Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan büdcəsini doldurmaq problemə çevrilib“


Qubad İbadoğlu: “Bu hakimiyyətin Azərbaycana ən böyük mirası işsizlikdir”


Müsavat Partiyası Divanını üzvü, iqtisadçı-ekspert Qubad İbadoğlunun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibənin sonuncu - 3-cü bölümünü təqdim edirik. 

- Qərb bu məsələdəki mövqeyini hansısa formada konkretləşdiribmi?

- Müxtəlif səviyyələrdə reaksiya var, ancaq ciddi təpkidən söhbət gedə bilməz. Diplomatlarla görüşündə dövlət başçısı İlham Əliyev dedi ki, biz müstəqil dövlətik, heç bir dövlət və ya onun başçısı bizə təsir göstərə bilməz. Bugünlər zaman baxımından da uğurlu dönəm deyil. Ramazan ayıdır, vətəndaş cəmiyyətinin təmsilçiləri də daxil olmaqla, bu ayda o qədər də fəal deyillər. Qərb üçün isə bu aylar istirahət, məzuniyyət aylarıdır. Qurumların çoxu payıza doğru yenidən fəaliyyətlərini artıracaqlar. O zaman reaksiyalar ola bilər, Azərbaycanla bağlı müzakirələr, bəyanatlar arta bilər. Ancaq bu da çıxış yolu deyil. Anar Məmmədlinin həbsindən sonrakı durumu yada salın. Ən yüksək səviyyələrdə bu həbs pislənib, neçə-neçə bəyanatlar qəbul olunub, ancaq Azərbaycan iqtidarının buna adekvat cavabı olmayıb. Hətta edilən müraciətlərin çoxu ümumiyyətlə cavablandırılmır.

- Çıxış yolu nədir o zaman?

- Dəfələrlə demişəm ki, vətəndaş cəmiyyəti ilə dialoq olmalıdır. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların, diplomatik korpus təmsilçilərinin, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı ilə dialoqlara başlamalıdır. Bu, yüksək səviyyədə təşkil olunmalıdır. Çünki biz aşağı səviyyədə dialoq təşkil etsək, qərarların dəyişməsinə nail olmaq mümkün olmayacaq. Aşağılar bu qərarların qəbul olunmasında iştirak eləmirlər. Onlar yalnız icra edirlər. Hətta nazirlik səviyyəsində qərarlar qəbul etmək səlahiyyəti onların əlindən alınıb və bu səlahiyyətlər daha yüksək vəzifələrin sahiblərinə verilib. Ona görə də dialoq da qərar verən şəxslər səviyyəsində olmalıdır.

- Qubad bəy, Azərbaycandakı bütün QHT-lərin bank hesabının dondurulduğunu deyirsiniz. Ancaq mediaya bu proses haqqında heç bir bilgi verilmir. Aydındır ki, Azərbaycanın öz reallıqları var - bəzən nəticə əldə etmək üçün məsələləri dar çərçivədə həll etmək gərək olur. Sizcə, indiki halda bu xəbərlər ictimailəşdirilməlidirmi?

- İctimailəşdirilməlidir. Birmənalı. Ancaq hamının içərisində bir gözlənti var. Bütün vətəndaş cəmiyyəti institutları gözləyir ki, onların müraciətləri müsbət cavablandırılacaq. Bəzi qurumlarla bağlı prokurorluqda yoxlamalar gedir. Kimlərinsə ölkədən çıxmasına qadağa qoyula bilər. Ölkədən çıxmasına qadağa qoyulan şəxslərdən kimlərinsə həbsi gündəmə gələ bilər. Bunlar gözləniləndir. Bugünlərdə Gəncədə həbs olunan Həsən Hüseynli Azərbaycan vətəndaş cəmiyyətinin ən sağlam, saf, eyni zamanda işgüzar təmsilçilərindən biridir. Avropa gənclər paytaxtı elan edilən Gəncədə gənclərlə çox gözəl iş aparırdı. Ancaq onu saxta, qurama ittihamlarla həbs etdilər. Bunu da göz qabağına alanlar var. Hər kəs görür ki, repressiya maşını getdikcə daha da güclənir. İllərlə bu cameədə olan insanlar da bu narahatlıqları yaşayırlar.

“Bu gün hətta müxalifət düşərgəsində QHT-lərə qarşı bir qıcıq var. Elə müxalifətçilər var, onların vətəndaş cəmiyyəti institutlarına münasibəti hakimiyyətin münasibətindən fərqlənmir” 


- Siz bayaq Anar Məmmədlinin həbsi məsələsinə toxundunuz. Vətəndaş cəmiyyəti cameəsində qarşılıqlı münasibətlər necədi? Bəlkə bu gün üzləşdiyiniz mənzərə Anar bəyin həbsi zamanı ortaya ciddi təpki qoyulmaması ilə bağlıdır?

- Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumu var. Həmin forumun Anar Məmmədlinin həbsi ilə bağlı 5 bəyanatı olub. Vətəndaş cəmiyyətinin bütün aparıcı qurumları bu həbsə etirazlarını dəfələrlə bildirib. Bəyanatlardan, tələblərdən başqa edə biləcəyimiz heç bir iş yoxdur. Daha bir məsələ də var - toplum vətəndaş cəmiyyəti institutlarının önəmini yetərincə dərk etmir. Təbii, burada bizim media ilə işləməməyimizin də rolu var. Nəticə isə odur ki, bu gün hətta müxalifət düşərgəsində QHT-lərə qarşı bir qıcıq var. Elə müxalifətçilər var, onların vətəndaş cəmiyyəti institutlarına münasibəti hakimiyyətin münasibətindən fərqlənmir. 

Onların fikrincə, QHT-lər qrant alıb mənimsəməklə məşğuldurlar. Bu, çox yanlış bir yanaşmadır. Öz təşkilatım adına deyə bilərəm ki, biz Azərbaycanda beynəlxalq səviyyəli maliyyə-mühasibat sistemi qurmuşuq. Biz bilirik ki, hansı ölkədə fəaliyyət göstəririk və nələrlə üzləşə bilərik. Yəni bir yanaşmanı bütün qurumlara aid etmək olmaz. Əgər səhlənkarlıq edənlər, maliyyə fəaliyyəti şəffaf olmayanlar varsa, onlar qanuna dəvət edilməlidir. Cəmiyyəti də başa salmalıyıq ki, QHT-lərin əngəllənməsi Azərbaycanın inkişafının qarşısını alan böyük əngəldir. 

- Qubad bəy, bir qədər də Azərbaycanın ümumi iqtisadi durumu haqqında danışmağınızı istəyirik. Ölkə üçün ən ciddi problem, sizcə, nədir?

- Bu iqtidarın Azərbaycana ən böyük mirası işsizlik olacaq. Bu ili hökumət Azərbaycanda sənaye ili elan edib, amma sənayedə 2,1 faiz azalma var. Azərbaycanda iqtisadiyyatın şaxələnməsi haqqında çox danışılır, ancaq yeni də iqtisadiyyat neftdən asılıdır. Qeyri-neft ixrac məhsulu 4,5 faiz azalıb. Ölkəyə ərzaq idxalı durmadan artır. Azərbaycan Hollandiya xəstəliyinə tutulub. Biz nefti satırıq və əldə etdiyimiz maddi gəlirlərə ərzaq alırıq. Böyük istehlak xərcləri ildən-ilə artır, qiymətlər bahalaşır. Əldə edilən gəlirləri iqtisadiyyatın bu günü, gələcəyi üçün əlavə dəyər yaradan sahələrə yönəldə bilmirik. İldən-ilə bu problemlər ciddiləşir. Bu gün Azərbaycan büdcəsini doldurmaq problemə çevrilib. Kiçik və orta sahibkarlıqdan yığılan vəsait büdcənin əsas donoruna çevrilib. Halbuki Azərbaycanın yetərincə böyük potensialı var. Bu yaxınlarda 2013-cü il üzrə hesabat hazırladıq, bəlli oldu ki, 2013-cü ildə “Kaspar” QSC büdcəyə cəmi 100 min manat vergi verib. Bu, kiçik sahibkarlıqla məşğul olan qurumların göstəricisi qədərdir. “Kaspar”ın nə qədər gəmiləri, yaxtaları var, onlar hamısı ayrı-ayrı şirkətlərdə icarədədir, dövlət niyə oradan qazanılan gəlirləri büdcəyə yönəltmir. Dövlətin həll edəcəyi yetərincə ciddi məsələlər var. 

Bu problemləri biz görürük, deyirik, ancaq təəssüflər olsun, onların çözümü üçün çox gec təşəbbüslər irəli sürülür, ya da kampaniya xarakteri daşıyır. Biznes-forumlarda çıxış edən yetkililər deyir ki, Azərbaycanda artıq idxalı əvəz edən iqtisadiyyat formalaşıb. Reallıq isə tam fərqlidir. Xarici-ticarət hesabatında təkcə kartofun dəyəri ilə bazardakı qiymətləri müqayisə edəndə iqtisadiyyatla bağlı mənzərəni aydın təsəvvür etmək olur. Rusiyadan 4,4 qəpiyə gələn kartofu əhali 90 qəpiyə alır. Ən bahalı kartof 7-9 qəpikdən rəsmiyyətə salınıb. Üzərinə vergiləri də əlavə etsək, qiymət 10 qəpiyi keçmir. Niyə istehlakçılar bunu 1 manata, 1 manat 50 qəpiyə alır? 

Bu dəqiqə mənim səlahiyyətlərim olsa, Azərbaycanda qiymətlərin, xüsusən ölkəyə daxil olan ərzaq məhsullarının qiymətini 2 dəfə ucuzlaşdırmasına nail ola bilərəm. Bunun çox sadə formulası var - idxaldakı monopoliyaları aradan qaldırmaq lazımdır. Dünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq Azərbaycan gömrük orqanlarının yenidən qurulması prosesini həyata keçirməlidir. Əslində ölkə iqtisadiyyatının tamamilə modernləşdirilməsinə ehtiyac var. İnvestisiyaların axını üçün şərait yaradılmalıdır. İnvestisiya təkcə pul deyil ki, texnologiyadır, elmdir, yenilikdir. Bu investisiyalar gəlsə, ölkə yenilənə bilər, yeni iş yerləri açıla bilər. Nəticədə iqtisadiyyat şaxələnər, ciddi problemlər çözülər. Bu gün daxildəki monopoliyalar investisiya axını üçün ciddi baryerdir. 

“Ən bahalı kartof 7-9 qəpikdən rəsmiləşdirilir. Üzərinə vergiləri də əlavə etsək, qiymət 10 qəpiyi keçmir. Niyə istehlakçılar bunu 1 manata, 1 manat 50 qəpiyə alır? Bu dəqiqə səlahiyyətlərim olsa, Azərbaycanda ərzaq məhsullarının qiymətini 2 dəfə ucuzlaşdıra bilərəm”


Korrupsiya və monopoliya beynəlxalq hesabatlarda Azərbaycanın 2 ən ciddi problemi kimi göstərilir. Hökumətin korrupsiya ilə bağlı ən azı bəyanatları var, monopoliyadan isə heç danışılmır. Sanki hökumət bu məsələni adi həyat normasına çevirməyə çalışır. 

Bütün sahələrə eyni yanaşma var. Mən bir zaman demişdim ki, zaman gələcək Azərbaycanda banklarla QHT-lərin sayı bərabər olacaq. Uzağı 30 QHT qalacaq. Ehtiyac olanda onlara sifarişlər verib işlədəcəklər. Eyni yanaşmanı hökumət biznesə də tətbiq edir. Azərbaycan iqtisadiyyatı 15-20 holdinqin üzərində qurulub. Həmin holdinqlərin mülkiyyət sahibləri bəllidir. Bizə bəllidirsə, hakimiyyətdə olanlara da bəllidir. Hakimiyyət həmin holdinqlərin işinə ildən-ilə daha geniş şərait yaradır. Çünki həmin sahiblərin sahibləri özləridir. Necə ki, xarici donorun vətəndaş cəmiyyəti institutlarına maliyyə ayırmasını istəmirlər, eyni cür də xarici investorların iqtisadiyyata yatırım qoymasını istəmirlər. Hətta bildirilir ki, Azərbaycan başqa ölkələrə sərmayə qoyursa, bizim sərmayə cəlb etməyə nə ehtiyacımız var? Hakimiyyət daxili institutlar hesabına ölkəni tam nəzarətdə saxlamaq istəyir. Hökumət indi daha səmimidir. Qabaqlar bu işləri gizlində görürdülər, indi isə açıq görürlər. Məqsəd odur ki, ölkə tam nəzarətdə olsun, hakimiyyətin sifarişlərini yerinə yetirsin.

- Azərbaycan cəmiyyəti getdikcə dünyadan tamamilə təcrid olunur. Baş verənləri regionda gedən qlobal proseslərin tərkib hissəsi sayırsınızmı?

- Təbii. Bu gün Türkiyədə, Suriyada, İraqda, eləcə də Ukraynada, Rusiyada baş verən olaylar təhlil olunur. Dünya görür ki, Azərbaycanın yerləşdiyi region çox hərəkətlidir. Ona görə də bu regionu tam nəzarətdə saxlamaq, demokratiya nəfəsliklərini qapatmaq istəyirlər. Üstəlik, ölkə Rusiya, Ermənistan, İran tərəfdən davamlı təhdid altındadır. Bu ilin fevralında mən İraqda beyin mərkəzlərinin toplantısına dəvət edilmişdim. Bağdadda ciddi hərbi rejim hökm sürürdü, hər yer silahlıların nəzarəti altında idi. O zaman mən dərk etdim ki İraqda problemlərin ən böyüyü hələ bundan sonra başlayacaq. Çünki nəzarət müxalif qüvvələri daha da radikallaşdırır. Bu yanaşma Azərbaycan üçün də keçərlidir. Fəaliyyəti qadağan olunan istənilən qurum müxalifətdə yer alacaq


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar