Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atamla qardaşımın gözü önündə məğlub olmaq istəmirdim“


"Birinci Avropa Oyunlarında Azərbaycan Prezidenti İlham Əliyevin arenalara gələrək idmançılarımızın çıxışlarına baxması, atletlərimizə fəal dəstəyi bizi qələbəyə ruhlandırırdı"


Bu fikirləri birinci Avropa Oyunlarının çempionu, taekvondo üzrə Azərbaycan yığma komandasının üzvü Ayxan Tağızadə "Bakı-2015"ə dair təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib.

Ayxan Tağızadə qeyd edib ki, milli komandamız birinci Avropa Oyunlarına çox ciddi hazırlaşırdı. "Bakı-2015"ə yanvardan etibarən Azərbaycan Taekvondo Federasiyasının (ATF) təlim-məşq bazasında hazırlaşmağa başlamışdıq. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi ilə keçdi. ATF-in rəhbərliyi bizə xüsusi diqqət və qayğı göstərirdi. Məşqləri hər gün davam etdirirdik.

Oyunlardan əvvəl mayda Rusiyada dünya çempionatında iştirak etdik. Orada mən yaxşı nəticə göstərməsəm də, yığma komandamızın üzvü Radik İsayev kişilər arasında 80 kiloqram çəki dərəcəsində dünya çempionu oldu. Onun çempion olması komandamızın bütün üzvlərində, o cümlədən məndə böyük ruh yüksəkliyi yaratmışdı. Həmin vaxt Avropa Oyunlarına bir ay qalırdı. Dünya çempionatında yol verdiyimiz səhvləri birinci Avropa Oyunlarında təkrarlamamağa çalışırdıq. Baş məşqçimiz Reza Mehmandoust və böyük məşqçimiz Elnur Amanov yorulmadan bizimlə çalışdılar. Nəticədə "Bakı-2015"ə yüksək səviyyədə hazırlaşdıq. Mən taktiki və texniki hazırlıqlarımı davam etdirirdim. Ən yaxşı nəticəni qazanmağa çalışırdıq. Yığmamızın məqsədi birinci Avropa Oyunlarının taekvondo yarışlarında ümumi komanda hesabında birinci pillədə olmaq idi və bunu bacardıq.

İdmançımız qızıl medal uğrunda mübarizədə keçdiyi görüşlər barədə danışaraq deyib: "Birinci Avropa Oyunlarında mübarizə apardığım 68 kiloqram çəki dərəcəsində qarşılaşmalarım çox çətin keçdi. Dünya reytinqində ilk sıralarda olan idmançıların hamısı Bakıya gəlmişdilər. İlk Avropa Oyunlarında bu çəki dərəcəsində (68 kq) qitənin ən güclü 16 idmançısı yarışırdı. Dünya reytinqində bu çəki dərəcəsində əsasən avropalı idmançılar ən güclü atletlər hesab olunurlar. Birinci döyüşümü qitə birinciliyinin ikincisi olan sloveniyalı Pantar Jureyə qarşı keçirdim. Bu döyüşə çıxanda həyəcanlı idim. Çünki atam - şəxsi məşqçim və Azərbaycanın para-taekvondo üzrə millisinin baş məşqçisi Əvəz Tağıyev və qardaşım döyüşümü izləyirdilər. Onların gözləri qarşısında, xüsusən də doğma Vətənimdə məğlub olmaq istəmirdim. Döyüşə çıxanda azarkeşlərin dəstəyi mənə əlavə güc verdi. Buna görə də ilk döyüşdə rəqibimə çətinlik çəkmədən qalib gəldim".

İkinci qarşılaşmasında - dörddəbir finalda London Olimpiadasının qalibi, ikiqat dünya və Avropa çempionu ispaniyalı Joel Qonzalez Bonilla ilə çətin döyüş keçirdiyini vurğulayan Ayxan Tağızadə rəqibinin Rusiyadakı dünya çempionatında ikinci yeri tutduğunu bildirib. Qeyd edib ki, ispaniyalı rəqibim titullu və təcrübəli idmançı olduğu üçün bəziləri mənim onu məğlub edəcəyimə şübhə ilə yanaşırdılar. Amma mən, məşqçilərim və atam buna inanırdıq. Həmin döyüşə yalnız qalib gəlmək üçün çıxmışdım. Şükürlər olsun ki, qələbə qazandım.

Ayxan Tağızadə yarımfinalda qarşılaşdığı, dünya reytinqində birinci olan rusiyalı idmançı Aleksey Denisenkoya dünya çempionatında uduzduğu üçün bu görüşün onun üçün revanş olduğunu bildirərək deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın həmin döyüşə baxmaları məsuliyyətimi daha da artırmışdı. Olimpiya çempionuna qalib gəldiyim üçün, dünya reytinqində birinci yerdə qərarlaşan rəqibimi də məğlub edəcəyimə inanırdım. Ona görə döyüşə ancaq qalib gəlmək üçün çıxmışdım. Qarşılaşma mənim üstünlüyümlə başa çatdı və finala vəsiqə qazandım".

Gərgin keçən final qarşılaşması barədə danışan idmançımız deyib: "Həlledici görüşdəki polşalı rəqibim gənc idmançı Karol Robak idi. Final döyüşü gərgin keçdi. İlk iki raundda hesabda geriyə düşmüşdüm. Üçüncü raundda baş məşqçimiz mənə özümə inanmalı olduğumu xatırladaraq dedi ki, Vətənində döyüşürsən, ona görə də qızıl medal qazanmalısan. Beləliklə, özümə inanaraq üçüncü raundda döyüşə çıxdım və 10 saniyədə 6 xal topladım. Görüşün əsas vaxtı ərzində hesab 9:9 olduğu üçün qalib müəyyənləşmədi. Əlavə vaxtda baş məşqçi mənə müdafiəni düzgün qurmağı, özümə inanmağımı tapşırdı və bu halda qalib gələcəyimi dedi. Nəticədə görüşü psixoloji üstünlüklə davam etdirdim və əlavə olunan vaxtda qızıl xal qazanıb 10:9 hesabı ilə qalib gəldim. Beləliklə, birinci Avropa Oyunlarının çempionu oldum, Azərbaycanın dövlət himnini səsləndirdim, bayrağımızı ucaltdım. Bu yarışda məni qalib gəlməyə ruhlandıran güləşçilərimizin və karateçilərimizin parlaq qələbələri nəticəsində himnimizin səsləndirilməsi və bayrağımızın ucaldılması oldu. Mən də onlar kimi çempion olub bayrağımızı ucaltmaq istəyirdim".

Gənc atlet deyib ki, birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən "Şöhrət" ordeni ilə təltif olunan idmançılar arasında mən də varam. Bu, mənim üçün çox gözlənilməz oldu. Gənc yaşımda bu ordenlə təltif olunduğum üçün çox xoşbəxtəm. Məni bu mükafata layiq gördüyü üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bu, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının daha bir təzahürüdür. Biz də çalışacağıq ki, bu yüksək etimadı doğruldaq və qarşıdakı yarışlarda bayrağımızı yüksəklərə qaldıraq.

Oyunlarda mübarizə aparan əcnəbi idmançılardan ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin çox möhtəşəm olması barədə çoxlu gözəl fikirlər eşitdiyini vurğulayan Ayxan Tağızadə deyib ki, onlar "Bakı-2015"in digər yarışlardan daha fərqli və mötəbər olduğunu dönə-dönə qeyd edirdilər. Əcnəbi idmançılar ilk Avropa Oyunlarının açılışı və bağlanış mərasimlərinin, Oyunlarda azarkeş dəstəyinin və yarışların səviyyəsinin dünya çempionatlarından da qat-qat üstün olduğunu xüsusilə vurğulayırdılar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar