Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Akademik orta məktəb kitabının müəllifi ola bilməz” - Müsahibə


Kamran Əsədov: “Təəssüflər olsun ki, bizdə yeni standartlar əsasında yazılan kitablar elə köhnənin üzərində kiçik redaktə etməklə yeni kurikulum adı altında çap etdirilməsi ilə başa çatır”


“Təklif edirəm ki, vahid dərslik mərkəzi yaradılsın. Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb, təqdim edilməsin”.

Bu sözləri Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlamasına dair qərarına münasibət bildirərkən təhsil üzrə ekspert Kamran Əsədov PİA.AZ-a müsahibəsində qeyd edib.  

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən Təhsil Naziri Mikayıl Cabbarov bildirib ki, onlara verilmiş yeni səlahiyyətlərə uyğun olaraq, Təhsil Nazirliyi artıq birbaşa olaraq, orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlaya biləcək. Bundan əlavə nazir təklif edib ki, Təhsil Nazirliyinin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və nazirlik onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilsin. 

Təhsil nazirinin bu çıxışı və orta məktəblərdə istifadə olunan dərsliklərin AMEA-nın alimləri ilə müzakirə edilməsi ilə bağlı PİA.AZ təhsil üzrə ekspert Kamran Əsədovla olan müsahibəni oxucularına təqdim edir: 

- Kamran bəy, Təhsil naziri Mikayıl Cabbarovun yeni təklifləri barədə nə deyə bilərsiniz?

- Hörmətli nazir Mikayıl Cabbarovun nəzərinə çatdırmaq istəyirəm ki, hal-hazırda orta məktəblərdə istifadə olunan dərsliklərin böyük əksəriyyətinin müəllifi elə AMEA-nın professor və akademikləridir. Əlbəttə ki, onlar Azərbaycan elminə böyük xidmətlər etmiş, töhfələr vermiş şəxslərdir. Amma belə olan halda orta məktəb dərsliklərindən hansısa inkişaf gözləmək olmaz. Çünki orta məktəb kitabı akademik kitab olmamalıdır. Onda yerləşdirilən informasiyalar nə qədər sadə olsa, o qədər şagirdləri cəlb etmiş olacaq. Hesab edirəm ki, bu halda dərsliklərin inkişafından danışmaq olmaz. Çünki tenderə buraxılan alternativ dərsliklərə AMEA-ın komissiya üzvləri və ekspertləri mənfi rəy verəcək, bundan sonra onların həmkarlarının müəllifi olduqları dərsliklər qalib gələcək. Rusiyada və başqa ölkələrdə heç bir akademik orta məktəb kitabının müəllifi ola bilməz. Bu qeyri-etik hesab olunur. Çünki akademik adı orta məktəb dərsliyi müəllifi üçün o qədər də məqbul hesab edilmir. 

- Son illər Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklər sizi qane edirmi? Təhsil sistemi ənənəvi metodika və prinsiplərdən yeni prinsiplərə keçidin öhdəsindən nə dərəcədə gəlib?

- Son üç il ərzində Azərbaycan təhsil sistemində demək olar ki, hər ay islahat, yeniliklərin şahidi oluruq. Bir neçə ay bundan əvvəl məhz dərslik siyasətinə təsir göstərə biləcək vacib qərarlardan birini də məhz Təhsil Nazirliyi vermişdi. Belə ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacağı barədə rəsmi məlumat verildi. Hansı formada şagirdə, oxucuya çatdırılmasından asılı olmayaraq dərsliklərin məzmununa ciddi nəzarət edilməlidir. Çünki keçmiş postsovet dövlətləri arasında Azərbaycanda olduğu qədər təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç yerdə yoxdur. Danılmaz faktdır ki, şagird üçün əsas bilik mənbələrindən biri də dərsliklərdir. Dərslərin keyfiyyətli olması üçün dərsliklərin rolu çoxdur. Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur. Demək olar ki, bütün siniflər üzrə yeni kitablar nəşr olunub. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da, içində olan materiallar barəsində bunu deyə bilməyəcəm. Çünki xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur. 

Kamran Əsədov: “Postsovet dövlətləri arasında Azərbaycanda olduğu qədər təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç yerdə yoxdur”.


- Ümumtəhsil məktəbləri üçün çap olunan yeni dərsliklərin, əlavə dərs materiallarının keyfiyyəti hansı səviyyədədir? Dərsliklərin fənn proqramları əsasında hazırlandığını söyləmək olarmı?

- Xüsusi ilə qeyd etməliyəm ki, dərsdə tədris vəsaitlərinin rolu böyükdür. Belə ki, şagirdlər bir çox bilikləri dərsliklərdən əldə edirlər. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə nə qədər şagirdlər üçün çətin olduğunu görmək olur. Bu onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır. Qeyd edim ki, dərslikdən fərqli olaraq, standartın tələbləri mənimsənilmir, o tələblərə qeyd-şərtsiz əməl edilir. Digər tərəfdən, standart, şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yalnız yol verilən aşağı həddini normalaşdıran tələblər sistemindən ibarət sənəd olub, bu bilik və bacarıqlara hansı üsullarla yiyələnməli olunduğunu təyin etmir. 

Dərslik isə həm şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yol verilən aşağı həddini, həm standartın tələblərinin nəzərdə tutmadığı daha yüksək səviyyəli bilik və bacarıqları, həm də şagirdin mənimsədiyi bilik və bacarıqları əyani olaraq, nümayiş etdirməsi üçün lazım gələn metodları, yanaşmaları, vasitələri və vəsaitləri özündə ehtiva edir. Bu o deməkdir ki, əgər dərsliklər məzmun standartlarının tələbləri əsasında işlənib hazırlansaydı, o halda, şagirdin dərs ilinin sonuna mənimsədiyi bilik və bacarıqların səviyyəsi məzmun standartlarının normalaşdırdığı səviyyənin yol verilən aşağı həddi ilə məhludlaşar, şagird daha yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək imkanlarından məhrum edilmiş olardı. Deməli, dərsliklər məzmun standartlarının tələbləri əsasında deyil, əvvəlcədən işlənib hazırlanmış, daha əhatəli sənəd olan fənn proqramları əsasında işlənib hazırlanmalıdır. Fənn proqramları isə kurrikulum demək deyildir. Məzmun standartları isə dərsliklərin məzmunu əsasında işlənib hazırlanmalıdır. 

- Dərsliklərlə bağlı hansısa təklifləriniz varmı?

- Mən təklif edirəm ki, bizdə bir fənn üzrə müxtəlif dərsliklər olsun. Bu təcrübədən Hollandiyada istifadə olunur. Məsələn, bu ölkədə bir fənn üzrə 6 dərslik var. Sual oluna bilər ki, niyə belədir? Ona görə ki, müəllim özünün və şagirdlərin hazırlığından asılı olaraq onlardan uyğun gələnini seçə bilsin. Bu, imkan yaradacaq ki, məktəblərdə şablon, qəlibə salınmış dərsliklərdən istifadə olunmasın. Çünki məktəblərdə şablon dərsliklərdən istifadə edilməsi dərslərin də şablonlaşmasına gətirib çıxarıb. Məsələn, bu gün məktəblərdə müəllimlər hər bir dərs üçün plan tərtib edir. Həmin plan 12-13 maddədən ibarət olur. Tutaq ki, məqsəd, motivasiya, dərsin strukturu, metodları, qiymətləndirmə, nəticə, evə tapşırıq və sair. Yəni hər müəllim bu cür qəlibə salınmış 1-2 səhifəlik plan tərtib etməklə sinifə daxil olur. 

Əslində dərslik yaradıcı olmalıdır ki, müəllim də öz yaradıcılığını ortaya qoysun. Bugünkü dərsliklər də müəllimlərin yaradıcılığını əllərindən alıb. Onlara indiki dərsliklər imkan vermir ki, özü istədiyi kimi dərs keçsin. İndi müəllimlər demək olar ki, robotlaşıblar. Bir sözlə, biz müəllimlərə müstəqillik vermirik. 

Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Artıq təhsil alan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər. Təəsüflər olsun ki, bizdə yeni standartlar əsasında yazılan kitablar elə köhnənin üzərində kiçik redaktə etməklə yeni kurikulum adı altında çap etdirilməsi ilə başa çatır. Başqa bir təklifim də odur ki, vahid dərslik mərkəzi yaradılsın. Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb, təqdim edilməsin. Müstəqil olan dərslik idarəsi müxtəlif mütəxəssisləri cəlb edərək vahid standartlar əsasında dərsliklər yazsınlar.

Kamran Əsədov: “Dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır”.


-Son illərdə müəllimlik peşəsinin prestiji çox düşüb. Sizcə, “müəllim” sözünə əvvəlki prestiji qaytarmaq üçün nə etmək lazımdır?

-İlk növbədə qeyd edim ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı 2013-cü il oktyabrın 24-də imzaladığı sərəncamda müəllimlərin nüfuzunun artırılması ilə bağlı maraqlı məqamlar da yer alıb:

“Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.. Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur.

Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsil alanların nailiyyətlərinə əlavə töhfə verirlər. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.

Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır”.

Yaxşı müəllim öz peşəsini, işini sevməlidir, çox sevməlidir! Əgər müəllim öz peşəsini sevmirsə, nifrət edirsə, hər dəqiqə giley edib, bu peşəni necə, haradan seçdiyini deyirsə, ondan yaxşı müəllim ola bilməz! Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, MÜƏLLİM nüfuzunun keşiyində durmalıdır. Yaxşı müəllim öz tələbəsini sevməlidir. Müəllim öz tələbəsini sevmirsə, onu bir şəxsiyyət kimi qəbul edib, hörmət etmirsə, əsas məqsədi kimi tələbənin layiqli formalaşmasını, təhsillənməsini görmürsə, hər bir tələbəyə öz övladı kimi qayğı göstərməyə çalışmırsa, öyrətmək üçün öz potensialını gizlədir, xərcləmirsə o, yaxşı müəllim ola bilməz. 

Yaxşı müəllim öz işlədiyi müəssisəni sevməlidir, təəssübkeşi olmalıdır, onun adını uca tutmağa çalışmalıdır, bütün dünyada belədir. Müəllim harda gəldi, yerli-yersiz öz müəssisəsini pisləyər, hərəkətləri ilə müəssisənin adına ləkə salarsa, o, yaxşı müəllim ola bilməz. Çünki o müəssisə ilə onun adı ucalır. Yaxşı müəllim tədris etdiyi fənni belə sevməlidir. Çünki o, sevmədiyi fənni tələbəyə də sevdirə bilməz. Fənnini sevən müəllim mümkün deyil ki, həmin fənni tələbəyə sevdirə bilməsin. Çünki həmin müəllim o sevgini əldə etmənin yollarını bilir və bunu da ötürmək impulsuna malikdir. Tələbə isə həssasdır, qəbul etməyə hazırdır.

Bunlar olmayanda əlbəttə ki, müəllim nüfuzdan düşmüş olur. Hər şeyi iqtisadi problemlər və maddi sıxıntılarla bağlamaq olmaz. Təklif edirəm ki, uzun müddətdir ki, müzakirə olunan Müəllimlərə dövlət qulluqçusu statusu verilməsi artıq yekunlaşsın və müəllimlər də dövlət qulluqçusu hesab edilsin. Bundan əlavə, güzəştli ipotekalar müəllimlərə də aid olunsa, bu sahəyə gənclərin cəlb olunmasına daha böyük stimul verər. Qeyd etdiyim addımlar atılsa, müəllim adının nüfuzunu əvvəlki səviyyəyə çatdırmaq olar.

-Azərbaycan təhsilinin əsas problemlərindən biri də şagird-valideyn-məktəb bağlılığının olmamasıdır. Sizcə, valideyn-müəllim assosiasiyalarının real fəaliyyət göstərməsi üçün hansı işlər görülməlidir?

-Qanunvericiliyin tələblərinə görə, Valideyn komitə rəhbərlərinin əsas işi sinifdə problemi olan hansısa şagirdlə bağlı məlumatı onun sinif rəhbərinə çatdırmaq və ya həmin sinifdə təhsil alan digər şagirdlərin valideynləri ilə görüşüb tədrisin keyfiyyətini müzakirə etməkdir. Hal-hazırda bir çox məktəbdə valideyn komitələri adlı qurumlar fəaliyyət göstərir ki, bu komitələrin də böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir. Yəni, onlar öz işlərini uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil etməklə həyata keçirirlər. 

Uzun müddətdir ki, fəaliyyət göstərən valideyn komitələri tədris müəssisələri və valideynlər arasında əsas körpüyə çevrilməli idi. Lakin bu hal baş vermədi. Əgər məktəblərdə bu komitələr varsa, onlar, yəni valideyn komitələri öz fəaliyyətləri barədə hesabat hazırlamalı, onları xüsusi stendlərdə yerləşdirməlidirlər. Bunlar olmadığına görə effektsiz bir təşkilata çevrilib. Əslində bu komitə bizə təzə deyil, hələ sovetlər dövründə də var idi. Amma sovetlər dövründə valideyn komitələri valideynləri maarifləndirmək, onları məktəbdə keçirilən tədbirlərdə, görüşlərdə iştiraka cəlb etmək məqsədi daşıyırdı. İndi isə valideyn komitələrinin rəhbərləri müəllimlərin "pul yığanı" funksiyasını həyata keçirir. Mən xatırlayıram ki, Təhsil Nazirliyi də bu komitənin aidiyyati üzrə fəaliyyət göstərməməsindən xəbərdardır. Məhz ona görə ötən ildən Təhsil Nazirliyi 50-dən çox məktəbdə pilot layihə formasında yeni icmalar yaradıb.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar