Xəzər Teyyublu: "Hər hansısa qanunsuzluq yoxdur. Sadəcə 18 və 19 saylı Nərimanov seçki dairəsinin bəzi ərazilərində təşviqat materialların yapışdırılması üçün stendlər quraşdırılmayıb"
Bildiyimiz kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliyini irəli sürən şəxslərin təbliğat-təşviqat işlərinə start verilib. Bununla bağlı, PİA.AZ əməkdaşının Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini, Nərimanov bələdiyyəsinə namizəd Xəzər Teyyubluyla olan söhbətini oxucularımızın diqqətinə təqdim edirik:
- Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun olduğunu düşünürsünüzmü?
- Hal hazırda Azərbaycandakı seçki mühitinə görə belə düşünmək yerində olmaz. Ona görə ki, "Seçki məsələsi" seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün problem olaraq qalır. Azərbaycanda seçkilərin beynəlxalq standarta uyğun olması üçün "Seçki məsələsi"ndə ciddi islahatlar həyata keçirilməlidir. Ölkədə siyasi durğunluq davam etdiyindən ümumiyyətlə seçki işi bərbad vəziyyətdədir. Bu vaxta qədər hakimiyyətin apardığı seçki siyasəti nəticəsində belə bir bərbad vəziyyət yaranıb və insanlarımız seçkidə öz iradələrinin qalib gələbiləcəyinə inanmırlar. Ölkədə zaman-zaman seçkilər keçirilir, vətəndaşlar öz iradəsini seçki nəticəsindən görməyəndə ruhdan düşürlər. Düşünürlər ki, seçki keçirmək boş məsələdir. Siyasi hakimiyyətin iradəsi hansı namizəd üzərində durursa, o adamda protokollaşdırılır. Seçki görüntü xarakterində həyata keçirilir. Bu baxımdan bu gün üçün demək olmaz ki, ölkədə keçirilən seçkilərimiz beynəlxalq standartlara uyğundur.
- Bir namizəd kimi bələdiyyə seçkiləri prossesində bu günə qədər hansısa qanunsuzluqlarla üzləşmisiniz?
- Hər hansısa qanunsuzluq yoxdur. Sadəcə 18 və 19 saylı Nərimanov seçki dairəsinin bəzi ərazilərində təşviqat materialların yapışdırılması üçün stendlər quraşdırılmayıb. Təşviqat materiallarının yerləşdirilməsi üçün yerlərin daha çox olması vacibdir. Çünki namizəd yalnız seçki məntəqələri ərazisində quraşdırılan stendlərdən istifadə edə bilir. Məncə bu çatışmamazlıqları aradan qaldırmaq lazımdır.
- Bütün namizədlərə bərabər şərait yaradılırmı?
- Seçicilərlə görüş üçün nəzərdə tutulan görüş yerləri bütün namizədlər üçün eynidir. Elə bir ciddi maneəçilik yoxdur. Hələki şikayətimiz yoxdur. 23 dekabrda keçirilən seçkilər zamanı namizəd üçün bərabər şərait yaradılmalıdır. Seçki günü hər hansısa ciddi saxtakarlıq baş verərsə, biz onu aktlaşdırıb şikayətimizi edəcəyik.
Pərvin Bəhramoğlu: "Seçicilər bələdiyyənin səlahiyyət və funksiyalarından çox az məlumatlıdırlar"
Həmçinin Xəzər Teyyublunun bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Pərvin Bəhramoğlu əməkdaşımıza seçkiyə hazırlıq prosesi ilə bağlı özmüşahidələrini açıqladı.
Bələdiyyə seçkiləri kampanyasının təbliğat-təşviqat mərhələsinə necə hazırlaşırsız?
- Bildiyiniz kimi, bizim ərazi 18, 19 və 20-ci seçki dairələrini əhatə edir. Təxminən 76 məntəqə var. Demək olar ki, namizəd üçün ayrılmış yerlərə namizədin posteri vurulub. Lakin bəzi ərazilərdə bu lövhələr ya əlverişsiz yerə qoyulub, ya da yaxşı vəziyyətdə deyil. Bəzi dairələrdə isə ümumiyyətlə lövhə qoyulmayıb. YAP və bizim namizədlərdən xaric, heç bir namizədin posterinə rast gəlmədik. Posterlərin cırılması hallarına da rast gəldik.
Ümumilikdə bu mərhələni uğurla bitirdik. İndi isə müşahidəçilərimizin yerləşdirilməsi prosesi gedir. 30-dan çox məntəqəyə artıq müşahidəçi təyin etmişik və bu proses davam edir. Müşahidəçilərimizin əksəriyyəti könüllü gənclərdir. Seçicilərlə fərdi söhbətlərimiz olur. Sabahdan isə bukletlərimizin paylanmasına start verəcəyik. Bu mərhələdə maraqlı kampaniya və fləşmoblarımız olacaq.
- Qeyd etdiniz ki, namizədlərin posterləri cırılır. Bu cür hərəkətlərə səbəb nədir sizcə? Rəqabətmi, yoxsa nə?
- Əslində bizim posterlərdən hələ ki bir neçəsində bu halla rastlaşmışıq. Səbəb kimi deyə bilərəm ki, lövhələrə biganəlik yaxşı nəzarətin olmamasıdır. Eyni zamanda bəzi lövhələr yaxşı yerləşdirilməyib. Buna görə də ola bilsin ki, uşaq da cıra bilər. Eyni zamanda vətəndaşların biganəlik və etinasızlığını da səbəb kimi göstərmək olar. Ümumilikdə isə insanların ya bələdiyyə sisteminə olan güvəni azdır, ya da bələdiyyənin səlahiyyət və funksiyalarından çox az məlumatlıdırlar. Bununla yanaşı, gözləntiləri də çoxdur. Bizim məqsədimiz insanların güvənini artırmaqdır. Yerli özünü idarəetmə orqanı olan bələdiyyənin önəmini insanlara çatdırmağa çalışırıq. Bu ilki bələdiyyə seçkilərində öz fərqli yanaşmamız ilə insanların seçki prosesində aktiv iştirakına səbəb olacağımıza inanırıq.
Gülşən ŞƏRİF
pia.az