Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağ Ev Qarabağ siyasətini dəyişir” iddiası


Qabil Hüseynli: “Trampın xarici siyasəti tam formalaşıb başa çatmayıb”


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlərdə gedən bəzi müzakirələr gündəmə oturub. Xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra verdiyi açıqlamalar daha çox diqqət çəkdi.

Ərdoğan münaqişəni həll edə biləcək əsas həlledici gücün Rusiya olduğunu önə çəkərək, beş rayonun qaytarılması məsələsində həmkarını həssas olmağa çağırdığını qeyd etdi. Bundan əlavə, Türkiyə rəhbəri Dağlıq Qarabağın onların xüsusi məsələsi olduğunu bildirərək, bunu kənara qoymağın mümkünsüzlüyünü vurğuladı.

Ərdoğanın reallığı dilə gətirdiyini və sanki Azərbaycanın dili ilə danışdığını söyləyənlər çoxluq təşkil edirlər. Onun Putinlə görüşündə və ondan sonra verdiyi açıqlamalarda Azərbaycanın mövqeyindən çıxış etdiyini açıq şəkildə bəyan etdiyi bildirilir.

Bütün bunlarla yanaşı, beş rayonun qaytarılması ilə bağlı gedən müzakirələr yönündəki mövqelər birmənalı deyil. Azərbaycan tərəfin daim bundan narazı olduğu, ərazi bütövlüyünün tam şəkildə bərqərar olması uğrunda diplomatik mübarizə apardığı qeyd olunur. Ərdoğanın isə əsasən, beş rayon üzərində dayanması bəzi suallar doğurur.

Bu günlərdə Dağlıq Qarabağla bağlı Amerikada yayılan bir məqalə Azərbaycanda rəğbətlə qarşılandı. Bu “The Washington Times” qəzetində “Jewish News Service” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın “Dağlıq Qarabağ ucbatından mənəvi oriyentirlərin itirilməsi” sərlövhəli məqaləsidir. Məqalədə qeyd edilir ki, cari ilin may ayında Ermənistan ciddi zərbə aldı: Prezident Trampın 2018-ci ilin maliyyə ili üçün təklif etdiyi büdcədə Ermənistana yardım təxminən 70 faiz azaldılaraq 22,4 milyon dollardan 6,8 milyon dollara endirildi.

Məqalədə ölkəmizə yardımın 90 faiz azaldılaraq 1 milyon dollara endirildiyi də qeyd olunur. Müəllif bildirir ki, işğalçı dövlət olan Ermənistana yardımın azaldılması ilə müqayisədə Azərbaycana yardımın daha çox azaldılması nəticəsində öz mənəvi oriyentirlərini itirmiş olur.

Kamaras Dağlıq Qarabağ münaqişəsi barədə faktları araşdıraraq bu nəticəyə gəlir ki, ABŞ bu qərarına yenidən baxmalıdır. Daha sonra müəllif bu qənaətə gəlməsinin səbəblərini sadalayır:

"Birincisi, ABŞ işğal olunmuş, tanınmamış bir ərazini maliyyələşdirir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, habelə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi qeyd edildiyi BMT Baş Məclisinin 19/13 və 57/298 saylı qətnamələrinə ziddir.

İkincisi, ABŞ Dövlət Departamenti təsdiqləyir ki, ABŞ “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır və onun rəhbərliyi istər beynəlxalq səviyyədə, istərsə də Birləşmiş Ştatlar tərəfindən tanınmayıb. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqlara aid məsələdir”. Lakin Kamaras vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünə həqiqi dəstək Ermənistanın işğalçı siyasətinə ABŞ tərəfindən qəti etiraz şəklində, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının tamamilə kəsilməsi yolu ilə ifadə edilməlidir.

Üçüncüsü, ABŞ qanunsuz rejimə yardım göstərməklə erməni lobbisinə uyaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edən bəzi qanunvericiləri daha da ruhlandırır. Məsələn, ABŞ Nümayəndələr Palatasının üzvləri - Kaliforniyadan Deyvid Valadao, Nyu-Cersidən Frenk Pallon və Havay adalarından Tulsi Qabbard bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisinə “diplomatik səfər” etməklə həm Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin pozulması faktına etinasızlıq göstərib, həm də ABŞ-ın rəsmi xarici siyasətinin prinsiplərini pozublar.

Kamaras öz məqaləsində daha sonra yazır ki, Ermənistan faktiki olaraq üçüncü dövlətin vassalıdır, lakin buna baxmayaraq amerikalı vergi ödəyicilərinin pullarından istifadəni davam etdirir.

Ekspertlər belə bir məqalənin həmsədr ölkələrdən birində dərc edilməsinin gələcək baxımından Azərbaycanın müsbətinə işləyəcəyini bildirirlər.

Politoloq Qabil Hüseynli öncəliklə Ərdoğanın son Qarabağ açıqlamalarına bu cür şərh verdi: “Birinci dəfə Putinlə görüşən Ərdoğan onun bu məsələyə müsbət münasibət bəslədiyini, amma bu məsələnin həllinin çox çətin olduğunu söylədi. Sanki Ərdoğan Putin və ətrafının uzun illərdir bu münaqişəyə bəslədiyi mövqeyə ehtiyatla yanaşır. Bu gün də əminliklə söyləmək lazımdır ki, Rusiya bu proseslərin əvvəldən içindədir. Yəni işğalda da, Xocalı faciəsində də iştirak edib. Bu ərazilərə öz ərazisi kimi baxıb. Rusiya heç vaxt Qarabağla bağlı açıq-ayın mövqe ortaya qoya bilmir. Bu, xüsusilə Rusiya XİN-in rəhbəri Lavrovun fəaliyyətində özünü daha açıq şəkildə göstərir. Lavrovun timsalında Rusiya gah nala, gah da mıxa vurur. Bütün bunları nəzərə alaraq, əmin olmaq lazımdır ki, Rusiya münaqişənin həllinə dəstək vermək niyyətində deyil. Fransa və Amerika da bundan çıxış edərək, fərqli hərəkət edirlər, nəticədə də problemin həllində irəliləyişlər nəzərə çarpmır. Düzdür, Türkiyə proseslərə daha fəal surətdə müdaxilə etməyə başlayıb. Amma Rusiya maneəsini gördükdən sonra Ərdoğanın hərəkətlərində ehtiyatlılıq müşahidə edilməyə başlayıb. Düşünürəm ki, Rusiyanın imperialist maraqlarının qarşısını almaq, siyasətini müəyyən istiqamətə dəyişmək üçün Türkiyə daha sərt mövqe ortaya qoymalıdır. Rusiya Ermənistanı necə müdafiə edirsə, Türkiyə də eynisini edib, siyasi meydanda Rusiyaya qarşı təzyiqlərini artırmalıdır. Burada qorxub-çəkinəcək bir şey yoxdur. Bu günləri Ərdoğanın Qarabağla bağlı mövqeyi təqdirəlayiq, alqışlanasıdır, amma yetərli mövqe deyil. Çünki Putin və ermənipərəst nazir Lavrovun siyasətinin qarşısının alınmasına böyük ehtiyac yaranıb. Bu, Rusiya ilə qarşı-qarşıya gəlmək anlamına gəlmir. Bu beynəlxalq qurumları münaqişənin həllinə cəlb etmək, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq və digər bu kimi fəaliyyətlərdən ibarətdir”.

Politoloq Amerikada dərc olunan məqalədən də söz açdı: “Amerika KİV-lərində vaxtaşırı belə məqalələr dərc olunur. Qondarma rejimin maliyyələşdirilməsi ciddi surətdə pislənilir. Düşünürəm ki, bu məsələdə son məqalə xüsusilə diqqəti cəlb edir. Orada açıq şəkildə bildirilir ki, həm işğalçı Ermənistana, həm də onun yaratdığı qondarma rejimə maliyyə yardımları dayandırılmalıdır. Trampın xarici siyasəti tam formalaşıb başa çatmayıb. Hər halda, ümid etmək olar ki, biz gələcəkdə Amerikanın Dağlıq Qarabağla bağlı siyasətində ciddi dəyişikliklərin şahidi ola bilərik. 7 rayon məsələsində, düzdür, Amerika açıq mövqe nümayiş etdirdi. İşğalçı erməni qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı bəyanat verdi. Amma ərazi bütövlüyümüzün tam şəkildə bərqərar olması ilə bağlı ABŞ-ı yönləndirə bilməmişik. Çünki postsovet məkanında yaradılan münaqişələrin başında duranlar eynidir. Bunlar da Amerikanın geosiyasi maraqlarına zidd mövqe nümayiş etdirirlər. ABŞ Ukrayna, Moldova və Gürcüstana göstərdiyi münasibəti Azərbaycana da göstərməli, ərazi bütövlüyümüzü dəstəkləməlidir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar