Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər kəs hətta yaxın gələcəyinə görə narahatdır”


PİA.AZ bildirir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı ölkəmizdə, regionda gedən proseslər, siyasi qüvvələrin seçkilərə hazırlığı, Müsavat Partiyasındakı proseslər və digər aktual məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb


- 2015-ci ilin birinci rübü yekunlaşdı. İlin ilk üç ayını ölkə, siyasi qüvvələr üçün necə dəyərləndirmək mümkündür? Nəzərə alsaq ki, hər keçən ay parlament seçkilərini yaxınlaşdırır, bu baxımdan siyasi partiyaların ilin ilk üç ayındakı fəaliyyətini səmərəli saymaq olarmı?

- 2015-ci ilin ilk üç ayında bir sıra ciddi təbəddülatlar baş verdi. Azərbaycan üçün əhəmiyyətli olan əsas hadisələrdən biri neftin qiymətinin ucuzlaşmaqda davam etməsi oldu. Eyni zamanda manatın devalvasiyası Azərbaycan cəmiyyətinin həyatına ciddi təsir göstərdi və təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də baş verən ciddi iqtisadi dəyişikliklər ilk növbədə əhalinin aztəminatlı hissəsinə zərbə vurdu. Bu aylar ərzində ölkədə siyasi münasibətlərin yaxşılaşdırılması, siyasi qarşıdurmanın aradan qaldırılması istiqamətində müxtəlif çağırışlar olsa da, xüsusilə Novruz bayramı ərəfəsində verilən əfv fərmanı ilə bu çağırışların əslində formal, görüntü xarakteri daşıdığı bir daha üzə çıxdı, hər hansı bir irəliləyişlər baş vermədi, siyasi məhbusların sayı azalmadı. İqtidarın bəzi partiyalarla müzakirələr prosesi iflasa uğradı. Ölkədə hər hansı demokratik dəyişikliklər həyata keçirilmədi. Ancaq bu müddət ərzində cəmiyyətin hakimiyyətin siyasətinə qarşı narazılığı daha da artdı. İstər toplumda baş verən təbəddülatlar, keçirilən mitinq, eyni zamanda siyasi partiyaların, ictimai birliklərin, ayrı-ayrı təşkilatların Azərbaycan hakimiyyətinin apardığı ümumi siyasətdən, həmçinin iqtisadi siyasətdən narazılığının artdığını təsdiq etdi.

Bu aylar ərzində Müsavat Partiyasında təşkilatlanma prosesi davam edib. Müsavat Partiyası öz strukturlarının formalaşması və qurultaydan sonrakı dövrdə yaranmış və süni surətdə şişirdilərək təqdim edilmiş fəsadların aradan qaldırılması istiqamətində ciddi addımlar atdı. Daxili və xarici əlaqələrin inkişafı istiqamətində ciddi işlər görülür. Seçkilərə hazırlıqla bağlı fəaliyyətimiz bu aylar ərzində intensivləşib. Ölkənin bütün ərazisində zona müşavirələri keçirildi, rayon təşkilatları strukturları ilə əlaqələr, bütövlükdə struktur fəaliyyəti yaxşılaşdı. Bu üç ay ərzində bütün imkanlardan istifadə olunduğu qənaətində deyiləm. Xüsusilə qlobal istiqamətdə baş verən hadisələr heç də ürəkaçan olmadı.

 Azərbaycan daxilində gərginlik artdı, iqtisadi vəziyyət pisləşdi. Azərbaycanın yaxınlığında olan Yaxın Şərq bölgəsində münasibətlər daha da kəskinləşdi, qanlı hadisələr davam etdi, perspektivi qaranlıq olan yeni münaqişə ocaqları yarandı. 2015-ci ilin birinci rübünü bütövlükdə dünyada, həm Azərbaycanın daxil olduğu regionda, həm də Azərbaycan daxilində hansısa uğurlar dövrü hesab etmək olmaz.

- İlin ilk üç ayını parlament seçkilərinə hazırlıq dövrünün tərkib hissəsi, start hissə saysaq, necə hesab etmək olar? Ölkədə, cəmiyyətdə parlament seçkiləri ilini xarakterizə edən vəziyyət müşahidə olunurmu? Sizə elə gəlmir ki, 2014-cü il bələdiyyə seçkiləri dövrünü xatırladan sükut bu il də yaşanmaqdadır?

“Hər kəs hətta yaxın gələcəyinə görə narahatdır”

- Azərbaycan cəmiyyətində seçkilər vasitəsilə hakimiyyət dəyişikliyinin olacağına və ya siyasi qüvvələr nisbətinin həlledici şəkildə dəyişməsinə olan inama sarsıdıcı zərbə vurulub. Hakimiyyət hər seçki kampaniyasında bu prosesi daha çox nəzarət altın almaqla, seçkiləri formal bir prosesə çevirməklə, cəmiyyətin seçkilərə olan inamını xeyli dərəcədə azaldıb. Ancaq mən builki seçkiləri keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisə etməyin tərəfdarı deyiləm. Çünki bələdiyyə seçkilərinə maraq bir neçə səbəbdən parlament seçkilərinə olan maraqdan daha azdır. Azərbaycanda normal yerli özünüidarə etmə sistemi, ümumiyyətlə, mövcud deyil, Azərbaycanda bələdiyyələr əslində faktiki olaraq formal xarakter daşıyır. Çünki yerli özünü idarəetmə funksiyalarını təyin olunan icra hakimiyyəti strukturları həyata keçirir. Son dövrlərdə bələdiyyələrin ciddi maliyyə büdcəsinin olmaması, bundan əvvəlki dövrlərdən fərqli olaraq torpaqların satılması prosesinin başa çatması bələdiyyələrin səlahiyyətinin daha da azalmasına və bələdiyyələrə olan marağın faktiki olaraq aradan qalxmasına gətirib. Eyni zamanda bələdiyyə seçkilərində siyasi partiyaların iştirak etməməsi, beynəlxalq müşahidəçilərin belə seçkilərə qatılmaması da bu seçkiləri tamamilə formal, maraqsız bir prosesə çevirib. 

Parlament seçkiləri bir qədər fərqlidir. Bu seçkilərdə maraqlı olan qüvvələr həddən artıq çoxdur. Bir çox siyasi partiyalar, siyasi xadimlər, ziyalılar, ictimai birliklər bu seçkilərdə iştirak edir. Parlament seçkilərində çox yəqin ki, beynəlxalq müşahidəçilər də iştirak edəcək. Bütün bunlar bu seçkilər prosesinin bələdiyyə seçkiləri prosesindən əsaslı surətdə fərqli olacağını təsdiq edir. İlin əvvəlindən ölkədə müəyyən siyasi fəallıq görünməkdədir. Düşünürəm ki, yaxın aylarda cəmiyyətdə siyasi fəallıq artacaq.

- Azərbaycanın yaxınlığında gedən proseslərə də toxundunuz. Seçkilərə beynəlxalq diqqət əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyədə ola bilərmi? Azərbaycana Avropa Birliyindən, Qərbdən son vaxtlar demokratiya məsələsi ilə bağlı çağırışlar çoxalıb. Bu vəziyyət parlament seçkilərinə diqqəti artıra və seçkiyə münasibətə təsir göstərə bilərmi?

- Bu, bütövlükdə dünyada, o cümlədən regionda gedən proseslərin bundan sonrakı inkişafından asılı olacaq. Neftin qiymətinin sürətlə aşağı endiyi bir zamanda Yəməndə gedən proseslər və Yəmən iqtidarının inqilab yolu ilə kənarlaşdırılması neftin qiymətinin sabitləşməsinə, hətta bir qədər artmasına səbəb oldu. Bu baxımdan dünyada cərəyan edən proseslərin yaxın aylarda nə cür olacağını indiki dövrdə proqnozlaşdırmaq asan deyil. Ancaq heç şübhəsiz ki, həm Rusiyada, həm Ukraynada, həm də Yaxın Şərqdə baş verən hadisələr, bu hadisələrin neftin qiymətinə olan təsiri, bu hadisələrin nəticəsində dünya birliyinin Azərbaycandakı proseslərə olan maraqlarının istiqaməti seçkilər dövründə Azərbaycana olan münasibətin müəyyənləşməsində mühüm rol oynayacaq. Şübhəsiz, proseslər əgər Rusiya hakimiyyətinin zəifləməsi istiqamətində gedəcəksə, bu, Azərbaycanda demokratik proseslərin inkişafına müsbət təsir göstərəcək. Beynəlxalq birliyin keçiriləcək parlament seçkilərinə diqqəti artacaq. Ancaq seçkilərin nəticələri, Azərbaycanda gedən siyasi proseslər yalnız beynəlxalq hadisələrdən, dünyada və regionda gedən proseslərdən deyil, ilk növbədə və daha çox, cəmiyyətin öz gələcəyinə münasibətindən, dəyişiklik uğrunda mübarizəsinin miqyasından asılı olacaq. 

Cəmiyyətin mütləq əksəriyyəti bugünkü vəziyyətdən, Azərbaycan hakimiyyətinin cəmiyyətin mənafelərini nəzərə almayan daxili və xarici siyasətindən narazıdır. Azərbaycanda nəinki əhalinin aztəminatlı hissəsi, hətta orta təbəqə, xırda və orta biznes nümayəndələri, Azərbaycanda bugünkü hakimiyyətin dayağı kimi görünən təhsil sistemi işçiləri, həkimlər, məmurlar hakimiyyətin apardığı siyasətdən ciddi surətdə narazıdırlar. Bu vəziyyətin və hakimiyyətin dəyişilməsi istəyindədirlər. Lakin təəssüf ki, Azərbaycan cəmiyyətində belə qlobal dəyişikliklərin seçkilər yolu ilə baş verəcəyinə inam azdır və ya və ya tamamilə yoxdur. Şübhə yox ki, ölkədə hansısa pozitiv siyasi təbəddülatlar baş versə, siyasi təşkilatlar, ictimai birliklər, ziyalılar cəmiyyəti öz arxasınca apararaq ölkənin gələcək inkişafı üçün mübarizəyə səfərbər edə bilsələr çox ciddi siyasi dəyişikliklərin olması və parlament seçkilərindən sonra ölkədə siyasi status-kvonun ciddi surətdə demokratik düşərgənin, cəmiyyətin xeyrinə dəyişməsi mümkündür.

- Rusiya ilə Qərbin maraqlarının toqquşma meydanına Azərbaycanın da çevrilə biləcəyi barədə son vaxtlar mediada proqnoz və şərhlər yer almaqdadır. Deyilənlərin reallaşması baş verərsə, bu, ölkəyə nə vəd edir? Son illərdə ərəb ölkələrində, Ukraynada baş verən inqilablar və inqilablardan sonra həmin ölkələrdə yaşanan hadisələr Azərbaycan hökumətinin əlinə təbliğat üçün əsas verib. Cəmiyyətdə təbliğat aparılır ki, inqilablar baş verən ölkələr sonradan fəlakətlər yaşayır, cəmiyyət də sanki bu təbliğatı yeyə bilir. Doğrudanmı yaşanan problemlər inqilablardan doğur?

- Dünya güc mərkəzlərinin maraqlarının Azərbaycanda toqquşmasının əleyhinəyik. Belə toqquşmanın ön xəttinin Azərbaycandan keçməsi Azərbaycanın maraqlarına uyğun deyil. Biz qanlı toqquşmalardan yayınaraq ciddi dəyişikliklərə nail olmalıyıq. Azərbaycan cəmiyyəti toqquşmalarsız inqilabi dəyişikliklərə nail olmaq qüdrətindədir. Cəmiyyətimiz bunun üçün kifayət qədər inkişaf səviyyəsindədir. Həlledici dəyişikliklər isə qaçılmazdır. Çünki ciddi maddi gəlirlərin olmasına baxmayaraq xalqımızın böyük bir qismi yoxsulluq içərisində yaşamaq məcburiyyətindədir. Əhalinin müəyyən təminatı olan hissəsi də təhlükəsizlik hiss etmir, hətta milyonları olanlar da qısa müddətdə müflis olmaqdan, azadlıqdan məhrum edilməkdən sığortalanmayıb. Yəni Azərbaycan cəmiyyəti həm siyasi, həm sosial-iqtisadi, həm əmlak toxunulmazlığı baxımından güvənli ölkə deyil. Hər kəs hətta yaxın gələcəyinə görə narahatdır. Azərbaycan cəmiyyətini ərəb ölkələri cəmiyyətləri ilə, İraqla, Əfqanıstanla, Suriya ilə müqayisə etmək mümkün deyil. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər inkişaf yolu keçmiş cəmiyyətdir. Azərbaycan cəmiyyətini öz inkişaf səviyyəsinə görə təxminən Gürcüstan cəmiyyəti ilə müqayisə etmək olar. Bizim inkişaf modelimiz ərəb dövlətlərinə yox, Gürcüstan, Şərqi Avropa dövlətlərinə uyğun ola bilər.

- Gürcüstandan söz düşmüşkən, bugünlərdə orada səfərdə oldunuz və həmin vaxtlarda da Gürcüstanda müəyyən gərgin proseslər yaşandı. Gürcüstanda yenidən inqilabın baş verməsi, Rusiyanın Gürcüstanı ələ keçirməsi gözləniləndrmi?

- Gürcüstan cəmiyyəti artıq kifayət qədər inkişaf etmiş, oturuşmuş, demokratik ənənələri mənimsəmiş cəmiyyətdir. Gürcüstanda dövlətin demokratik strukturlarını yaradılıb, real hakimiyyət bölgüsü həyata keçirilib, azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi ənənələr mövcuddur. Bu baxımdan Gürcüstanda mənfiyə doğru hansısa böyük, qlobal dəyişikliklərin olması gözlənilmir. Rusiyanın Gürcüstanı ələ keçirmək imkanları yoxdur. Çünki Gürcüstan cəmiyyətinin mütləq əksəriyyəti Rusiyanın Gürcüstana imperiya ambisiyaları ilə yanaşdığının fərqindədir. Gürcüstan cəmiyyəti artıq demokratik cəmiyyətdir. Əhalinin əksəriyyəti Rusiya təəbəliyini qəbul etmirsə, hətta rusiyameylli hakimiyyət qurulsa belə, bunu cəmiyyətə qəbul etdirmək qeyri-mümkündür. Mən Gürcüstanın gələcəyinə nikbin baxıram.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar