C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yanvarın 22-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanmış tamaşanın yeni ildə ilk premyerası uğurla keçib
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
O, bildirib ki, 136-cı mövsümün anşlaqla keçən ilk premyerası zamanı Qırğızıstan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, ölkənin tanınmış mədəniyyət və sənət adamları, digər mötəbər qonaqlar iştirak ediblər.
Tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.
Rollarda əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Səmayə İsmayılova, Nicat Mirzəzadə, Şəbnəm Cəbrayılova, Tural Xəlilzadə, Elçin Hacıyev və Rövşən Cəfərov çıxış ediblər.
Əsəri görkəmli Azərbaycan ziyalısı, tanınmış şair-dramaturq Hidayət tərcümə edib.
Əsərdə insan taleyi, insani məsələlər ön plana çəkilib. Hadisələr birinci hissədə sərnişin qatarında cərəyan edir. İkinci hissədə isə qatardan enmiş, səhrada qatar yolunun üzərində hadisələr baş verir. Hansı ki, bu qatarda iki nəfər gənc evlənməyə, bir nəfər qadın isə nə vaxtsa qısa vaxtda sevdiyi oğlanın qəbrini ziyarətə gedir. Tamaşada müxtəlif talelər əks olunur.
pia.az