Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir də gördüm, Heydər Əliyevlə üzbəüz dayanmışam”


Teleqraf.com-un qonağı telejurnalist, Space TV-də “Hər Gün”, Lider TV-də “Səda” informasiya proqramlarının və bir çox ictimai-siyasi verilişlərin aparıcısı kimi tanıdığımız, Azərbaycanın ən yeni tarixindən bəhs edən bir neçə filmin ssenari müəllifi, "Region+" ictimai-siyasi jurnalın ilk baş redaktoru, hazırda isə Park Bulvarın PR meneceri vəzifəsində çalışan Günay Malikqızıdır


- Jurnalistika sahəsində önəmli olan məqam nədir?

- Bilirsiniz çox əhəmiyyətli məqam var. Amma indi vaxtda belə görünür ki, ən vacibi bacarmaqdır. Təəssüf ki, bu işi bacaranlarla yanaşı, bacarmayanlara da jurnalist deyilir. Axı bir işi bacarmagın göstəricisi, orda nə qədər vaxt keçirtmək yox, bu vaxtı səmərəli istifadə etməyindır. Biri deyir ki, mən 15 ilin jurnalistiyəm, biri deyir ki, mən 20 ilin repartyoruyam. Ola bilər. Amma ola da bilər ki, sən 40 ildir ki, bir yerdəsən, amma heç nə edə bilməmisən. O sahədə keçirtdiyin vaxtın çoxlugu sənin o işi bacarmağından xəbər vermir. Ola bilər ki, jurnalistikaya yeni gələn biri elə bir yazı yazar ki, illərin jurnalistu o qabilləyəti göstərə bilməz. Sən gəncsənsə, sən bacarmırsan deyə, bir şey yoxdur. Həmçinin sən qocasansa, sən daha yaxşı bacarırsan deyə bir şey də yoxdur. Yaşından, stajından asılı olmayaraq, sadəcə bu işi bacarmaq lazımdır. Jurnalistikanın ən önəmli xüsusiyyəti də elə budur. Mən çox istəyərdim ki, bu işin dalınca onu bacaran insanlar getsinlər. Düzdür, əgər televiziya jurnalistikasından danışırıqsa, müasir dövrdə kadr çox söz deyir. Biz bunu bilirik. Amma sözün hər zaman əhəmiyyəti böyükdür. İnsanın öz daxilindən gələn bir istedadı olmalıdır. Bunu dərs dediyim illərdə tez-tez tələbələrimə də deyirdim. Deyirlər ki, şairlik, bəstəkarlıq Allahdan verilən bir vergidir. Jurnalistika da eynən belədir. Allah sənə o vergini verməlidir. Məsələn, sən ən gözlənilməyən anda ən maraqlı sualı verməyi bacarırsan. Yaxud da hamı üçün maraqsız gələn bir yerdən super reportaj hazırlayırsan. İnsan içindəki daxili istedadının olub-olmamasını duyub hansısa sahəyə getməlidir. Valideynlər də bu işdə uşaqlarına kömək olmalıdır.

- Jurnalistlərin sözünə inam qalıb?

- Təəssüf ki, yox... Jurnalistlərə inam azalıb. Və bunu dediyi sözün mənasına varmadan, düşünmədən “Mən jurnalistəm” deyən insanlar ediblər. Çox heyf...

- Həvəskar jurnalistlərə nə məsləhət edərdiz?

- Bu gün hər bir kəsin cəmiyyəti məlumatlandırmaq imkanı var. Hamıya jurnalist deyə bilmərik axı? Amma İKT-nin inkişafı, sosial şəbəkələr çox insana xəbər ötürmək imkanı verib. Ümumiyyətlə, işinin peşəkarı olmadığını bilən adam bir az daha diqqətli olmalıdır. İlk növbədə məsləhətim budur. Həvəskar insana adından da göründüyü kimi, peşəkar deyil, onun hələ öyrənməyə ehtiyacı var. Amma o, diqqətli olmağı bacarmalıdır. Bizim hardasa çəkdirdiyimiz bir şəkil, paylaşdığımız bir informasiya həmin andan sonra yüzlərlə insanın həyatına mənfi təsir edə bilər.

- Peşəkar jurnalist zirvəsinə ucaldığınızı düşünürsünüzmü?

- Mənə elə gəlir ki, hansısa bir zirvəyə çatdığını düşünmək artıq uduzmaq deməkdir. Mən jurnalist ailəsində böyümüşəm. Jurnlistikanı sevmişəm. Ümumiyyətlə, o sözün açıqlaması, dəyəri mənim üçün tam başqadır. Jurnalistika mənim həyatımdır. Mən həmişə o sözə uyğun yaşamağa çalışmışam. Bütün həyatımı da yəqin ki, indi sizə danışa bilmərəm. Jurnalistin özünün öz prinsipləri, düşüncələri olmalıdır. Hər bir şeyə jurnalist baxışı və eyni zamanda vətəndaş yanaşması olmalıdır. O aradakı incə xətti tapmaq çətindir. Peşəkar olmaq çox çətindir. Çox nadir insanlar deyə bilər ki, biz peşəkarıq. Jurnalist tək sözün düzünü deyən yox, həm də həyatını düzgün yaşayan, fikirlərini cəmiyyətə doğru çatdıran bir insan olmalıdır. Jurnalist tək sözdə yox, əməldə də olmalıdır. Bu, qəliz məsələdir və hamı bunu bacarmaz. Mən sadəcə olaraq, jurnalist olmaq istəmişəm. İstəmişəm ki, atam mənimlə fəxr eləsin! Düzdür, mənim imkanım olmayıb mənimlə fəxr edib etmədiyini soruşum. Amma, məncə fəxr edirdi, uğurlarıma sevinirdi. Yazılarımdan xoşu gəlirdi. Amma bu sualın dəqiq cavabını təəssüf ki, ala bilməmişəm.

- Kişilər işləyir, pul qazanır. Qadınlar isə işləyir, pul qazanır, evin büdcəsini idarə edir, evin təmizliyinə baxır, ər və uşağın geyiminin səliqəsinə nəzarət edir, yemək hazırlayır, uşaq saxlayır və s.. Haqsızlıq deyilmi?

- Düşünürəm ki, deyil. Çünki bunu hər iki halda özümüz istəyirik. Məsələn, əgər söhbət məndən gedirsə, deyə bilərəm ki, mən özüm işləmək istəmişəm. Məktəbi bitirib müsabiqəyə qatılanda seçimlərə anamla getmişdim. Atam işləməyimi istəmirdi. Amma seçimimə hörmətlə yanaşdı. Bu mənim öz seçimim idi. Müasir dövrdə qadının işləmək və halal qazancı ilə özünü dolandırmaq imkanı var. Bu, çox yaxşı bir şeydir. Qadın mütləq kiminsə himayəsində olmaq məcburiyyətində deyil. Qadınların görə də mən bunu haqsızlıq kimi qəbul etmirəm. Bu, sadəcə qadınlara verilən əlavə bir şansdır. Bu şansdan düzgün istifadə eləməyi bacarmaq lazımdır. Ev, ailə, uşaq,ər qaygısı isə sizi başa düşən insanla əziyyətə yox, əksinə mənəvi istirahətə çevrilir.

- Bəs qadına qarşı haqsızlıq nədir?

- Kişinin qadına eləyə biləcəyi ən böyük haqsızlıq onun hüquqlarını görməzdən gəlməsidir. Sən işləyə bilirsənsə, qüvvəni həm ailənə, həm evinə verə bilirsənsə, bu, çox gözəl bir imkandır. Sağlamsan ki, bunu bacarırsan. Bəs biz qızları niyə oxuduruq? Mən demirəm ki, hamı işləməlidir. Yox, elə qadın var ki, evdə oturanda özünü daha xoşbəxt hiss edir. Bu da çox gözəl bir şeydir. Yenə də söhbət ora gəlib çıxır ki, insan özünü oxumağı bacarmalıdır. “Yəni mən nə istəyirəm?” sualına düzgün cavab verə bilən insan heç vaxt özünü haqsızlığa uğramış hesab etməz. Sən istədiyin bir işə qol qoyursansa, bunun nəticəsi nə olur-olsun, qatlanmalısan. O zaman sən düşünmürsən ki, haqsızlığa uğramısan, düşünürsən ki, istədiyini eləmisən, sadəcə alınmayıb. Qadına qarşı haqsızlıq, qarşı cinsin şıddəti ilə üzləşməsi, onunla pis rəftar eləməyi ola bilər. Heç bir kişinin buna ixtiyarı çatmır. Nə atanın, nə qardaşın, nə ərin! Bax, əsl haqsızlıq budur! Həyat yoldaşına, ümumiyyətlə sevdiyin dəyər verdiyin insanlara qulluq edərkən qadın əzilmir. Həm evdə, həm işdə işləmək əzilmək deyil! Qadının əzilməyi ruhən baş verir. Qadın düşüncələrini formalaşdırmalıdır. Qadınlara bir əşya kimi, ət kimi yanaşılmamalıdır. Bəzi kişilərın çoxmənalı baxışları altında əzilən qadın haqsızlığa uğrayır...

- İşləməyən və həyatını evdə keçirən qadınlara münasibətiniz?

- İşləməyən qadınlara münasibətim əladır. Evdə özünü daha xoşbəxt hiss edir? Nə gözəl! Amma, eləsi var ki, işləyə bilmir, əlindən bir iş gəlmir, lakin mütləq işləməyə çalışır. Bacarmırsan, eləmə də! Nə vacibdir? Kim səni məcbur edir? Bacarmadığı işin arxasınca gedib heç nə eləməyən insanlara münasibətim yaxşı deyil. Mənim anam işləməyib, onun işi məni, bacılarımı və qardaşımı tərbiyyə etmək, böyütmək olub. O, evdə olmasaydı, bəlkə də mənə bu qədər vaxt ayırmasaydı, mənim həyatım başqa cür olardı. Mən bir ağac kimi qol-budaq atmışamsa, bu, anamın sayəsində olub. Hərdən düşünürəm ki, Zeynəbə qarşı mən bu diqqəti göstərə bilirəmmi? Yəqin ki, yox... Təəssüf ki, yox...

- Efirdə olduğunuz vaxtlar üçün darıxırsızmı? Efirə qayıtmaq istərdizmi?

- Efiri çox sevirdim. Yadıma düşür. Darıxıram... Efirə yenidən çıxmaq istəyərdim də.

Çünki özümü rahat hiss elədiyim anlar canlı efirlərdə olub. Olub ki, mən əsəbi halda studiyaya girmişəm və efir məni sakitləşdirib. Sanki terapiya kimi təsir edib. Və mənə elə gəlir ki, bu efir terapiyasından ötrü darıxıram...

- Desələr, bu dəqiqə efirə qayıdırsız. O zaman necə olacaq?

- Bu sualın cavabını gərək düşünüm. Qayıtmağım üçün bəzi vacib məqamlar mənim istəyimə uygun olmalıdır.

- Hansı illəri geri qaytarmaq istəyərdiz?

- Yəqin ki, çoxları əsasən uşaqlıq dövrlərinin xiffətini çəkirlər. Yaşa dolduqca həyatdakı təcrübəsiz vaxtların üçün darıxırsan. Məndə də belə olur. Həmin illər olsaydı, necə gözəl olardı. Məsələn, atamn sağ olduğu vaxtlar geri qayıdaydı. O vaxtları daha doya-doya yaşayardım. Axı onda anlamırdım ki, bu, nə vaxtsa bitə bilər. Uşaqlığım, gəncliyim yadıma düşür. Mənim üçün qocalmaq ancaq saçın ağarmağı demək idi. Bir dəfə saçlarımı unla ağartmışdım ki, görəsən saçlarım ağaranda necə olacağam. Amma böyüdükcə başa düşdüm ki, qocalmaq təkcə saçlarda olmur. Yazıq atam heç qocala bilmədi...

Amma nə yaxşı ki, mən elə bir uşaqlıq, gənclik illəri yaşamışam ki, onların geri qayıtmasını istəyirəm... Axı elə insanlar var ki, ən gözəl dövrünü - uşaqlığını xatırlamaq istəmir. Bu, çox dəhşətli bir şeydir. Bunu düşünəndə o məsum kövrəkliyim də itir.

- Heydər Əliyevin xarici səfərlərini müşayiət edən jurnalist olmusuz. Bu şans hamıya verilmir. Bunun üçün nəyi bacarmaq lazımdır?

- Bunun üçün sadəcə şanslı olmaq lazımdır. Sadəcə olaraq, mənim bəxtim gətirib. Mən dahi bir şəxsiyyətin yaşadığı dövrdə jurnalistikaya başlamışam. Onu səfərlərdə müşayiət eləmişəm. Amma, bunu özümün xüsusi bir bacarığım kimi qiymətləndirmirəm. Sadəcə, həmin vaxtlar jurnalist fəliyyəti dövrümə düşüb. Çox gözəl illər idi. Həm gənc idim, həm hadisələrin ən qızğın, ən başlanğıc vaxtı idi. Bu da jurnalist üçün qeyri-adi bir imkandır. Maraqlı bir şeydir. Mən, sadəcə, şanslı olmuşam ki, ulu öndəri yaxından görən bir neçə jurnalistdən biriyəm. Bu şansa görə də Allaha minnətdaram.

- Heydər Əliyevlə bağlı xatirəniz varmı?

- O dahi insanla bağlı ən xoş xatirəm yaxından ünsiyyət qura bildiyim zamandan qalıb. Biz ümummilli liderlə üzbəüz gəlmişik. Yəni eyni yerdə, eyni vaxtda bir o olub, bir də mən...

Deməli, bir dəfə Türkiyədə iqtisadi sammit keçirilirdi. Sammit bitəndən sonra bütün liderlər zalı tərk edib digər otağa keçirdilər. Bəziləri dayanır, gəzirdi. Jurnalist Mətanət Ağamirli də yanımda idi. Biz gözləmirdik ki, bütün bu dövlət başçıları bizim olduğumuz zaldan keçəcəklər. Və təsəvvür edin ki, birdən Heydər Əliyevi yanımızda gördük. Qəribədir, böyük bir qələbələyin içində sənə ən yaxın adam qarşına çıxır, məhz sənin yaşadığın ölkənin prezidenti sənlə üzbəüz dayanır.

Onu görəndə çox həyəcanlandıq. O bizə yaxınlaşdı və bizi tanıdı. Bildi ki, biz məhz Azərbaycandan gələn jurnalist qrupundanıq. Biz təəccüb içində donub qalmışdıq. O özü bizdən soruşdu ki, qızlar, müsahibə almaq istəyirsiz? Biz də dedik, bəli... Sözün düzü, həyəcandan mən danışmadım, Mətanət cavab verdi. O da dedi ki, yaxşı, bir azdan sizə müsahibə verəcəyəm. Doğrudan da bir qədər keçəndən sonra bizə müsahibə verdi. O, çox aramla danışır, bizə baxıb gülümsəyirdi.

Oxşar hadisə bir dəfə də Musiqili Komediya Teatrında oldu. Orda 8 Martla bağlı cənab prezident xanımları təbrik edəcəkdi. Mühafizə jurnalistlərə prezidentin keçəcəyi yoldan kənarlaşdırdı. Necə oldu bilmirəm. Heç onlar da başa düşmədi. Bir də gördüm ki, mən artıq prezidentlə üzbəüz dayanmışam. İlk dəfə onda onu bu qədər yaxından gördüm. Gözləri qəribə maviyə bürünmüşdü. Sanki mən o gözlərin içində həyəcandan itdim. Bircə onu xatırlayıram ki, mənə baxıb gülümsədi. Mühafizə də məni elə bil ki, götürüb başqa bir yerə qoydu.

Həmişə o anı xatırlayanda gülməyim gəlir. Xatirələrim çoxdur. Amma, o dahi insanı yaxından gördüyüm anlar unudulmazdır.

- İşlərin çoxluğundan bezdiyiniz vaxtlar olur?

- Əlbəttə, olur. Bu, hamıda olur. Hansısa bir məqamda çox işlədiyini düşünürsən. Amma sözün düzü, mən daha çox işsizlikdən bezirəm. İşim olmayanda özümü lazımsız hiss edirəm. Daim lazımlı olduğumu bilmək, hansısa işin öhdəsindən gələ bildiyimi hiss eləmək istəyirəm. Bu mənim xasiyyətimdən irəli gəlir. Kiməsə görə yox, bu özüm üçün vacibdir. Ən qorxduğum, sevmədiyim və daha sonra özümü danladığım vaxtlar boş vaxtlarımdır. Əgər hansısa bir gün nəsə bir informasiya almamışamsa, nəsə oxumamışamsa, nəsə bir iş görməmişəmsə özümə qıcıqlanıram. İşlərin çoxluğundan darıxdığım vaxtlar da olur. Düşünürəm ki, çatdırmayacağam. Bu xasiyyət qızımda da var. Bir də görürəm gözündən yaş gəlir. Deyirəm niyə ağlayırsan? Deyir birdən işlərimi çatdırmaram. (iş isə nədir dərs oxumaq, bədii kitab oxumaq, şəkil çəkmək)

- Həyatda və karyerada son nöqtəyə çatmısızmı?

-Hələ çalışmalıyam. Elədiyimi “elədim daha” - deyə düşünmək üçün tezdir. Mənə elə gəlir ki, bacarıqlı və işləməyi sevən insanlar ömrünün son günlərinə qədər nəsə edəcəklərini düşünürlər. Bu, doğrudan da belədir. Onlar belə düşünəndə həqiqətən ortaya gözəl bir iş çıxır. Mən bunu dəyərli sənətkarlamıza, elm adamlarına aid edirəm. Mənə gəldikdə isə, məncə hələ vaxtım var. Düzdür, işlərim çoxdur, hətta anama həsrət qaldığım vaxtlar olur. Bəlkə bir gün iş vaxtımı elə bölərəm ki, anamı həftədə bir dəfə yox, iki dəfə görərəm. Məncə, bunu da bacararam. Bunun üçün isə yenə də çalışmalıyam...

- İndiyə qədər nəyə peşman olmusuz?

- Mən deməyəcəyəm ki, peşman oldum. Sadəcə olaraq, mənim bəxtim belə gətirdi. Mən bunları yaşamalı oldum. Yaşadıqlarımdan dolayı özümlə bağlı qərarlar verməkdə daha az cəsarətli olmuşam. Bax buna peşmanam. Buna da çox heyfslənmirəm. Bilmirəm, bəlkə də peşman olmalıyam. Amma bunu qəbul etmək istəmirəm. Bu hissi özümə yaxın buraxmaq istəmirəm.

Çünki mən yaşadıqlarımdan, gördüklərimdən dolayı belə olmuşam. Əslində, çox cəsarətliyəm. Amma qəribə bir şey var ki, insan müəyyən hadisələri yaşayandan sonra xasiyyəti dəyişir. Deməli, belə olmalı imiş. Mənim üçün yazılan, mənim üçün nəzərdə tutulan bu imiş. Bəlkə də bir azca gözə girməyi bacaran olsaydım, bu, həyatımda əhəmiyyətli dəyişikliyə səbəb olardı. Müsbət təsiri olardı. Amma neynək, bu mənim xasiyyətimdir.

- Evə, ailənizə, qızınıza vaxt ayıra bilirsizmi?

- “Bəli, mən 100 faiz ailəmə vaxt ayırıram” - təəssüf ki, sualınıza bu cümlə ilə cavab verə bilməyəcəyəm. Çalışıram ki, evə, ailəmə, qızıma vaxt ayırım. Nə dərəcədə alınıır, bilmirəm, amma alınanda xoşbəxt oluram. Əsas da elə budur. Biz bir yerdə olanda danışmağa sözümüz var. İş qadını üçün sevdiklərinə vaxt ayırmaq çətindir. Müəyyən bir dövr var ki, sən o anlar övladına sevdiyini hiss elətdirməsən, sonra gec olacaq. Bu sevgi ana südü qədər vacibdir. Əgər uşaq onu vaxtında başa düşməsə, bunu heç vaxt başa düşməyəcək. Həmişə bundan ehtiyat etmişəm. Görəsən o sevgini yetərincə verə bilmişəmmi? Bu məni həmişə düşündürür. İnanıram ki, bu sualımın cavabı müsbətdir.

- Nə vaxtsa oğlunuzun olmasını arzulamısızmı?

- Elə şeylər var ki, qavramalıyıq ki, bu bizdən asılı deyil. İndi qızım var. Amma təbii ki, oğlum da olsaydı sevinərdim. Hətta ailə qurmaq haqda düşünəndə fikirləşirdim ki, 5-6 uşağım olsa, yaxşıdır. Özümüz evdə 4 uşaq olmuşuq. Düşünürəm, istənilən qadın və istənilən kişi oğlunun olmasını istəyər. Amma mən ancaq oğlunun olmasını istəyənləri başa düşmürəm. Vaxt keçdikcə insan başa düşür ki, bu sənin istəyinlə bağlı bir şey deyil. Bu, allahın lütfüdür. Bunu sən seçmirsən. Bu sənin tale yazındır. Mən Allaha inanan adamam və uşağın dünyaya gəlməsinə möcüzə kimi baxıram. Çox yaxşı ki, qızım var və o çox yaxşı qızdır.

- Hansı mənfi xüsusiyyətiniz var?

- Mənim nə mənfi xüsusiyyətim ola bilər ki?..

Ən mənfi cəhətim qərarsızlığımdır. Çox gec qərar verirəm. 50 dəfə götür-qoy edirəm, sonda da ən birinci fikirləşdiyimi edirəm. Bax bu məni əsəbiləşdirir. Bir də ki, insanlarla onların anladığı dillə yox, öz dilimlə danışıram. Elə adamlar var ki, onlarla ancaq anladıqları dildə danışmaq lazımdır. Təəssüf ki, bunu bacarmıram. Bu xüsusiyyətimi də heç sevmirəm. Bəlkə də elə pis cəhətim var ki, özüm görmürəm. Ətrafımdakılar bu suala daha yaxşı cavab verə bilər. Hə, bir də elə an ola bilər ki, siz mənə sual verə bilərsiz. Amma mən onu eşitmərəm. Niyə? Bilmirəm. Yəqin hərdən diqqətsiz ola bilirəm...

- Bu gün cəmiyyətdə nədən narazısız?

- Cəmiyyəti qıraqdan qınayan insanlardan deyiləm. Əgər cəmiyyətdə nədənsə narazıyamsa, deməli, özümdən də narazıyam. Məsələn, biz ən adi, görə biləcəyimiz işləri bacarmırıq. Adi avtomobili düzgün idarə etməyə çətinlik çəkirik. Necə yollarda bir-birimizin üstünə çıxa-çıxa maşın sürürüksə, elə də yaşayırıq. Bax bizim problemimiz budur. Çox söz deyilir, yazılır. Maarifləndirmədə problem yoxdur. Problem maariflənmək istəməməyimizdədir. Biz Avropaya gedib orda yaşıl işığı gözləyən piyadalara baxıb deyirik ki, ay, nə gözəl hamı necə də qaydalara əməl edir. Amma Bakıya ayaq basan kimi onu deyənin özü də həmin işığı unudur. Gərək elə almanın, fransızın qorxusuyla yolu düz keçəsən? Burda da keç də. Qısası, hər bir fərd özünü tərbiyə eləsə, cəmiyyətdə problem də olmaz.

- Son zamanlar hər gün müxtəlif qəribə hadisələr baş verir. Uşaqlara təcavüz edən qocalar, müəllimini qaçıran tələbələr, ərini öldürən qadınlar... Bütün bu olanlara münasibətiniz?

- Belə hadisələr həmişə olub. Sadəcə, o vaxt bu barədə heç kim yazmırdı. Hər bir normal düşüncəli insan kimi mən də təcavüzün əleyhinəyəm. Amma bunun səbəblərini görürəm. İnsanın psixikası pozula bilər. Zamanın burda fərqi yoxdur. Belə şeylər həmişə olub. Sadəcə, indi daha çox sosiallaşmışıq.

Amma düzü bu gün insanların beyni informasiya çoxluğundan pozulub. Düşünürəm ki, o cür insanların problemi var və onlara kömək etmək lazımdır.

Düzdür, sevgi yaşa, sinfə, cəmiyyətdə tutduğun mövqeyə baxmır. Amma sevginin belə iyrənc formalarını görəndə bunu sadəcə bekar insanların lazımsız hərəkəti kimi dəyərləndirirəm. Deməli, bu insan özünü başqa heç cür təsdiqləyə bilmir. Yadda qalmaq istəyir. Bu da yenə də insanın beyin pozğunluğundan xəbər verir. Bir valideyn kimi bu məni qorxudur.

- Övladınızın gələcəyini necə bir mühitdə görmək istəyərdiz?

- Mən də hər bir ana kimi övladımın xoşbəxt mühitdə böyüdüyünü görmək istəyərəm. Tolerant, nə istədiyini bilən, özünə arxalanan bir mühitdə. Kiçik cizgilər böyük bir portreti formalaşdırır. Xırda nüanslar həyatımızda mühüm rol oynayır. Çox istərdim ki, qızım təhsilli, proqresə istiqamətlənən bir mühitdə böyüsün. Əslində, tək qızım üçün yox, bütün övladlar üçün belə bir mühit arzulayıram. Bir də istəyirəm ki, Zeynəb haçansa mütləq Laçını görsün. Babasının, nənəsinin böyüdüyü torpaqlarda olsun...

- Ürəyinizdə nə sözünüz varsa buyurun, deyin.

- Hər şey ürəyinizcə olsun. Həyatdan zövq alın. Ətrafınızdakı xırda sevincləri görün. Çünki həyatı gözəlləşdirən məhz onlardır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar