Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dənizə çıxışımızı hasarlayıb, bir dənə pişik yolu qoyublar”


“O zaman kimin iki evi varsa, birini evi olmayana verməlidir”; “Enində-sonunda biz Türkiyə ilə eyni şamın işığında dünya turuna çıxacağıq”


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa elə müsahiblərdəndir ki, ondan hər söhbətdə rəngarəng mövzulara kifayət qədər maraqlı cavablar almaq mümkündür. Budəfəki müsahibəmizdə konstitusiya dəyişikliklərindən tutmuş, Türkiyədəki olaylara, həmçinin çimərlik qadağaları, yol qəzaları, devalvasiya daxil, bir çox məsələlərdən danışdıq, suallarımıza maraqlı cavablar aldıq. 

- Fazil bəy, Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum ideyası, sizcə, hansı zərurətdən irəli gəldi? 

- Fikrimcə, Konstitusiya dəyişiklikləri zərurətdən deyil, qonşu ölkələrdə baş verən hadisələrdən qaynaqlanan ehtiyatlılıqdan irəli gəlir. Xüsusilə Türkiyədə baş verən son hərbi çevriliş cəhdi onu göstərdi ki, nə qədər irəli demokratiyaya sahib olursan ol, beynəlxalq güclərin marağına uyğun siyasət yeritməyəndə boş səhrada fırtına yarada bilirlər. Türkiyə  demokratiyanın inkişaf səviyyəsinə görə bizdən xeyli irəlidədir, bununla belə yenə də hərbi çevriliş riski yaşana bilirsə, o zaman daha gənc və cəmiyyətin siyasətdə fəal aktyora çevrilmədiyi Azərbaycanda bu güclər daha ciddi problemlər yarada bilərlər. Ona görə də icra hakimiyyətinin möhkəmləndirilməsi, qarışıq situasiyada idarəçilik boşluğuna yol verilməməsi üçün bu cür addım gözlənilirdi və referendum yolu ilə bunun həlli müxanizmi düşünüldü. Açığı, ölkə prezidenti tərəfindən təqdim olunan bu sənəddə bəlkə demokratiya prinsiplərindən müzakirə oluna biləcək müəyyən məqamlar tapıla bilər, ancaq əsas hədəf ölkənin təhlükəsizliyi olduğu üçün qiymətləndirmə də məhz təhlükəsizlik meyarı ilə aparılmalıdır. 

- Bildiyimizə görə, siz ümumilikdə dəyişikliklərlə bağlı əksər təklifləri təqdir etsəniz də, parlamentə  aid təşəbbüsləri bölüşmürsünüz. Dəyişikliklərdən sonrakı Milli Məclisi necə təsəvvür edirsiniz? 

- Haqlısınız, bu məsələdə mən də ölkənin təhlükəsizliyi və beynəlxalq güclərin planlaşdırdığı xaosun önlənməsi baxımından bu dəyişiklilərin əksər hissəsini yerində hesab edirəm. Ancaq iki müddəa var ki, bunların gələcəkdə ciddi problemləri də özü ilə gətirəcəyini istisna etmirəm. Ona görə də bu iki məsələ üzərində indidən dəqiqləşdirmə zəruridir ki, sabah yaranacaq narahatçılığın qarşısı alına bilsin. Birincisi, sosial ədalət prinsipini əsas götürərək torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması, ikincisi isə etik qaydaları pozduğuna görə deputat mandatından məhrum edilmə tələbinin qoyulmasıdır. Bilindiyi kimi, sosial ədalət anlayışı olduqca mücərrəddir və istənilən məhdudlaşdırma aktını bu prinsip üzərindən tətbiq etmək rahat bir işdir. Onsuz da bizdə dövlət ehtiyacı üçün mülkiyyətin kompensasiyası ödənilməklə özgəninkiləşdirilə bilməsi mümkündür. Burada isə kompensasiyadan ümumiyyətlə söhbət getmir və bu halda kimsə torpağa əminliklə kapital yatırmağa, güclü infrastruktur qurmağa maraqlı olmayacaq. Necə olsa, bir gün kimsə, sosial ədalət adlanan kabusla bunu onun əlindən ala bilər düşüncəsi hər zaman fermeri və ya torpaq sahibini rahatsız edəcək. Mülkiyyətə münasibətdə sosial ədalət meyar olaraq götürülərsə, o zaman kimin iki evi varsa, biri alınıb evi olmayana verilməlidir. Maşın, bağ, obyektlər də eləcə. Bu isə xüsusi mülkiyyətçilikdən imtina demək olardı, yəni yenidən sosializmə dönüş kimi bir vəziyyət. Məncə, burada sosial ədalətin dəqiq açılışı verilməlidir ki, torpaq mükliyyətçisinin hüquqlarının məhdudlaşdırılması durumunda qanunun sui-istidadəsi baş verməsin. 
İkinci məsələ isə parlament demokratiyasına ciddi ziyan vura bilər. Prosedurla, gündəlik məsələlərlə bağlı hər hansı mübahisə etik qaydaların pozulması kimi təfsir oluna və deputatın hüququ subyektiv qərarlarla pozula bilər. Məmurun etik qaydaları var və bu dəyişiklik hakimiyyətin ayrıca müstəqil qolu olan parlamentin üzvünü dövlət məmuru kimi idari tabeçiliyə bağlayacaq. Onsuz da indiki qanunvericilikdə etik qaydaların pozulmasına görə deputat üçün intizam məsuliyyəti var və deputatın mandatdan məhrum olunması normasının törədilən cinayət əməlinə görə tətbiqi yetərli sayıla bilər. Etik qaydaların pozulmasına görə deputat mandatından məhrum edilmə, artıq danışmağın riskli olduğu, mübahisənin, gərgin müzakirələrin məhdudlaşacağı bir parlament deməkdir. Ona görə də burada da etik qaydaların pozulmasının dəqiq açılışı olmalıdır ki, sonralar müəyyən anlaşılmazlıqlar ortaya çıxmasın. 

“Devalvasiya ocağında hələ də kül qalıb, bu, o deməkdir ki, yatıb-durub manatın bir də nokauta düşməsini görə bilərik”

- Referendumdan sonra növbədənkənar parlament və ya prezident seçkiləri keçirilə bilərmi?

- Güman etmirəm. Üç il öncə prezident seçkiləri keçirilib və  2018-ci ilə də cəmi iki il qalır. Elə bir seçkiyə hazırlıq bir il çəkirsə, çox güman ki, prezident seçkiləri öz vaxtında keçiriləcək. Növbədənkənar parlament seçkilərinin də keçirilməsi üçün ciddi bir situasiya və ya qanunvericilik tələbi yaranmayıb. Əgər bu dəyişikliklərdə Milli Məclisin statusunda və ya qanunverici hakimiyyətin funksional fəaliyyətindəki yeniləşmələr olsaydı, o zaman bəlkə də bu barədə müzakirə açmaq olardı. Burada daha çox ali icra hakimiyyətinin strukturunun təkmilləşdirilməsi və insan haqları ilə bağlı müddəaların dəqiqləşdirilməsi ağırlıq qazandığına görə, indiki məqamda  növbədənkənar parlament seçkilərinin yenidən keçirilməsi zərurəti yaranmır.

- Fazil bəy, ölkədə  elektrik enerjisinin qiymətinin qaldırılmasından sonra digər sahələrdə də qiymət artımının qaçılmaz olduğu deyilir. Yeni devalvasiya təhlükəsi də real sayılır. Hökumətin davranışları situasiyaya adekvatdırmı? Siz indiki durumdan çıxış yolunu necə görürsünüz?

- Qiymətlərin artımı hər zaman baş verə bilər və bu, təkcə iç siyasətlə bağlı məsələ deyil. Dünya bazarında neftin qiymətinin yuxarı-aşağı oynamasının bütün sahələrə neçə təsir etdiyinin hamımız yaşadığımız günlərdə şahidiyik. Devalvasiya ocağında hələ də kül qalıb, bu o deməkdir ki, yatıb - durub manatın bir də nokauta düşməsini görə bilərik. Burada çıxış yolu yoxdur, artıq qalmalı olduğumuz yerdən çoxdan çıxmışıq, indi qarşımızda sadəcə islahatlara giriş yolu var: istehsalın, emalın stimullaşdırılması, bir də inhisarçılığın, verginin əzə bilmədiyi təşəbbüskar iş adamı. Bu yola girəcəyikmi, bunu bilmirəm. Girəriksə, qısa zamanda Azərbaycanlı sahibkarın iqtisadi zəkasına güvəndiyimə görə, işlərin qaydaya düşəcəyini rahatlıqla söyləyə bilərəm.  

- Fazil bəy, 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyənin hansı istiqamətə gedəcəyi ilə bağlı ziddiyyətli yanaşmalar var. Sizin gözləntiləriniz maraqlıdır, qardaş ölkədə demokratik ənənələrin, dünyəviliyin arxa plana keçəcəyi barədə iddiaları bölüşmək olarmı, yoxsa bu, mümkünsüzdür?

- Çevriliş cəhdinin qarşısının alınmasına görə həqiqətən böyük  sevinc hissi keçirdim. Bizlərin Türkiyə ilə bağlı həssaslığımıza bəzən qəribə baxanlar olur. Ancaq bəzən özümüzü bir Türkiyə vətəndaşı qədər Türkiyəyə bağlı hiss edirik, Azərbaycan qədər içimizdə Türkiyəyə də sevgi daşıdığımızı büruzə veririk. Səbəb yalnızca duyğularla, qanla, dillə bağlı deyil, ən başlıcası, gələcəyin reveransı ilə bağlıdır. Yəni enində-sonunda biz Türkiyə ilə eyni şamın işığında dünya turuna çıxacağıq. Bu səbəbdən də orada nə yaşanır, nə qurulur, kim yıxılır, kim durur- bunlar dərhal bizim maraq dairəmizə izinsiz girə bilir. Türkiyəni səthi bilənlər üçün hər dəfə təkrarlanan bir tezis-təhlükə var: bu dinçilər əvvəl-axır Atatürk Türkiyəsinin yerinə bir şəriət dövləti quracaqlar. Halbuki, Türkiyə cəmiyyətinin altyapısında, inanclı bazisin böyük əksəriyyətində modern cumhuriyyətin alternativi təsəvvürə belə gətirilmir. Ona görə də belə bir narahatçılıq əsl həqiqətdə yoxdur və olması da mümkün görünmür. Əslində Türkiyədəki ən ciddi təhlükə siyasətin hüququ yönləndirməsi tendensiyasıdır. Bu, Türkiyənin hüquqi dövlət modelinin formalaşmasını xeyli ləngidə bilər.    

- Fazil bəy, yay tətilində Azərbaycanda ən çox danışılan mövzulardan biri də turizmin vəziyyətidir. Yenə də dənizin hasarlı, çimərliklərin pullu, xidmətin aşağı, qiymətlərin baha olmasından danışırıq. Nazir Əbülfəz Qarayev isə pulsuz çimərliyin anonsunu verdi. Gürcüstan bu sahədə Azərbaycanı dəfələrlə geridə qoyub. Siz vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün nələri təklif edirsiniz? Nədən, haradan başlamalı? 

- Sonuncu sualdan da başlayaq. Rodenin məşhur “Mütəfəkkir” heykəli var. Deyirlər bunu necə yaratdın, cavab verir ki, çox sadə. Daşı götürdüm, üzərində nə artıq şey var yonub çıxatdım, oldu bir mütəfəkkir heykəli. Yəni turizmə zərərli sayılacaq hər şeyi yonub çıxarmalı, sağlam rəqabət yaratmalı, turisti girişdən-çıxışa qədər adam kimi  qarşılayıb yola salmalı, adam kimi xidmət göstərməli, soymamalı, soyundurmamalı, rüşvət tələb etməməli, qiymətləri cibinə mütənasib etməli, turizm obyektlərinin vergi yükünü azaltmalı ki, o da bu yükün böyük hissəsini turistin belinə yekləməsin. Qaldı çimərliyə, pullu da ola bilər, pulsuz da. Pulsuz üçün mütləq bələdiyyə qurumları inkişaf etməlidir ki, insanlara əlçatan xidmət göstərsinlər. Pullu çimərliklərdə də ancaq alacaqlarını bilirlər, verəcəklərini dərhal unudurlar. Maşın saxlama 2 manat, duş 1 manat, “besedka” 10 manat,  çay 3 manat. Bircə adamdan dəniz pul istəmir. Hasarlama isə artıq Nuh əyyamının söhbətidir, bu məsələni qanunvericilik yox, ancaq Nuhun tufanı çözə bilər. Ləhiş bağlarındakı evimdən dənizə gedərkən baxıram ki, dənizə çıxışımızı hasarlayıb, bir dənə sadəcə, pişik yolu qoyublar. Anlayırsan ki, bu yolkəsən zehniyyətdə olanlar insanları pişik boyda görürlər. Ümidimiz pişik boyda turistlərə qalıb ki, heç olmazsa bu yollarla dənizə qədər birtəhər gedib çıxa bilərlər.  

“Növbədənkənar parlament və ya prezident seçkiləri üçün ciddi bir situasiya və ya qanunvericilik tələbi yaranmayıb”

- Çimərlik mövsümü başlanandan dənizdə  boğulanların sayı artmaqda davam edir. Bir tərəfdən də yol qəzalarında həlak olanların statistikası dəhşət saçır. Cəmiyyət mütəxəssisləri bu vəziyyətlə əlaqədar nə etməlidir? Biz niyə kütləvi şəkildə yollarda ölür, sularda batırıq sualına cavabınız və çıxış yolu olaraq təklifiniz varmı?

-  Hər gün Aralıq dənizində Avropaya axın edən onlarla miqrant boğulur. Bizdə iki aylıq çimərlik mövsümündə boğulanların sayını hər halda o miqrantlarla müqayisə etməyimiz maraqlı olmaz. Yəni onlar həyat axtararkən batırlar, bizlər istirahət edərkən. Demək ki, içkili vəziyyətdə, üzməyi bilmədən, dalğalı şəraitdə dənizə girməmək tələblərinə əməl etmək vacibdir. Burada mütəxəssis nə deyəcək? Xilasedici durub, aradabir motorlu qayığı ilə yanından keçib, ehtiyatlı olmağa çağırır, bundan o tərəfə nə edə bilər? Yol infrastrukturu təkmilləşdiriləndən sonra yol qəzalarının da sayı azalan istiqamətdədir. Əsas olan yol mədəniyyətini bütün sürücülərin anlamasıdır. Bu isə sistemli təbliğatdan keçir. Əslində bizim kütləvi şəkildə öldüyümüz yer onkoloji xəstəxanalardır. Bu xəstəlikdən əziyyət çəkən zənginlərimiz xaricdə, yoxsullarımız isə Bakıda xəstəxanalarda növbələrdə bir-birinin üzərinə dırmaşırlar. Bu qidanın, bu ekologiyanın, bu siqaretin və içkinin və nəhayət, bu tibbi təhsilin fəsadlarının nəticəsində kütləvi şəkildə bu cür xəstəliklərdə yaşayan bir cəmiyyətə çevrilirik. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar