Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Guya Xalq Cəbhəsinin pullarını mən yeyib dağıtmışam”


Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmuş, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin Lent.az-a müsahibəsi


– Arif bəy, yəqin, siz də müşahidə etmisiniz, iqtidarda olanlar bir-birinə müəllim, müxalifətçilər isə bəy deyir. İndi adam bilmir, sizə bəy desin, yoxsa müəllim.
 
– Mən özüm də çox vaxt çaşıram (gülür). Siz demiş, adamlarla ünsiyyətdə bilmirsən, bəy deyəsən, yoxsa müəllim.
 
– Tədbirdə bir deputata bəy dedim, diksindi. Sən demə, müəllim deməliyəmmiş.
 
– Çünki parçalanma insanların içərisinə o qədər yeriyib ki, kimin ağzından çıxmasından asılı olaraq, sözlər də iqtidara və müxalifətə bölünüb.
 
– Sizə hansı xoşdur? Bəy, yoxsa müəllim?
 
– Elə böyük bir fərqi yoxdu. Amma Azərbaycan üçün bəy müraciətini daha düzgün hesab edirəm. Bu ifadənin kökü daha qədimdədi. Sovet dövründən gəldiyim üçün isə – axı o dövrdə bəy müraciəti yox idi, müəllim deyirdilər – mənə necə istəsəniz, elə müraciət edə bilərsiniz, heç biri qulağımı kəsmir, hər ikisinə normal baxıram.
 
– Mediamızda çoxlu jurnalistlər çalışır, yazır, oxunur, maraqla qarşılanırlar və s. Amma peşəkarlıq səviyyəsi təbii, sizdəki qədər deyil. Siz isə jurnalistikamızın peşəkar simalarından birisiniz. Amma tirajlı imza deyilsiniz. Vəziyyət elə bir həddə çatıb ki, yazmağı az-çox bacaran cavan bir qız mediaya daha çox lazımdı, nəinki Arif Əliyev. Belə bir şeyi siz də hiss etmisinizmi? Və bunun nəticəsi hara gedir?
 
– Mən sizi anladım. Amma iki ölçü meyarı var. Birincisi, nə cür olmalıdır və sən nə cür olmasını istəyirsən? İkincisi isə nə cür olacaq və nə cür olur? Sosioloqlar cəmiyyəti böləndə deyirlər ki, insanların təxminən 60 faizi özü müstəqil qərar qəbul edə bilməyən kütlədi. İstər Azərbaycan olsun, istər Amerika, istərsə də Avropanın hər hansı bir ölkəsi. Fərqi yoxdu, bu, insan təbiətidi, insan xarakteridi. 30 faiz isə hansısa istiqamət verən olanda özü qərar qəbul edə bilir. Yerdə qalan 10 faiz də qərar qəbul olunması prosesinə təsir göstərən qismdi.
 
Eynilə peşəkarlıq, vicdan, vicdanı olan yaradıcı şəxs də elə bir şeydir ki, o, həmişə azlıqda qalır. Mən təsəvvür eləyə bilmirəm ki, bəşər tarixinin hansısa bir dövrü gələcək və orda vicdanı təmiz insanlar sayca məkrli, bic insanlardan çox olacaqlar və yaxud peşəkarlar qeyri-peşəkarları üstələyəcək. İstənilən peşədə öz işini sadəcə olaraq orta səviyyədə yerinə yetirən, heç vaxt müəyyən bir pillədən yuxarı qalxmağa qadir olmayan insanlar çoxluq təşkil edir. Həkimlərdə də belədi, polisdə də, jurnalistlərdə də. Hətta az-çox yaradıcılıq tələb edən fəhləlik peşəsində də belədi. Ona görə də sizin dediyiniz məsələ tək Azərbaycanda yox, İtaliya, İngiltərə, Türkiyə mətbuatında da eyni cürdür və mən bu məsələyə çox normal yanaşıram.
 
– Çal-çağıra, yüngül şeylərə kütlənin meyli var, biz bunu başa düşürük. Bəs cəmiyyətdə peşəkarlığı qiymətləndirə biləcək sistem də varmı? Belə bir ictimai rəy, elita mövcuddurmu?
 
– Bizim Qərb ölkələrindən ən ciddi fərqimiz də elə bundadı. Bayaq da dedim ki, qeyri-peşəkarlar Qərbdə də çoxdu, amma orda peşəkarları “bu mənə qulluq edir, bu isə qulluq etmir” deyə iki yerə bölmürlər.
 
– Tez-tez vicdan, vicdanın səsindən danışırsınız. Siz vicdanı bir meyar kimi peşəkarlığın tərkibinə daxil edirsinizmi?
 
– Şəksiz daxil edirəm. Bəs peşə əxlaqı kodeksi nədi? Vicdanlı əclaf tanıyırsınızmı?
 
– Bəs niyə deyirlər ki, hədəfə çatmaq üçün hansı yolla getməyin mətləbə dəxli yoxdu?
 
– Bu, uzun bir dövrün mübahisəsidi. Məqsəd vasitəyə haqq qazandırır, yoxsa yox? Sən hədəfə çatmaq üçün bütün üsullardan istifadə eləyə bilərsən, yoxsa yox? Bu, həmin o məsələdi ki, bir balaca hamilə olmaq olmur. Sən ya hamiləsən, ya da yox.
 
– Zaman-zaman siz özünüz də görmüsünüz ki, Azərbaycanda ziyalı insanların, sənət adamlarının, şair və yazıçıların vicdanının, əxlaqının arxasında maddi baza dayanmadığı üçün onlar məcbur olub, ehtiyac ucbatından öz yollarından sapıblar, əvvəl düzə, sonra əyriyə haqq qazandırıblar. Əqidəsini dəyişən insanların yaradıcılığı, istedadı haqqında düşüncəniz dəyişirmi?
 
– Düşüncələrim dəyişir, bəli. Haqq qazandırmıram, amma onları başa düşürəm. Və heç vaxt belə insanların hakimi olmaq istəməzdim. Allah heç kimi ehtiyacla sınağa çəkməsin. Müslüm Maqomayevin xatirələrində bir ifadə var. Bunu “Şərəfə, cənablar, şərəfə!” yazımda epiqraf kimi də yazmışam. Deyir ki, Allah heç kimi aclıqla imtahana çəkməsin. Ac insanın əsəbiləri qabığı soyulmuş sim kimi olur. Əl dəyən kimi bütün bədəni sızıldadır və insanı ağrıdır. Həmin anda vicdanın, mənliyin dözməsi çox çətindi. Buna dözənlər qəhrəman olurlar. Axı biz hamımız qəhrəman deyilik. Həmişə simpatiya ilə yanaşdığım Rasim Balayev də bir dəfə dedi ki, mən qəhrəmanları oynayıram, qəhrəman deyiləm. Cəmiyyətin böyük bir hissəsindən qadir olmadığı bir şeyi, ümumiyyətlə, insanın xarakterinə uyğun olmayan bir şeyi tələb eləmək düzgün deyil.
 
– Haqqınızda belə bir fikir var ki, siz həm iqtidarın, həm də müxalifətin xoşuna gəlmək istəyirsiniz. Yəni müxalifətçilikdə çox da dərinə getmirsiniz, o biri tərəfə isə o qədər də meyl göstərmirsiniz.
 
– Bilirsiniz, bayaq da dedim ki, cəmiyyətin böyük əksəriyyəti bəsitdi. Mənə elə gəlir, bu fikir də o bəsitliyin düşüncə tərzidir. Mən özümü ağıllı adam hesab edirəm və ağıllı adam kimi də başa düşürəm ki, müxalifətin də, iqtidarın da xoşuna gəlmək istəyən şəxsin bir dənə taleyi var: nə onun xoşuna gələcək, nə də bunun. Əgər xoşa gəlməkdən söhbət gedirsə, ağıllı adam bir tərəfi seçər. Çünki iki tərəfin də eyni zamanda səndən xoşu gəlməsi qeyri-mümkündü.
 
Bəli, onların hörmətini qazana bilərsən, onların qorxusunu qazana bilərsən, onların ehtiyatlı münasibətini qazana bilərsən, amma xüsusilə Azərbaycan kimi cəmiyyətdə hər iki tərəfin xoşuna gəlmək, yenə deyirəm, mümkün deyil.

Mən sadəcə, düzgün bildiyimi eləmək və demək istəyirəm. Bu, o demək deyil ki, elədiklərim düzdü. Bəlkə nə zamansa başa düşəcəm ki, bu addımı səhv atmışam. Elə bir insan yoxdu ki, o, bir zaman atdığı addıma görə sonradan heyfsilənməsin. Amma bu gün, bu an hesab edirəm ki, doğru hesab etdiyim addımı atıram.
 
– Söhbət hansı addımdan gedir?
 
– İstər qatı müxalifətçi ol, istər də qatı hakimiyyət tərəfdarı ol, mən bir şeyi düzgün hesab edirəm ki, cəmiyyətdə qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olmasa, heç nə yaxşı alınmayacaq. O gələn də dağıdacaq, bu gələn də. O gələn də qisas alacaq, bu gələn də. Siz görürsünüzmü, hansı cəbhənin nümayəndəsi olmasından asılı olmayaraq, insanlar bir-biri haqqında danışanda ancaq alçaltmaq, heyif almaq hissi ilə danışırlar. Ayağım büdrəyir, mənə lağ edirlər, ələ salırlar. Sonra onun ayağı büdrəyir, mən ona lağ edirəm, ələ salıram. Bu cür münasibətlərin və bu cür cəmiyyətlərin axırı yoxdu.
 
– Arif bəy, Azərbaycanda xaricdən qrant alan insanlara münasibət niyə qaranlıqdır?
 
– Marqaret Tetçer Bakıya gələndə səhv eləmirəmsə, İsa Qəmbər prezident səlahiyyətlərini icra edirdi. Görüş zamanı Tetçer İsa Qəmbərdən soruşmuşdu ki, İran şahının devrilməsi sizcə, nə ilə əlaqədardır? İsa Qəmbər tarixçi olaraq bunun bir neçə səbəbini göstərir. Tetçer deyir, düz vurğulayırsınız, amma birinci səbəbi demədiniz. O da ondan ibarətdi ki, İran şahı televiziyadan düzgün istifadə eləyə bilmədi.
 
Söhbət təbliğatdan gedir. Doğrudan da insanlara səhər-axşam nəyisə təlqin eləyəndə, onlar bunu asanlıqla qəbul edir. İkincisi, bayaq da dedim ki, bizdə ayağı büdrəyən insana istehza ilə yanaşma var. Kiməsə yaxşı olanda doxsan faiz düşünür ki, niyə ona yaxşı oldu, mənə olmadı? Bir fikir var: digər xalqlar bir-birini qaldıranda müsəlmanlar bir-birinin ayağının çəkir. Qrant məsələsinə münasibət də bu fikirdən doğur.
 
Siz bilirsinizmi, xaricdən qrant alan qeyri hökumət təşkilatları, jurnalist təşkilatları, ekoloji təşkilatlar və s. arasında hələ kiminsə çörəyini kəsən, kiminsə çörəyinə bais olan real bir xain ortaya çıxmayıb.
 
– Maraqlıdır, siz özünüz sonuncu dəfə nə vaxt qrant almısınız?
 
– Dəqiq xatırlaya bilmirəm. Yəqin, 2013-cü il olar.
 
– Belə bir fikir var ki, jurnalist təşkilatları xaricdən aldığı qrantı təyinatı üzrə xərcləmir. Guya məqsəd jurnalist yetişdirməkdi, amma pul ayrı yerə gedir.
 
– Əlbəttə, belə şeylər də mövcuddu. Təyinatı üzrə xərcləyən də var, xərcləməyən də.
 
– Ümumiyyətlə, qrantın mahiyyəti nədi? Xarici ölkə bu pulu nə üçün verir?
 
– Qrantların böyük əksəriyyətinin mahiyyəti belədi ki, hər hansı bir inkişafda olan, hərəkət edən sahənin ayrı-ayrı elementlərini sürətləndirmək üçün maliyyə ayrılır.
 
Çünki yalnız dövlət orqanları aldıqları qrantla hansısa bir sahədə siyasəti formalaşdıra bilər. Məsələn, idarəçiliyin islahatıdı, hüquq sisteminin yenidən qurulmasıdı, bunlar müəyyən sahədə siyasəti formalaşdırmaq üçündü. Jurnalist təşkilatları da belədi. Söhbət konkret bizim özümüzdən gedirsə və əgər Azərbaycanda jurnalistlərin hazırlıq sistemi bərbad vəziyyətdədirsə, təşkilatımız aldığı beynəlxalq yardım vasitəsilə bunu bütövlükdə dəyişə bilməz. Anladınızmı? Sadəcə, onun bir elementinə təsir göstərib, müəyyən kadrların yenidən hazırlanması sistemində dəyişiklik həyata keçirə bilərlər.
 
İkincisi, biz siyasətçi deyilik, biz heç siyasi fəaliyyətlə bilavasitə məşğul da olmuruq. Bizim jurnalistika fəaliyyətimiz var. Bu fəaliyyət istiqamətində də müəyyən əlaqələr yaradıb hansısa dəyişiklərə nail olmağa cəhd edirik.
 
– Arif bəy, sizi səxavətli insan hesab etmək olarmı?
 
– Məncə, olar.
 
– Bəs eşitdiyimizə görə “Gün səhər” qəzetində işçilərinizi işə gecikdiyinə görə cərimələyirsinizmiş. Doğrudumu bu?
 
– O vaxt həyata keçirdiyim yeniliklərdən ən çox xoşuma gələnlərindən biri bu idi; redaksiyada bir qayda qoymuşduq: kim hər ayın axırında aldığı kitabların çeklərini gətirərsə, redaksiya o xərci əlavə ödəyəcək. Çünki jurnalistlərin kitab oxumasını çox istəyirdim. Amma mənim yadıma gəlmir ki, “Gün səhər”də gecikən işçinin cərimələnməsi tətbiq olunsun. Bəlkə kimsə nəsə eləyib, biz də ona cərimə tətbiq etmişdik. Yenə də heç nə yadıma gəlmir.
 
Həmin vaxtlar heç kimdə “Gün səhər”də olan qədər maaş yox idi. Kifayət qədər də böyük qonorar fondu var idi.
 
– Maraqlıdı, cavanlar jurnalistikanın nəzəriyyəsini kimdən öyrənsələr yaxşı olar? Kimləri məsləhət bilirsiniz?
 
– Məsələn, mən bilirəm ki, Qulu Məhərrəmlinin bu sahədə kitabları çoxdu və maraqlı, dəyərli də kitablardı. Başqa kitablar da var...
 
– Cahangir Məmmədli necə?
 
– Mən hesab edirəm ki, Cahangir müəllimin əsas problemi ondan ibarətdi ki, o, praktik sahədə çalışmayıb. Elə elm var ki, nəzəriyyədən yaranır. Amma jurnalistika elə elmdi ki, onun bütün nəzəriyyəsi praktikadan doğulur. Mövcud praktik material təhlil olunur və bunun nəzəri əsasları işlənilir. Lap əvvəldən belə olub bu.
 
Ümumilikdə jurnalistikanın ən gözəl nəzəriyyəsi onun yaxşı yazılmış peşə əxlaqı kodeksləridi. Bunlar isə praktik təcrübədən yazılmış kodekslərdi. Əgər sənin Allahdan vergin və ürəyində yanğın yoxdursa, kitab yazdın nə olacaq, yazmadın nə?! Hə, ordan-burdan nəzəriyyələri öyrən, kitablarını yaz, bədbəxt tələbələri də şikəst elə!
 
– Yadıma düşmüşkən bir sual da verim. Qulu Məhərrəmli, Elçin Şıxlı və sizi birləşdirən nədi? Məhəllə uşaqları kimi həmişə bir yerdə gəzib-dolanırsınız.
 
– O günü Elçin dedi ki, Arif, yadındadı biz necə tanış olmuşuq? Nə qədər elədim, yadıma sala bilmədim. Deməzdim, bir-birimizi uzun illər tanıdığımız üçün bu gün bir yerdəyik. Bir çox düşüncələrimiz, baxışlarımız oxşardı, fərqli cəhətlərimizi də çox asanlıqla qəbul edə bilirik və bunu dərk edirik. Yəqin, bizi birləşdirən də elə budu.
 
– Sizi azad, müstəqil düşüncə sahibi kimi tanıyırıq. Bu azad düşüncənizin, müstəqil fikrinizin cəzasını çoxmu çəkmisiniz?
 
– Əslində, mən bunu cəza adlandırmazdım. Heç nədən şikayət də etmirəm ki, “ay məni elə elədilər, belə elədilər” və s.
 
– Maraqlıdı ki, hələ cəza sanksiyaları o qədər böyük olmayan müxalifət də sizi qamçılayır.
 
– Hə, mənim haqqımda yazı çıxmışdı, adımı maliyyə məsələlərində hallandırırdılar. Bu boyda yalan insana təsir etməzmi?!
 
– Necə yəni maliyyə məsələsi?
 
– Yazırdılar, Arif Əliyev pulu hardan alır ki, filan maşında gəzir. Özü də bunu bir vaxtlar mənim yaratdığım qəzetdə yazırlar. Halbuki, hələ sovet dağılmamışdı, mənim iki dənə maşınım var idi. Və yaxud guya, Azərbaycan Xalq Cəbhəsi Partiyasının pullarını mən yeyib-dağıtmışam, o pulları mən yoxa çıxartmışam. Baxmayaq ki, mən heç vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmamışam. Ümumiyyətlə, mən heç vaxt heç bir partiyanın üzvü olmamışam və üzvü də deyiləm.  
 
– Doğrudan, bəs partiyanın pulları hara getdi?
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının nə pulu vardı ki, hara da getsin? O zaman “Azadlıq” qəzetində işləyirdim. AXC-nin özünün pula ehtiyacı vardı və “Azadlıq” qəzeti ilə arasında çəkişmə gedirdi. Partiya deyirdi ki, qəzet qazandığı puldan bizə də versin. İlk vaxtlar qəzet doğrudan da yaxşı qazanırdı. AXC-nin pulu olsaydı, gözünü “Azadlıq” qəzetinin iyirmi qəpiyinə dikməzdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar