Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ATV-də çıxış etmisənsə, deməli, nəyəsə nail olmusan“ - ATV prezidenti


Artıq pis zövqün mənbəyinə çevrilmiş Azərbaycan telekanallarının problemləri barədə dövlət başçısı da danışıb, Prezident Administrasiyasının rəhbəri də, mətbuat və ictimaiyyət də


Bəziləri belə hesab edir ki, yerli TV-lərin problemlərini aradan qaldırmaq üçün bu sahədə köklü sosial-siyasi və mədəni islahatlar lazımdır. Bəs TV rəhbərləri bu haqda nə düşünür?

Virtualaz.org saytı bu sualla ATV telekanalının prezidenti, öz yenilik və islahatları ilə TV yayımı sahəsində müəyyən dönüş yaratmağa nail olmuş Vüqar Qaradağlıya müraciət edib.

-Vüqar müəllim, bu gün TV-lərimizi hamı tənqid edir. Hamı verilişlərin aşağı keyfiyyətindən, verilişlərdə intellektual, analitik yükün azlığından, onların maraqsız olmasından şikayətlənir. Bütün TV-lər teleserial və saysız-hesabsız bəsit tok-şoular yayımlayır. Bu da sosial şəbəkələrdə gülüş hədəfinə çevrilir. Sizcə, bu acınacaqlı vəziyyətin yaranmasına səbəb nədir?

-Telekanallara gülənlər əslində bütün cəmiyyətə gülürlər. Bu, güzgüyə baxıb özünə gülmək kimi bir şeydir. Çünki TV-lər cəmiyyətin məhsuludur. Necə varıqsa, elə də görünürük. Ona görə də TV-ləri cəmiyyətdən kənarda təsəvvür etməyin özü yanlış yanaşmadır. Əgər TV-ləri müzakirə edərkən kinayə ilə danışırsansa, deməli, yollarımızda, mətbuatımızda, ətrafımızda və s. baş verənləri də belə ironiya və kinayə ilə müzakirə etməlisən. Yəni TV-ləri cəmiyyətdən ayırmaq, onu digər proseslərdən kənarda götürülmüş şəkildə nəzərdən keçirmək düzgün deyil. Biz sadəcə olaraq göz önündəyik. TV-lərə ironik münasibətin obyektiv səbəbi budur. Amma subyektiv səbəblər də var. Bura televiziya sahəsində ali məktəbin olmaması faktını aid etmək olar. Məsələn, peşəkar kadrlar hazırlayan bir neçə tibb məktəbi var. Bəs televiziya işçiləri harada yetişdirilsin? Televiziyaların əsas problemi onun üçün peşəkar kadrlar hazırlayacaq təhsil bazasının olmamasıdır. İxtisaslı kadrlar yoxdur. Bizdə hətta sadəcə teleoperatorlar hazırlayan təhsil müəssisələri də yoxdur. Yeri gəlmişkən, təkcə operatorluq üzrə 100-dək ixtisas var. Bizdə bu sahələr üzrə onların biri də hazırlanmır. Biz operatorları toyxanalardan yığıb onları hazırlayır və öyrədirik. Sonra isə onlar bizə qarşı tələblər irəli sürürlər. Reallıq budur. Bəs kimi işə götürək? Ukraynadan operator dəvət edək?

-Əgər düz başa düşdümsə, siz hesab edirsiniz ki, TV-lərdə intellektual verilişlərin az olması onlara cəmiyyətdə tələbatın olmaması ilə bağlıdır. Lakin axı sizinlə rəqabət aparan digər TV-lərdə böyük populyarlığa malik intellektual verilişlər də var. Məsələn, “Nə? Harada? Nə vaxt?”, “Breyn-rinq”, “Xəmsə”...

-Razıyam. Lakin nəzərə alın ki, bu verilişlər sırf intellektual xarakterlidir və konkret olaraq dövlətdən dotasiya alan TV-lərdə - İctimai Televiziyada və AzTV-də yayımlanır. Dövlət büdcəsindən maliyyələşən telekanallar isə cəmiyyətin intellektual inkişafı ilə məşğul olmağa sadəcə məcburdurlar. Bu, onların vəzifəsi və borcudur. Onlar bir lokomotiv kimi cəmiyyəti öz arxalarınca aparmalıdır. Özü də bunu dövlət vəsaiti hesabına etməlidirlər. Bizə gəlincə isə biz bazarla sıx bağlıyıq. Bu mənada əl-qolumuz bağlıdır.

Digər tərəfdən, bəs bizim telekanalda yayımlanan intellektual verilişləri niyə yada salmırsınız? Məsələn, bizim Ukraynada çəkdiyimiz “Умники и умницы” (“Ağıllılar”), Azərbaycan dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparan “Aydın səs” verilişlərimiz olub. Bu proqramların heç biri kommersiya xarakterli deyildi, kommersiya marağı güdmürdü. Onlar sırf cəmiyyətin inkişafına hesablanıb. Bunlardan da danışmaq lazımdır. Bizim konkret ictimai məzmuna malik digər verilişlərimizi niyə yada salmırsınız? Nüansları nəzərə almadan iddialar irəli sürmək olmaz. Kimin nəyə malik olduğunu, kimin kimdən üstün olduğunu nəzərə almaq lazımdır. Biz bacardığımızı, imkanlarımız daxilində olanları edirik. Sizin nəzərdə tutduğunuz məsələlərə isə cəmiyyətdə təəssüf ki, tələbat yoxdur.

Verilişlərin kefyiyyətsizliyinə gəlincə isə sizinlə bu məsələdə də razı deyiləm. Bizim “Böyük səhnə” layihəmiz demək olar ki, Avropa səviyyəsində olan bir layihədir. O, “Avroviziya”nın sələfidir. Özü də bu veriliş bizdə böyük reytinq yığmışdı, amma rəqiblərimizdə heç 1 faiz də reytinq yığmadı. Bu da o verilişin keyfiyyətini göstərir.

Efirin formatını dəyişməyi mən özüm də çox istəyərdim. Siz intellektual və analitik verilişlərin sayını artırmağı təklif edirsiniz. Bu problemi yaxşı başa düşürəm. Elə düşünməyin ki, siz bunları kənardan görürsünüz, telekanallarda isə axmaq adamlar oturublar və heç nəyi görmürlər. Hər bir telekanalda kifayət qədər ayıq və çevik düşünən adamlar var. Onlar televiziyaların vəzifələrini və TV-lərin qarşısına qoyulan tələbləri aydın görürlər. Lakin onların heç birinin öz ideyalarını reallaşdırmaq imkanları yoxdur. Sadalanan vəzifələri həyata keçirmək üçün müəyyən ilkin şərtlər lazımdır. Bunların hamısı bir-biri ilə bağlıdır. Amma onu da deyim ki, Azərbaycanda sürətli inkişaf prosesi gedir. Biz TV-lərin qarşısında dayanan vəzifələrin həllinə getdikcə yaxınlaşırıq.

Digər tərəfdən, “analitik proqram” deyəndə nəyi nəzərdə tutursunuz? Həmin proqram sizin görmək istədiyiniz həcm və məzmundamı olmalıdır? Mən də efirdə çox şey görmək istəyirəm. Məsələn, məndə Rixard Vaqnerin lentləri yığılmış böyük bir rəf var. Amma onları efirə verə bilmirəm. Yəni efiri biz yox, tamaşaçı müəyyənləşdirir.

-Bilirsiniz ki, Azərbaycan xarici teleseriallardan imtina edərək yerli serialların çəkilməsinə keçdi. Dövlət TV-lərin vəziyyətini başa düşərək serialların çəkilməsinə xeyli vəsait ayırıb. Pul var, belə deyək ki, istək də var. Amma bəs keyfiyyətli teleseriallar niyə yoxdur?

-Məsələ burasındadır ki, Azərbaycan tamaşaçısının teleseriallardan başı çıxmağa başlayıb və o, bu məsələdə özünü bir az da haradasa naza qoyur. Belə demək də olar ki, bizim tamaşaçı bu məsələdə bir az da ərköyünləşib. Lakin yadda saxlamalıyıq ki, haradasa cəmi üç il qabaq yerli telekanallarda öz seriallarımız heç yerli-dibli yox idi. Azərbaycan tamaşaçısı, elə biz də ona sevinməliyik ki, indi heç olmasa öz seriallarımız var. Mən öz teleseriallarımızı yaxşı saymıram, amma onların pis olduğunu da demirəm. Məncə, onların keyfiyyəti indikindən daha pis ola bilərdi. Biz serial istehsalına heç bir fundament olmadan başlamışıq. Biz yeni kinofilm görəndə buna təəccüblənmirik, çünki Azərbaycanda əvvəllər də film çəkilib. Teleseriallarımız isə olmayıb. Bu sahədə hər şeyə sıfırdan başlamışıq. Bizim işimizi tənqid etmək, “bu, xoşuma gəlmir” demək, bu zaman türk və ya rus teleseriallarının səviyyəsini nümunə gətirmək asandır. Lakin gəlin özümüzə bu sualı da verək: Rusiyada, Türkiyədə neçə ildir teleseriallar çəkilir? Məşhur “Qul İzaura” teleserialı yadınızdadırmı? Əgər bu gün həmin seriala, yaxud “Santa Barbara”ya təzədən baxsanız, onların keyfiyyətinə gülməyiniz gələr. Onların çox səviyyəsiz ssenarisi var. Montajı da yanlışdır. Bizdə indi “İkinci bahar” adlı serial gedir. Etiraf edirəm ki, mənim özümün də ondan ötrü, necə deyərlər, ürəyim getmir. Amma bunu da mütləq qeyd etməliyəm ki, bu serialda kifayət qədər parlaq və gözəl simalar, yaxşı operator işi var. Quruluşu da maraqlıdır. Orada tamaşaçını cəlb edəcək hər şey var. Lakin tamaşaçının buna reaksiyasını, serialın onun xoşuna gəlib-gəlməyəcəyini gözləməliyikmi? Bu, mənim özümə də çox maraqlıdır.

-Lakin özünüz dediniz ki, TV əslində biznesdir və siz faktiki olaraq öz məhsulunuzu satırsınız. Əlimin altında yaxşı əcnəbi filmlər seçmək imkanı olduğu halda mən nəyə görə keyfiyyətsiz yerli məhsul almalıyam? Əgər bunun biznes olduğunu qəbul edirsinizsə, onda xarici TV-lərlə tamaşaçı uğrunda mübarizə, rəqabət aparmalısınız axı...

-Əvvəla, bizim telekanal Azərbaycan teletamaşaçısını geri - öz efir məkanımıza qaytarmaq üçün çox iş görüb. Bu, təkcə mənim fikrim deyil. Bunu beynəlxalq reytinq təşkilatlarının hesabatları da təsdiq edir. Bu hesabatlara diqqətlə baxsanız görərsiniz ki, ATV telekanalının reytinqi digər yerli TV-lərin auditoriyasının hesabına yox, haçansa xarici telekanallara üz tutmuş tamaşaçılarımızın geri - yerli teleməkana qaytarılması hesabına artıb. Bu da məhz bizim telekanalın hesabına müşahidə etdiyimiz çox vacib faktdır.

Bizim tamaşaçının verilişləri seçib-sonalamasını əyani şəkildə göstərən daha bir nümunə gətirim. İki il əvvəl bir fransız şirkəti ilə müqavilə imzalamışıq və bu gün də “Fort Boyard” televerilişini çəkirik. Bu, böyük maliyyə tələb edən verilişdir. Çəkilişlərin öhdəsindən Gənclər və İdman Nazirliyinin yardımı ilə gəlirik. Bu verilişin keyfiyyəti heç kimdə şübhə doğurmur. Onun reytinqi kifayət qədər yüksəkdir, amma məncə, bugünkü televiziyaçılıq meyarlarına uyğun gəlməyən adi bir verilişin reytinqindən 2-2,5 dəfə aşağıdır. Bununla belə həmin adi, amma reytinqli veriliş bizə “Ford Boyard”ın bir saatından 25-30 dəfə ucuz başa gəlir. Bu da sizə problem... Bəs onu kim həll etsin? Onu bir yerdə həll etməliyik. Azərbaycan tamaşaçısının zövqünə, nəyə üstünlük verməsinə görə bütün məsuliyyəti yalnız bir telekanalın üstünə atmaq olmaz. Bunlara görə məsuliyyəti nəyə görə məhz bizim TV daşımalıdır? Axı uşaq bağçalarından başlayaraq ta universitetlərə qədər hamı bu prosesin içindədir. Bunun böyük və mürəkkəb bir orqanizm olduğunu anlamaq lazımdır. Cəmiyyətin problemlərinin bir hissəsini həll edib qalanını bir kənara atmaq olmaz.

-Azərbaycan TV-lərinin digər problemi reklam bazarı ilə bağlıdır. Ekspertlərin çoxu deyir ki, bu sahədə hüquqi problemlər var və qanunlara müəyyən düzəlişlər olunmalıdır. Siz necə düşünürsünüz?

- (sözümüzü kəsir) Bu suala cavab verməyəcəyəm.

-Niyə?

-Çünki elə böyük bir məsələyə toxundunuz ki, onu şərh etmək üçün bir neçə müsahibə vermək lazımdır. Həm də ünvanı düz seçməmisiniz. Məncə, bu sualı iqtisadçılara vermək lazımdır.

-TV-lər öz seçimini internetin xeyrinə edən məndən və əksər yaşıdlarımdan ötrü sərt senzura deməkdir. Telekanal rəhbəri kimi sizdən soruşmaq istərdim: telekanallarda senzura varmı? Varsa, bunu necə tətbiq edirlər?

-Senzura qətiyyən yoxdur. Sizin də gənc bir insan kimi internetə və sosial şəbəkələrə üstünlük verməyiniz bizi heç də narahat etmir. Çünki sizin kimi düşünənlər azdır. Biz əhalinin azsaylı hissəsinə yox, onun böyük kütləsinə stavka edirik. Biz tamaşaçılarımıza siyasətçilərin öz elektoratına baxdığı kimi baxırıq. Bu gün telekanallara baxanların əksəriyyəti hətta rus dilini də bilmir. Artıq bilmir... Bu adamlar internetlə tanış olsalar belə ona artıq başqa baxış bucağından yanaşırlar.

-Bu gün sizin TV-də göstərdiyiniz istənilən materialı - filmləri, musiqini, xəbərləri internetdən asanlıqla tapmaq olar. Televiziya erasının başa çatmaqda olması və onu internet erasının əvəzləyəcəyi fikri ilə razısınızmı?

-Qətiyyən razı deyiləm. Əksinə, bu gün televiziya internet sahəsinə girir və sizi əmin edirəm ki, TV-lər orada hakim mövqe tutacaq. Çünki TV o məkanda daha interaktiv olacaq. Sabah bizə göstərilənlərə yox, öz istədiklərimizi seçib onlara baxmağa başlayacağıq. Bu gün insanlar müəyyən saytlara girib orada istədikləri televiziya verilişlərinə baxa bilirlər.

Televiziyanı yox etmək mümkün deyil. İnternet televiziyası internetə qalib gələcək, internetin özünü əvəzləyəcək. Əslində televiziya internetə qaçmır, internet televiziyaya doğru qaçır. Məsələn, mənim oğlum sosial şəbəkələrə artıq kompüter vasitəsilə yox, televizor vasitəsilə girir. Elə mən özüm də YouTube videosaytındakı rolikləri televizora yönəldib baxıram.

Mənim valideynlərim radio diktorları idilər. Onlar əvvəlcə deyirdilər ki, televiziya radionu üstələyib, sıxışdırıb əvəz edəcək. Onda orta məktəbdə oxuyurdum. Açığı, bir az da qorxmuşdum, düşünürdüm ki, radio erası doğrudanmı başa çatır. Amma radio üstündən 40 il keçəndən sonra da məhv olmadı, əksinə, hətta kifayət qədər inkişaf da etdi. O vaxtlar cəmi iki radiostansiya var idi. İndi isə baxın, görün nə qədərdir. Doğrudur, format dəyişib, FM-ə keçilib. Amma kim deyir ki, FM DM-dən, yaxud SV-dən pisdir? Radioyayımın sadəcə forması dəyişib və yayım yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

-Yerli telekanallar artıq çoxdan bəri dövlət dilində yayıma keçib. Tez-tez tənqid hədəfinə çevrilən məsələlərdən biri də dublyaj problemidir. ATV xarici filmlərin dublyajının keyfiyyətini artırmaq üçün hansı addımları atır?

-Bu problemin bizə aidiyyəti yoxdur. Ümumiyyətlə, bu gün Azərbaycanda “dublyaj” anlayışının özü yoxdur. Bu sözün klassik mənasında götürülən dublyaj bir vaxtlar Cəfər Cabbarlı adına kinostudiyada edilirdi. Klassik dublyaj indi də yalnız orada həyata keçirilir. Başqa heç yerdə əsl, klassik dublyaj yoxdur. Mən belə deyərkən bütün səs effektlərini, məsələn, çırpılan qapının, yağan yağışın, qaçan atın ayaq səslərinin saxlanmasını, canlandırılmasını və s. nəzərdə tuturam. Dublyaj dediyin məhz budur. Bildiyim qədər dublyaj bu gün yalnız Cəfər Cabbarlı adına kinostudiyada edilir. Bu gün televiziyaların məşğul olduğu məsələyə - filmlərin səsləndirilməsinə gəlincə isə bu məsələni həll etmək də TV-lərin özünün vəzifəsi deyil. Bu, TV-lərin fəaliyyətini təmin etməli olan strukturların - prodakşnların vəzifəsidir. Bu sahənin bizdə o qədər də inkişaf etmədiyini nəzərə alan TV-lər filmlərin səsləndirilməsi ilə özləri məşğul olmağa məcbur olur. Yeri gəlmişkən, ATV-nin filmlərin səsləndirilməsi üçün yaxşı redaksiyası var. Bizdə tərcümələr kifayət qədər savadlı və dolğun olur. Səs seçimi də yaxşıdır. Bu problemi prinsipcə özümüz həll edirik.

-Bu gün praktiki olaraq bütün sahələrdə ən böyük və kəskin problemlərdən biri də kadr çatışmazlığı məsələsidir. Telekanalları da məhz kadrların qeyri-peşəkarlığına görə tez-tez tənqid edirlər. Siz bu problemi necə həll edirsiniz? Cəmiyyətdəki qüsur və əyriliklərlə mübarizə aparmalı olan TV-lərin özlərindəki qüsurlarla necə mübarizə aparılır?

-Yenə də ən ağır və ağrılı məsələyə toxundunuz. Televiziya Akademiyasının açılması bizdə onun haçansa peşəkar kadrlar hazırlamağa başlayacağı ümidlərini yaradıb. Biz bu sahədə nəinki təhsil verən mərkəz, heç maarifləndirici qurum da deyilik. Nəzəri baxımdan bizdə artıq tam hazır kadrlar işləməlidir. Təhsil vermək bizim üçün çətindir. Bu problemlə öz gücümüz, imkanlarımız daxilində mübarizə aparırırq. İşçilərimizi müxtəlif kurslara göndəririk, digər tədbirlər görürük. Amma yenə deyirəm ki, peşəkar kadrlar məsələsini məhz televiziyalarda həll etmək mümkün deyil. Televiziyanı cəmiyyətdən kənar bir orqanizm saymaq düzgün olmaz. Elə düşünürsünüz ki, mətbuatda bu sahədə hər şey qaydasındadır? Qəzetləri, saytları açıb sadəcə sərlövhələrə baxın. Onda bilərsiniz ki, təkcə TV işçilərini savadsızlıqda və qeyri-peşəkarlıqda ittiham etmək olmaz.

-Prezident İlham Əliyev Azərbaycanın regionun lider ölkəsi olduğunu dəfələrlə bəyan edib. Regionun lider TV-si olacaq telekanal yaratmaqda bizə, dövlətimizə nə mane olur? Axı bizim maliyyə imkanlarımız da, intellektual potensialımız da var. Belə çıxır ki, bircə istək çatışmır. Sizə elə gəlmirmi ki, hakimiyyət özü telekanalların inkişafında maraqlı deyil?

-Azərbaycan müxtəlif sferalarda regionun liderinə çevrilmək vəzifəsini həyata keçirib. Ölkəmiz hazırda regionun ən gücü ordusuna, ən güclü iqtisadiyyatına, ən inkişaf etmiş infrastrukturuna və s. malikdir. Regionda lider mövqeyə malik telekanal yaratmaq üçün qarşına müvafiq məqsəd qoymalısan. Dövlətin öz strategiyası olmalıdır. Nə sən, nə mən, nə də başqası dövlətin adından danışa bilmərik. Burada məsələ başqadır. Məsələ ondadır ki, bu və ya digər sahədə lider olmaq Azərbaycana lazımdırmı. Məsələn, Xəzəryanı ölkələr arasında neft hasilatı sahəsində lider olmaq lazımdırmı? Bütün bunlar siyasi məsələlərdir və onları biz həll etməli deyilik. Prezident İlham Əliyev kifayət qədər uzaqgörən siyasətçidir. O, lazım bildiyi hər bir işi görür.

Hakimiyyətin telekanalların inkişafında maraqlı olmaması barədəki sualınıza gəlncə isə mən sizinlə razı deyiləm. Hakimiyyət nə etməlidir ki? Maliyyə dəstəyini artırmalıdırmı? Onda mənə deyin görüm, kommersiya telekanalına maliyyə dəstəyini necə artırmaq olar? Mağazaya girib satıcıya necə demək olar ki, sən daha çox mal sat? Dövlət bizə tezlik verib, gələcəkdə rəqəmsal yayımı da təmin edəcək. Dövlət nə etməlidirsə, onu edir. Ona görə də mən hakimiyyətin telekanalların inkişaf etməsində maraqlı olmaması barədəki fikirlə razı deyiləm.

-Qeyri-rəsmi statistikaya görə, Bakı sakinlərinin sayı artıq qalan bütün bölgələrin bir yerdə götürülmüş əhalisinin sayına çatıb. ATV auditoriyasının neçə faizi Bakının payına düşür?

-Açıq deyim ki, bununla heç vaxt maraqlanmamışam. Beynəlxalq şirkətlərin hesablamalarına görə, bizim ATV-nin reytinqi Azərbaycan telekanallarının ümumi auditoriyasının 34 faizini əhatə edən səviyyədədir. Lakin bizim reytinq digər yerli TV-lərin hesabına artmayıb. Biz onların auditoriyasından tamaşaçı cəlb edə bilmişiksə də bu, çox cüzu hissə təşkil edir.

Reytinqimizin artımı əsasən Rusiya və Türkiyə TV-lərinə baxan auditoriya hesabına baş verib. Bu da ATV-nin böyük uğuru, Azərbaycan teleməkanına verdiyi ən böyük töhfədir. Tənqidçilər bunu niyə görmür? ATV Azərbaycan teletamaşaçısını yerli teleməkana qaytarıb. Sosial şəbəkələrdə hamıdan çox müzakirə olunan da məhz elə ATV-dir - həm müsbət, həm də mənfi planda. Hər hansı, adi bir səhlənkarlıq edəndə, xırda xətaya yol verəndə də,- belə şeylər isə olur, axı canlı yayımdır,- bu məsələ az qala günün hadisəsinə çevrilir. Bu gün bizim telekanallarla bağlı dəb təxminən dəri pencəklər və saçaqlı yun şarfların dəbi kimidir. Onları hamı lağa qoyur, amma hamı da geyirdi.

-Sizə elə gəlmirmi ki, TV-nin rolu anlayışının özü dəyişməli, yəni TV kütləvi informasiya vasitəsi olmalıdır, daha kütləvi təbliğat vasitəsi yox?! Bu yanaşma dəyişməyincə ekranlardakı bu dəhşətli mənzərə tamaşaçını əcnəbi TV-lərə üz tutmağa məcbur edəcək...

-Mən bu fikirlə razı deyiləm. Çünki əgər dövlət varsa, onda təbliğat da olmalıdır. Əgər dəyərlər varsa, onda təbliğat da olmalıdır. Əgər bir insan yaxşı nəsə danışırsa, bu da təbliğatdır. İnformasiya isə tamam başqa bir şeydir. Bu, insanları dünyada baş verənlər haqda məlumatlandırmaqdır. Qalan hər şey təbliğatdır. Hər hansı məhsul haqda danışırsansa, bu da reklam və təbliğatdır. Təbliğatsız keçinmək olmaz. Məsələ başqa şeydədir: biz yaxşı şeyləru təbliğ etməyə niyə utanırıq? Televiziyaların xeyli sayda idman komplekslərinin tikilməsindən, yaxud yolların çəkilməsindən danışması bəyəm pisdir? Bu, düzgün yanaşmadır və bu haqda danışmaq lazımdır. Çünki insanlar yalnız pis şeyləri görməyə öyrəşiblər. Onları yaxşı şeyləri görməyə də vərdiş etdirmək lazımdır. Lakin bu, o demək deyil ki, problemləri işıqlandırmaq lazım deyil. Problemlər qaçılmazdır. Yalnız heç bir iş görülməyən yerdə problem olmur. Məsələn, tutaq ki, üç bina tikilir, onlardan biri uçur. Amma axı qalan ikisi ki, durur. Mən görülən işi niyə təqdir etməyim? Siz bunu niyə təbliğat sayırsınız? Mən belə düşünmürəm.

-Amma axı həmin o üç binadan birinin uçmasına da göz yummaq olmaz. Telekanalları də elə məhz hamını narahat edən problemlərdən danışmamaqda günahlandırırlar...

-Buna kim göz yumur ki?! Minlərlə bina tikildiyi halda diqqəti sadəcə olaraq həmin o uçan binaya - bir fakta yönəltmək düzgün və ədalətli yanaşma deyil. Bizim telekanal ölkədə baş verən hər bir hadisəni fəal şəkildə müzakirə edir, ona münasibət bildirir. Harada yol çöküb, harada işıqlar sönüb - bunlara diqqət yetirir və problemləri işıqlandırırıq. Biz problemlərdən danışırıq, amma müsbət şeyləri də unutmuruq.

-Telekanallarla bağlı çox problemlərdən danışdıq, amma konkret olaraq ATV-yə toxunmadıq. Bütün çatışmazlıqlara, TV-lərin ünvanına səslənən bütün tənqidlərə baxmayaraq ATV-nin populyarlığını saxlaya bilmisiniz. Ondan gələcəkdə nə gözləyək? Telekanalı inkişaf etdirmək üçün hansı planlarınız var? Onları həyata keçirməkdə sizə nə mane olur?

-Məqsədimiz həmişə mümkün qədər daha çox tamaşaçı cəlb etməkdən ibarət olub. ATV əvvəllər də ən populyar telekanal olub. Bu gün isə öz auditoriyasını azı iki dəfə genişləndirə bilib. Bunun sayəsində də reytinq cədvəlində rəqiblərindən xeyli aralanıb. Bu gün biz bu və ya digər məsələyə özünəməxsus şəkildə yanaşa bilirik, belə imkanımız var. Verilişləri nəzərdən keçirib tamaşaçıya nəyi göstərməyi, nəyi göstərməməyi özümüz müəyyən edə bilirik. Elə səviyyəyə gəlib çıxmışıq ki, hər şeyə diqqətlə baxmaq, təmkinlə qərar vermək imkanlarımız var. Rəqiblərinin nəfəsini kürəyində hiss edəndə bunu etmək çox çətin olur. Bu gün isə ATV-nin bu və ya digər qərarı tam sakit şəkildə, təmkinlə, tələsmədən vermək imkanları var. Biz rəqiblərimiz kimi əlimyandıda deyilik. Bu uğurun sirri irəlini görməyimizdə, ayıq-sayıqlıqda, yaxşı zövqdə və daha nələrdədir. Bu gün bizə mane olanlara gəlincə isə məncə, ən böyük maneə tamaşaçının zövqü, onun nəyə üstünlük verməsi məsələsidir. Biz bunlara görə də məsuliyyət daşımaq istərdik. Çox istəyərdik ki, tamaşaçının zövqünün formalaşmasına təsir göstərə bilək. Bunun üçün rəqiblərimizdən xeyli irəli çıxmaq, aralanmaq lazım idi. İndi əsas məsələ mövqeyimizi əldə saxlamaq və veriliş seçimi, xarici teleşirkətlərlə əməkdaşlığı gücləndirmək sahəsində daha da irəli getməkdir. Məncə, telekanal rəhbərliyinə gəlişimlə mən minimum proqramı yerinə yetirmişəm. Gələn mövsümdən başlayaraq maksimum proqramla ciddi məşğul olacağıq. Bu proqram bir çox sahələrdə əsaslı dəyişikliklərə gətirib çıxaracaq.

Məncə, indiyə qədər az iş görməmişik. ATV-də səhərlər bir neçə saat xalis informasiya blokları efirə gedir. Digər telekanallarda olduğu kimi bizdə heç bir qonaq, rəqqasə, ginekoloq və s. görməzsiniz. Çox düzgün qurulmuş, dəqiq tərtiblənmiş efir vaxtımız var. Vaqonlar lokomotivin ardınca səliqə ilə düzülüb gedən kimi bizdə də xeyli tanınmış və sevilən aparıcıların verilişləri eləcə ard-arda düzülüb. Onların hər birinin öz auditoriyası var və bunlar da ATV-nin ümumi auditoriyasını formalaşdırır. Digər telekanalların əməkdaşları da bizə gəlir. Onları orada efirə buraxmırmışlar, bizdə isə ulduza çevriliblər.

ATV prinsipcə ictimai-kommersiya telekanalına çevrilib. İşin kommersiya tərəfini unutmaq olmaz. Əgər onu bu gün unutsaq, sabah telekanalı bağlamalı olacağıq. Adamlar səslərinin eşidilməsini istəyəndə telekanallara üz tuturlar. Bəs bu gün ən böyük auditoriya kimdədir?! ATV-də! Əgər sən ATV-də çıxış etmisənsə, deməli, öz sahəndə nəyəsə nail olmusan. ATV-də çıxış edən istənilən siyasətçini və ya ictimai xadimi dinləyəcəklər. Əgər həmin siyasi xadim digər 5 telekanalda çıxış etsə, onda onu təkcə ATV-də görüb dinləyən sayda adam görüb dinləyəcək...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar