Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir”

Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar


Sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu  maraqlı müsahibə verib. 

Həmin müsahibəni öz oxucularına təqdim edirik:

– Alqış bəy, öncə mətbuatla bağlı bir sual vermək istərdim: onlayn, yoxsa çap media? Hansına daha çox üstünlük verirsiniz?

– Mən hər ikisini izləyirəm. Fərq nədədir? Onlayn media daha çox və daha tez məlumatlandırır, çap mediası isə daha çox düşündürür. Belə ki, əgər xəbərlərə operativ çıxış əldə etmək lazımdırsa, onlayn medianı, düşünüb-daşınmaq, təhlil aparmaq, dəqiq qənaətə gəlmək istəyirsənsə, çap medianı oxumalısan. Mən hesab edirəm ki, çap media ilə ünsiyyət tamam fərqli və daha energetik bir aura yaradır. Ola bilər ki, bu, mühafizakar yanaşmadır. Hər halda mən belə hiss edirəm…

– Fakt budur ki, çap medianın oxucuları kəskin azalıb…

– Mən sizinlə razıyam, elədir. Amma çap media makulaturaya dönürsə belə, öz təsir gücünü itirmir. Sizə bir nümunə deyim. Bir dəfə təndir çörəyi aldığım orta yaşlı qadın, məni tanıdığnı deyib ictimai-siyasi həyatımızla bağlı bəzi məsələlərə münasibətimi öyrənmək istədi. Mən də onun suallarını öz bildiyim kimi izah etməyə çalışdım. Və bizim aramızda əməlli-başlı polemika yarandı.

Gördüm ki, xanım çox məlumatlıdır. O, mənim təəcübümə cavab olaraq dedi ki, bu qəzetləri mən təkcə çörək bükmək üçün istifadə etmirəm, vaxt tapan kimi həm də oxuyuram. Təsəvvür edin, o, təkbaşına xamır yoğurur, təndiri yandırir, çörək bişirir və satır. Həm də vaxt tapıb qəzetləri vərəqləyir.

Deyim ki, bu, mənim rastlaşdığım yeganə hal deyil. Bu gün demək olar ki, bazarlarda piştaxta arxasında oturanların əksəriyyəti potensial qəzet oxucularıdır. Bu, təkcə mütaliəyə aludəliyin göstəricisi ola bilməz. Yəqin ki, bir çox başqa səbəblər də var.

Ən pisi odur ki, oxumalı, öyrənməli olan təbəqə sanki mütaliədən birdəfəlik imtina edib. İndi cəmiyyətimizin əksər üzvləri yalnız ondan-bundan eşitdiyini danışır, yazır və yayır. Nəticədə kabinet jurnalistikasının və kabinet fəallarının sırası sürətlə genişlənir. Bu, yaxşı perspektiv vəd etməyən bir mənzərədir…

– Alqış bəy, hakim komandada dəyişikliklərin olacağı ilə bağlı xeyli vaxtdır müzakirələr gedir. Yeni ildə bu istiqamətdə hansı addımların atılacağını gözləyirsiniz? Sizcə, böhrandan çıxmaq üçün nələri etmək lazımdır?

– Həmişə dediyim bir fikri təkrarlamaq istərdim: Azərbaycanda klassik böhranın heç bir təzahürü yoxdur. Hər şey idarə olunur, proseslər nəzarət altındadır. Düzdür, qüsurlar, çatışmazlıqlar, həllini gözləyən məsələlər var. Onların öhdəsindən gəlmək isə mümkündür.

– Hər halda cəmiyyətin gözləntiləri böyükdür…

– Gözləntilər ola bilər. Bu təbiidir. Baxmayaraq ki, gözləntilər bəzən möcüzələrə hesablanır. Reallıq isə başqadır.
Nəzərə alaq ki, respublikamızın kadr potensialı arzulanan, təsəvvür edilən kimi rəngarəng və hüdudsuz deyil. Hamını ucdantutma kənarlaşdırıb, onları yeniləri ilə əvəzləmək, hər şeyi yerli-dibli uçurub dərhal yenisini qurmaq imkanı yoxdur.

Digər tərəfdən, komandaya qarşı da ədalətli olmaq vacibdir. Fakt budur ki, hazırki iqtisadi-siyasi uğurlar mövcud komanda ilə birlikdə əldə olunub. Şübhəsiz ki, təmizlənmə, yenilənmə getməlidir və gedir. Amma Marksın məşhur ifadəsi ilə desək, uşağı çimizdirəndən sonra “onu çirkli su ilə birlikdə atmaq” olmaz. Təəssüf ki, hərdən elə belə də olur: uşağı vanna ilə, cirkli su ilə birlikdə atırlar…

Və onu da unutmayaq ki, cənab prezidentin, dövlətin əlində sehrli çubuq yoxdur. Elə problemlər var ki, onların həlli prezidentə, onun komandasına yox, ümumi inkişafa bağlıdır.

Əlbəttə, elə qüsurlar, çatışmazlıqlar, problemlər də mövcuddur ki, onların aradan qaldırılması, həlli məhz komanda daxilindəki ümumi ab-havadan, məmurların mənəvi-əxlaqı keyfiyyətlərindən birbaşa asıldır.

– Məsələn…

– Bu gün Azərbaycan cəmiyyəti və dövlət idarəçiliyi ən çox nədən əziyyət çəkir? Mən belə deyərdim: şəxsi hisslərin dövlət idarəçiliyinə daşınmasından!

Söhbət nədən gedir? Çox təəssüf ki, bəzi, özü də adi deyil, yüksək çinli məmurlar vəzifə səlahiyyətlərindən Prezidentin və dövlətin tapşırıqlarını yerinə yetirmək üçün yox, ayrı-ayrı adamlarla öz şəxsi münasibətlərini ayırd etmək məqsədilə yararlanırlar. Daha doğrusu, öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər. Bu da erməni təzavüzündən, korrupsiyadan, rüşvətdən daha böyük bir bəladır.

İdarəçilikdə “mənim səndən xoşum gəlmir” düşüncəsinə yer olmamalıdır! İnsanlar arasında rəqabət, mübarizə ola bilər. Ancaq rəqabət heç bir halda düşmənçiliyə, qisasçılığa əsas verməməlidir. Biz kiçik ölkəyik, az qala hamı bir-biri ilə qohum-əqrabadır. İlin-günün bu vaxtında başından var-dövlət aşan, büdcəsi milyardlarla ölçülən bir ölkədə insanı çörəklə imtahana çəkmək, hər hansı bir işlə məşğul olub, adi maaş almasını yasaqlamaq heç kimə şərəf və başucalığı gətirməz!

Belə tendensiyanı şəxsi həyatımda yaşamış biri kimi bir hadisəni xatırlamaq istərdim. Bir neçə il əvvəl qardaşım rəhmətə getmişdi. Bəzi dost-tanış mənə xəlvətdə başsağlığı verib deyirdi ki, bağışla, yas yerinə gələ bilmirik, xəbər gedib filankəsə çata bilər… Bunu necə izah etmək olar?

Səksən yaşlı anam mənə sual verir ki, oğul, sən kimə neynəmisən, kimin balasına güllə atmisan ki? Övladlarım məndən soruşurlar ki, ata, sən kimə, nəyə, hansı ideallara xidmət etmisən ki, səninlə belə davranırlar? Bütün bunlar çox ciddi və ağrılı suallardır. Və bu sualları mən yaratmamışam…

– Alqış bəy, “filankəs” deyəndə kimi nəzərdə tutursunuz?

– Artıq heç bir fərq etməz. Cünki problem ondadır ki, bu bəla “filankəs”likdən çıxıb, bir dəst-xəttə, üsluba çevrilib, idarəçilikdə kök salıb, özünə əməlli-başlı yer edə bilib. Belə demək mümkünsə, bir filankəsin “xidməti” hesabına dövlətçilik, idarəçilik əxlaqı ciddi aşınmaya, təhrifə məruz qalıb. Nəticədə “filankəslər” əmələ gəlib.

İdarəçiliyin bir qızıl norması var: əgər bir məmur öz işi ilə məşğul deyilsə, onda heç bir məmur öz işi ilə məşğul ola bilmir. Təssüf ki, bu gün öz işi ilə məşğul olmayan məmurlar – “filankəs”lər kifayət qədərdir.

Həm də söhbət təkcə məndən getmir axı. Belə haqsız, dözülməz münasibətə məruz qalan, incidilən o qədər adam var ki…

Bu yaxınlarda bir gənc alim az qala ağlayaraq qorxa-qorxa mənə danışırdı ki, institutumuzun elmi nəşrində məqaləmi çap eləmirlər ki, sən gərək mütləq filankəs məmur–alimin əsərlərindən sitat gətirəsən…

– Yaxşı, bəs “filankəslərdən” xilas olmaq üçün nə etmək olar?

– İndiyə kimi cənab prezidentin məmurların davranışıyala bağlı verdiyi tapşırıq və tövsiyyələrdən mükəmməl bir əxalq kodeksi, müntəxabat formalaşdırmaq mümkündür. Problem isə qalır. Yəqin ki, biz bilmədiyimiz hansısa boşluqlar var. İctimai nəzarətin yetərli olmaması, dişsizliyi də belələri üçün əlverişli mühit yarada bilir. Bir də ki, insanı tanımaq olmur.

Bir dəfə İslam Peyğəmbərinə silahdaşlarından biri şikayət edir ki, namaz qılıb, amma daxillərində iman gətirməyən insanlar var. Peyğəmbərimiz deyir ki, biz xalqın ürəyinə daxil olmaq üçün təyin edilməmişik…

Elə öz yaxın tariximizi götürək. Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı. Bu gün də Ulu Öndərimizin heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə, Cənab Prezidentə xəyanət edən məmurlar var. Və belələri gələcəkdə də olacaq. Heç nəyə və heç kimə tam, 100 faiz zəmanət vermək mümkün deyil…

– Bu il həm də seçki ilidir. Hakim komandanın prezidentliyə namizədinin kim olacağı barədə bəzi müzakirələr gedir. Hətta namizədin yenilənəcəyi barədə fikirlər səslənir. Siz necə düşünürsünüz?

– Hər şeydən öncə mən iki həlledici məqamı xüsusi vurğulayardım. Birinci, xatırlayaq ki, müasir Azərbaycan dövlətçiliyinin və hakim partiyanın istinadgah mənbəyi Heydər Əliyevdir. İkinci, son rəy sorğuları göstərir ki, Azərbaycan prezidentinə əhalinin etimadı çox yüksəkdir. Onun 90 faizə yaxın reytinqi var. Mən hesab edirəm ki, belə şərtlər daxilində iqtidar namizədinin kimliyindən asılı olmayaraq, 2018-cil prezident seçkilərində İlham Əliyev qalib gələcək…

– Yəni belə hesab edirsiniz ki, iqtidarın namizədi dəyişə bilər? Birinci vitse-prezidentin namizəd olmaq ehtimalı nə dərəcədə yüksəkdir?

– Gəlin, tələsməyək. Mən namizədlik haqqında heç nə deyə bilmərəm. Çünki bu bir prosedur, nizam-intizam məsələsidir. Hər şey Cənab Prezidentin və hakim partiyanın qərarına bağlıdır. Amma söhbət Birinci vitse-prezidentin personasından gedirsə… Mehriban Əliyeva unikal şəxsiyyətdir. Cəmiyyətdə ona qarşı böyük rəğbət və maraq var. Onun həyata keçirdiyi proyektlər, gördüyü işlər Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə çox böyük uğurlar və dividentlər gətirməkdədir. Onu da əlavə edək ki, bu gün Mehriban xanımın daşıdığı soyad bimənalı olaraq sabitlik faktoruna çevrilib. Bu baxımdan, mən düşünürəm ki, Mehriban Əliyeva Azərbaycanın beşıncı prezidenti ola bilər…"AzPolitika.info"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar