Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç nəyim yoxdur, quru yurddayam”


PİA.AZ Azərbaycan Xalq Cəbhəsi Partiyasından qalmaqallı şəkildə ayrılan və AXCP adına iddia edən Razi Nurullayevin Lent.az-a müsahibəsini təqdim edir


– Razi bəy, ixtisasınız nədir?
 
– 1992-97-ci illərdə Bakı Dövlət Universitetinin ingilis, fransız dilləri fakültəsində təhsil almışam.
 
– Bəs siyasətə necə gəldiniz? Elə tələbəlik illərində, yoxsa?
 
– Hə, universitet illərində siyasətlə məşğul olmağa başladım. Ülvi Bünyadzadə adına bir cəmiyyət yaratmışdıq. O, bəlkə də Azərbaycanda ən fəal cəmiyyətlərdən biri idi. Əsasən, vətənpərvərlik mövzusunda siyasi proseslərə qatılırdıq. O zaman bütün dost-tanışlarım Azərbaycan Xalq Cəbhəsində idilər. Amma onlarla çox yaxından təmas qura bilmirdim, çünki tələbə ola-ola həm də işləyirdim.
 
– Harda işləyirdiniz ki?
 
– Xarici şirkətlərdə tərcüməçi, bəzən də menecer kimi.
 
– İndi siz neçə dil bilirsiniz?  
 
– Rus, ingilis, fransız... Mən ingilis dilində təhsil almışam.
 
– Dediniz, Azərbaycan Xalq Cəbhəsində dost-tanışlarınız çox idi. Söhbət Elçibəyin ətrafından gedir?
 
– Bəli. Əbülfəz Elçibəyin yaratdığı “Bütöv Azərbaycan Birliyi”nin Gənclər Təşkilatı vardı, bu təşkilatla əlaqəm olub. O vaxt da təbii ki, qruplaşmalar mövcud idi: Elçibəyin və Əli Kərimlinin tərəfdarları. Mən Elçibəyin tərəfdarları ilə bir yerdə idim. Sonralar isə tale elə gətirdi ki, Əli Kərimli ilə də bir qədər yol getməli olduq.
 
– Maraqlıdır, yerindən duran Elçibəylə dostluğundan danışır. Doğrudanmı, Elçibəy hamı ilə dostluq edirdi və doğrudanmı, dostları ona xəyanət edirdi?
 
– Düzü, mən həmin vaxtı hakimiyyətdə təmsil olunmamışam. Sonrakı proseslərdə də yaxından iştirakçı olmamışam. Mənim cəbhəni tanımağım 2000-ci illərdən başlayır. Amma Əbülfəz bəyin fəaliyyətini izləyirdim və hər zaman görürdüm ki, onun öz partiyasında ona qarşı mənfi istiqamətdə fəaliyyət aparırlar. Çalışırdılar, Elçibəy nüfuzdan düşsün.
 
– Niyə, səbəb nə idi?
 
– Qısqanclıq. Yadımdadır, Elçibəy hara gedirdisə, yanında yüzlərlə adam olurdu, hamısı qışqırırdı ki, Elçibəy, Elçibəy... Mən ona qarşı qısqanclıqları duyurdum, görürdüm.
 
Xəyanətə gəldikdə isə... Səhv etmirəmsə, Əbülfəz Elçibəy özü də bir neçə dəfə deyib ki, sizin namizəd olmaq imkanlarınız hələ qabaqdadır, amma mənim son şansımdır, imkan verin namizəd olum. Amma bu şansı 1998-ci ildə Əbülfəz bəyə tanımadılar.
 
– Razi bəy, sizin partiyanın məqsədi, məramı nədən ibarətdir? Nə istəyirsiniz?
 
– Hər bir partiyanın ali məqsədi hakimiyyətə gəlməkdir.
 
– Siz də hakimiyyətə gəlmək istəyirsiniz, elə?
 
– Bəli.
 
– Özünüzdə bu gücü hiss edirsinizmi?
 
– Bunun üçün daha güclü partiya olmaq lazımdır, güclü proqram gərəkdir. Biz bu məsələnin proqram tərəfini həll etmişik, müəyyən təşkilatlanmanı da yerinə yetirmişik. Və təşkilatlanmanı daha da gücləndirmək, üzvlərin sayını artırmaq, məqbul bir məqamda isə hakimiyyət mübarizəsini daha tutarlı dəlillərlə ortaya qoymağı düşünür, sonunda hakimiyyətə gəlmək istəyirik. Təbii ki, 2018-ci il hədəflərimiz var. Əlimizdən gələni edəcəyik.
 
