaları, ordan ölkəmizə gələn maliyyə vəsaiti, Azərbaycanın kənd təsərrüfatının xeyli dərəcədə Rusiya bazarından asılı olması, Azərbaycanın tikinti, xidmət, ərzaq məhsullarının Rusiya bazarı ilə bağlılığı kimi məsələlər, təbii ki, bizim real həyatımıza öz təsirini göstərəcək. Kimsə deyirsə ki, bu, mümkün deyil, o, kifayət qədər səhv edir. Digər tərəfdən Rusiyanın düşdüyü indiki vəziyyət və getdikcə bu vəziyyətin ağırlaşması bütün region ölkələrinə, Azərbaycana da təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Rusiya dünyanın neft və qaz istehsal edən ən varlı ölkələrindən biridir və bu gün dünya güclərinin vacib hədəflərindən biri neftin və qazın qiymətlərinin aşağı salınmasına yönəlib, bunun özünün də Azərbaycanın iqtisadiyyatına təsiri qaçılmazdır. Bu baxımdan mən söylədiyiniz fikirləri daha dəqiq ifadə etmək istərdim. Bu da yaranmış situasiyada son dərəcədə ehtiyatlı münasibət və gedən proseslər haqqında proqnozun verilməsində ehtiyatlılığın nümayişidir. 

- Parlament qaydalara əsasən, hökumətə büdcəni yenidən hazırlamaq üçün vaxt verdi. 10 gündən sonra parlamentə qayıdacaq büdcə zərfində hansı ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

- Mən düşünmürəm ki, 10 gün ərzində büdcə layihəsində ciddi fundamental dəyişikliklər olacaq. Bu, olası da deyil. Çünki büdcə layihəsi kifayət qədər mükəmməl bir sənəddir və bunun ciddi xarakterli dəyişikliklərə ehtiyacı yoxdur. Lakin bununla bərabər deputatların söylədiyi fikirlər də var idi. Bu fikirlərdə həlli zəruri olan məsələlərdən də kifayət qədər bəhs olunmuşdu. Bunların hansının büdcə layihəsində nəzərə alınacağını zaman göstərəcək. Lakin bir ənənə var. Bu ənənə də ondan ibarətdir ki, millət vəkillərinin söylədiyi fikirlər komitələr, yaxud plenar toplantı səviyyəsində müzakirələrdə hökumət tərəfindən mümkün qədər nəzərə alınır. Mən ümidvaram və güman edirəm ki, söylədiyimiz bir sıra təkliflər büdcənin yekun sənədində nəzərə alınacaq və onun təkmilləşməsində öz ifadəsini tapacaq. 

Biz bir şeyi unutmalı deyilik ki, iqtisadiyyatımızın davamlı və dinamik inkişafını qoruyub-saxlaya bilirksə, növbəti illərdə də Azərbaycanı bu kataklizmlərdən qoruya biliriksə və Azərbaycan şimaldan, cənubdan tam blokadaya alınmış, iqtisadi sanksiyaların hökm sürdüyü ölkələrin əhatəsindədirsə, düşmən Ermənistanla və iqtisadiyyatı zəif olan Gürcüstanla əhatə olunubsa, belə bir durumda Azərbaycan öz iqtisadiyyatını böhranlardan qoruya bilirsə, 20 milyardlıq büdcənin sahibi olaraq büdcəni növbəti ildə reallaşdıra bilirsə, bu, unikal bir Azərbaycan modelidir. Bu modelin dayanıqlı olması təqdirəlayiqdir. Bu model hər bir Azərbaycan vətəndaşının həyatında özünün ifadəsini tapırsa, biz birmənalı olaraq ölkə prezidentinə, onun müdrik siyasətinə minnətdar olmalıyıq.

- Söhbətin əvvəlindəki suala qayıdıram, siz özünüzü 2015-ci il parlament seçkilərində iştiraka hazırlıqlı bilirsinizmi? Son vaxtlar ardıcıl məlumatlar yayılır ki, tərkib ciddi şəkildə dəyişəcək deyə...  

- Dəyişiklik, əlbəttə ki, olmalıdır. Cəmiyyət inkişaf etdikcə bütün sahələrdə olduğu kimi Milli Məclisin tərkibi də dəyişilməlidir. Bu, təbiidir, qaçılmazdır və buna çox normal yanaşmaq lazımdır. Mənim özümə gəldikdə, sağlıq olsun, qarşıdan gələn parlament seçkilərinə bir daha qatılmaq niyyətindəyəm. Hər şey sağlığın başında və Tanrının verdiyi qismətin içərisindədir. 

- Vaxtilə aranızda məlum insident yaşanan sabiq həmkarınız Hüseyn Abdullayevə məxsus obyektin dağıdılmasını siz necə qarşıladınız? 

- Tam səmimiyyətlə deyirəm, hansı obyektdən söhbət getdiyindən xəbərim yoxdur. Onu kim dağıdıb? Dağıtmaq bugünkü Azərbaycan reallığına uyğun gəlmir. Ola bilsin ki, onu ləğv edə, yaxud hansısa bir şəkildə nə iləsə əvəz edə bilərlər. Ya da Bakının Baş Planına uyğun olaraq söküntüyə məruz qala bilər. Ancaq dağıtmaq ifadəsini qəbul etmirəm. Düşünmürəm ki, bu, ancaq Hüseyn Abdullayevə məxsus olduğuna görə ləğv olunub. Onlarla obyekt, müəssisə ümumdövlət planlarına, məqsədlərinə uyğun olaraq sökülür, yenisi ilə əvəz olunur və lazım gələrsə, onun kompensasiyası verilir. 

Bu gün Bakı yeniləşmə içərisindədir və bu mənada çox binalar, obyektlər sökülür. Bir neçə ildən sonra Fəzail Ağamalının yaşadığı ictimai bina da söküntüyə məruz qalırsa, bu, o demək deyil ki, Fəzail Ağamalıya qarşı təzyiq, onun evdən məhrum edilməsidir. Bu cür başa düşmək lazım deyil və belə yanaşmanın özü də çox qeyri-obyektivdir. Yəqin, o obyekt hansısa məqsəd üçün lazım olub, sökülüb. Əgər o, qanuni şəkildə kiminsə adına, ünvanına olan tikintidirsə, yəqin dövlət onun birmənalı olaraq kompensasiyasını ödəyəcək, mənim buna qətiyyən şübhəm yoxdur. Hüseyn Abdullayevin bu gün Azərbaycanda xüsusi problemi yoxdur. İqtidarın da, dövlətin də, mənim də Hüseyn Abdullayev problemimiz yoxdur, hadisədir, oldu, bitdi, qurtardı, tarixə çevrildi, tirajlamağa, yeniləməyə də ehtiyac yoxdur. Ona görə də baş verən bu cür adi epizodik məsələlərin siyasiləşməsi, ictimailəşməsini, buna xüsusi vurğu ilə yanaşılaraq gündəmə gətirilməsini düzgün saymıram... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar