Bir neçə gün öncə metropolitendən istifadə etmək istəyən Xəzər TV-nin məşhur aparıcısı Yusif Kərimli orada üzləşdiyi hadisə barədə şikayət yazıb
Aparıcı baş vermiş hadisə barədə bildirib: "Bakı metrosu, bəlkə də, dünyanın ən sarsaq metrosudu. 1 manatlıq ödəniş edirəm, aparat deyir ki, əməliyyat uğursuzdur. Çek çap olunur və nəzarətçiyə müraciət etməyimin lazım olduğu yazılır. Nəzarətçi xanım isə deyir ki, yalnız sabah gündüz vaxtı, özü də, yalnız "28 May" stansiyasındakı şöbəyə müraciət etməklə bu məbləği geri qaytara bilərəm.
Həm də 1 manatınız 1 ay müddətinə yüklənəcək. Deyirəm ki, bə bu kartı geri qaytarım, axı istənilən metro ödəniş kartını geri ödəyib, dəyəri olan 2 manatı geri almaq mümkündü, əvəzinə də yeni kart almış olaram. Cavab verir ki, bütün əməliyyatları yalnız gündüzlər həyata keçirmək mümkündür.
Deyəndə ki, bəs cibimdə daha pul yoxdu, indi evə necə gedim? Nəzarətçi xanım laqeydcəsinə "məni maraqlandırmır" cavabını verir. Bəli bizdən qazanan və bizi az da olsa, düşünməyən, gecə saat 12-yə kimi "işləməli" olan, amma sərnişini 1 manata görə belə uzun prosedura cəlb edən və ödədiklərimiz sayəsində əmək haqqı alan, amma bizə laqeyd olan işçilərin çalışdığı metro əsl sarsaq mexanizmdir".
Məsələ ilə bağlı QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi açıqlama verib. Nəsimi Paşayev açıqlamasında telejurnalistin qarşılaşdığı hadisə barədə xəbərdar olduğunu bildirib.
"Kartlarla yükləmə ilə bağlı problem yarandıqda, ilk növbədə, həmin stansiyadakı xəzinədara müraciət olunmalıdır. Əgər yerində araşdırma aparıla bilinmirsə, mütləq metronun "28 May" stansiyasında yerləşən analiz mərkəzinə müraciət edilməlidir.
Orada kart analiz edilir və həqiqətən də, ödəniş karta yüklənməyibsə, bərpa edilir. O ki qaldı kartların geri qaytarılmasına metronun açıq olduğu istənilən saatda və istənilən stansiyada geri qaytarıb pulunu ala bilərlər.
Təbii ki, əgər kart zədələnməyibsə" - şöbə rəisi bildirib.(milli.az)