Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elmar Məmmədyarov başda olmaqla, XİN-dəki bir çox diplomatlar...”


Eldar Namazov: “Rusiya Müdafiə Nazirliyi yanında analitik mərkəzin bu günlərdə nəşr etdiyi kitabda açıq-aydın göstərilib ki, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında heç bir şansı yoxdur”


Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov günün aktual mövzuları ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Eldar bəy, son günlər AzərbaycanErmənistan tərəfindən verilən açıqlamalarda hərbi ritorikanın artdığı müşahidə olunur. Ermənistanın baş qərargah rəisi aprel savaşından keçən iki ildə erməni ordusunun gücləndiyini, yeni silahlar əldə etdiyini deyərək Azərbaycan ordusunu hədələyib. Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev isə buna cavabında Azərbaycan ordusunun istənilən an Ermənistan ordusunu tamamilə darmadağın etmək, erməniləri fəlakətlə üz-üzə qoymaq qüdrətində olduğunu bəyan edib. Sizcə, aprel savaşının ikinci ildönümü ərəfəsində bu şəkildə hərbi ritorikanın artması yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların başlanacağının siqnalı sayıla bilərmi?

- Məhz sizin qəzetinizə mən aprel döyüşlərindən bir müddət sonra silsilə müsahibəmdə qeyd etmişdim ki, aprel döyüşləri Azərbaycan ordusunun böyük üstünlüyünü nümayiş etdirdi və ordumuzun Qarabağı azad etməyə qadir olduğunu ortaya qoydu. Bu da Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaratdı ki, biz diplomatik sahədə də müəyyən uğurlar əldə edək və torpaqlarımızın azad olunması istiqamətində ciddi irəliləyişə nail olaq. Təəssüf ki, bir müddətdən sonra mən məcbur oldum qeyd eləməyə ki, Azərbaycan diplomatiyası Azərbaycan ordusunun ona verdiyi bu imkanlardan yaxşı istifadə edə bilmədi və danışıqlar yenə də dalana dirənib, müharibə ehtimalı çox yüksəkdir, hətta 90 faiz əminəm ki, Azərbaycan ordusu ikinci hərbi əməliyyat keçirməyə hazırlaşmalıdır. Bu fikirlərin üzərində indi də qalıram. Birincisi, Azərbaycan ordusunun erməni ordusunun üzərində üstünlüyü şəksizdir.

Bunu hamı qeyd edir. İkincisi, diplomatik sahədə təəssüf ki, yeni yaranmış imkanlardan səmərəli istifadə edə bilmədik. Torpaqlarımızın azad olunması işi yenə də Azərbaycan ordusunun üzərinə düşəcək. Mən əminəm ki, ordumuz belə bir əmr alanda bu vəzifəni layiqində yerinə yetirəcək. O ki qaldı son günlərdə erməni tərəfinin yenidən hədələyici bəyanatlarla çıxış eləməsinə, bunun da öz səbəbi var. Bu da ondan ibarətdir ki, bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edən, faktiki olaraq Rusiyanın hərbi nazirliyinin analitik mərkəzinin böyük bir təhqiqatı işıq üzü gördü. Strategiyaların və Texnologiyaların Araşdırma Mərkəzinin rəhbəri Rusiya müdafiə naziri yanında İctimai Şuranın üzvüdür.

Bu mərkəzin çap elədiyi böyük bir kitabda açıq-aydın göstərilib və faktlarla sübut edilib ki, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında heç bir şansı yoxdur. Həm sırf hərbi-texnoloji baxımdan, həm iqtisadi potensial baxımdan, həm demoqrafik potensial baxımdan Azərbaycan Ermənistandan qat-qat üstündür, növbəti hərbi savaşda Ermənistan ordusu Azərbaycan ordusuna məğlub olacaq. Məhz bu araşdırma işıq üzü görəndən sonra erməni tərəfindən isterik bəyanatlar verilməyə başlayıb. Erməni generalın və digər erməni rəsmilərin bu cür bəyanatları boş söhbətlərdir. Aprel döyüşlərindən sonra ermənilər hətta bəyanat verirdilər ki, onlarda guya nüvə bombası var. Açıq savaşda uduzan tərəf həmişə bu cür isterikada olur və möcüzəyə inanmağa başlayır. Necə ki, Hitler 1945-ci ildə sovet ordusu Berlinə yaxınlaşanda hamını inandırmağa çalışırdı ki, onların sehrli silahı var, o silahı işə salacaqlar və sovet ordusunu Berlinin ətrafında məğlub edəcəklər, indi də erməni generalların da bəyanatları məğlubiyyətin astanasında olan tərəfin isterik bəyanatlarına bənzəyir. Ona görə də ermənilərin bu cür bəyanatlarına fikir vermək lazım deyil. Azərbaycan ordusu Dağlıq Qarabağı azad etməyə tam hazırdır. Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də məhz belə bir əməliyyatın keçirilməsinə hazırlıq mərhələsi idi. Siyasi baxımdan bu qərar nə vaxt veriləcək, bunu mənim üçün demək çətindir. Ona görə ki, burada çox amilləri nəzərə almaq lazımdır. Həm beynəlxalq durum, həm başqa ciddi amillər məsələsi var.

- Azərbaycanın diplomatiyasını həyata keçirən hökumət orqanı Xarici İşlər Nazirliyidir. Bir çox ekspertlər də bəyan edirlər ki, Xarici İşlər Nazirliyi ordumuzla ayaqlaşa bilmir, diplomatik savaşı yaxşı apara bilmir. Sizcə, bu vəziyyəti düzəltmək üçün ciddi tədbirlər, kadr dəyişiklikləri həyata keçirilməlidirmi?

Elmar Məmmədyarov başda olmaqla, XİN-dəki bir çox diplomatlar dinc dövrə uyğun diplomatlardır”


- Mən xarici işlər naziri cənab Elmar Məmmədyarovu uzun illərdir tanıyıram. O, kifayət qədər təcrübəli, savadlı diplomatdır. Onun nazir olmazdan öncəki dövrlərdə çalışdığı vəzifələr ona imkan verib ki, dünya siyasətini, regionda gedən prosesləri yaxından izləsin və dəqiqliklə təhlil etsin. Ancaq məşhur bir anlayış var ki, müharibə şəraitinə uyğun diplomatlar, siyasətçilər və dinc şəraitə uyğun diplomatlar, siyasətçilər var. Mənim şübhəm yoxdur ki, rəhmətlik Əbülfəz Elçibəyin də, Ayaz Mütəllibovun da dünya görüşləri, millətə münasibətləri ölkəni yaxşı idarə eləmək üçün onlara tam imkan verirdi. Sadəcə olaraq, onların hakimiyyət dövrü müharibə dövrünə düşdü. Müharibə vəziyyətində isə siyasətçilərin qarşısında tamam başqa tələblər meydana çıxır. Müharibə şəraiti yox, dinc dövr olsaydı, ətrafımızda Belçika, Fransa, İngiltərə kimi ölkələr olsaydı, Elçibəy və Mütəllibov bu dövləti çox yaxşı inkişaf etdirə bilərdilər. Bunu indi xarici işlər nazirinə də şamil edə bilərik. Elmar Məmmədyarov başda olmaqla, XİN-dəki bir çox diplomatlar dinc dövrə uyğun yaxşı diplomatlardır. Bizim diplomatiyamız faktiki olaraq müharibə aparan bir dövlətin diplomatiyası olmalıdır. 1994-cü ildə atəşkəs imzalanandan sonra dünyada belə bir fikir formalaşmışdı ki, Ermənistanın ordusu Azərbaycan ordusundan qat-qat güclüdür. Bunu müharibənin nəticəsi ilə əsaslandırırdılar. Azərbaycan diplomatiyası üçün bu çox əlverişsiz şərait idi. Ancaq buna baxmayaraq, başqa amillərdən, xüsusən də neft amilindən istifadə edərək Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası o dövrdə bir sıra ciddi uğurlar əldə edə bildi. Bilirsiniz ki, Ermənistanda çox ciddi siyasi böhran yaşandı, Levon Ter-Petrosyan hakimiyyətdən getməli oldu.

Ona görə ki, onlar ATƏT-in sammitində Dağlıq Qarabağla bağlı çox ciddi bir zərbə almışdılar. ATƏT-ə daxil olan bütün dövlətlər bəyan etmişdilər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət statusu almalıdır. Bunu Ermənistanda hüquqi soyqırım kimi qələmə verdilər və hakimiyyəti suçlamağa başladılar ki, diplomatiyada Azərbaycana uduzub. Mitinqlər başlandı və Ter-Petrosyan hakimiyyətdən getməli oldu. O dövrlərdə diplomatiyamızın ciddi uğurlarından biri ilk dəfə olaraq ATƏT-in tarixində ATƏT-in sülhməramlı qüvvələrinin formalaşması və Qarabağ konfliktinin həlli üçün ondan istifadə edilməsi haqqında qərar qəbul olunması idi. O dövrə qədər ATƏT heç bir konfliktə görə belə bir qərar qəbul etməmişdi. Məhz Azərbaycan diplomatiyasının səyləri nəticəsində biz bu işdə bir çox dövlətlərin dəstəyini ala bildik. Ermənistanın və Rusiyanın müqavimətinə baxmayaraq ATƏT belə bir qərar çıxardı. Yəni bu cür nümunələr gətirə bilərəm ki, o vaxtlar biz Azərbaycan ordusunun gücünə arxalana bilməsək də Qarabağ məsələsi ilə bağlı çox fəal xarici siyasət yürüdürdük. İndi 2016-cı ilin aprel döyüşlərindən sonra vəziyyət tam fərqlidir. Yəni Azərbaycan ordusu Azərbaycan diplomatiyası üçün gözəl bir şərait yaratmışdı.

Azərbaycan ordusu üstünlüyünü nümayiş etdirəndən sonra bunu Vaşinqtonda da, Moskvada da, Brüsseldə də, Parisdə də etiraf eləməyə başladılar ki, Azərbaycan ordusu Qarabağı azad eləyə bilər, buna qadirdir. Belə bir şəraitdə mən hesab edirəm ki, “ənənəvi diplomatik strategiya aparmaq üçün biz danışıqlara getməliyik, ermənilər danışıqlara gəlmir görək harada biz onlarla görüşə biləcəyik, şəkil çəkdirib danışıqların davam etdiyini nümayiş etdirəcəyik” kimi strategiya artıq yerimir. Bu strategiya aprel döyüşlərinə qədərki dövrü əhatə edən bir yanaşma idi. İndi tamam başqa yanaşma lazımdır. Müharibə vəziyyətində olan və ordusu öz üstünlüyünü nümayiş etdirən bir tərəfin çox fəal, sərt diplomatik strategiyası olmalı və tətbiq edilməlidir. Təəssüf ki, biz hələlik bu strategiyanı görmürük.

- Rusiyada seçkilər  başa çatdı. Azərbaycanda da bir neçə həftəyə seçki prosesi yekunlaşacaq. Ermənistanda da aprelin birinci yarısı yeni hökumət seçiləcək. Bir sözlə, hər üç ölkədə seçki dövrü arxada qalacaq. Seçkilərin başa çatması Qarabağ danışıqlarına və ümumiyyətlə, gedişata təsirini göstərməyə başlayacaq?

- Şübhəsiz. Çünki həmişə seçki prosesi Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlara mane olur, danışıqlar faktiki olaraq dondurulur. İndi hər üç ölkədə seçki prosesinin təqribən eyni vaxtda başa çatması da Azərbaycan üçün yeni imkanlar yaradır. Hər halda, bundan sonra nə İrəvan, nə də Moskva hansısa bəhanə gətirə bilməz ki, masa üzərində olan ciddi məsələlərin müzakirəsi bir az da ləngisin. Ancaq xüsusi qeyd eləmək istəyirəm ki, Ermənistanda idarəçiliklə bağlı dəyişikliklərin həyata keçirilməsi o deməkdir ki, artıq əsas xarici siyasətlə bağlı səlahiyyətlər baş nazirin və parlamentdə hakim olan koalisiyanın üzərinə düşür. Belə şəraitdə güzəştləri gözləmək daha çətindir. Ona görə ki, koalision hökumətdən güzəşt əldə etmək daha çətin olur, nəinki monolit hakimiyyət qurumundan. Odur ki, mən hesab etmirəm ki, bu proseslər başa çatandan sonra Qarabağ danışıqları başlasa belə, ciddi effektli ola bilər. Xüsusən də mən yenə o məsələyə qayıdıram ki, Azərbaycanın strategiyası dəyişməlidir. Son illərdəki ənənəvi strategiyadan əl çəkməliyik. Mən hər şeyi mətbuata açıqlaya bilmirəm. Ancaq Azərbaycan diplomatiyasını gücləndirmək üçün və Azərbaycan ordusunun əldə etdiyi üstünlükləri diplomatik sahəyə də gətirmək üçün imkanlar var.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar