Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“5 rayonun qaytarılması ilə razılaşmalıyıq” – Millət vəkili


Duqinin yanaşmalarında xeyli pozitiv çalarlar var...


Deputat Fazil Mustafanın son günlər regionda baş verən mühüm hadisələrlə bağlı müsahibəsini təqdim edirik:

- Fazil bəy, Türkiyənin Avropa Birliyi və Avropa Şurası ilə münasibətlərində ən gərgin mərhələ yaşanır. Hazırkı durumu necə qiymətləndirirsiniz və hadisələr hansı ssenarilər üzrə inkişaf edə bilər?

- İndiki münasibətləri və yaranan vəziyyəti Türkiyənin Avropa siyasətində olan müəyyən dəyişikliklərin başlanğıcı kimi qiymətləndirirəm. Çünki 2003-cü ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə onların əsas tezislərindən biri Avropa İttifaqına daxil olmaq idi. Həmçinin Avropa İttifaqının Ədalət və İnkişaf Partiyasının liberal baxışlarına münasibəti tamam fərqli idi. Ancaq Yaxın Şərqdə “Ərəb baharı” adı ilə başlanan proses birbaşa dövlətlərin xaosa sürüklənməsini gücləndirdi. Türkiyə də öz sərhədlərini möhkəmləndirmək, bu xaosun Türkiyəyə yayılmaması üçün müəyyən səylər ortaya qoydu. Bu da Yaxın Şərqdə qarışıq mühitin və xaosun yaranmasında maraqlı olan qüvvələri qane etmədi. Odur ki, bunu birbaşa Türkiyə hakimiyyəti ilə əlaqələndirərək, onun sıradan çıxarılması üçün müəyyən cəhdlərə əl atıldı. Əvvəl daxili resurslar işə salındı, sonra hərbi çevriliş cəhdi oldu, Suriyadan baş verən müəyyən proseslər, terrorçuların dəstəklənməsi və sair vasitələrlə Avropa tərəfindən Türkiyəyə qarşı açıq kurs götürüldü. İndi Türkiyənin terrorçu olaraq tanıdığı hər kəs Avropa üçün ən dəyərli şəxsə çevrilib. Bu, olduqca təhlükəli tendensiyadır. Üstəlik Türkiyənin miqrant məsələsində tutduğu humanist mövqe həqiqətən də Avropanı bir qədər utandırıcı vəziyyətə saldı. Çünki Avropanın özündə belə bu məsələyə münasibətdə humanizm baxımından yanaşma o qədər də diqqət çəkmədi. Yəni Avropa-Türkiyə münasibətlərində problemim kökü bu məqamlardan qaynaqlanır. Hesab edirəm ki, bu, Avropanın bəhanə axtarmasından başqa bir şeyi ifadə etmir. Avropada gözlədilər, referendumda “hayır” səsləri qalib çıxmadı, bundan sonra Avropa Birliyi və Avropa Şurasında anti-Türkiyə qərarları oldu. Bunlar siyasi konyunkturadan irəli gələn qərarlardır və Türkiyəni Avropadan uzaqlaşdırmaq məqsədi güdür.

- Bundan sonra necə olacaq?

- Hesab edirəm ki, artıq Türkiyə özünə yeni yol seçməlidir. Çünki buna qədər gedilən yol ortadadır və əslində, Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlıqdan başqa bir şey ifadə etmir. Hətta Kiprin bir hissəsini qopararaq Avropa Birliyinə qəbul edirlər, Türkiyəni isə müxtəlif bəhanələrlə kənarda saxlayırlar. Təbii ki, Türkiyə güclü bir dövlətdir və öz yolunu, strategiyasını yenidən müəyyən etməli, Avropanın bu qərarlarına rəğmən, demokratik, layiq və dünyəvi dövlət modelində yeni alternativlər haqqında düşünməlidir.

- Türkiyə-Avropa Birliyi, Türkiyə-Avropa Şurası münasibətlərinin Azərbaycana mənfi və ya müsbət təsirləri ola bilərmi?

- Bu məsələnin Azərbaycana təsir edən tərəfləri var. Türkiyənin Avropa məkanında münasibətləri nə qədər yaxşı olarsa, Azərbaycan bir müttəfiqi timsalında xeyli dəstək qazana bilər. Amma bu müttəfiq olmayanda biz köməksiz durumda qalırıq. Odur ki, burada məsələlər birmənalı qiymətləndirilə bilməz. Bu problemlərin olması və Türkiyə üzərində cərəyan etməsi müəyyən dərəcədə Azərbaycana da təsir edəcək. Amma biz öz işimizi görməli, müstəqil əlaqələrimizə önəm verərək, yolumuzu davam etməliyik.

- Türkiyə və Azərbaycan ordusunun birgə təlimləri regionda əzələ nümayişidir, yoxsa öncədən planlaşdırılan təlimlərdir?

- Öncədən razılaşdırılan hərbi təlimlərdir və bunda başqa məna axtarmaq doğru deyil. Ancaq həm də məna var. O mənada ki, bu iki dövlət bir-biri ilə qardaşlıq münasibətlərini davam etdirmək niyyətindədir. Gələcəkdə də belə olacaq. Əks halda bizi yaxşı gələcək gözləmir. Mən təklif edirəm ki, belə hərbi təlimlər 24 apreldə keçirilsin. Çünki bu, daha məqsədəuyğundur və də ermənilərin saxta soyqırım iddialarına tutarlı, sərt cavab olardı.

- Qarabağ münaqişəsinə dair Moskvada görüş keçirildi. Rusiya Xarici İşlər naziri Lavrov elan etdi ki, Azərbaycan torpaqları işğal edilib, amma problemin müharibə yolu ilə həll edilməsinə imkan verilməyəcək. Digər tərəfdən, rusiyalı politoloq Aleksandr Duqin mətbuata açıqlama verdi ki, Azərbaycanın işğal edilən 5 rayonu geri qaytarılmalıdır. Kremlə bağlı olan Duqin və nazir Lavrovun bəyanatı necə qiymətləndirilməlidir?
- Hesab edirəm ki, Rusiyanın məsələyə dair mövqeyində real yanaşma var. Xüsusilə Duqinin yanaşmalarında xeyli pozitiv çalarlar var. Bu da proseslərin hansı istiqamətdə inkişaf etdiyinin perspektivlərini göstərir. Mənə elə gəlir ki, biz Qarabağla bağlı realist platformadan çıxış etməliyik, mümkün olanları həll edib, sonra digər məqamlar haqqında düşünməliyik.

- “Mümkün olanları” dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Məsələn, 5 rayonun qaytarılması məsələsi. Statusla bağlı məqam bundan sonrakı mərhələyə saxlanılır. Əvvəl jest işğalçı tərəfindən edilir, ardınca digər məsələlər müzakirə predmeti ola bilər. Duqin bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacibdir. Bunun israrlı vurğulanması zənnimcə, müsbət tendensiyanın olduğunu göstərir. Biz çalışmalıyıq ki, bu, Rusiya dövlət siyasətində öz əksini tapsın. Əsas Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Bu, həm də Dağlıq Qarabağın Azərbaycanın ərazi hüdudları içərisində qalmasını qəbul etmək düşüncəsidir. Bu düşüncə də bizi qane edir.

- Son günlər müşahidə edilən odur ki, ruslar Suriyada terrorçu şəbəkə olan YPG, PYD və PKK-ya dəstək verir, hətta bəzi yerlərdə Rusiya ilə PKK-nın bayrağı birgə asılır. Bu baxımdan Türkiyə-Rusiya münasibətlərinin indiki durumu və bunun Azərbaycana təsirləri haqqında nə düşünürsüz?
- Şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması indiki şərtlər daxilində bizim maraqlarımıza tam uyğundur. Çünki Rusiya bütün hallarda böyük dövlətdir, Ermənistana hər nə qədər dəstək verən ölkə olsa da, Azərbaycan olaraq Rusiya ilə müəyyən kollektiv müqavilələr içində yer alırıq. Odur ki, Rusiyanın ən azı Azərbaycana neqativ münasibətinin olmaması, müəyyən qədər normal əlaqələr hər halda Azərbaycanın təhlükəsizliyi baxımından faydalıdır. Həm də qonşu dövlət kimi biz münasibətlərə xüsusi əhəmiyyət verməliyik. Çalışmalıyıq ki, münasibətlərin korlanmasından ziyan çəkməyəcək. Təbii ki, Rusiyanın mövqeyində də bizi qane etməyən xeyli məqamlar var. Bunların müsbət yöndə dəyişməsi istiqamətində düşünməliyik.

- Ancaq hazırda Rusiya-Türkiyə münasibətləri gərginləşmə istiqamətində inkişaf edir...

- Bəli. Lakin siz nəzərə alın ki, bu gün həm də Ərdoğan-Putin görüşü var. Bu görüş də Avropadan dışlanan Türkiyənin yeni axtarışları kimi xarakterizə oluna bilər. Fikrimcə, bu görüşdən müsbət məqamlar gözlənilir. Çünki başqa yol da yoxdur. Rusiya nəhayət, Türkiyə və Azərbaycanla bağlı siyasətini erməni prizmasından deyil, özünün maraqları konteksindən müəyyən etməlidir. Və daha müsbət istiqamətdə yanaşmağı bacarmalıdır. Nəzərə almalıdır ki, Rusiya özü də təklənmiş, sanksiyalar altında olan ölkədir. Üstəlik Avropanın Türkiyəyə münasibəti Avropanın Rusiyaya münasibətindən ciddi fərqlənmir. Belə bir vəziyyətdə Rusiyanın siyasətində ciddi dönüş yaratması hamımızın üçün faydalıdır.

- Mayın sonlarında İranda prezident seçkiləridir. Bu seçkilərdən gözləntiniz nədir?

- İran sürprizlərlə dolu ölkədir. Orada kimin revanş götürəcəyini, kimin geridə qalacağını müəyyən eləmək olduqca çətindir. Çünki İranda son vaxtlar prezident seçkiləri beynəlxalq arenada İranın üzləşdiyi problemlərə uyğun formada keçirilir. Əgər beynəlxalq aləmdə İrana münasibətdə kəskin mövqe varsa, bu zaman mühafizəkar baxışlı namizəd, yox əgər liberal yanaşmalar olursa, bu zaman islahatçıların namizədi üstünlük qazanır. Bizim marağımız odur ki, İranda insan haqlarına hörmət edən, qonşuluq münasibətlərinə dəyər verən prezident olsun. Çünki biz qonşuluq münasibətlərinin yaxşı macərada irəliləməsində maraqlıyıq. Əlbəttə, seçkilər İranın daxili işdir, amma bizə münasibətdə aqressiv olmayan siyasətçinin qələbə qazanması maraqlarımız baxımından daha əlverişlidir.

- Bir neçə gündən sonra İslam Oyunlarına start veriləcək. Bu idman yarışının Azərbaycanda keçirilməsi ölkəyə hansı dividentlər gətirə bilər?

- İslam Oyunlarının Bakıda keçirilməsinə münasibətim müsbətdir. Hər halda Azərbaycanın imici ilə bağlı məsələdir. İmicin yüksək səviyyədə olması Azərbaycanın tanıtımı baxımından əhəmiyyətlidir. Çünki insanların dövlətləri tanıması beynəlxalq səviyyəli tədbirlərlə mümkün olur. Odur ki, bu oyunların cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməsi lazımdır. Hesab edirəm ki, buna dar çərçivədə baxmaq doğru olmazdı.

- 3 May Türkçülük bayramı kimi qeyd edilir. Bəzən təkliflər səslənir ki, 3 May bayramı təqvimə salınsın, dövlət səviyyəsində qeyd edilsin. Bu təklif nə dərəcədə məqsədəuyğundur?

- Məncə, bu, ayrı-ayrı vətəndaş cəmiyyətlərinin keçirəcəyi bayramdır. Dövlət səviyyəsində belə bayramın qeyd edilməsi problemlər yarada bilər. Amma Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti türklər olduğundan bizim üçün əziz bayramdır. Dediyim kimi, bunu vətəndaş cəmiyyəti formasında keçirmək daha yaxşıdır. Heç Türkiyədə də bu, dövlət bayramı kimi qeyd olunmur. Daha çox türklük duyğusu, türk kültürü ilə bağlı insanların həssas davranması, xatırlanması kimi qeyd olunan bayramdır. Məncə, belə də davam etməlidir.(teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar