Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanı idarə etmək çox çətindir”


Ukrayna hadisələrindən sonra dünya demək olar ki, iki yerə bölünüb: Qərb və Rusiya. Qərb Rusiyanı iqtisadi blokadaya salmaq istəyir. Amma maraqlı məqam neft-qaz ölkəsi olan Azərbaycanın ön plana keçməsidir


Digər məsələ isə Rusiyanın Ukraynada aktivliyinin nəticəsində gələcəkdə bütün dünyanın əziyyət çəkəcəyi yeni dünya savaşı proqnozlarının verilməsinə səbəb olmasıdır. Azərbaycan və ümumiyyətlə postsovet məkanının gələcəyi ilə bağlı məsələləri öyrənməkdən ötrü tanınmış rus politoloqu Qriqori Trofimçuka müraciət etdik.

"Ukrayna Əfqanıstan olacaq"
 
- Sizcə, Ukrayna getdikcə Suriyaya bənzəmirmi?

 
- Qərb Suriya və Ukraynaya bir paket çərçivəsində baxır. Ukrayna tezliklə özünün yerli “taliban”ları (radikalları) ilə ikinci Əfqanıstan olacaq. Hansı ki, artıq özlərinə daxili “şəriət məhkəməsi” (xalq tribunalı) yaratmağa cəhd göstərirlər. Ukrayna müəyyən qrupların öz ərazilərinə nəzarət etməyə başladığı zaman daha çox Əfqanıstana oxşamağa başlayacaq. Yeni qrupların meydana çıxıb keçmiş xaotik Ukrayna ilə Rusiya vilayətləri olan Belqorod, Kursk, Voronej arasında bufer rolu oynaması da istisna deyil. Bir zamanlar Əfqanıstanda da belə olmuşdu.
 
Qərbi Ukrayna oyanır
 
- O zaman belə çıxır ki, Rusiya ordusu Ukraynanın şərq vilayətlərinə daxil olacaq?

 
- Rusiyanı buna səylə itələyirlər. Qərb isə bir tərəfdən açıqlamalar verir ki, rus ordusu artıq uzun zamandır ölkənin şərqində yer alıb. Əvvəla, Rusiya heç vaxt bu addıma getməz. Hərdən Ukraynadakı Rusiya tərəfdarları da düşünmədən bizim qoşunlarımızın buraya gətirilməsi haqqında çıxışlar edirlər. Onlar hərəkətlərinə görə özlərinə hesabat vermirlər. Əgər Rusiya bu işdə kömək etmək istəyirsə, o zaman yalnız ekspert kimi məsələyə yanaşaraq deyirəm ki, konflikt hərbi variantla yox, intellektual yolla həll edilməlidir. Bu informasiya müharibəsində çox düzgün metod olardı. Düşünmək lazım deyil ki, bu tip problemlər təkcə Ukraynanın şərqində baş verir. Belə sosial qarışıqlıq artıq ölkənin qərbində də yaranıb. Orada da milyonlarla rusdilli vətəndaş var ki, hələ öz sözlərini deməyiblər. İstisna eləmirəm ki, əvvəl-axır onlar da ölkənin şərq vilayətlərindəki etirazlara dəstək verəcəklər.
 
MDB-ni İraqın taleyi gözləyir
 
- Bəs Qərblə müharibə başlaya bilərmi?

 
- Qərb artıq uzun müddətdir ki, Rusiyanı bütün istiqamətlərdə sıxışdırır. Müharibə praktiki olaraq Rusiyanın qapısının ağzına gəlib çatdığına görə Ukrayna parçalanmağa başladı. Bunun qarşısında Rusiya susmağı bacarmadı. Təəssüflər olsun ki, bütün Sovet ölkələrinə Qərb bu güclə girməyi bacarıb. O, lazım olan şeyi heç kimdən soruşmadan həyata keçirməyə başlayır. Ukraynaya vurulan zərbə ilə (hansı ki, Ukraynanın keçmiş hakimiyyətinin axmaqlığı ucbatından olmuşdu) SSRİ-nin ikinci dəfə parçalanmasına start verildi. Bu parçalanma isə Azərbaycan da daxil olmaqla SSRİ-nin tərkibindən ayrılmış bütün ölkələrə təsir edəcək. Rusiya çətin ki, Qərblə böyük konfliktdən qaçmağı bacara. Qərb postsovet ölkələrinin ona satdığı qaza görə ödəmələr edəcək, amma bu uzun müddət davam etməyəcək. Müəyyən qədər bu ödəmələr olacaq, amma sonradan həmin əraziləri gücün hesabına ələ keçirməyə çalışacaqlar.
 
Ruslar demokratlara nifrət edirlər
 
- Amma Ukrayna hadisələri Rusiyaya da keçə bilər.

 
- Rusiya öz üzərindən bütün təhlükələri yalnız daxilindəki oliqarxlar və korrupsionerlərlə bağlı mübarizə apardıqdan sonra götürə bilər. Başqa bir addım isə 1991-ci ildə Qorbaçov da daxil olmaqla ölkəni dağıdan və parçalayan şəxslərin məsuliyyətə cəlb edilməsi ola bilər. Bu addımlar atıldıqdan sonra Rusiyanı daxildən parçalamaq çətinləşəcək. Onu da qeyd etmək yerinə düşər ki, ilk “rəngli inqilab” Gürcüstan və Ukraynada baş verməyib. O, məhz 1991-ci ildə Rusiyada baş verib. Başqa bir məsələ isə ondan ibarətdir ki, Rusiya artıq liberal-demokrat dövlət ola bilməz. Ruslar hələ də demokrat olaraq çağırılan şəxslərə nifrət edirlər.
 
Azərbaycanı idarə etmək çətindir
 
- Bəs bu hadisələr Azərbaycana necə təsir edəcək?

 
- Son hadisələr Azərbaycanın Cənubi Qafqazdakı problemlərə yüksək diqqət ayırmasına səbəb oldu. Hər kəs başa düşür ki, Ukrayna hadisələri əvvəl-axır Qafqazda da özünü büruzə verəcək. Burada ərazi münaqişələri də daxil olmaqla problemlər daha çoxdur. Azərbaycan hərbi təlimlər keçirərək, özünün müəyyən təhlükədən narahat olduğunu, həmçinin istənilən qarmaqarışıqlığa qarşı dayana biləcəyini göstərir. Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi isə məsələni bir az da çətinləşdirir.  Əgər bütünlükdə götürsək, Azərbaycan az qala ərazi, enerji və hərbi-strateji problemlərin mərkəzində dayanır. Bunlar isə belə kiçik ölkənin idarə edilməsinin nə qədər çətin olduğunu göstərir. Bütün hallarda Azərbaycan Ukrayna hadisələrindən sonra gələcək üçün özünə yalnız bir töhfə götürməlidir. Ukraynanın müvəqqəti hökumətinin addımlarını mənimsəyib yalnız güc tətbiq etməklə, hədələməklə, reallıqda isə heç nə etməməklə məşğul olmamalıdır.
 
Emosionallıqdan istifadə edəcəklər
 
- O zaman Cənubi Qafqazın gələcəyi qaranlıq görünür.
 

- Ukrayna problemləri paketini üzərinə götürən Rusiyanın hələ Qarabağ konfliktini aktivləşdirməyə vaxtı yoxdur. Cənubi Qafqazın gələcəyi Rusiyanın əleyhinə olaraq Avropaya qaz ötürmək üçün Qərbin aktivləşdirdiyi və Mərkəzi Asiyanı bura qoşduğu enerji dəhlizləri ilə bağlı olacaq. Qarabağ konflikti boş yerə aktivləşdirilib. Hazırda heç nə baş vermədiyi halda belə onun ətrafında elə söz-söhbət gəzir ki, elə bil, sabah müharibə başlayacaq. Cənubi Qafqaz ölkələrinin özlərinin bu istiliyi artırmağına ehtiyac yoxdur. Əks təqdirdə xarici qüvvələrin həmin dövlətləri boş yerə bir-biri ilə toqquşdurması asan olacaq. İnformasiya müharibəsi qaydalarında ən mühüm cəhət rəqibin əsəbləri ilə oynamaqdır. Bu isə təəssüflər olsun ki, Qafqaz xalqlarına çox pis nəticələr verəcək. Onların əksəriyyəti təbiətcə emosional olurlar. Azərbaycan, Ermənistan, Gürcüstanın düşmənləri məhz bu təbii faktorları öyrənirlər.
 
Azərbaycanda dini radikallar aktivləşir
 
- Siz açıqlamalarınızda Azərbaycanda islam radikallarından istifadə oluna biləcəyini hər dəfə vurğulayırsınız. Amma məncə, Azərbaycanda bunun üçün əlverişli şərait yoxdur...

 
- İslam radikalları digər dini konfessiyaların radikalları kimi yalnız dövlətin əsil mədəniyyət, mənəvi inkişaf və açıq klerikalizm arasında sərhədi görmədiyi, hiss etmədiyi anda meydana çıxır. Həddindən artıq klerikalizm, mənəvi dəyərlərin anormal təbliğatı cəmiyyətin partlamasına səbəb olur. Dövlət dinin dünyəvi norma və qaydalardan ayrıldığı konstitusiyanı müdafiə edir. SSRİ-nin süqutundan sonra bu sxemdə təhlükəli məqamlar meydana gəlməyə başlayıb. Nəticədə bütün postsovet məkanı ölkələrində dini dözümsüzlük, terrorizm və digər neqativ proseslər yaranıb. Ona görə də Azərbaycan sərt olaraq dünyəvi dövlət prinsiplərinə riayət edərkən doğru addım atmış olur. Lakin ətrafındakı ölkələrdə bu prinsiplərə tam əməl olunmaması ona da maneçilik törədilməsinə şərait yaradır. Ona görə dini klerikalizm istənilən vaxt, istənilən yerdən fışqıra bilər.
 
Azərbaycanın seçimi yoxdur
 
- Azərbaycanın Rusiyanın blokadaya alınmasında iştirakı həqiqətə çevrilə bilərmi?

 
- Qərb Azərbaycana Rusiyanın iqtisadi blokadaya alınmasında ona kömək edən ölkə kimi baxır. Rusiyaya qarşı iqtisadi sanksiyalar Qərbin Avropa İttifaqına qaz ötürməsini tələb edəcək ki, burada da Azərbaycan faktiki olaraq Rusiyanın blokadasında iştirak edəcək. Baxmayaraq ki, sözdə bundan danışmırlar, amma əməldə bu, açıq-aşkar görünəcək. Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi çoxvektorlu siyasət artıq Azərbaycan üçün sona çatıb. Və onun seçimi o qədər də böyük deyil.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Ən çox oxunanalar