Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hərbi əməliyyat keçirib 2-3 rayonu azad etsək, ermənilərin danışıq tonu tam dəyişər”


İsgəndər Həmidov: “Torpaqlarımızın azadlığı uğrunda hərəkətə keçməliyik”


Adətən, aprel ayında sabiq daxili işlər naziri, istiqlalçı deputat İsgəndər Həmidovla söhbətlərimiz olub. 

Bu ay bir tərəfdən Kəlbəcərin işğalına görə İsgəndər bəylə söhbəti zəruri edibsə, digər tərəfdən doğum günü (10 aprel 1948-ci il) aprelə təsadüf etdiyindən onu həmsöhbət olaraq seçmişik. Ənənəmizə sadiq qalaraq yenə də onu aradıq. Ancaq ömür-gün yoldaşı dəyərli Rəna xanımın dünyasını dəyişməsi səbəbindən İsgəndər Həmidovla ad günü söhbətinə yer olmadığını bildiyimizdən bu mövzudan yan keçdik. “Mənimçün çox çətindir” deyən İsgəndər bəy əlavə etdi ki, doğum günündə Rəna xanımın məzarı başında onunla baş-başa qalmaq, dərdləşmək niyyətindədir... Beləliklə, Allahdan İsgəndər bəyə səbr, ömür yoldaşına rəhmət arzulayıb Vətən, torpaq mövzusundan danışdıq.

- İsgəndər bəy, bilirəm ki, Kəlbəcərdən danışmaq sizə çox çətindir. Özünüz də yəqin diqqət edirsiniz, düşmən ölkə heç cür geri çəkilmək niyyətində deyil, “qan-qan” deyir. Siz vəziyyətlə bağlı nə düşünürsünüz, Kəlbəcərin xilas yolu nədr?

- 1993-cü ildəki itkilərimizin işçində ən ağrılısı Kəlbəcərdir. Görün neçə illər keçib, ermənilər artıq Kəlbəcərdə abadlıq işləri aparır, sanatoriyaları işə salıblar, arıçılığı, maldarlığı inkişaf etdirirlər. Üstəlik, ermənilər orda ölən hərbçiləri üçün xiyaban salıblar, hətta 3-4 “milli qəhrəmanları”nı orda dəfn ediblər. Bu, onu göstərir ki, ermənilər Kəlbəcəri danışıqlarla qaytarası deyillər, yeganə yol hərb yoludur. Kəlbəcər, Qarabağ tək kəlbəcərlilərin dərdi deyil, bütün Azərbaycanın dərdidir. Biz özümüzdə təpər tapmalıyıq. Hakimiyyət özündə cəsarət tapıb hərbi yolla işğal altındakı torpaqlarımızı azad etməlidir. Toparlanaq, bir gün bir rayonu da azad edib sevinc tədbiri keçirək! Allah bizə təpər, cəsarət, niyyət versin ki, torpaqlarımızı azad edək!

- Əslində burada fərqli münasibət yoxdur. Ölkə başçısı da aprel müharibəsi ilə əlaqədar hərbçilərlə keçirdiyi görüşdə torpaqların azadlığının alternativinin olmadığını bir daha ifadə etdi. Deməli, Qarabağ məsələsində iqtidar-müxalifət münasibəti eynidir, razılaşırsınızmı?

- Dövlət başçısı ilə bizim aramızda fərq ondan ibarətdir ki, biz deyirik, amma dövlət başçısı bunu etməlidir. Mən müxalifət düşərgəsi ilə söhbətdən belə başa düşmüşəm ki, hamı deyir siyasi ambisiyaları bir kənara qoyuruq, siyasi fəaliyyəti dayandırırıq, ağlı olan ağlı, qələmə olan qələmi, əli silah tutan silahı ilə döyüşlərdə iştirak etməyə, kömək etməyə hazırdır. Yetər ki, dövlət başçısı qərarını versin. Sözsüz ki, dövlət başçısının aprel döyüşlərinin iştirakçıları ilə görüşü təqdirəlayiqdir. Mən istərdim ki, tək aprel döyüşlərinin iştirakçıları ilə yox, bütün Qarabağ qaziləri ilə tez-tez görüşsün, onlara verilən yüksək dəyər gənc nəslin də vətənpərvər yetişməsində mühüm rol oynayacaq. Necə ki, rəhmətlik Mübariz İbrahimovun şücaəti böyük bir nümunədir, məktəbdir. Mən də belə addımları alqışlayıram. Ancaq bizim iqtidar generalitetə də ciddi diqqət yetirməlidir, zəif yerləri də müəyyənləşdirib tədbirlər görməlidir. Xüsusilə də aprel döyüşlərindən sonra bu sahəyə daha çox diqqət yetirilməlidir. Aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlığını ortaya qoydu. Amma çatışmazlıqlar da aradan qaldırılmalıdır ki, növbəti döyüşlərdə daha böyük qələbələr əldə etməyimizə maneələr olmasın. Mənə elə gəlir ki, bu dəqiqə ordumuzun vəziyyəti çox-çox yaxşıdır. Zakir Həsənovun təyinatından sonra yeməkdən, təmizlikdən tutmuş hərbi təlimlərə, döyüş qabiliyyətinə qədər hər şey yüksək səviyyədədir. Orduda ciddi inkişaf var. Ancaq şəhidi dəfn edəndən, onun 40-nı verəndən sonra şəhid ailəsini unutmaq olmaz. Dövlət başçısının bu işləri tapşırdığı adamlar bilməlidir ki, şəhid ailələrini unutmaq olmaz!

“Hamı bilir ki, Ermənistanı qudurdub üstümüzə salan Rusiya imperiyasıdır”

- Sadəcə, başımızın üstündə asılmış “Domokl qılıncı” var-ermənilərin himayəçiləri. Yəqin siz də bu amili nəzərə alırsınız. Kəlbəcərin işğalında da Rusiya amili həlledici olub. Elə aprel döyüşlərini də Moskva dayandırdı. Bu mənada torpaqlarımızın azad olunması prosesində şimal qonşumuzdan Azərbaycana hansısa zərbə dəyə bilərmi? Ən azı son illərin Gürcüstan və Ukrayna nümunələri var...

- Ermənilər sözsüz ki, Rusiyanın himayəsi altındadır. Cənubi Qafqazda ermənilər həmişə Rusiyanın yaxın müttəfiqi olublar. Həmçinin onlardan Türkiyəyə, NATO-ya qarşı istifadə olunması faktdır. Aprel döyüşlərindən sonra hamı Putinin, Lavrovun gəlişindən danışdı. Amma müdafiə naziri Şoyqunun gəlişi arxa plana keçdi. Hansı ki, ilk öncə o, bura gəldi. Hamı bilir ki, Ermənistanı qudurdub Azərbaycanın üstünə salan Rusiya imperiyasıdır. Rusiyanın prosesdə oynadığı rol birmənalıdır. Ancaq biz BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini əlimizdə bayraq tutmalıyıq. Söhbət Dağlıq Qarabağın yox, Qarabağ ərazisindən gedir. Dağlıq Qarabağ ətrafındakı 7 rayonumuz işğal altındadır. 3-4 rayonu azad etsək vəziyyət dəyişəcək. Mən də başa düşürəm ki, axıra qədər hərbi əməliyyatların keçirilməsinə imkan verməyəcəklər. Heç olmasa, 2-3 rayonun azad olunmasından sonra ermənilərin danışıq predmeti dəyişəcək. Görürsünüz, indi ermənilər heç danışığa da gəlmək istəmirlər.

- Elə bu günlərdə Ermənistan XİN “aprel müharibəsi göstərdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” iddiası ilə çıxış etdi. Bundan sonra danışıqlara da yer qalmır, elə deyilmi?

 - Tamamilə doğrudur. Ermənilər artıq danışığa gəlmək istəmirlər. Amma biz hərbi əməliyyat keçirib 2-3 rayonu azad etsək, ermənilərin danışıq tonu tam dəyişər. Ona görə də hər bir şeyi kənara qoyub, özümüzdə cəsarət tapıb bu qərarı verməliyik. Hamımız başa düşürük ki, müharibə qan-qadadır, övladın atasını, ata-ananın övladını itirməsi, ailənin başsız qalmasıdır. Amma bütün bu hissələri içimizdə boğub addım atmalıyıq.

- Aprel müharibəsinin təkrarlanacağı barədə ehtimallar çox səslənir. Üstəlik də düşmən ölkədə seçki gərginliyinin yaşanması şəraitində Azərbaycanın əlinə fürsət düşdüyünü deyənlər var. Siz də o qənaətdəsinizmi ki, Ermənistan 90-cı illərin Azərbaycanını xatırladır?

- Bəli, bu dəqiqə ermənilərin başı özlərinə qarışıb. Tamamilə doğrudur, 90-cı illərdə ermənilər bizim ölkənin daxilində baş verənlərdən istifadə etdilər. Özü də Ermənistan hakimiyyətində Dağlıq Qarabağ erməniləridir. Onların hakimiyyətdən getməsi üçün böyük təpki var. Qarabağ klanının da istinad etdiyi, söykəndiyi qüvvələr Dağlıq Qarabağda yerləşdirilən qüvvələrdir. Biz də bu fürsətdən istifadə etməliyik.

- Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlişi Azərbaycan üçün faydaalıdır? Məsələn, Ter-Petrosyanın hakimiyyətə yenidən qayıdışı nə vəd edir?

- Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onların milli məsələlərlə bağlı fikirləri birdir. Ter-Petrosyan sülhdən danışır, amma Xocalı, Şuşa, Laçın, digər ərazilər onun vaxtında işğal olunmadımı? Onlar həmişə riyakar olublar, bu cür mövqelər riyakarlıqdan irəli gəlir. Qərbin dəstəyini almaqdan ötrü sülhdən danışır. Amma real addıma gələndə Dağlıq Qarabağda onların mövqeyi dəyişməyəcək, hamısının mövqeyi eyni olacaq. Ona görə də Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, biz özümüz torpaqlarımızın azadlığı uğrunda hərəkətə keçməliyik. Kanadada, Alyaskada, Livanda yaşayan erməninin Qarabağla bağlı fikri birdir. Onlar Dağlıq Qarabağı heç cür Azərbaycanın tərkibində görmək istəmirlər. Odur ki, biz ərazi bütövlüyü prinsipi ilə hərəkətə keçməliyik.

- İsgəndər bəy, düşmən ölkə vaxtaşırı bizi “İsgəndər” raketləri ilə hədələyir. Azərbaycana qarşı bu silahdan istifadə edə bilərlərmi?

- “İsgəndər” raketləri ballistik raketlərdir, kontinental raketlərdir. Onlar bununla xof yaradırlar. Onun Azərbaycana atılma faizi sıfırdır. Ermənistan nə o raketləri istifadə edə, nə də ata bilər. Bunun hamısı vahimə yaratmaq üçündür. Sözsüz ki, onlarda silah var, rusun verdikləridir, SS-400, SS-500 ola bilər. Amma onlara “İsgəndər” raketini verməzlər də. Hətta Kalininqradda Rusiya bu raketləri yerləşdirdi, bütün dünya etiraz etdi. O raketlər 8-10 min km-i vura bilir, özü də nüvə silahı daşıyıcısıdır. Ermənilərdə belə raket yoxdur, sadəcə yalan danışırlar.

- Böyük savaş başlayacağı halda Naxçıvandan İrəvanın hədəfə alına biləcəyi də ehtimal olunur. Bu, nə dərəcədə real görünür?

- Əslində burada qeyri-adi heç nə yoxdur. Heç arada elə böyük məsafə də yoxdur ki, istisna edək. Amma inanmıram ki, Ermənistan ağlasığmaz hərəkətə əl ata bilər. Ermənistan özü də anlayır ki, biz Ermənistan əraziləri uğrunda müharibə etmirik. Müharibə başlasa, Qarabağ, Dağlıq Qarabağ uğrunda gedəcək. Aprel döyüşlərində bir daha sübut olundu ki, ermənilər tərəfdə Suriyadan, Livandan gələn muzdlular döyüşür, hətta onların meyitlərini götürməkdən imtina etmişdilər. Ermənistan cəsarət tapıb Azərbaycana müharibə edə və ya Naxçıvanı vura bilməz. O vaxt Qarabəkir Paşa Naxçıvandan çıxmadı, ancaq o zaman imzalanmış müqaviləyə bir əlavə edildi ki, Naxçıvana müdaxilə olarsa, Türkiyə Naxçıvanın tərəfində çıxış edə, ora qoşun yeridə bilər. Ona görə də ermənilər buna cəsarət etməz.

- Kəlbəcərin işğal günü yəqin ki, Kəlbəcər girovlarını necə xilas etmək barədə də düşünürsünüz...

- Allah qapılarını açsın, tezliklə ailəsinə qovuşdursun! Dilqəmlə Şahvazın məsələsi sanki unudulub. Bir ürəkaçan məsələ var ki, “Qaçqınkom”un sədri Əli Həsənov bu işlə məşğuldur, onların ailəsinə də köməklik göstərir. Amma ümumilikdə sanki bu iş unudulub. Bunlar da qəhrəmandır. 7 dəfə düşmən arasında gedib-qayıdan adamlar əlbəttə ki, qəhrəmandır. Ona görə də onların haqqında danışanda mənim ürəyim ağrıyır. Dilqəm kimi, Şahbaz kimi dağ boyda oğullar əriyiblər. Görün onların başına nə oyunlar açılır. Qızıl Xaç Cəmiyyəti gedib ermənilərin yanında bunlarla danışır, belə vəziyyətdə Dilqəmlə Şahbaz nə deyəcək? Mən bir dəfə də sizə demişdim, onları xilas etməyin yolu 3-4 dənə ağır çəkili ermənini gətirib onları dəyişməkdir. Adama çox pis təsir edir ki, niyə biz həmişə onlardan nə isə xahiş etməliyik, qoy onlar da bir dəfə bizdən xahiş etsinlər.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevin vaxtilə sərbəst gedib-gəldiyi məxfi yollarla düşmənin işinə keçib uğurlu əməliyyatlar keçirmək imkanını əldən verdiyimizə görə təəssüflənmirsiniz ki?

- Yadındadırsa, vaxtilə bununla bağlı da demişdim. Söz vermişdim ki, 200 nəfərlə Kəlbəcəri götürməyə hazırıq, arxadan kömək gələrsə... Bax, onda o yollar bağlanmamışdı. Onda hələ onlar orda postları möhkəmlətməmişdilər, insanlar az idi. İndi ermənilər İrəvanla Kəlbəcərin arasında avtoban salıblar. İndi Kəlbəcəri tamamilə əhatə ediblər, başa düşüblər ki, bu hadisə ola bilər. O vaxt Allahın altında bir partizan dəstəsi yaradaydılar, biz də gedib düşmən arxasında işimizi görəydik. O vaxt elə mən sizin qəzetdə müraciət etmişdim. Amma əfsuslar olsun ki, biz dediyimiz havada qalır, qulaq asan olmur. Belə çıxır ki, guya biz yalandan deyirik, ya təhlükəli adamıq. Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi yoxdur. Vahid Azərbaycan xalqı, onun torapaqları azad etmək cəsaqrəti, qətiyyəti var.

- İsgəndər bəy, keçmiş istiqlalçı deputatlardan biri Vahid Əhmədova “Şöhrət” ordeni verildi. İstiqlalçı deputat kimi bu xəbəri necə qarşıladınız?

- Məndən soruşursunuzsa, elə bu orden verilənlərdən əl layiqlisi elə Vahid Əhmədovdur. Həm istiqlalçı deputat, həm öz söz-söhbəti olan adamdır, həm obyektiv mövqe sahibidir, hərəkətində bir ardıcıllıq var, həm də yaxşı iqtisadçıdır. O, hətta "İstiqlal" ordeninə layiqdir. Mən sizin qəzetiniz vasitəsilə onu təbrik edirəm, uzun ömür, can sağlığı arzulayıram.

- Növbəti il sizin yubileyinizdir, könlünüz istərdimi dövlət tərəfindən təltif olunasınız?

- Mən hesab edirəm ki, təkcə İsgəndər Həmidova yox, istiqlalçı deputatların hamısına “İstiqlal” ordeni verilməlidir. Onların çox hissəsi dünyasını dəyişib, bu, onların ruhu qarşısında da yaxşı iş olar...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar