Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zeynəddinli kişinin keşməkeşli siyasət və ömür yolu

Xalq onu 1990-cı ildə seçilən və sessiyaları ölkəyə birbaşa translyasiya olunan parlamentdən tanımışdı. Gözündə qara eynək (aldığı fiziki travma üzündən taxırdı), asta və qətiyyətli səslə danışırdı.

O zaman o – İbrahim İbrahimli parlamentin "Demokratik blok” adlanan fraksiyasının ən fəal, yəni çox danışan üzvlərindən biri deyildi. İbrahim İbrahimlinin siyasətçi və natiq kimi ulduzu 1993-cü ilin iyun qiyamından sonra parladı.

Həmin vaxt hakimiyyəti devrilmiş AXC-Müsavat tandeminin ən ağır günləri idi. Bir il əvvəlki "Demblok”un üzvlərindən bir neçəsi həbsdəydi, bir neçəsi gizlənməyə vadar olmuşdu, 4-5-i isə zamanın və taleyin kəc gərdişi ilə qiyamçılara qoşulmuşdu.

Ortada Tofiq Qasımov, İbrahim İbrahimli, Ədalət Rəhimli, Nurəddin Əhədov, Mirmahmud Fəttayev qalmışdı. Onlar parlament müstəvisində bacardıqları qədər qiyamçılara müqavimət göstərir, prosesin qanunlar çərçivəsində davam etməsini tələb edir, hakimiyyətin qəsb edilməsinə etirazlarını bildirirdilər.

O zaman əsasən Naxçıvanda tanınan İbrahim İbrahimlini artıq bütün Azərbaycan tanıdı. Onun adı parlamentin tribunasından, rəyasətindən dəfələrlə çəkildi, ünvanına yaxşı-yaman ifadələr səsləndi.

İbrahim İbrahimli tövrünü pozmadan, barəsində deyilən sözlərə fikir vermədən, qətiyyətli və zabitəli səsi ilə "biz demokratiyanın boğulmasıyla, hakimiyyətin qəsb edilməsiylə barışmayacağıq” deyir, artıq hər şeyin itirildiyi ilə barışmağa, pərən-pərən olmağa meyllənmiş dünənki iqtidar, bugünkü müxalifət qüvvələri üçün son ümid şamı yandırırdı.

Görünür, elə buna görə doğma kəndi Kələkiyə getmiş prezident Elçibəy rəhbərlik etdiyi siyasi təşkilatın tamamilə dağılmaması üçün İbrahim İbrahimlini AXC-nin İcraiyyə Komitəsinin sədri təyin etdi. O zaman İ.İbrahimli başqa bir siyasi təşkilatın – Müsavatın rəhbərliyində təmsil olunurdu. Repressiya, təqib dalğası səngiyəndən, təhlükə sovuşandan sonra AXC-nin rəhbərliyinə gələcək şəxslər gizlənməyə məcbur olmuşdular. Təşkilatı isə qorumaq, saxlamaq lazım idi.

Belə bir zamanda İbrahim İbrahimli AXC-nin yükünün bütün ağırlığını öz üzərinə götürdü, təşkilatın yenidən toparlanması üçün böyük işlər gördü. AXC yavaş-yavaş özünə gəldi, toparlandı, gizlənənlər üzə çıxdı və bir gün onlar İbrahim İbrahimlinin yerini dar elədilər. O, Müsavata qayıtdı, partiyanın rəhbərlərindən biri oldu.

Seçki dönəmlərində İbrahim İbrahimlinin daha bir keyfiyyəti, mitinq idarə etmək, meydanda çoşqu yaratmaq qabiliyyəti, natiqlik məziyyəti üzə çıxdı. Uzun müddət o, partiyanın rəhbərlərindən biri olaraq, siyasi arenada fəallıq göstərdi. Bu yolda həbsə düşdü, işgəncələrə məruz qaldı.

Əslində siyasətə atıldığı ilk gündən o, xoş bir gün görməmişdi, doğma kəndinə - Zeynəddinə gediş-gəlişi yasaqlanmışdı, ata evi yandırılmışdı, muxtar respublikaya qədəm qoyarkən həbs edilmiş, döyülmüşdü. Siyasət bu adama yalnız və yalnız iztirablar, məhrumiyyətlər gətirmişdi. Ancaq İbrahim İbrahimli gələcəyə baxır, ölkəyə demokratiya, haqq-ədalət gətirəcəklərinə inanırdı.

Gün gəldi, o, rəhbərlərindən biri olduğu partiyadan da incik düşdü. Səbəb nəydi, günah kimdəydi, uzun və qəliz söhbətdir. Əsas o idi ki, İbrahim İbrahimli hərəkat yoldaşlarının onun qədrini lazımınca bilmədikləri, ona layiq olduğu hörməti qoymadıqları qənaətinə gəldi və Müsavatdan ayrıldı. Daha sonra o, siyasətdən ayrı qala bilməyəcəyini anladı, Milli Şuraya qoşuldu, amma əvvəlki illərdəki kimi fəal və ardıcıl ola bilmədi. O da bir çox cəbhə yoldaşları – Tofiq Qasımov, Vurğun Əyyub, Hikmət Hacızadə və başqaları kimi, əslində siyasi guşənişinlik yolu seçdi.

Sonra İbrahim İbrahimlinin səhhətində problemlər başladı. Demək olmaz ki, bu sağlıq problemləri onun siyasi fəaliyyətinə görə keçirdiyi həyat tərzindən, məruz qaldığı iztirablardan qaynaqlanmışdı. Amma elə də demək olar. Yuxarıda da deyildiyi kimi, siyasətə qoşulalı bir xoş gün görməmişdi bu kişi.

Onun ən üstün keyfiyyətlərindən biri ölkə insanlarını mahallara, rayonlara bölməməsi idi. Təbii ki, hamı kimi İbrahim İbrahimlidə də doğulduğu torpağın təəssübünü çəkmək hissi vardı, amma o, heç vaxt siyasi personalara münasibətdə "filankəs mənim yerlimdir, eloğlumdur, ona görə də həmişə haqlıdır” prizmasından yanaşmırdı.

Yaxşı qələmi də vardı İbrahim bəyin, duzlu yazılar yazırdı.

Beləcə, bir işıqlı insan millət yolunda çəkdiyi əziyyətlərin bəhrəsini dadmadan, qarşılığını almadan dünyadan köçdü. İndi onu "istiqlalçı deputat” deyə anırıq. Əsl istiqlalçıydı. Yeganə təsəlli odur ki, o, Qarabağ torpaqlarının işğaldan azad edildiyini gördü. O, bütün ölkəni eləcə sevirdi – Naxçıvanı da, Qarabağı da, Gəncəbasarı da, Borçalını da.

Allah sənə rəhmət eləsin, istiqlalçı bəy.

Xalid KAZIMLI(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar