Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Adımın cinayətkar dəstəylə hallanması məni çox narahat etdi”


Şahin Şıxlinski: “Daşıdığım familiyanın, mənsub olduğum xalqın məsuliyyətini nəzərə alıb, daim nümunəvi fəaliyyət göstərmişəm”


Bu günlərdə Azərbaycandan kənara xarici valyuta çıxaran dəstənin həbs edildiyi haqda KİV-də xəbərlər yayıldı. Keçirilən əməliyyat zamanı ələ keçən dəstəyə Aqil Kamandar oğlu Məmmədovun rəhbərlik etdiyi müəyyən olunub.

Bu hadisə ilə bağlı “Yeni Müsavat”da Qazaxın 2-ci Şıxlı kənd sakini olan Aqil Məmmədovun rayonda tanınan və Rusiyada yaşayan diaspor lideri Şahin Şıxlinski ilə mütəmadi əlaqə saxladığına dair məlumat dərc olunub. Məlumatda A.Məmmədovla Ş.Şıxlinskinin Qazaxda şərikli avtovağzal sahibi olduqları qeyd olunur.

Redaksiyamıza müraciət edən Ş.Şıxlinski məlumatda yer alan fikirlərlə bağlı mövqeyini bildirməklə yanaşı, “Yeni Müsavat”ın suallarını da cavablandırdı. Ş.Şıxlinski ilə müsahibəni təqdim edirik.

- Şahin bəy, sizin Aqil Məmmədovla işbirliyinizin, daha doğrusu, Qazaxdakı avtovağzalda şərikliyinizin olduğu deyilir. Nə qədər doğrudur bu məlumatlar?

- Ölkə prezidentinin çağırışına uyğun olaraq 6-7 ildir ki, Azərbaycanda bir sıra sahələrə investisiya qoyuram. Bakıda, Qaxda, Qazaxda müxtəlif işimiz var. O cümlədən Qazaxda İkinci Şıxlar kəndi ərazisindəki avtovağzalı alıb tamamən yenidən qurmuşuq. Hazırda orada 150-200 nəfər işləyərək ailəsini saxlayır. Aqil Məmmədov cavan, ali təhsilli, işgüzar oğlandı. Onu avtovağzala baş direktor təyin etdim. Eyni zamanda onun avtovağzalda müəyyən payı da var. A.Məmmədovun kənarda nə işlər gördüyündən xəbərim olmayıb. İstintaq gedir hazırda, A.Məmmədovun o cinayət əməlində iştirakının nə qədər olduğunu istintaq müəyyənləşdirəcək. Bu məsələ məni çox narahat etdi. Çünki inandığım bir adamın belə bir fəaliyyətdə iştirakı mənim üçün yaxşı hal deyil. Özüm ildə 2-3 dəfə Azərbaycana gəlirəm, anam kənddədir, ona baş çəkirəm, buradakı işlərin gedişi ilə maraqlanıram.

Haqqımda gedən böhtan xarakterli məlumatlar məni hədsiz narahat etdi. Başqa ölkədə yaşayıram, orada Azərbaycanı təmsil edirəm. Harada yaşamağımdan asılı olmayaraq, millətimin adını uca tuturam, hər hərəkətimdə onun mənafelərini düşünürəm. Həm Rusiyada, həm Azərbaycanda biznes fəaliyyətim var, indiyədək bir dəfə də olsun bu ölkələrin qanunlarını pozmamışam. Əksinə, daşıdığım familiyanın, mənsub olduğum xalqın məsuliyyətini nəzərə alıb daim nümunəvi fəaliyyət göstərmişəm. Xalqımı həmişə ən yüksək səviyyədə təmsil etmişəm. Rusiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi istiqamətində çalışmalarım olub, indi də davam edir. Son 15 ildə 4 qubernatoru böyük nümayəndə heyəti ilə birgə Azərbaycana gətirmişəm, çoxsaylı kontraktlar imzalanıb. Yekaterinburqda 2 federal telekanalda Azərbaycan haqqında həftədə 2 dəfə verilişimiz gedir. Bakı Slavyan Universitetinin orada filialını yaratmışıq. Rusiya ərazisində yalnız Yekaterinburqda rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan məktəbi fəaliyyət göstərir. Heç Moskvada belə məktəb yoxdur. Azərbaycan Gənclər Təşkilatı var orada – çox aktiv fəaliyyət göstərir. Bütün bunların başa gəlməsində mənim əməyim böyükdür.

- Aqil Məmmədovun qeyd olunan cinayət əməlində iştirakı 2 illik dövrdə baş verib. Bu müddətdə siz onun fəaliyyətində nəsə hiss etmişdinizmi? Deyilənə görə, onun arxasında dayanan qüvvələr də var. Onun kimlərlə əlaqə yaratdığı barədə fikriniz varmı?

- İstəyərdim ki, Aqil istintaqla əməkdaşlıq edərək, onu bu işə cəlb edənləri, prosesin arxasında dayananları açıqlasın. Bu, dövlətimizə qarşı edilən cinayətin üstünün tam açılması üçün vacibdir. Dövlətimizə qarşı deyirəm, çünki daxildə valyutaya tələb yüksək olduğu bir vaxtda böyük miqdarda vəsaiti ölkədən çıxarmaq dövlət maraqlarına qarşı çıxmaq, dövlətə zərbə vurmaqdır. Özünü dərk edən bir adam üçün bu, böyük cinayətdir. Buna görə də Aqil Məmmədova tövsiyəm budur ki, əgər arxasında kimsə durubsa bunu istintaqa açıqlasın. Bilirsiniz, Aqil Məmmədov kifayət qədər imkanlı ailənin övladıdır, atası uzun müddət restoran sahibi olub, bacısı həkimdir. Yəni tanınan bir ailədə böyüyüb. Bu gün tamah güc gəlib bu işdə iştirak edibsə, cəzasını çəkməlidir. Vəkilin verdiyi məlumata görə, artıq o pulun sahibi, işin təşkilatçıları da istintaqa məlum olub və onlar həbs ediliblər.

- İstintaq orqanından sizə hər hansı müraciət olubmu, ifadə alınmaq və sair? Aqil Məmmədov sizə məxsus müəssisədə çalışırdı...

- Xeyr, mənə hər hansı müraciət olmayıb. Çünki işin bütün iştirakçıları istintaqa məlumdur, mənim bu işlə heç bir bağlılığımın olmadığı da həmçinin. Bilirsiniz, orada pul çıxaranların adı bəyannamələrdə əksini tapıb, onlara pulu verənlər də istintaqa məlumdur.

- Siz indi A.Məmmədovla əməkdaşlığı dayandıracaqsınız?

- O, cinayət törədibsə, qanun qarşısında cavab verəcək. Bu məsələdə son sözü əlbəttə, məhkəmə orqanı deyəcək. Düşünürəm ki, A.Məmmədovun cinayət əməli sübuta yetirilsə, məhkəmənin hökmündən sonra müəssisəyə yeni direktor təyin edəcəm.

- Bura gəlişiniz A.Məmmədovun həbsinə görədir?

- Xeyr, qətiyyən. Mən yerli Vilayət Dumasının deputatlarını gətirmişdim bura. Buradakı görüşləri yekunlaşdıqdan sonra bazar günü onları yola saldım, daha sonra mənə zənglər gəldi ki, haqqında belə məlumat dərc olunub.

- Siz həm də Rusiyadakı Azərbaycan diasporasının liderlərindən birisiniz. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvini necə qiymətləndirirsiniz? Bu hadisənin sizin fəaliyyətinizə təsiri oldumu?

- Mən Konqresin vitse-prezidentiydim. Əlbəttə, onun ləğvini mənfi qarşıladıq. Bu hadisə bizi -  Rusiyada yaşayan azərbaycanlıları çox məyus etdi, necə ola bilər ki, hər iki dövlətin prezidentinin tövsiyəsi əsasında yaradılan bir təşkilat ləğv olunsun. Mən Ural dairəsi - Yekaterinburq Çelyanbinsk, Tümen, Xantı-Mansiysk, Kurqan vilayəti – Diaspora Şurasının sədriyəm. Hazırda yeni bir təşkilat yaranır – Rusiya Azərbaycanlıları Konqresi. Biz də onun formalaşmasında fəal iştirak edirik. Yekaterinburq Rusiyanın ən böyük şəhərlərindən biridir. Son illərdə bu şəhərdə çoxsaylı beynəlxalq tədbirlər təşkil olunur, güclü inkişaf gedir. Bizim oradakı diasporumuz Rusiyadakı ən güclü diasporlardan biridir.

- Hansı işlərlə məşğul olursunuz diaspora olaraq? Oradakı soydaşlarımıza hansı yardımları göstərirsiniz?

- Bizim oradakı əsas işlərimizdən biri Yekaterinburqda baş konsulluğumuzun açılmasına nail olmağımızdır. Ural dairəsi üzrə çoxsaylı azərbaycanlılar vardı ki, sovet dövründən ora getmişdilər, sənədlərinin heç biri qaydasında deyildi. Adi bir sənədləşmə üçün Moskvaya getmək isə böyük çətinliklər yaradırdı. Biz bu məsələni cənab prezidentlə görüşdə qaldırdıq, çox minnətdarıq ki, ona müsbət yanaşdı və Yekaterinburqda baş konsulluğumuz açıldı. İkinci problem gediş-gəlişlə bağlıydı. Heç də hamının təyyarə ilə Uraldan, Uzaq Şərqdən Azərbaycana gəlib-getmək imkanı olmurdu. Maddi cəhətdən çoxları buna görə illərlə Azərbaycana gəlib-gedə bilmirdi. Buna görə də bizim təklifimizlə Bakıdan Yekaterinburqa, oradansa Tümenə gedən qatar reysi açıldı. Bu, gediş-gəliş xərclərinin 4-5 dəfə aşağı düşməsi deməkdir. Bunlarla yanaşı, diaspora nəzdində hüquqi yardım mərkəzi açmışıq. Oralara gələn bütün azərbaycanlı miqrantlar üçün iş icazəsinin, sənədlərinin qayda-qanunlara uyğun qeydiyyata alınmasını təşkil edirik.

- Sizdən başqa Ural dairəsindəki azərbaycanlı iş adamlarından gəlib Azərbaycanda biznes quranları varmı?

- Mənim tanıdıqlarım arasında yoxdur. Ola bilər kimsə var, mənim məlumatım yoxdur. Mən özüm 6-7 ildir burada iş qurmuşam.

- Sizcə, harada biznes qurmaq daha rahatdır: Rusiyada, yoxsa Azərbaycanda?

- Düzünü deyim ki, Azərbaycanda iş qurmaq daha rahatdır o baxımdan ki, dəyib-dolaşan olmur. Rusiyada hüquq-mühafizə orqanları hər dəqiqə gəlib işə müdaxilə edə bilərlər. Azərbaycanda isə belə deyil.

- Buradakı biznesinizi genişləndirmək fikriniz varmı?

- Əlbəttə, mövcud müəssisələrimiz gəlirə çıxıb özünü tam doğrultduqca, qoyuluşlarımız da artacaq. Çalışıram ki, Azərbaycandan ora getmək istəyən şəxsləri elə burada işlə təmin edim ki, ailəsinin içində çörəkpulunu qazana bilsin. Bilirsiniz, oralar da daha əvvəlki kimi deyil, miqrasiya qanunvericiliyini getdikcə daha da sərtləşdirirlər. Buradan gedən bir şəxs işləmək üçün patent almalı, ya da hər 3 aydan sonra gəlib, 3 ay da burada qalıb getməlidir. Digər tərəfdən, vətəndaşlıq verilməsi prosedurları çətinləşdirilib. Buna görə də soydaşlarımızın gedib orada əziyyət çəkməsindənsə, burada işlə təmin olunması daha məqsədəuyğundur.

Mənim jurnalistlərdən xahişim budur ki, hər hansı bir məlumatı yayarkən əvvəlcə orada adı keçən şəxslərin də mövqeyini öyrənsinlər. Məncə, bu, həm də jurnalistin peşəkar olduğunun əsas göstəricisidir. Barəmdə yazılanlar mənim nüfuzuma xələl gətirmədi, o məlumatın altında yazılan şərhlərdən də bunu görmək olur. Sadəcə, biz qərib ölkədə Azərbaycanı layiqincə təmsil edirik, burada iş qurub yüzlərlə insana iş yeri yaradırıq, əvəzində əsası olmayan ittihamlar eşitmək insanı ağrıdır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar