Eks-spiker Rəsul Quliyev bu dəfəki açıqlamasında Avropa İttifaqının bir neçə gün öncə başa çatmış Riqa sammitinin nəticələrini şərh edib:
"Riqa sammiti bir daha Rusiyanın keçmiş Sovet respublikaları üzərində hegemonluq siyasətinin fundamentinin, özündən müştəbeh Putinin boşboğaz pafosunun üzərində qurulduğunu və heç bir əhəmiyyət kəsb etmədiyini sübuta yetirdi.
Ukrayna, Gürcüstan və Moldavanın avropalaşma istəyinin qarşısını Rusiya yeni "Armata" tankları ilə də ala bilməz. Rusiyaya "dostum - qardaşım" deyən Belarus və Ermənistan quyruqlarını Avropanın əlinə verib və Rusiyanın onları qucağına almasını istəmirlər, baxmayaraq hər iki ölkəni çar Putin öz millətinin boğazından kəsməklə dolandırır.
Keçmiş Sovet respublikaları arasında Rusiyadan Azərbaycan qədər qorxan ikinci bir ölkə yoxdur. Ümumi sərhədləri olan Qazaxıstan və Belarus Rusiyanın müttəfiqləridir. Gürcüstandan istədiyini qopardıb və artıq onların itirməyə bir şeyləri yoxdur. Ukrayna və Moldovadan istədiyini qopartmaqla yanaşı bu ölkələrin Avropa İttifaqı ilə sərhədləri var, artıq Rusiyanın istənilən aqressiyası silahlı müqavimətlə nəticələnəcək.
Orta Asiya ölkələrinin heç birinin Rusiya ilə sərhəddi yoxdur, istənilən ölkəyə yaxınlaşmaq üçün ilk növbədə Qazaxıstanı işğal etmək lazımdır.
Azərbaycan ən yüksək potensiallı aqressor Rusiya ilə sərhədi olması ilə yanaşı ən asan təxribata məruz qala bilən ölkədir. Şimaldan milli məsələ zəminində, cənubdan isə Gürcüstan variantı ilə Qarabağ problemindən istifadə etməklə Rusiya istənilən vaxt aranı qarışdırıb qoşunlarını Azərbaycana yeridə bilər. Kim bizi müdafiə edəcək? Krımla əlaqədar Türkiyənin özünü aparması onların bu işi görməyəcəyinə dəlalət edir. Bu səbəbdən Azərbaycan Rusiyaya qardaş olduğunu sübut etmək üçün dəridən qabıqdan çıxır. Ancaq bu qardaşlığın məcburu olduğunu və heç bir hərəkətlə təsdiqlənmədiyini Rusiya bilir. Bir çoxları prezidentin Riqa sammitinə qarışmadığını Rusiyaya yaxınlaşmaq və Qərbdən üz döndərmək kimi qiymətləndirir. Əslində bu belə deyil. Sammitdə XİN iştirak edib və Belarus və Ermənistandan fərqli olaraq son sənədi imzalayıb. Bizim bəzi yazarların Qərbdən uzaqlaşmaq və Rusiyaya yaxınlaşmağı necə gördüklərini, nəyə əsaslandıqlarını özlərindən başqa heç kim bilə bilməz. Riqa sammitinə getməmək üçün min bir bəhanə gətirmək, məsələn, Avropa oyunları ərəfəsində ölkədən çıxmamaq da olar. Ancaq bu, Qərbdən uzaqlaşmaq deyil. Uzaqlaşmaq üçün gərək son qərara imza atmayasan."(moderator.az)
pia.az