– Sizcə, nəyəsə nail olacaqsınızmı?
 
– Nəyə nail olub-olmayacağımız isə Allahın əlindədir, Allah bilən məsləhətdir. Amma hər bir seçkidə kifayət qədər fəal bir qüvvə kimi ortada olacağıq.
 
Əli Kərimli ilə əvvəl bir yerdə olmusunuz, sonra aranız dəyib, ayrılmısınız. Bu barədə sözünüzü bir dəfə dediniz qurtardı. Bəs deyilmi?
 
– Əslində, mənim və təmsil etdiyim partiyanın gündəmində Əli Kərimli və tərəfdarları yoxdur. Amma mən onları unuduram, onlar özlərini unudulmağa qoymur: mənə və tərəfdarlarıma qarşı hər gün təhqirlər, söyüşlər və s. Çünki onların ən yaxşı bacardığı iş budur. Bunun təkcə mən demirəm, bütün siyasi partiyalar o fikirdədir ki, Azərbaycan siyasətinə söyüşü, təhqiri Əli Kərimli gətirməsə də, onun ən yüksək inkişaf səviyyəsinə məhz o çatdırıb. Mənim Əli Kərimli problemim yoxdur, onun da Razi Nurullayev problemi olmamalıdır.
 
Mənim ona qarşı əsas etirazım konkret olaraq eyni bir şəxsin dalbadal partiya sədrliyində olması idi. Axı sən 1988-ci ildən siyasətdəsən, nəticən də yoxdur. Ümumiyyətlə, mən o fikirdəyəm ki, ənənəvi müxalifət öz kreslosundən çəkilməli, yeni insanlara yer verilməlidir.
 
– Danışığınızdan hiss olunur ki, partiya quruculuğu haqqında dolğun təsəvvürünüz var. Maraqlıdır, sədri olduğunuz partiya öz arzu və istəklərinizə uyğun fəaliyyət göstərirmi? Yəni deyə bilərsinizmi, əsl partiya sizin partiya kimi olmalıdır?
 
– Mən düşünürəm ki, biz burda o modeli yaratmışıq və yaratdığımız modellə bağlı mənim narahatlığım yoxdur.
 
– Model deyəndə nəyi nəzərdə tutursunuz?
 
– Dözümlülük. Yəni təkbaşına liderlik yox, komanda ilə işləmək. Biz buna nail olmuşuq. Burda Razi Nurullayevin ətrafında şəxsiyyətə pərəstiş yaradılmayıb. Partiya üzvləri partiya sədrinə səmimiyyət görməlidir, ayrı-seçkilik yox. Partiya sədri bir nəfəri irəli çəkib, o birisini geri itələyə bilməz. Partiya sədri bu və ya digər üzvü ilə küncdə-bucaqda pıçıldaşa bilməz. Partiya sədri iclas gedə-gedə kiminsə qulağına söz deyə bilməz.
 
– Nə üçün partiyanızın fəaliyyəti o qədər də geniş deyil? Mitinq-filan...
 
– Hələ ki, insanlarda siyasətə maraq azdır. Fəal deyillər. O cəhətdən üzvlük bazasını normal şəkildə qura bilmirik. Burada Ədliyyə Nazirliyinin vermədiyi qərar da var. Partiyamız havadadır, yəni qeydiyyatsızdır. Əli KərimliAXCP adına iddia etdiyinə görə bir çox insanlar bundan çəkinərək partiyaya gəlmir.
 
– Sədrlik müddətiniz başa çatandan sonra sakitcə çıxıb gedəcəksiniz?
 
– Biz 2015-ci ilin oktyabrında böyük bir qurultay keçirdik. Və orda əsas məsələni – partiyanın nizamnaməsi həll etdik. Orada sədrin iki dəfədən artıq seçilməmə müddəasını qoyduq. Artıq rəhbərlik etdiyim AXCP-nin nizamnaməsinin tələbidir ki, mən iki dəfədən artıq seçilə bilmərəm.
 
– Ola bilərmi, iki dəfə seçiləndən sonra üzvləri yığıb nizamnaməyə dəyişiklik edəsiniz, sədrlik müddətini uzadasınız?
 
– Yox, mənim belə bir fikrim yoxdur.
 
– Bəs partiyanızın maliyyə məsələlərini necə həll edirsiniz?
 
Azərbaycanda siyasi partiyalar necə fəaliyyət göstərir? Kimdənsə nəsə xahiş edir. Hansısa dost nəsə kömək edir. Və biz ən çox könüllülük üzərində fəaliyyət göstəririk. Müəyyən dostların verdiyi çox kiçik bir məbləğlə isə partiyanın daxili xərclərini, çap, kompüter və başqa bu kimi məsələləri həll etməyə çalışırıq.
 
Əslində, bizim partiyanın maddi vəziyyəti çox ağır durumdadır. Mənim otağıma baxın, partiyanın yerləşdiyi qərargaha baxın, üç otaqdan ibarətdir. Böyük resurslarımız da yoxdur. Partiyanı bu gündən sabah güclə çıxarırıq. Var gücümlə maliyyə qaynaqlarını həll etməyə çalışıram. Amma çox çətindir. AXCP adını eşidən hər bir kəs uzaq qaçır. Heç kim müxalifətə kömək etmək istəmir.
 
– Ofisi icarəyə götürmüsünüz?
 
– Təbii ki...
 
– Niyə belə bir təəssürat formalaşıb ki, guya ciddi mənbələrdən sizin fəaliyyətinizə dəstək verilir?
 
– Bizim qurultayımızı keçirmək üçün nə qədər çətinliyimiz oldu. Bir rayonda da olsun, doğru-dürüst iclas keçirə bilmədik. Bakının şadlıq salonlarında bir-iki iclas ancaq keçirə bildik. Bəs bizə kömək eləyən ciddi qüvvələr varsa, bu dediklərimi niyə eləyə bilmədik? İkincisi, bizi niyə qeydiyyata almırlar, niyə havada saxlayırlar? Bizə kömək edirlərsə, hanı bizim özümüz üçün yaratdığımız şərait, ofislərimiz, imkanlarımız, rayon şöbələrimiz? Axı bizim oturduğumuz bu ofisdən başqa heç nəyimiz yoxdur.
 
– Sizcə, partiyanın qəzeti və ayrıca saytı fəaliyyət göstərir deyə insanlarda şübhə yarana bilməzmi?
 
– O zaman eyni sualı da mən verirəm. Bəs “Azadlıq” qəzeti nə ilə fəaliyyət göstərirdi? Əli Kərimlinin dəstək verdiyi onlarla saytlar var, onlar necə işləyir? Onun tərəfdarlarının xarici səfərləri nə ilə maliyyələşdirilir? Bir mitinqin ən azı 40 min xərci olur. Haradan alırlar? Əli Kərimli camaatı hansı pulla avtobuslara yığıb mitinqə gətirir? İmkanlarımızı müqayisə etsəniz, görərsiniz ki, Əli Kərimli ən bahalı maşın sürür, mən isə “Moskviç”. Mənim nəyim var? Təyyarəm var, yoxsa bahalı maşınlarım? Gündə xaricə istirahətə gedirəm, gündə bir kostyum geyinirəm, yoxsa üzvlərimin hərəsinə bir ev alıb bağışlamışam? Əksinə, mənim bu partiyaya gəlməmişdən qabaq yaşayışım daha gözəl idi. Çünki bir çox firmaların konsultantı işləyirdim. Analitik yazılarla bağlı xaricdən mənə sifarişlər gəlirdi. İndi heç nəyim yoxdur, quru yurddayam.
 
– Razi bəy, qrantlara münasibətiniz necədir, qrant almaq pis şeydirmi?
 
– Əksinə, qrant almaq çox gözəl bir şeydir. Amerikanın prezidentlərinin hamısı vəzifədən gedəndən sonra qrant alırlar, qrantla fəaliyyət göstərirlər.
 
– Bəs niyə Azərbaycanda qrant almaqla vətəni satmaq təxminən, eyniləşdirilir?
 
– Əslində, bunun əsasları var. Bu gün xarici donorlar müxalifətə bu və ya digər şəkildə kömək edir. Məsələn, “Azadlıq” qəzetinə kömək edilirdi. İnsanlar məni günahlandırır ki, guya hardansa maliyyələşirəm. Amma həmin adamların özləri İvandan, Petrodan maliyyələşib Azərbaycanı söyür. Özləri xarici donorların pulu ilə yaşayır. Kim Azərbaycanı daha çox söyür, daha çox da pul alır. Onda deyim ki, sizin də pulunuz, yeməyiniz, çörəyiniz Azərbaycanı söyməkdən keçir? Azərbaycanda adamlar var, bilir ki, yüz min, iki yüz min layihə alacaq, amma əvəzində 3-4 gün ermənipərəst olmalıdır. Kim Azərbaycan-erməni qardaşlığından, dostluğundan danışırsa, bilin ki, yaxınlarda hansısa xarici fonddan layihə alacaq.
 
Təəssüf ki, qrantı bu şəkildə eybəcərləşdirdilər.
 
– Maraqlıdır, olurmu vicdanınızla baş-başa qalanda düşünürsünüz ki, nəyi səhv elədiniz, nəyi düz? Heç özünüzə hesabat verirsiniz?
 
– Həyatda elə bir insan yoxdur ki, hansısa bir məsələdə yüz faiz haqlı olsun. Hər bir şeydə yüz faiz haqlı olan yalnız uca yaradandır. Başqa heç kim tərtəmiz deyil.
 
O ki qaldı mənə... Bu siyasi məsələmdə mən özümü çox haqlı görürəm. Çünki mən haqqımın və haqqı tapdalanan insanların daha da əzilməsinə imkan verməmişəm. Və məni haqsızlıqda ittiham edənlərin özlərinin min dəfə haqsız olduqlarını gözlərimlə görüb gəlmişəm.
 
– Heç özünüzdə səhv görməmisiniz?
 
– Təbii, bir neçə belə məqam olub. Bir dəfə feysbukda status yazıb Araz Əlizadənin deputat seçilməsinə haqq qazandırmışdım. Bir neçə saat sonra statusu silsəm də, təəssüf ki, qəzetlər, saytlar fikrimi yaymışdı. Yazmışdım ki, eyni adamların parlamentdə oturmasındansa, Araz Əlizadənin deputat olması yaxşıdır. Lap gedib bizi söysə də, qoy fərqlilik, dəyişiklik olsun.
 
– Araz müəllim də söydü...
 
– Bəli... Bu gün isə düşünürəm ki, iki yüz Araz Əlizadədənsə bir İqbal Ağazadənin parlamentdə olması min dəfə yaxşıdır, şərəflidir, dəyərlidir... Mən bu məsələdə haqsız olduğumu boynuma alıram. Düzdü, heç vaxt hisslərimlə siyasət aparmamışam, ancaq emosiyaya qapılaraq İqbal bəy haqda belə bir fikir yazdım, sonradan öz vicdanım qarşısında səhv etdiyimi anladım. Fikirləşdim ki, ağıllı siyasətçi belə şeylər etməməlidir.
 
– Bəs İqbal Ağazadəyə qəzəbinizin səbəbi nə idi?
 
– Bunun səbəbi o olmuşdu ki, İqbal Ağazadə Əli Kərimlini tanıdığını dilə gətirmişdi. Bu gün isə düşünürəm ki, İqbal Ağazadə yaxşı insandır, dəyərli siyasətçidir və mən ona qarşı haqsızlıq elədim.
 
– Razi bəy, namaz qılırsınız?
 
– Yox, qılmıram. Amma Allaha, dinə bağlı insanam. Ancaq namaz qılmağı dinə bağlılıq kimi də qəbul etmirəm. Çünki elə namaz qılan adamlar tanıyıram ki, onlara nəinki cənnətdə, heç cəhənnəmdə də yer olacağına inanmıram.
 
– Sizə dindar demək olarmı?
 
– Yox...
 
– Bəs dediniz dinə bağlı insanam. Dinə bağlı insan dindar sayılmır?
 
– Dindar o şəxslərə deyilir ki, onlar dinin təbliğatı ilə məşğuldurlar. Yəni Allahın sözünü insanlara çatdıran insanlara dindar deyirlər. Axı mənim belə bir fəaliyyətim yoxdur.
 
– Maraqlıdır, sizin saqqal saxlamağınız dini dünyagörüşünüzlə bağlıdır, yoxsa imicdir?
 
– Heç bu haqda düşünməmişəm. Sadəcə, saqqal saxladım, xoşuma gəldi. Sonra gördüm dini baxımdan da, imic baxımından da düzgündür. Amma deyim ki, hər oxuyandan Molla Pənah olmadığı kimi, hər saqqal saxlayandan da dindar olmur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar