Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dedi çox istərdim gəlinim olasan, amma oğlumdan böyüksən”


Müğənni Sədaqət Ulduzun müsahibəsini təqdim edirik


- 8 Mart Beynəlxalq Qadınlar gününü necə keçirdin, ilk təbrik edən kim oldu?
 
- İlk təbrik edən şəxs yadımda deyil, təbrik edənlər çox olub. Amma xanımlar kişilərdən çox təbrik etdi. Hədiyyələr də aldım.
 
- Xüsusi hədiyyə oldu?
 
- Yox.
 
- İnanaq?
 
- İnanın. Dünən də, bu gün də konsertlərdə olmuşam.
 
- Buna səbəb nədir? Sənə yaxınlaşmağa cəsarət etmirlər, yoxsa sən hələ seçim etməmisən?
 
- Cəsarət edirlər. Amma mən seçimdə çətinlik çəkirəm. Hər adamı xoşlaya bilmərəm. Əslində mən çox şey istəmirəm. Bəzən seçimdə çətinlik yaradan qeyri-ciddi səbəblər deyirlər. Mən elə deyiləm. Sadəcə zövqümdə olan insan qarşıma çıxmır. Yəni ürəyimcə olan insanla hələ rastlaşmamışam. Ona görə də 8 martda məni təbrik edən olmadı (gülür).
 
- Sənin zövqün necədir, necə insan axtarırsan?
 
- O insanda əsl kişiyə xas xüsusiyyətlər, kişi xarakteri olmalıdır. Məndən əvvəl küsən, üzünü çevirib gedən, hər xırda məsələyə görə inciyən, adamı nigaran, intizarda qoyan, hissləri ilə oynayan insanı xoşlamıram. Çox danışan kişi mənim üçün dözülməzdir. İlk növbədə ədalətli, vicdanlı insan olmalıdır. Ola bilər bir az xasiyyəti tünd olsun, çatışan və çatışmayan cəhətləri olsun. Bu, hamımızda var. Ancaq elə şeylər var ki, münasibətin sütunudur. Bu sütunlar da ədalət, vicdan, diqqət və insanlıqdan ibarətdir. Zahiri görünüş qətiyyən önəmli deyil. Mən əslində bilirəm zahiri görünüşdə kim qəşəngdir, kim yaraşıqlıdır, kim yox. Zövqüm var. Amma bu, mənim üçün önəmli deyil. Bəlkə də mən dünyanın ən eybəcər kişisini sevə bilərəm. Lakin yetər ki, onun mənə lazım olan xasiyyətləri yerində olsun.
 
- İndiyədək evlənmək təklif edən olub?
 
- Əlbəttə, çox olub. İndi də var. Bax, o sadaladığım xarakterləri görə bilmədiyim üçün qəbul etməmişəm. Bir az tanımışam, görmüşəm ki, mənlik deyil. Məsələn, mən simic kişiyə dözmərəm. Düzdür, hər şey maddiyyata, imkana bağlıdır. İnsan cibinə görə hərəkət edir. Bir var görürsən ki, kiminsə pulu yoxdur, amma ürəyi böyükdür, qəlbi genişdir. Adam da var ki, milyardları var, amma diqqəti, qayğısı yox. Mən diqqətli insanları çox  sevirəm. Simic adamlar mənə yaxın durmasın (gülür).
 
- Bəlkə bir az gözəlliyin seçim etməyinə mane olur? Yəni bu baxımdan özgüvənin var.
 
- Əksinə, heç vaxt fikirləşməmişəm ki, gözələm, hamı mənim üçün öləcək. Zövqlər müxtəlifdir. Burda yaş da önəmlidir. Adam var deyir ki, səndən elə xoşum gəlir, çox istərdim gəlinim olasan, heyf ki, oğlumdan böyüksən. Yəni demək istəyirəm ki, hamı məni bəyənir kimi bir özgüvənim yoxdur. Xanımda gözəl bəxt başqa şeydir. Nahaq yerə demirlər ki, üzün yox, bəxtin gözəl olsun. Xoşbəxtlik gözəlliklə deyil. Onda dünyanın ən gözəl qadınları ən xoşbəxt qadınlar olardılar. Əfsus ki, belə olmur. Düzdür, gözəllik insanın önündə çox qapılar aça bilər. Gözəllik də Allahın insana verdiyi nemətdir. Gözəl, cazibədar xanımlar daha çox insanlarla gözəl ünsiyyətlər qurur, alınmayan işlərin öhdəsindən gələ bilirlər. Bunu pis mənada yozmayın. Yəni sırf simpatiya ilə bağlı olaraq gözəl qadın və kişilər çox adama xoş gəlir. Fərqi yoxdur, kişi, qadın, bir az üzü nurlu, xoş simalı insanlar şanslı olurlar. Amma heç vaxt buna arxayın olub “irəli gedim”, “hamı mənə hər şey etsin”, “onsuz da kim məni görsə, dərdimdən öləcək” demək olmaz. Heç vaxt belə bir fikrim olmayıb.
 
- Azərbaycan mentalitetində qızın ərə gedən, oğlanın evlənən vaxtı var. Deyirlər ki, “bu qızın ərə gedən, bu oğlanın evlənən vaxtıdır”. Belə sözləri yəqin ki, çox eşidirsən.
 
- O qədər deyirlər ki. Məni verilişlərə çağıranda heç vaxt mövzu ilə maraqlanmırdım. Amma son vaxtlar gördüm ki, verilişlərə daha çox ailə qurmaq mövzusu ilə bağlı dəvət edirlər. Ona görə də artıq məni hansısa verilişə dəvət edəndə soruşuram, deyirəm  mövzu ərə getməkdirsə, gəlmirəm. Məndən də yaşca böyük insanlar var ki, hələ ailə qurmayıblar. Elə onları çağırın da, məni üzü yumşaq görmüsünüz?! (gülür). Məni görən kimi soruşurlar, sən hələ atanın evindəsən? Ötən çərşənbədə aktyor dostlarımdan biri zəng edib təbrik etdi, sonra da dedi, “bu bayramı da atanın evində keçirirsən?”. Dedim  hə (gülür). Sözsüz ki, hamı məni istədiyi üçün deyir. Amma bu fikrin əleyhinəyəm ki, qızın ərə gedən vaxtı var. Məgər mən bilmirəm ki, ailə hər kəsə lazımdır? Bunu tez-tez demək nəyə lazım? Ümumiyyətlə, xanıma bu sözü demək olmaz. Oğlana demək olar ki, seçimini et, ailə qur. Qıza demək olmaz niyə ərə getmirsən. Bəlkə alan yoxdur deyə getmirəm. Mən elə bir insanla ailə qurmaq istəyirəm ki, o yanımda olanda xasiyyətinə, özünü aparmağına, rəftarına görə utanmayım. Yoxsa ərə getmək üçün o qədər adam var ki. Müğənnilər var əri ilə tədbirə gəlir, əri elə düşük hərəkətlər edir, ağzına gələni danışır ki. Guya zarafat edir, amma çox yersiz alınır. Bəlkə də o xanımı bu, qane edir. Lakin eləsi məni qane etməz.
 
- Bəs ananızın bu barədə fikri nədir?  Ulduz xanım sizə ailə qurmaqla bağlı nə məsləhət görür?
 
- Deyir, Allah həyatını ürəyincə etsin. Anam heç bir övladına zorla nəsə etdirməz. Ümumiyyətlə, ailə məsələsi zorla olmaz. Həm də anamdan heç nəyi gizli saxlamıram. Məndən xoşu gələn olanda da ona deyirəm, məsləhətləşirəm. O da seçimi mənim öhdəmə buraxır. Hər bir ana övladının xoşbəxtliyini istəyir. Əlbəttə ki, ananın fikri önəmlidir. Mənim də anam istəyir ki, gözəl ailəm olsun. Amma ailə mövzusunda məcburiyyət ola bilməz. Qızın ürəyincə olmalıdır ki, ailə qursun. Düzünü deyim ki, heç anamın da bəyəndiyi adam yoxdur ki, desin onunla ailə qura bilərsən.
 
- İllərdir səhnədəsən, amma sanki bu illər sənə təsir etməyib. 20 il əvvəlki Sədaqətsən, heç dəyişmirsən. Bunu necə bacarırsan?
 
- İlk növbədə zərərli vərdişlərdən uzağam. Siqaret çəkmirəm, içki içmirəm. Düzdür, bəzən işlə əlaqədar yuxu rejimim pozulur. Amma təbii qidalara üstünlük verirəm. Bu, həm də genlə bağlıdır.
 
- Sənin kimi xanımlara “uşaq simalı” deyirlər.
 
- Simam dəyişməsə də, xasiyyətim dəyişib. Əvvəllər elə bilirdim ki, həyatda pis insan yoxdur, hamı yaxşıdır, hamıya inanırdım. Amma indi görürəm ki, yox, elə deyil. Müxtəlif situasiyalara düşdükcə anlayıram ki, həyat başqadır. Sanki mən gec ayılmışam, həyatı gec dərk etmişəm. İndi düşünürəm ki, 20 yaşında uşaq olmuşam. 25 yaşımda elə qəribə düşüncə tərzim var idi, elə bil bağça uşağıyam. İnsanlara güvəndə, etibarda çox saf olmuşam. Ancaq indi yaxşını pisdən ayıra bilirəm, artıq həyat təcrübəm var. Lakin əsla pislik bacarmıram, pisliyə pisliklə cavab vermirəm. Düzün deyim ki, heç insanlardan böyük pisliklər də görməmişəm.
 
- Bu, məsələnin mənəvi tərəfi. Bəs fiziki baxımdan özünə necə qulluq edirsən?
 
- İdmana getmirəm, pəhriz saxlamıram, göz qarşısındadır (gülür). Pəhriz saxlasam, yəqin, daha incə, zərif olaram. Evdə konservləşdirilmiş heç nə yemirik. Təbii qidalara üstünlük veririk, kolbasa, sosiska bizdən uzaqdır. Axşamlar heç nə yemirəm. Amma şirniyyat sevirəm.
 
- Bilirəm ki, çox gözəl əl qabiliyyətin var, gözəl yeməklər bişirərsən.
 
- Hər zaman yox, hərdən mətbəxdə vaxt keçirməyi sevirəm. Mətbəxdə olanda istirahət edirəm. Yemək bişirmək də bir yaradıcılıqdır. Hər yeməyi bişirə bilirəm. Ancaq tələsəndə yox. Biləndə ki, bu gün bütün günü evdəyəm, onda mətbəxə girə bilərəm. Harasa gedəndə yemək bişirib qoyum, yox, bunu edə bilmərəm. Bu, heç zövqverici də olmur. Fikrim özümdə, bəzənməyimdə, gedəcəyim yerdə, görəcəyim işdə qalır.
 
- İnsanın siması, dərisi nə qədər gözəl olsa da yenə də kosmetoloqun köməyinə ehtiyac olur.  
 
- Hə, kosmetoloqa da gedirəm. Etiraf edim ki, üzümə əvvəllər çox qulluq etmirdim. Amma indi edirəm. Çünki xanımlar gərək 30 yaşdan sonra mütləq özlərinə qulluq etsinlər. Bütün günü üzümdə maska da gəzmirəm. Lakin mütləq qidalandırıcı kremlərdən istifadə edirəm. Gündəlik kosmetikadan istifadə etmirəm, yalnız çəkilişlərə, tədbirlərə gedəndə çəkirəm. Onda da evə gələn kimi üzümü yuyuram və nəmləndirici krem çəkirəm ki, üzümün dərisi dartılmasın, dincəlsin. Yaxşı kosmetoloqum var, həmişə onun yanına gedirəm.
 
- Saçların da heç vaxt dəyişmir, nə rəngi, nə də forması.
 
- Saçlarım heç vaxt sarı olmayıb. Amma bir dəfə şabalıdı etdirmişdim. Saçımın rəngini tamamilə açdılar ki, üstündən rəng qoysunlar. Onda özümü sarı rəngli saçlarla görəndə qorxdum. Sanki rəngimi soldurmuşdu. Məni görənlər soruşurdular ki, sənə nolub, elə bil birtəhərsən, niyə solğunsan? Deyirdim ki, saçlarımın rəngin dəyişdirmişəm. Mənə qara saçlar yaraşır. Hamının da belə xoşuna gəlir. Mənə “saçının rəngini dəyiş” deyənlər də deməklərinə peşman olublar. Uzunluğunu hər zaman saxlayıram, sadəcə forma verdirirəm. Başqa da heç nə edə bilmirəm, saçlarım düzdür deyə buruq, dalğa da saxlamır.
 
- Nə vaxtsa saçlarını kəsdirərsən?
 
- Yox, heyfim gəlir. Qısa saçlara baxmaq çətindir. Saçlarımı qısa kəsdirsəm, mütləq avanqard, modern üslubda etdirərəm. Xanımlarda qısa saç sevirəm. O da hamıya yaraşmır. Qısa saçlara da gərək çox qulluq edəsən. Amma uzun saçları yu, yığ, rahat olur. Həm də özümdə uzun saçları sevirəm, məni yormur.
 
- Bir çox kişilər müğənni xanımla evlənməyə risk etmir. Bu, nə vaxtsa səni də narahat edib?
 
- Artıq o zaman keçib. Uşaqlıqdan bu sənətdəyəm. Gənc vaxtlarımda o qədər məndən xoşu gələn olub, amma deyib, heyf ki, sənətdəsən. Buna da normal baxıram. Çünki elə kişilər var xanımının işləməyini istəmir. Qısqancdır, istəmir həyat yoldaşı diqqət mərkəzində olsun. Hərənin bir cür xasiyyəti var. Adam da var fəxrlə deyir, “mənim qızım həkimdir”, “həyat yoldaşım həkimdir”. Amma həkim bəlkə də gündə 30 adamın əlindən tutur, bədəninə əl vurur. Biz nə edirik ki? Mahnı oxuyuruq. Xanım gərək daxilən xanım olsun, bunun məşğul olduğu işlə heç bir əlaqəsi yoxdur. Lakin hər bir halda kişilərin fikrinə hörmətlə yanaşıram. Bəlkə mən də kişi olsaydım, qoymazdım yoldaşım işləsin. Ancaq çox adamlar var ki, deyib məni müğənni almaram, alıb. Adam tanıyıram, deyib heç vaxt qoymaram arvadım işləsin, amma işləyir, üstəlik maşın da alıb ki, işə maşınla gedib-gəlsin. Əsas odur, iki insan bir-birini yaxşı tanısın, güvənsin.
 
- Səncə, müasir dövrdə necə yaxşı ailə qurmaq və onu qoruyub saxlamaq olar?
 
- Mənəvi baxımdan güzəştə getməyi bacarmalısan. Çünki evlənəndə qarşı tərəf hər şeyi öz istəkləri üzərində qurur. Amma hər iki tərəf bir-birinin istəyini nəzərə almalıdır. Onda yola getmək olar. Qadınlar maddi baxımdan nə qədər müstəqildirsə, kişini itirmək qorxusu o qədər az olur. Deyirlər, “kişidir də, çıxıb gedəcək, özüm özümü saxlayacam”. Amma xanım kişidən asılı olanda daha çox güzəştə gedir. Hər zaman nəyinsə xətrinə nəyisə güzəştə getmək olar. Sözsüz ki, şiddət, əzab, laqeydlik, vicdansızlıq, dələduzluğu güzəştə getmək olmaz. Elə kişilərə bir stəkan çay da vermərəm. Onunla yarım dəqiqə də bir yerdə durmaram. Bəzən böyüklər deyirlər ki, getdiyin yerdən ölün çıxacaq. Niyə? Uşaq böyütmüşəm ki, kimsə öldürsün?
 
Məncə, ailədə ümumi büdcə olmalıdır. Azdır aza uyğun, çoxdur, çox uyğun hərəkət etməlisən. Hər varlı kişi qadını xoşbəxt edə bilmir. Adam var, orta səviyyədə gəliri var, amma ailəsi üçün nəsə etməyə çalışır. Yeyib yatan kişini kim sevər ki? Adam var iş tapa bilmir. Nə etsin? Ancaq adam da var ki, heç iş tapmağa çalışmır, cəhd etmir, tənbəldir. Hərdən mənə deyirlər ki, sən varlı adam axtarırsan. Bununla razı deyiləm. O qədər varlı adam var. Bəyəm onların hamısının insanlığı var? Mənə lazım olayan insanlıq onda olmayacaqsa, neynirəm onun varını?!(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar