Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, banklar və ya göstərişi verən qurum tərəfindən vətəndaşları talamaqdır”


Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat" qəzetinə geniş müsahibə verib


PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

– Əliməmməd müəllim, hazırda hansı sahələrdə fəaliyyət göstərirsiniz? Əsas işiniz nədən ibarətdir?

– Mənim əsas fəaliyyətim vətəndaş cəmiyyəti ilə bağlıdır. Amma eyni zamanda bu sektorun nümayəndəsi olaraq bir çox məsələlərlə bağlı ekspert qismində çıxış edirəm. QHT sektorunun nümayəndəsi kimi, Əfv Komissiyasında da çalışıram. Eyni zamanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoruyam. Həmçinin bir müddət Mədən Sənayesində Şəffaflıq Koalisiyasının koordinatoru olmuşam. Çox müxtəlif ictimai funksiyalar daşıyıram, hüquq müdafiəçisi kimi də fəaliyyət göstərirəm. Çalışıram ki, cəmiyyətin ehtiyaclarından irəli gələn, bildiyim-bacardığım sahələrdə bu tələbatların ödənilməsində iştirak edim.

– Hazırda ən çox müzakirə olunan “Nağdsız hesablaşmalar haqqında” qanunu necə qiymətləndirirsiniz?

– Bu qanun qəbul olunduqdan sonra qanunvericiliyə müvafiq olaraq, bütövlükdə dövlət büdcəsindən ayrılan vəsaitlərlə əlaqədar bütün əməliyyatların köçürmə vasitəsilə həyata keçirilməsi tələb olaraq qoyuldu. Şübhəsiz ki, bu, çox vacib və əhəmiyyətli bir qanundur, korrupsiyaya qarşı mübarizənin əhəmiyyətli alətlərindən biri sayıla, şəffaflığın təmin edilməsində önəmli rol oynaya bilər.

Bir çox ölkələrin təcrübəsində də bu cür qanunların qəbul edilməsinin şahidi oluruq. Çox təəssüf ki, Azərbaycanda əməliyyatların böyük bir hissəsi nağd hesablaşmalar yolu ilə həyata keçirilir. Bu da korrupsiyaya şərait yaradır. Xüsusilə də dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatına uyğun olaraq xərclənməsinin təmin edilməsi şərtlərindən biri də nağdsız hesablaşmalardır. Nəzərə alsaq ki, dövlət sifarişləri əsasında dövlət satınalmaları həyata keçirilir. Həmin vaxt da bəzi hallar baş verirdi ki, ayrı-ayrı şirkətlər tenderi udduqdan sonra hesablarına köçən vəsaitin hamısını nağdlaşdıra bilirdilər və bu zaman yeyinti halları ortaya çıxırdı. Bu da gizli iqtisadiyyatın ayaq açmasına, vəsaitlərin ölkədən çıxarılmasına gətirib çıxarırdı. Ona görə də bu qanunun qəbul olunması çox vacib idi. Ancaq burada bəzi məsələlər nəzərə alınmadı.

– Qanunun çatışmayan cəhətləri də oldu… Hazırda QHT-lərin ən böyük problemi bank hesabındakı vəsaitlərin nağdlaşdırılması ilə bağlıdır. Bununla bağlı MBNP-yə də, hökumətə də müraciətlər olundu. Nəticə necə oldu?

– Qanunda müxtəlif sektorlara diferensial yanaşma olmalı idi. Hətta özəl sektorun içində də müxtəlif istiqamətlərə münasibətdə, eyni zamanda mediaya münasibətdə fərqli yanaşmaların olması vacib idi. QHT-lərə münasibətdə də bir çox amillər nəzərə alınmalı idi. Təəssüf ki, qanun geniş ictimai müzakirədən keçmədiyi üçün bu amillər nəzərə alınmamışdı. Qanun özəl sektorun fəaliyyətində də müəyyən problemlər yaratdı. Qanun tətbiq olunanda həmin boşluqlar ortaya çıxdı. Banklar isə Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubunu düzgün qavramadılar. Bu da problemlərin yaranmasında rol oynadı. Onlar bütövlükdə dövlət büdcəsindən ayrılan bütün vəsaitlərə nağdsız hesablaşmalar haqqında qanunun tələblərini tətbiq etməyə başladılar.

– Banklarmı yanlış anladı, yoxsa MBNP-nin məktubu yanlış göstəriş idi?

– MBNP-nin məktubunda bu qanunun şərhi var idi. Ancaq Azərbaycan qanunvericiliyinə görə, qanunu şərh etmək hüququ yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Bu baxımdan burada hüquqi qüsurlar var idi. MBNP-nın məktubuna baxsaq, görərik ki, orada qanunun tələbləri düzgün sadalanır. Ancaq banklar “Roma papasından daha çox katolik olmağa çalışdılar”. Xüsusən də Beynəlxalq Bank bu məsələ ilə bağlı kütləvi şəkildə qanunsuz göstərişlər verdi. Bu da böyük problemlər yaratdı. Bir müddət QHT-lərin aldığı qrant vəsaitləri sanki donduruldu. Onlar hər hansı bir əməliyyat apara bilmədilər. Xüsusilə də QHT Şurası, Gənclər Fondu, KİVDF-nin keçirdiyi müsabiqənin qalibi olan QHT və media qurumları heç bir əməliyyat apara bilmədilər.

Bununla bağlı QHT-lər ölkə prezidentinə müraciət etdilər. Bu işdə bizə media da ciddi dəstək oldu. Daha sonra cənab prezidentin göstərişi ilə bu məsələlər ciddi araşdırıldı. MBNP-nin rəhbəri vətəndaş cəmiyyəti və media nümayəndələri ilə birlikdə görüş keçirdi. Çox maraqlı bir görüş idi. Bir çox məsələlərə aydınlıq gəldi. Daha sonra problemin həlli istiqamətində addımlar atıldı.

Onu da nəzərə almaq lazım idi ki, Azərbaycanda nağdsız hesablaşmaların həyata keçirilməsi üçün fiziki mənada infrastruktur yoxdur. Bu da çox ciddi problem yarada bilər. Rayonda nə müvafiq terminallar var. Nə də özəl sektor, xüsusilə xırda sahibkarlar nağdsız hesablaşmalar yolu ilə əməliyyat aparmağa hazır deyillər. O baxımdan bu qanunun tam şəkildə tətbiqi hələ ki mümkün deyil. Ancaq gələcəkdə buna hədəflənmək lazımdır. Ancaq ilk növbədə infrastruktur və məlumatlılıq çox vacibdir. Qanun artıq qəbul olunub icraya yönələn anda onun məziyyətləri bizə bəlli oldu. Əgər bunun yetərli qədər ictimai müzakirəsi aparılsa idi, hər kəsin ətraflı məlumatı olardı, sual doğuracaq məsələlər öncədən həllini tapardı. Bu amillər nəzərə alınmasa da, MBNP-nın rəhbəri ilə görüşdən sonra bəzi məsələlər həllini tapdı. Ancaq media ilə bağlı problemlər hələ də qalmaqdadır.

– Nağdlaşdırma zamanı bank xərclərindən əlavə olaraq 1 faizlik verginin ödənilməsinə münasibətiniz necədir?

– Əvvəllər əgər hesabdan vəsaiti çıxararkən 0,5 faiz təbii itkilər olurdusa, indi itkilər 2,5 faizdən çoxdur. Bank hesabından vəsait çıxarılarkən 1 faiz vergi verilməsi iqtisadi qanunlara ziddir. Axı vergi yalnız gəlir əldə edilməsi anında tutula bilər. Ancaq digər hallarda verginin tutulması nonsesdir. Mən hər hansı xidmətin müqabilində aldığım pulu bankdan çıxarmaq üçün 4 faizlik gəlir vergisi və bank xərcləri ilə yanaşı nə üçün əlavə 1 faiz də vergi verməliyəm? Biz həmçinin vergiləri ödədikdən sonra VÖEN hesabındakı vəsaitləri depozit hesablarımıza və ya digər hesabımıza köçürməkdə də məhdudiyyətlə üzləşirik. Banklar isə deyir ki, bunun üçün əvvəlcə vəsaiti nağdlaşdırmalısınız, 1 faizlik vergini ödəməlisiniz, daha sonra depozit hesabına yerləşdirə bilərsiniz. Bu nonsesdir, bu absurddur. Bu, banklar tərəfindən və ya göstərişi verən qurum tərəfindən vətəndaşları talamaqdır. Bu da onun nəticəsidir ki, qanunlar geniş müzakirələr və məsləhətləşmələr olmadan həyata keçirilir. Halbuki həm normativ hüquqi aktlar haqqında konstitusiya qanunu, həm Azərbaycanda Açıq Hökumətin Təşviqi Milli Fəaliyyət Planı, həm ictimai iştirakçılıq haqqında qanunun tələbləri onu göstərir ki, hər bir normativ hüquqi akt ictimai maraqlara toxunursa, geniş ictimai müzakirədən keçməlidir.

– Əliməmməd bəy, QHT-lərin hazırda başqa hansı problemləri var? Qrantların qeydiyyatı, xarici donorlardan qrantların alınmasında hər hansı çətinliklər yaşanırmı?

– 2014-cü ildə QHT-lərlə bağlı qanunvericiliyə, “İctimai birliklər haqqında” qanuna, “Qrantlar haqqında” qanuna, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” qanuna müəyyən dəyişikliklər edildi. Bu da QHT-lərin fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması ilə bağlı idi. Bəzi QHT-lərin yol verdiyi qüsurlar, qeyri-şəffaf işləmələri də qanunvericilikdə belə sərt dəyişikliklərin edilməsinə gətirib çıxartmışdı. O zaman bəzi QHT-lər hesablarına daxil olan vəsaitləri nağdlaşdıraraq özlərinin depozit hesablarına köçürmüşdülər. Nəticədə oradan faizlər əldə etməyə başlamışdılar. Bu da qrantların təyinatı üzrə xərclənməsinə mane olmuşdu. Eyni zamanda bu, hökumətin, vergi orqanlarının diqqətini cəlb etmişdi. Bəzi QHT-lər isə bu vəsaitlərlə siyasi fəaliyyətə başladılar, müxtəlif partiyalara dəstək olmağa çalışdılar. Bu da dövlət orqanlarının qanunvericilikdə bu tipli dəyişikliklər etməsinə gətirib çıxartdı. Nəticədə beynəlxalq donorların ayırdığı maliyyə vəsaitlərinə çıxışda çətinliklər yarandı.

Çox təəssüf ki, bəzi donorlar Azərbaycanda QHT-lərə qrant verərkən selektiv yanaşmalara yol vermişdilər. Onlar hökumətə qarşı sərt münasibətdə olan QHT-ləri qrantlarla təmin etmişdilər, bir çox hallarda bu proses hesabatlı olmamışdı, bəzi QHT-lərə milyonlarla manat pul yönəldilmişdi. Onların heç də vətəndaş cəmiyyətinin qarşısında duran problemlərin həllinə yox, siyasi məqsədlərə yönəldilməsi ilə bağlı fikirlər də geniş vüsət aldı. Bu baxımdan qanunvericilikdə dəyişikliklərin səbəbləri bunlar idi.

– Bəs, nəticələri nələr oldu?

– 2014-2016-cı illərdə nəticələri ağır oldu. Demək olar ki, xarici donorlardan alınan qrantın miqdarı kəskin azaldı. Qanunvericiliyin mahiyyəti ondan ibarət idi ki, xarici donorlar Azərbaycanda qrant vermək hüququ əldə etməli idilər. Qrantların qeydiyyatı sərtləşdirilmişdi. Həmin donorlar Azərbaycanda nümayəndəlik yaratmalı idi, həmin nümayəndəlik qrant vermək hüququ əldə etdikdən sonra Azərbaycanda fiziki və hüquqi şəxslərə qrant verə bilərdilər. Mən düşünürəm ki, bu, bəlkə də zamanında mövcud təhlükənin aradan qaldırılması, kənar təsirləri minimuma endirmək üçün dövlətçilik baxımından zəruri bir addım idi. Çünki dövlət özünün bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumağa borcludur.

– Ancaq burada qurunun oduna yaş da yandı…

– Burada balansı qorumaq çox vacib məsələdir. Bir tərəfdən birləşmək azadlığının təmin edilməsi, digər tərəfdə ölkənin milli təhlükəsizliyi. Burada o balansı tapmaq elə də asan olmur. Sonrakı proseslər və bu gün gəldiyimiz nəticə ondan ibarətdir ki, müstəqil vətəndaş cəmiyyəti də bundan ziyan çəkdi. İndi isə artıq məsələlər tam durulub. Artıq həmin qanunların tətbiqi əks effekt verə bilər. Ölkədə maliyyə vəsaitlərinə ehtiyac var, vətəndaş cəmiyyətinin alternativ maliyyə vəsaitlərinə çıxışı zəruridir.

Həmçinin bir məqam da var ki, Azərbaycan QHT-lərinə ayrılan vəsaitlərin böyük bir hissəsi digər ölkələrə yönəldilir, xüsusən də Ermənistana gedir.

Digər bir məqam odur ki, Azərbaycanın maraqlarına zidd hərəkət edən QHT-lər artıq yeni üsullarla həmin qrantları əldə edirlər. Onlar Azərbaycandan kənarda infrastruktur yaradıblar, beynəlxalq donorlarla kooperasiyaya giriblər, milyonlarla dollar qrantlar alırlar. Qonşu ölkələrdəki QHT-lərlə birgə əməkdaşlıq edərək həmin vəsaitlərə çıxış imkanı əldə edirlər. Bu zaman isə hökumət onların fəaliyyətinə leqal nəzarət imkanlarını itirir. Nəticədə onlar yanlış hesabatlar hazırlayırlar, Azərbaycan vətəndaş cəmiyyətinin adından danışaraq QHT-lərin təqiblərə məruz qaldığını göstərirlər. Ona görə də yerli QHT-lər qanunvericiliyə dəyişiklik edilməsi və xarici donorlara çıxış imkanlarının asanlaşdırılması ilə bağlı hökumətə müraciət etdilər. Nəticədə bu istiqamətdə inkişaf başladı. Xarici qrantlarla bağlı prezident fərmanı imzalandı, Nazirlər Kabineti tərəfindən bir sıra qaydalara dəyişiklik edildi. Xarici qrantların verilməsi xeyli sadələşdirildi, bürokratik əngəllər aradan qaldırıldı. Mənim özümün də iştirakımla 60-dan çox qrant müqaviləsi qeydə alındı. Burada söhbət milyonlardan gedir. Rəqəmlərə baxanda da görürük ki, 2015-cü illə müqayisədə 2016-cı ildə xaricdən alınan qrant müqavilələrini həm sayı, həm də məbləği artıb. Bütövlükdə QHT-lərə daxil olan vəsaitin ümumi məbləği əgər 2015-ci ildə əgər 51 milyon 240 min manat idisə, 2016-cı ildə ümumi məbləğ 128 milyon 11 min 660 manat olmuşdu. 2,5 dəfə artım qeydə alınmışdı. Səbəb isə odur ki, 2016-cı ildə əvvəlki illərdə alınmış qrantların da qeydiyyatına başlanıldı, hesablardan həbslər götürüldü, vergi borcları silindi, ölkədən çıxışa qoyulan qadağalar aradan qaldırıldı. Ancaq hesab edirik ki, proses davamlı olmalıdır.

– Əliməmməd müəllim, Açıq Hökumət Təşəbbüsü adı altında böyük bir proses başlasa da, böyük ictimaiyyət bundan xəbərsizdir? Nədir Açıq Hökumət Təşəbbüsünün mahiyyəti?

– Biz çalışırıq ki, mütəmadi olaraq Açıq Hökumət Təşəbbüsü ilə bağlı cəmiyyəti maarifləndirək. Azərbaycan hökuməti 2011-ci ilin sentyabrında Açıq Hökumət Təşəbbüsünə qoşulub. Azərbaycan 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulub. Məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Hökumət Açıq Hökumət Təşəbbüsünə qoşulmaqla Açıq Hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (AHT) yaradılması ideyası 2011-ci ildə Vaşinqtonda 8 ölkə təmsilçiləri və bir sıra beynəlxalq QHT-ləri tərəfindən irəli sürülüb. Bundan sonra ABŞ və Brazilyanının rəhbərlik etdiyi İşçi Qrup AHT-nin struktur və prinsiplərini işləyib hazırlayıblar. 2011-ci ilin iyul ayında Vaşinqtonda ABŞ dövlət katibi Hilları Klinton rəsmən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünü (Open Government Partnership- OGP) elan edib. 2011-ci ilin sentyabrında isə “Açıq Hökumət İdarəçiliyi Haqqında Bəyannamə” dərc olunub. BMT-nin 66-cı sessiyasında rəsmi olaraq bu təşəbbüs qəbul olundu.

Bunu Qlobal İslahatlar Hərəkatı da adlandırırlar. Hazırda beynəlxalq Açıq Hökumət Təşəbbüsü (Open Government Partnership (OGP)) 6 ildir ki, 2500-dən artıq islahatlar, öhdəliklər və 100-dən çox fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi üçün 75 milli hökumətlə işləyir. Artıq Açıq Hökumət Təşəbbüsünə qoşulan dövlətlərin sayı 75-ə çatıb. Azərbaycan da bu prosesə ilk qoşulanlardandır.

Təşəbbüsə qoşulandan dərhal sonra biz növbəti ildə sentyabrın 5-də Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planı qəbul etdik. Bu plan 2012-2015-ci illəri əhatə edirdi. Bu fəaliyyət planında 9 istiqamət üzrə 43 tədbirin həyata keçirilməsini nəzərdə tuturdu. Milli Fəaliyyət Planı üzrə tədbirlərin bir çoxu həyata keçirildi. 2016-cı ilin hesabatlarında qeyd olundu ki, QHT-lərin müstəqil hesabat vermə mexanizmində irəliləyişə nail olunub. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun birgə tərəfdaşlığı çərçivəsində həmin fəaliyyət planının və Korrupsiyaya qarşı mübarizə üzrə yeni Mili Fəaliyyət Planı (2012-2015) monitorinqini həyata keçirdik. Monitorinqin nəticəsində bəlli oldu ki, Açıq Hökumət Təşəbbüsü üzrə Milli Fəaliyyət Planının icra səviyyəsi 71 faiz olub, hökumət isə bunun 82 faiz olduğunu deyir. Amma Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icra səviyyəsi isə 83 faiz olub. Hökumət isə bunun 86 faiz icra olunduğunu deyir. 2016-cı ildə Açıq Hökumət Təşəbbüsü ilə bağlı ikinci Milli Fəaliyyət Planı qəbul olundu. Bu dəfə korrupsiyaya qarşı mübarizə üzrə yeni fəaliyyət planı qəbul edilmədi. Açıq Hökumət Təşəbbüsü ilə bağlı Milli Fəaliyyət Planının tərkibində korrupsiyaya qarşı mübarizə tədbirləri nəzərdə tutuldu.

Əsas məsələ o idi ki, bu Milli Fəaliyyət Planında real icra oluna bilən tədbirlər nəzərdə tutulsun. Çünki çox nəhəng tədbirlər planlaşdırıla bilər, lakin icrası qeyri-mümkün olar. Ona görə də optimal yanaşma ortaya qoyulmalı idi. Həm də Açıq Hökumət Təşəbbüsü ilə bağlı Milli Fəaliyyət Planı geniş müzakirələrdən keçməliydi. Bu planın qəbul olunmasında vətəndaş cəmiyyəti geniş formatda iştirak etdi. 2016-cı ilin mart ayında QHT Şurası Avropa Şurası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə birgə geniş dinləmələr təşkil etdi. Burada 300-dən artıq QHT təmsilçisi, hökumət nümayəndələri, o cümlədən OGP-nin həmsədrləri də iştirak edirdi. Bu müzakirələr nəticəsində 2016-cı ilin 27 aprelində prezident sərəncamı ilə ikinci 2016-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiqləndi. Burada da 11 istiqamət üzrə 59 tədbir nəzərdə tutulur. 59 tədbirdən 32-də vətəndaş cəmiyyətinin təklifləri nəzərə alınıb.

Yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlb olunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək.

Bu planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asılı olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlaması, müvafiq dövlət qurumlarını müstəqil dəyərləndirmə ilə təmin etməsi və AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılması istiqamətində təşəbbüsləri çox mühüm əhəmiyyətə malikdir.

– Açıq Hökumət Təşəbbüsünün fəaliyyət istiqamətləri, prinsipləri nələrdir?

– AHT-nin missiyası belədir: hökumətlər daha şəffaf, daha hesabatlı, vətəndaşlara münasibətdə daha məsuliyyətli olmalıdır. “Açıq Hökumət Bəyannaməsi”ni Bəyannaməni imzalyan ölkələr 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürblər:

1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması;

2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi;

3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi;

4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.

Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünə üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələb müəyyənləşdirilib:

1) fiskal şəffaflıq;

2) məlumatlara əlçatanlıq;

3) dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi;

4) vətətəndaşların idarəetməyə cəlb olunması.

Təşəbbüsə qoşulan ölkələr bir qayda olaraq iki illik fəaliyyət planı hazırlayır. AHT Rəhbər Komitəsi isə sonradan bu Fəaliyyət Planını monitorinq edir və rəyini açıqlayır.

Mövcud tələblərə görə Fəaliyyət Planı koordinasiyaya cavabdeh müvafiq dövlət qurumu tərəfindən də monitorinq olunmalı və nəticələr ictimaiyyət üçün açıqlanmalıdır.

Bütün bunlarla yanaşı, korrupsiyaya qarşı mübarizə də yer alır. Korrupsiyaya qarşı mübarizə aparılmadan heç bir islahatdan tam nəticə əldə etmək mümkün deyil. Mədən sənayesində şəffaflığın artırılması, maliyyə şəffaflığının gücləndirilməsi, ictimai vəsaitlərin xərclənməsi üzərində nəzarətin gücləndirilməsi buraya daxil idi. Ən vacib və OGP-nin Azərbaycanla bağlı qərarında da vurğulanın məsələ o idi ki, vətəndaş cəmiyyəti üçün mühit yaxşılaşdırılmalıdır. Bu da qanunvericilik aktlarının hazırlanmasında təkliflərin nəzərə alınması ilə özünü göstərir. Milli Fəaliyyət Planı qəbul olunduqdan sonra bu istiqamətlərdə işlərə başlanıldı. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı addımlar atıldı.

2016-cı ilin 9 sentyabrında Azərbaycanda Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması yaradıldı. Hazırda platformada 34 QHT, 9 dövlət orqanı və parlament nümayəndəsi təmsil olunur. Çünki ictimai iştirakçılığının real olaraq təminatı odur ki, hökumətlə vətəndaş cəmiyyəti daimi dialoq mühitində olsun. Bu platformanın təsis prosesində texniki tərəflər QHT Şurası tərəfindən həyata keçirildi.

Platformanın məqsədi “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiq edilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi, habelə hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsidir.

– Bu platformaya daxil olan hökumət qurumları hansılardır?

– Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə milli koordinatoru, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, parlamentin nümayəndəsi kimi Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri təmsil olunur. Bunlar, sadəcə, üzvlər deyil, onlar qərar qəbuletmə prosesində iştirak edən şəxslərdir.

– Bəs QHT-lərdən…?

– Platforma Azərbaycanın vətəndaş cəmiyyətinin bütün spektrini əhatə etməklə, ixtisaslaşmış, öz sahəsində nüfuzlu 34 QHT-ni birləşdirir. Platformada üzvlük açıqdır. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri platformaya üzv ola bilərlər. Bəzi QHT-lər OGP-nin katibliyinə bizdən şikayət edir ki, platforma qapalıdır, biz onları qəbul etmirik. Ancaq əslində belə deyil. Biz bir çox QHT-lərə müraciət etdik ki, üzv olmaq istəyirsinizsə, gəlib platformaya qoşula bilərsiniz. Hətta elektron qaydada məktub da göndərdik. Onlardan bəziləri dərhal reaksiya verdi ki, üzv olmaq istəyirik. Bəziləri dedi ki, biz hazır deyilik. Mən bu Platformanın koordinatoru olaraq deyirəm ki, hər kəsə açıqdır. Hamı üzv olmaq üçün müraciət edə bilər. Ancaq əlbəttə ki, burada üzvlüyə qəbul zamanı müəyyən kriteriyalar da nəzərə alınır. Üzvlərin qəbul olunması prosesi davamlı olacaq. Dövlət orqanlarının nümayəndələri də platformaya üzv olmaq üçün bizə müraciət edirlər. Məsələn, Xarici İşlər Nazirliyinin nümayəndəsi də üzvlük üçün müraciət edib. Dövlət Neft Fondu və digərləri də bizimlə birgə fəaliyyət göstərməyə hazırdırlar. Onlar həm də Milli Fəaliyyət Planında nəzərdə tutulmuş bir çox tədbirlər üzrə cavabdeh olan qurumlardır. Onların Milli Platformada iştirak etməsi çox vacib məsələdir.

– Əliməmməd müəllim, keçirilən müzakirələr, qəbul olunan qərarlar, hökumətə verdiyiniz təkliflər nəticə verirmi? Bu təşəbbüsün proseslərə təsir gücü varmı?

– Bəli. Yaxın günlərdə Azərbaycana OGP-dən nümayəndə heyəti gələcək və bizimlə görüş nəzərdə tutulur. Biz Milli Platformanın fəaliyyətə başlamasından dərhal sonra Azərbaycanın müxtəlif regionlarında platformanın təqdimatını həyata keçirdik. Bizim müzakirə etdiyimiz ilk məsələlər QHT-ləri narahat edən məsələlər idi. Biz çox böyük təkliflər paketi hazırlayıb müvafiq qurumlara təqdim etdik. Onu da qeyd edim ki, həm cənab prezidentin fərmanlarında, həm də Nazirlər Kabinetinin qərarlarında bizim təkliflərimiz öz əksini tapır. QHT-lər praktik problemlərinin həlli ilə bağlı da bizə müraciətlər edirlər, onlara dəstək veririk. Qeydiyyatla bağlı məsələlərə də köməklik edirik. Bizim platformanın üzvü olan Avrasiya Əməkdaşlıq Fondu Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda irəliləməsi ilə bağlı genişmiqyaslı tender elan etdi. Hazırda 10-dan çox təşkilat bu tenderin qalibi olub və bu istiqamətdə layihələr icra edirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ondan ibarətdir ki, Açıq Hökumət Təşəbbüsü və şəffaflıq, hesabatlılıqla bağlı məsələlər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqələrin istiqamətlərindən biri kimi elan edilib.

Milli Fəaliyyət Planının icrasının monitorinqi istiqamətində də layihələr həyata keçirilir. Bu monitorinqlər nəticəsində biz hökumətə öz təkliflərimizi də təqdim edəcəyik.

Azərbaycanda “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulu vətəndaş cəmiyyətinin töhfəsidir. Qanun QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə hazırlandı və Milli Məclisə təqdim edildi. Bu qanunun tələblərinə görə, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılmalıdır. Çox təəssüf ki, bu ictimai şuraların yaradılması prosesi ləng gedir. İndiyədək 7 mərkəzi icra hakimiyyəti orqanı yanında ictimai şura yaradılıb. Ancaq digər qurumlarda hələ yaradılmayıb. Lakin bu proses sürətlənib. Bəzi orqanlar ictimai şuraların yaradılması ilə bağlı elanlar veriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura yaradılması prosesinə start verilib. Digər qurumlarda da yaradılması nəzərdə tutulur. Bu məsələlər gündəlikdədir və müzakirələr aparılır. İctimai şuraların yaradılması prosesi yerli icra hakimiyyətlərini də əhatə etməlidir.

– Açıq Hökumət Təşəbbüsünün daha öncə həyata keçirilən bu tipli proqramlardan fərqi nədədir?

– Açıq Hökumət Təşəbbüsü islahatlar hərəkatıdır. Bu, unikal bir modeldir. Şəffaflıq və hesabatlılıq üçün bu model beynəlxalq standartlar müəyyənləşdirmir. Bunu milli hökumətlərin ixtiyarına verir. Ümumi dəyərlər, prinsiplər, çağırışlar var. Lakin onu yerli vəziyyətə uyğun olaraq dövlət qurumları özləri müəyyənləşdirirlər.

Hər bir ölkədə hökumətin vətəndaş cəmiyyəti ilə birgə işləyib hazırladığı və həyata keçirdiyi milli fəaliyyət planları bu islahatların kökündə durur. AHT-yə qoşulmaqla, milli fəaliyyət planları qəbul etməklə ölkələr islahatların həyata keçirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Çünki milli fəaliyyət planları hökumətlərin şəffaflığın, hesabatlılığın artırılması, infomasiyaya çıxışın asanlaşdırılması, korrupsiyaya qarşı mübarizənin artırılması, idarəetmə mədəniyyətinin, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi üçün innovasiyalardan istifadə olunması üçün öhdəliklərini nümayiş etdirir.

Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyalarının sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların da bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.

Çox maraqlıdır ki, Açıq Hökumət Təşəbbüsünün müstəqil qiymətləndirilməsini həyata keçirən ölkələrdə vətəndaşların həyatında müsbət dəyişikliklərə yol açan nümunəvi islahatları fərqləndirmək nəzərdə tutulub və həmin islahatlara “ulduz” statusu verilib. Burada da məqsəd yeni ambisiyaların rəqabətini təşkil etmək və ona diqqət çəkməkdir. Azərbaycanda “ASAN xidmət” modelinin uğurla həyata keçirilməsi, elektron xidmətlərin genişləndirilməsi onu göstərir ki, ölkəmiz də yeniliklərə hazırdır. Sadəcə olaraq, bu modelləri hökumətə təklif etmək lazımdır.

Açıq Hökumət Təşəbbüsü həm də bilgili insanların formalaşdırılması prosesidir. Qeyd etdiyimiz, əgər vətəndaş bilgili olacaqsa, hökumətin fəaliyyəti haqqında daha çox məlumata malik olacaq. Bu həm hökumətin fəaliyyətini izləməyə imkan verəcək, aparılan siyasətin nöqsanlarını görmək və onu təqdim etmək imkanına malik olacaq. Hökumət isə hesabat verməklə yanaşı, öz uğursuzluqlarını da izah etmək imkanına sahib olacaq.

Bütövlükdə bu islahatlar vətəndaşların idarəetmədə iştirakını təmin etməyə xidmət edir. Açıq Hökumət Təşəbbüsü Milli Fəaliyyət Planının da əsas məqsədi bu ehtiyacı təmin etməklə bağlıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar