Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gəncləri dağ yürüşünə kim buraxıb, təcrübələri var idimi?”


Dekabrın 23-də itkin düşən “Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin axtarışları davam edir


10 gündən çoxdur davam edən axtarışlara ən müxtəlif qurumlar qoşulsa da, hələ ki, bir nəticə vermir.

1991-2000-ci illərdə Respublika Alpinistlər Federasiyasının prezidenti olan, hazırda Həmkarlar İttifaqının Respublika Alpinist Turist Klubunun sədri Səridan Mursaqulov bu məsələ ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandırıb.

– Səridan müəllim, 3 alpinistin dekabrın 23-dən itkin düşməsi barədə sosial şəbəkələrdə və mediada yazılanlardan xəbərdarsınız. Ümumiyyətlə, onların itkin düşməsinin səbəbləri barədə nə deyə bilərsiniz?

– Müxtəlif səbəblər ola bilər. Birinci hava şəraiti, ikinci, qar uçqunu, üçüncü, təcrübə. Nəhayət, onların hazırlıqlı olub-olmaması da itkin düşmələrində rol oynaya bilər. Bu, təbiətlə mübarizədir, təbiət də öz şıltaqlığını hər an göstərə bilər.

– Təcrübə deyəndə nələr tələb olunur?

– Əgər qış yürüşünə gedirsənsə, mütləq alpinizm dərəcələrinin olması vacibdir. İkinci, indiyə qədər qış yürüşünə çıxmışdılarmı, bu suala aydınlıq gətirilməlidir. Üçüncü, onlar yürüşə çıxarkən götürdükləri ləvazimatlar qış yürüşünün tələblərinə cavab verirdimi?

– Sovet dövründə qış aylarında dağ yürüşünə çıxmağa icazə vardımı?

– Bəli, icazə verilirdi. Ümumiyyətlə, son illərə qədər qış yürüşləri olurdu. Şahdağda biz hər il qış yürüşü təşkil edirdik, bunu heç kim qadağa edə bilməzdi. Qış yürüşünün əsas tələbi hazırlıq idi, söhbət 7-8 min metrlik dağlara çıxmaqdan gedir. Ona görə biz Pamirə, Tyan-Şan dağ silsiləsinə getməzdən əvvəl hər il Şahdağa qış yürüşləri edirdik. Mən özüm uçqunlara düşmüşəm, sonuncu dəfə 2001-ci ildə Bazardüzü dağ silsiləsində 7 nəfər uçquna düşdük. Uçquna düşəndə də nə etməyi bilməlisən. Gərək hərəkət etməyəsən, əks təqdirdə, qarın altında qalardıq. Təcrübəmiz olmasaydı, uçqunun altında qalacaqdıq. Elbrus dağında da uçquna düşmüşəm. O zaman kimlərsə qış yürüşünə getmək istəyirdisə, əvvəlcə, təcrübəsi öyrənilirdi, ən azı alpinizm üzrə ikinci dərəcəsinin olması vacib idi. Əks təqdirdə, onları dağlara aparmazdıq. Bilirsiniz, fərqi yoxdur, Tufandağ olsun, yaxud Tyan-Şan, dağla sənlə danışmaq olmaz, sizlə danışmaq lazımdır. O cümlədən, dağın hündürlüyünün nə qədər olması sualına da ehtiyac yoxdur. Belə hadisələr alçaq sayılan 4 minlik dağlarda da olur, çünki dağ uçqunu təhlükəsi hər yerdə var.

 Adətən bu cür yürüşlərdə təlimatçılar və xilasedici qruplar olmalıdır. Amma son hadisələrdə bu tələblərin olmadığı üzə çıxdı. Siz nə düşünürsünüz bu barədə?

– Bilirsiniz, mən klubun və federasiyanın işinə müdaxilə etmək istəmirəm. Amma dedikləriniz düzdür, təlimatçı və xilasedici qrupun olması vacibdir. İkinci, alpinizmdə qayda var, alpinistlər marşruta buraxılanda, hər gün 3 dəfə əlaqə saxlayıb məlumat verməlidirlər. Səhər saat 8-9 radələrində, saat 12 və 16-da əlaqəyə girmək vacibdir. Əgər əlaqə olmadısa, o zaman xilasedici qrupu fəaliyyətə başlamalıdır. Bu, alpinizmin qaydasıdır. Mənim aldığım məlumata görə, onlar 1 dəfə əlaqəyə çıxıblar, ondan sonra əlaqə itib və axtarışlar başlanıb. Amma onların təcrübələrinin olub-olmamaları haqda məlumatsızam. Hesab edirəm ki, onlar yürüşə buraxılanda alpinist üçün vacib tələblər yoxlanılmalıydı. Yayın yürüşü ilə qışın yürüşü tamamilə fərqlidir. Qışda qar uçqununa düşmək təhlükəsi var, uçqunda da 8 saatdan artıq qalmaq çətindir. Bir daha deyirəm, təbiətin şıltaqlığı məsələsi var, yürüşə başlayanda normal hava ola bilər, 1 saatdan sonra tamamilə dəyişər və qar uçqunu yaranar. Mən başqa nə deyə bilərəm, hələ onlar tapılmayınca, rəhmət oxuya bilmərəm. Mediadan axtarışlar üçün böyük qüvvə cəlb olunduğunu oxumuşam. İndi də orda hava şəraitinin çox kəskin və görüntünün az olduğunu bilirsiniz. Bütün hallarda axtarışlara birinci gündən təcrübəli və peşəkar mütəxəssisləri cəlb olunmalıydı.

– Ancaq alpinistlərin itkin düşməsindən 3 gün sonra məlumatın yayıldığı bildirilir. Bu qədər gecikmə necə qiymətləndirilə bilər?

– Mən yuxarıda dedim, hər gün 3 dəfə əlaqəyə girməliydilər, əgər 2 dəfə məlumat yox idisə, deməli, tədbirlər görülməliydi. Mən onların qış yürüşünə hazırlıq təcrübəsinin və alpinizm dərəcələrinin olub-olmadığını bilmirəm, amma bunlar mütləq dəqiqləşdirilməlidir. Bunların araşdırılıb ictimaiyyətə çatdırılması üçün komissiya yaradılmalıdır. Komissiyaya təcrübəli və səlahiyyətli alpinistlər cəlb edilməlidir. Hansı ki, böyük məktəb keçiblər. SSRİ vaxtı xilasedicilər qrupuna məktəb keçənlər daxil edilirdi və onlara xilasetmə jetonları verilirdi. Yalnız o adamlara xilas etmə işlərində iştiraka icazə verilirdi. Bilirsiniz, baş verən hadisəni tam dəqiqləşdirmək üçün böyük suallar yaranır, amma gəncləri suçlamaq lazım deyil. Buna ehtiyac yoxdur, onun yerinə təcrübəli insanlardan ibarət qrup təsis olunmalı və onlar ciddi araşdırma aparmalıdır. Yalnız nəticə alınandan sonra ictimaiyyəti məlumatlandırmaq lazımdır. Nəzərə alın ki, alpinistlərin ailələri hansı vəziyyətdədir.

– Ancaq hər hansı dağ yürüşünə çıxanda plan tutulmalıydı da…

– Bəli, bu, mütləq vacib idi. Komissiya yürüşün plan əsasında baş tutub-tutmadığını araşdırmalıdır. Ardınca dediyim suallara cavab verilməlidir. Mən helikopterlərlə axtarışa çıxanların zəhmətini itirməyin əleyhinəyəm. Amma dəqiq araşdırandan sonra günahkarları üzə çıxarmaq lazımdır. Birinci, gənclər niyə dağ yürüşünə çıxıb, onları kim buraxıb, təcrübələri var idimi? Azərbaycan xalqı gələcəyin anasını və atalarını itirə bilər. Burda təmkinli olub, araşdırmaları davam etdirmək gərəkdir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar