Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan qarşımızda duruş gətirə bilməz“- İlham Əliyev


“Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun”


Bu sözləri prezident İlham Əliyev V çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında çıxışı zamanı deyib.

“Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq”-deyə prezident vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb: “Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün əlbəttə, tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır. Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

Ölkə başçısı diqqətə çatdırıb ki, münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. 

“Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir.
Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.

Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz”.

Prezident çıxışı zamanı qeyd edib ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik: “İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır.

Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.

Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi”.

Prezident Azərbaycanın bundan sonra da öz yolu ilə gedəcəyini bəyan edib. Ölkə başçısı bildirib ki, heç bir ölkə qondarma “Dağlıq Qarabağ qurumu”nu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik.

“Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq, bizim təbii ki, büdcə gəlirlərimiz azalıbdır. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki, bir daha demək istəyirəm ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır”.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar