Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən böyük problemimiz Qərargahımız olsa da...“


Ümid Partiyası Gəncə Şəhər Şöbəsinin sədri Salman İmanlı Partiyanın Mətbuat Xidmətinin suallarını cavablandırıb.


- Salman bəy, Gəncə  əhalisi siyasi proseslərə münasibəti ilə həmişə fərqlənib. Hazırda əhalinin siyasi proseslərə münasibətini  Ümid Partiyasınının yerli təşkilatının sədri kimi necə qiymətləndirirsiniz?

- Demək olar ki, insanların böyük əksəriyyəti  bu hakimiyyətdən narazıdırlar. Hakimiyyətin siyasilərə və fərqli fikir sahiblərinə qarşı apardığı radikal  siyasət bu gün insanları prosesə qoşulmaqdan çəkindirir. Bu səbəbdən insanların siyasi proseslərə münasibəti ürək açan deyil. Digər tərəfdən insanlar prosesə qoşulması üçün daima informasiya ilə təmin olmalıdırlar . Bu istiqamətdə də boşluqlar  var. Yerli əhali kifayət qədər informasiya almaq imkanına malik deyil.  Əhalinin bir qismi internet üzərindən məlumatlansa da, böyük əksəriyyət bundan məhrumdur. İnsanlar informasiyanı əsasən televiziyalardan almalıdır. Bu gün bizdə televiziyalar daha çox şou proqramları ilə efirə çıxırlar. Televiziyalar hakimiyyətin monopoliyasında olduğu üçün baş verən hadisələrin çoxu ya televiziyalarda işıqlandırılmır, ya da  hakimiyyətə sərf edən formada işıqlandırılır. Televiziyalar demək olar ki, YAP-ın təbliğatçılarıdır.  İnsanların verdiyi vergilər hesabına maliyyələşən  İctimai Televiziyada belə fərqli fikirlərə rast gəlinmir. Belə olduğu halda daha çox əhali  xarici kanallardan informasiya almağa üstünlük verir, xaricdə baş verən siyasi proseslərə maraq göstərirlər. Hazırda yerli əhalinin müzakirəsində, Ukraynada, Suriyada, Türkiyədə baş verən hadisələrdir. İnformasiyasızlıq və hakimiyyətin siyasilərə basqısı səbəbindən yerli əhali ölkə daxilində baş verən proseslərə bir o qədər maraq göstərmir.

 Düzdür müxalifət qəzetlərindən “ Yeni Müsavat və Azadlıq ” qəzetləri   bölgəyə gətirlir. Amma bu bütün yerləri əhatə etmir.  Qəzetlərin satışı məhdud sayda mərkəzdə həyata keçirilir. Şəhər mərkəzindən kənara qəzetlər yayılmır. Bu səbəbdən insanlar informasiya kasadlığı ilə yaşayırlar.

- Qarşıdan bələdiyyə seçkiləri gəlir. İnsanların seçkilərə münasibəti necədir?

- Seçkilərlə bağlı da insanlarda çox böyük ruh düşkünlüyü var. Həmçinin seçkilərlə bağlı maarifləndirmə işləri də qaydasında deyil. Məqsədli şəkildə hakimiyyət insanları seçkilərdən uzaq tutmağa çalışır. Amma buna baxmayaraq biz  əksinə, insanları siyasi proseslərə qoşmaq üçün onlarla  fərdi qaydada  işləyirik. Çalışırıq ki, insanlar seçkilərdə iştirak etsinlər. Seçkilərdə iştirakın əhəmiyyətini izah edirik. Hesab edirik ki, hər bir seçki demokratiyaya doğru atılmış bir addımdır. Seçkilərə qoşulmaqla  prosesin getməsinə, dayanmamasına  yardım edirik, həm də düşünürük ki, bələdiyyələrin statusu nə zamansa artırıla bilər. Dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, vəziyyət bu cür davam edə bilməz. Mütləq dəyişikliklər olacaq və bu dəyişikliklərdən biri də bələdiyyələrin statusunun artırılması ola bilər. Partiya olaraq artıq seçkilərin statusunun və Seçki Məcəlləsinin dəyişdirilməsi uğrunda mübarizəyə başlamışıq. Ardıcıl olaraq partiyanın Mərkəzi Aparatı mətbuatda bu istiqamətdə çıxışlar edir. Partiyamızın sədri, millət vəkili İqbal Ağazadə dəfələrlə Milli Məclisdə bələdiyyələrin statusu ilə bağlı məsələ qaldırıb. Bunun nəticəsidir ki, bələdiyyə seçkiləri artıq ictimai müzakirəyə  çıxarılır və seçkilərə qoşulmaq istəyən siyasi təşkilatların sayı artır.

- Hazırda yerli təşkilat olaraq  hansı istiqamətdə işləyirsiniz?

- Hazırda Partiyanın  Ali Məclisinin son sessiyasında  verilən qərarların icrasını həyata keçiririk. Demək olar ki, Gəncə şəhər təşkilatı olaraq yanvar ayından bələdiyyə seçkilərinə hazırlıqlar istiqamətində işləyirik. Gəncə şəhərində 3 bələdiyyə subyekti var-Kəpəz və Nizami rayon bələdiyyələri, Hacıkənd- Göygöl bələdiyyəsi. Üç bələdiyyə üzrə  maksimum namizədlə iştirak etməyi hədəfləmişik. Kəpəz  Bələdiyyəsinin 19, Nizami Bələdiyyəsinin 19  və Hacıkənd- Göygöl bələdiyyəsinin  11 nəfər üzvü var.  Bunlarında hamısına namizəd irəli sürmək fikrimiz var. Faktiki olaraq artıq  Kəpəz bələdiyyəsi üzrə  8 nəfər, Nizami bələdiyyəsi üzrə 9 nəfər, Hacıkənd- Göygöl bələdiyyəsi üzrə isə  2 nəfər partiya üzvü namizədliyini irəli sürmək istəyi  ilə bağlı bizə müraciət edib. May ayına qədər namizəd olacaq şəxslərin siyahısını  tam müəyyənləşdirəcəyik.  Bundan sonra partiya sədrimiz İqbal Ağazadənin  həmin namizədlərlə görüşü planlaşdırılır. Bütün namizədlər bəlli olduqdan sonra birlikdə seçkilərdə qalib gəlmək üçün müzakirələr aparıb, vahid strategiya tətbiq edəcəyik.

- Siyasi fəaliyyətinizdə ən çox hansı problemlərlə üzləşirsiniz?

- Fəaliyyətimizdə ən böyük problemimiz Qərargahımız olsa da, ondan istifadə edə bilməməyimizdir. Gəncə şəhərində qərargahı olan yeganə partiya bizim partiya idi. Bu gün bizə elə bir şərait yaradıblar ki, qərargahsız fəaliyyət göstərmək məcburiyyətində qalmışıq. Keçən müsahibəmdə də qeyd etmişdim. Ətrafda aparılan tikinti işləri səbəbindən qərargahımıza giriş-çıxış mümkünsüz olub. Aylardır sürən bu problemi həll edə bilmirik. Başqa yerdə  qərargah verilməsi ilə bağlı   icra hakimiyyətinə iki ay əvvəl müraciət etmişik. Əlavə olaraq  Ümid Partiyasının sədri, millət vəkili İqbal  Ağazadə də yerli təşkilat olaraq bizə ofis verilməsi üçün Gəncə Şəhər İcra hakimiyyətinə məktub ünvanlayıb. Təəssüflər olsun ki,  bu günə qədər müraciətimizə rəsmi qaydada cavab verilmir. Şifahi şəkildə xəbərdarlıq ediblər ki, bu işə bələdiyyə baxır. Amma biz bilirik ki, bələdiyyənin elə bir səlahiyyəti yoxdur ki, icra hakimiyyətinin sərəncamı olmadan bizə qərargah versin. Sonda İcra Hakimiyyəti bizə hansı yerin verilməsi ilə bağlı sərəncam verməlidir. Məsələ ilə bağlı icra başçısının qəbuluna düşməyə çalışsam da 3 aydan artıqdır ki, buna nail ola bilmirəm.  Fürsətdən istifadə edib Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyevə bir daha buradan müraciət etmək  istəyirəm  ki,  qanuna uyğun olaraq məktubumuzu  cavablandırsın və problemimiz həll olunsun. Əks təqdirdə məhkəmədə qarşılaşmalı olacağıq.

- Bölgədə əhalinin daha çox qarşılaşdığı problemlər hansılardır?

- Hər yerdə olduğu kimi Gəncədə də ciddi problemlər var. İnsan haqları, mülkiyyət hüquqları   sahəsində, məhkəmə sistemində ciddi pozuntulara rast gəlinir. Sahibkarların hüquqları pozulur.  Əsas problemlərdən biri isə  işsizlikdir. Özəl sektorda işləyən insanlar- kiçik sahibkarlara, kafelərə, dükanlara, sex sahiblərinə  qarşı problemlər yaradılır. Ayda bir dəfə gəlib, qanunun müvafiq bəndlərinə istinad edərək  yoxlamalar aparırlar. İldə bir dəfə həmin özəl obyektlərin hər birinə  müxtəlif  bəhanələrlə yüksək cərimələr tətbiq edirlər. Əslinə baxanda bunların atdıqları bu addım qanunla tənzim olunur. Amma bu gün vəziyyət elə ağırdır ki, bu insanlar öz ailələrini çox çətinliklə dolandıra bilirlər. Atılan bu addımlar orta sahibkarlığın inkişafının qarşısını alır.

Müəllimlərin, həkimlərin hər birindən qanunsuz olaraq 150 manat pul yığılması ilə bağlı informasiyalar var.

İnsanların bir çoxu aparılan tikintilərdə işləyir.  Burada da verilən əmək haqları insanları qane etmir. Onlar günəmuzd  10 manata işləyir və ailə büdcələrinə daxil  olan  bu vəsaitlə problemlərini  həll edə bilmirlər.

Problemlərin aradan qaldırılması üçün mütləq ölkədə demokratik dəyişikliklər olmalıdır. Demokratik dəyişikliklər üçünsə mütləq seçkilər demokratik keçirilməlidir.

- Siyasilər hansı təzyiqlərlə üzləşirlər? Hansısa təzyiqləri öz üzərinizdə hiss edirsinizmi?

- Fərqli münasibət, basqılar  təkcə  müxalifətdən olan siyasi partiyalara deyil, eyni zamanda fərqli düşünən bütün insanlara göstərilir. Siyasilərə qarşı təzyiqlər birbaşa olmasa da, dolayısı ilə edilir. Əgər fərqli düşüncə sahibi və ya müxalifətdən olan insanlar çörəkpulu qazanmaq üçün  bir iş görmək istəyirsə, maksimum dolayısı yollarla ona maneə törətməyə çalışırlar. Müxalifətdən olanların yaxın qohumlarına, çevrəsinə müxtəlif yollarla təzyiqlər edilir. Onlara iş verilmir. İşləmək, qazanc əldə etmək üçün mütləq YAP-n üzvü olmalısan. Bir sözlə müxalif siyasilərə qarşı hər yerdə olan basqılar Gəncədə də vardır.(qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar