Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əmlak Komitəsi dünyada analoqu olmayan bir özəlləşdirməyə imza atıb” - Nazim Bəydəmirli

“Prezidentin bu fərmanı Əmlak Komitəsinin fəaliyyətini tənzimləmək üçün və ölkədə özəlləşdirmə ilə bağlı Komitənin “özfəaliyyətinə” son qoymaq məqsədi ilə atıllan addımdır və mən bunu alqışlayıram”


Nazim Bəydəmirli: “Yaxşı olardı ki, bu sərəncamın davamı olaraq Əmlak Komitəsi umumiyyətlə ləğv olunsun və onun reyster funksiyaları Ədliyyə Nazirliyinə, özəlləşdirmə funksiyaları isə İqtisadiyyat Nazirliyinə verilsin”.

Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunmalıdır.Bundan başqa, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində prezidentə təqdim edilməlidir.

Prezident İlham Əliyevin özəlləşdirmənin təkmilləşdirilməsi haqqında fərmanını və ümumiyyətlə yeni özəlləşdirmə siyasəti iqtisadiyyatın inkişafına necə təsir edə bilməsi haqqında iqtisadçı ekspert Nazim Bəydəmirli PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.

Nazim Bəydəmirli: “Demək olar ki, bu vaxta qədər özəlləşmə baş vermiş bütün müəssisələr iflasa uğrayıb”.

PİA.AZ sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirlinin özəlləşmə və iqtisadiyyatımızın problemləri ilə bağlı bağlı müsahibəsini oxuğularının diqqətinə çatdırır:

-Nazim müəllim dünən prezident İlham Əliyev özəlləşdirmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Bu fərmanla bağlı nə deyə bilərsiz? Hökumətin yeni özəlləşdirmə siyasəti iqtisadiyyatın inkişafına necə təsir edə bilər?

-Prezidentin bu fərmanı Əmlak Komitəsinin fəaliyyətini tənzimləmək üçün və ölkədə özəlləşdirmə ilə bağlı Komitənin “özfəaliyyətinə” son qoymaq məqsədi ilə atıllan addımdır və mən bunu alqışlayıram. Çünki 20 il müddətində Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş fabrik, zavod, iri müəssisələrin heç birinin işlədiyini, səhmdarlarına gəlir gətirdiyini, həmçini vergi ödəyicisi olaraq fəaliyyət göstərməsinin şahidi olmadıq. 

Bu günə qədər özəlləşdirilmiş müəssisələrin təqribən 98 faizi, ancaq torpağını və əmlakını satmaqla məşğul olub. Onların heç birinin səhmləri birjalarda alınıb satılmır. Demək olar ki, bu vaxta qədər özəlləşmə baş vermiş bütün müəssisələr iflasa uğrayıb. Bunu mən birmənalı olaraq 100 faizlik həqiqət kimi deyirəm və bu həm bölgələrdə, həm də Bakıda belədir. 

Əmlak Komitəsi postsovet və sosialist ölkələrində, yəni sosialist iqtisadiyyatından kapitalizmə keçid olan heç bir ölkədə yoxdur. Bu qurum bir qayda olaraq departament olaraq özəlləşdirmə ilə məşğul olan İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərirlər. Yaxşı olardı ki, bu sərəncamın davamı olaraq Əmlak Komitəsi umumiyyətlə ləğv olunsun və onun reyster funksiyaları Ədliyyə Nazirliyinə, özəlləşdirmə funksiyaları isə, İqtisadiyyat Nazirliyinə verilsin. Çünki dünya təcrübəsində bu belədir. Həm də, bu onu göstərəcək ki, hökumət islahatlar aparmaqda israrlıdır və islahat strategiyası hökümətin davamlı siyasətidir. Mən prezidentin bu fərmanının davamı olaraq bu addımın atılmasın gözləyirəm.

Nazim Bəydəmirli: “Əmlak Komitəsi dövlət büdcəsinə verdiyi vəsaitdən qat-qat çox özü xərcləyir. Bu xərclənən vəsaitlər isə hara xərclənir, o da məlum deyil”.


-Uzun illərdir ki, dövlət obyektlərini Dövlət Əmlak Komitəsi faktiki olaraq su qiymətinə satıb və bununlada dövlət büdcəsinə milyonlarla manat ziyan vurulub. Yeni özəlləşdirmə strategiyasında bu kimi neqativ halların təkrarlanması ehtimalı ilə bağlı nə deyə bilərsiz?

-Təbii ki, əgər özəlləşdirmə ilə indiki Əmlak Komitəsi məşğul olacaqsa, eyni aqibəti gözləmək mümkündür. Mən misal onudeyim ki, özələdirmə aparan ölkələrdə dövlət şirkətlərini özələşdirildiyi zaman büdcə gəlirlərinin təqribən 25 faizi özəlləşdirmədən daxil olurdu. Ancaq tək 2016-ci ilin dövlət büdcəsinə baxsaq görərik ki, Əmlak Komitəsi vasitəsi ilə özəlləşmədən daxil olan vəsait cəmi 7 milyon manat, həmçinin Əmlak Komitəsinin özünün xərcləri 8 milyon manat olub, üstəgəl Əmlak Komitəsinin sağlamlaşdırma adı altında apardığı müxtəlif layihələrə 26-27 milyon manat arasənda vəsait nəzərdə tutulub. Bu o deməkdir ki, Əmlak Komitəsi dövlət büdcəsinə verdiyi vəsaitdən qat-qat çox özü xərcləyir. Bu xərclənən vəsaitlər də hara xərclənir o da məlum deyil. 

Mən 2006-ci ildən bu barədə danışıram. İndiki Əmlak Komitəsi doğrudan da üzərinə düşən funksiyaları, yəni qeyri-neft sektorunun inkişafı ilə bağlı, özəl sektorun inkişafı ilə bağlı heç bir fəaliyyət göstərmir. Çünki müəssisəni özəlləşdirən zaman adətən oranın vaxtı ilə direktoru olmuş və Sovet dönəmindən qalmış direktorlara (mən onları “qırmızı direktorlar”adlandırıram), 55 faiz səhm veriblər, və deyim ki, bu səhmlər qeyr-qanuni vəsaitlərlə əldə olunub. Bütün bunlara görə indiki özəlləşməni bu komandanın normal aparacağına mənim ümidim çox azdır. Hətta demək olar ki, ümidim heç yoxdur. 

Nazim Bəydəmirli: “Problem xarici şirkətlərin özəlləşdirmə prossesində çox və az iştirak etməsində deyil, bizim məmurların acgöz və yaxud qanuna uyğun hərəkət etməməsindən irəli gəlir”.


-Sizin fikrinizcə nəzərdə tutulan özəlləşdirmə əsasən hansı sahələri əhatə etməlidir?

-Mən güman edirəm ki, daha çox özəlləşmə yox, iri vergi ödəyicilərinə aid olan kommunal xidmətlərlə məşğul olan qurumların menecerləri üzərində Müşahidə Şurası yaratmaqla onların işinə bir müddət nəzarət etmək və onları təcrübəli investisiya qoya biləcək şirkətlərə idarəetmədə hüquqlar tanınmalıdır. Yəni təcrübəli şirkətlər deyərkən, bu xarici və yerli şirkətlər də ola bilər. İqtisadiyyatın böhran keçirdiyi indiki vaxtında böyük müəssisələrin və əhəmiyyət kəsb edən müəssisələrin özəlləşdirilməsini əleyhinəyəm. Mən dövlət şirkətlərinin  investisiya müsabiqələri üzrə özəlləşdirməyə verilməsinin tərəfdarıyam. 

Bildiyimiz kimi, özəlləşdirmə müxtəlif formalarda həyata keçirilir, yəni investisiya müsabiqələri, tenderləri keçirilir, ya da açıq həraclarda satılır. Mən nvestisiya müsabiqələrinin, tenderlərin keçirilməsinin tərafdarıyam. Ancaq Azərbaycan praktikasında bu çox nadir hallarda olub. Ona görə mən buna çox pessimist baxıram. 

Hesab edirəm ki, bu barədə ictimai müzkirə aparılmalıdır. Təbii ki, dediyim kimi əksər fabrik,zavodlar, tikinti şirkətinə aid olanlar, emal sahəsinə aid olanların əksəriyyəti artıq özəlləşdirilib, səhmdar cəmiyyətlərə çevrilib və bunların heç biri effektiv işləmirlər və demək olar ki, fəaliyyət göstərmirlər. Onlar ancaq öz əmlakların satmaqla məğul olurlar. 

Bu vaxta qədər Azərbaycanda analoqu olmayan özəlləşdirmə aparılıb. Çünki Əmlak Komitəsi bir əmlakı iki dəfə özəlləşdirməklə, yəni müəssisənin altında olan torpağı da özəlləşdirməklə, dünyada analoqu olmayan bir məsələyə imza atıb. Heç bir ölkədə bu belə deyil. Yəni müəssisə özəlləşdirilirsə, onun altında olan torpaq avtomatik özəlləşdirilmiş müəssisənin balansına verilir. Ancaq bizdə bunu etaplara bölürlər. Məqsəd də ancaq qeyri-qanuni vəsait toplamaq, dövlət əmlakını ələ keçirməkdən ibarət olub. 

Nazim Bəydəmirli: “Bizdə bir çox məmurlar dövlət vəzifələrində oturaraq öz şəxsi bizneslərini idarə edirlər”.


-Uzun illərdir ki, daha çox monopolst məmurlar özəlləşdirmə siyasətini özlərinin monopoliyalarının altına alaraq qeyri neft sektorunda iqtisadi inkişafın qarşısını kəsiblər. Yerli istehsal sahələri faktiki olaraq xaricdən ölkəyə mal gətirən monopolistlər tərəfindən blokadaya alınıb. Bu halların qarşısını almaq və ən əsası özəlləşdirmədə korrupsiyanın qarşısını almaq üçün hökumət hansı addımlar atmalıdır?

-Bu addımlar kompleks addımlar olmalıdır. Məmur nə qədər ki, biznesnlə məşğul olacaq, bir o qədər də bu tipli proseslər davam edəcək. Birmənalı olaraq biz bilməliyik ki, dövlətin iqtisadiyyata müdaxiləsi yolverilməzdir. İqtisadi proseslərdə dövlət tənzimləyici funksiyasını yerinə yetirməlidir. Ancaq çox təəssüf edirəm ki, əksər dövlət resursları dövlətin müxtəlif vəzifələr şəxləri vasitəsi ilə idarə olunur. Onlar da ancaq özlərinə, qohumlarına aid olan şirkətlərin patronajlığı ilə məşğul olurlar. 

Bizdə əksəriyyət məmurlar dövlət vəzifələrində oturaraq öz şəxsi bizneslərini idarə edirlər. Bundan qurtulmaq lazımdır. Dövlət məmurları yaxşı maaş almalıdır və eyni zamanda məmurun dövlətin və vətəndaşın qarşısında yaxşı da məsuliyyəti olmalıdır. Məmur hamıya da eyni gözlə baxmalıdır. Yəni qanun qarşısında hamının cavabdehliyi təmin olunmalıdır. Məsuliyyət artırılmalıdır ki, məmur biznesnlə məşğul olmasın. Məmur sahibkara təzyiq göstərməsin. Necə ki, cənab prezident sahibkarlara həmişə maddi və mənəvi dəstək göstərir, bütün çıxışlarında, rayonlara səfərlərində bunu ardıcıl olaraq nümayiş etdirir, eyni şəkildə də məmurlar davranmalıdır. Çünki qeyri-neft sektorunun inkişafı üçün, Azərbaycanın normal ölkəyə çevrilməsi üçün əsas olaraq sahibkarlığı inkişaf etdirilməsi zəruridir. Sahibkarlığa mane olan qurumlar azaldılmalı və funksiyalar birləşdirilməlidir. Yəni məmur sahibkara, əhalinin rifahına xidmət etməlidir. Bu olmayana qədər heç bir sahibkarlığın əsl inkişafından söhbət açıla bilməz. 

Nazim Bəydəmirli: “Adətən bizim məmurlar rüşvət baxımından xaricilərlə daha çox işləməyə üstünlük verirlər, nəyinki yerli iş adamları ilə”.


-Özəlləşdirmədə xarici vətəndaşların və şirkətlərin iştirakı nə qədər mümkündür və sizin fikrinizcə, xarici şirkətlərin özəlləşdirmədə iştirakı korrupsiyanın qarşısını ala və dövlətin gəlirlərini artıra bilərmi?

-Əvvələr də buna imkan var idi. Çünki xarici şirkətlər, xarici fiziki və hüquqi şəxslər Azərbaycan özəlləşməsində iştirak ediblər və naliyyətlər də əldə ediblər. Bütün ölkələr xarici investırın gəlməsində maraqlıdır. Azərbaycan da bu ölkələrdən biridir. Xaricinin burada iştirak edib etməməsi şəffaflığı artırmır və yaxud da korrupsiyanı azaltmır. Sadəcə olaraq bizim məmurlarımız ofşor zonlarda və digər xarici ölkələrdə şirkətlər quraraq üçüncü şəxslər vasitəsi ilə özlərinə yaxın menecerlər tapırlar. Bu yolla xarici şirkətlər güya yenə də fiziki, ya da hüquqi şəxs kimi istifadə olunurlar. Yəni bu mexanizm çox rahatdır və yenə də təkrara edirəm, problem xarici şirkətlərin özəlləşdirmə prossesində çox və az iştirak etməsində deyil, bizim məmurların acgöz və yaxud qanuna uyğun hərəkət etməməsindən irəli gəlir. Bu problem həll olunmasa, heç nəyin xeyri olmayacaq. Xaricilər bizdən də yaxşı rüşvət verməyi də bacarırlar. Adətən bizim məmurlar rüşvət baxımından xaricilərlə daha çox işləməyə üstünlük verirlər, nəyinki yerli iş adamları ilə. Ona görə məmurlar dəyişməlidir ki, ölkədə də vəziyyət dəyişsin.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar