Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəfər Paradı və Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsi

Amid Əliyev yazır...

10 dekabr 2020-ci il tarixində Azadlıq meydanında Silahlı Qüvvələrimizin II Qarabağ müharibəsindəki qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Bu vaxta qədər Azadlıq meydanında bir çox paradlar təşkil olunub. Lakin bu gün keçirilən parad əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə köklü surətdə fərqləndi. Əvvəla bu, Zəfər - Qələbə Paradı idi. Azərbaycan ordusu və xalqı çoxdan idi ki, bu paradı gözləyirdi. İkincisi, Azərbaycan ordusu ilə yanaşı qardaş ölkə Türkiyənin silahlı qüvvələri də paradda iştirak etdi. Türkiyə Prezidenti, Müdafiə və Xarici işlər nazirləri və digər rəsmilərin paradda dəvətli qismində iştirakı xüsusi vurğulanmalıdır. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevlə bərabər türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çıxışı iki qardaş ölkənin daima bir-birinə güclü dəstəyini dünyaya nümayiş etdirmiş oldu. Üçüncüsü, müharibə zamanı Ermənistandan qənimət kimi götürülmüş hərbi texnika da paradda nümayiş etdirildi. Paradda yüksək rütbəli hərbiçilərlə yanaşı, müharibə zamanı yaralanmış qazilər də tribunada yer almışdılar ki, bu da diqqətəlayiq bir məqamdır. Və nəhayət, sonuncusu, Azərbaycan ordusunun istifadəsinə verilmiş ən son texnika və xüsusən də, müharibənin gedişatına ciddi şəkildə təsir göstərən Azərbaycan, Türkiyə və İsrail istehsalı olan PUA-ların da paradda keçidi təşkil olundu. Hansı ki, dünyanın bir çox hərbi analitik mərkəzləri məhz Azərbaycanın tətbiq etdiyi, dünyada ilk sayılan pilotsuz uçuş aparatlarının Qələbəyə aparan yoldakı təsirlərini ciddi şəkildə araşdırır.

Bu günkü paradın mahiyyətinə uyğun olaraq 2016-cı ildə Lələtəpədə və eləcə də, 8 noyabrda Şuşada qaldırılmış bayraqlar Azadlıq meydanına gətirilmişdir. İki il öncə keçirilmiş paradda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsləyə toxunaraq qeyd etmişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Artıq bu gün Şuşada dalğalanan bayraq bizim “Zəfər Bayrağı”mız kimi qəbul olundu. Bu gün artıq müzəffər Azərbaycan ordusunun özünün “Zəfər Bayrağ”ı vardır.


Paradda çıxış edən Silahlı qüvvələrin Ali Baş Komandanı bu paradın tariximizə Zəfər Paradı kimi əbədi olaraq həkk olunacağını bildirdi. Azərbaycan ordusunun yenilməz qüvvət və əyilməz iradəyə malik olmasını məhz bu parad bir daha sübut etdi. Azərbaycan əsgərinin döyüşkən və yenilməz bir ruha sahib olması bu parad vasitəsilə bir daha sübut olundu. Azərbaycan ordusunun 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı göstərdiyi peşəkarlıq və cəsarət səviyyəsi bir sıra ölkələrdə müzakirə mövzusu oldu. Azərbaycan ordusunun “Dəmir yumruq” adı altında işğalçı Ermənistan ordusuna qarşı apardığı mübarizə nəticəsində Ermənistan ordusu tamamilə darmadağın edildi. Öz çıxışında dövlət başçısı bu barədə belə dedi: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”. Çıxışı zamanı Ölkə başçısı tərəfindən qeyd olunan bu və digər bu qisimdən olan bəyanatlar birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyinə ünvanlanmış xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Növbəti dəfə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı torpaq iddiası olacağı təqdirdə, Azərbaycan ordusunun vuracağı zərbə Ermənistan üçün çox ağır nəticələnə bilər.

Elə bu gün Azərbaycan və Türkiyə dövlət başçılarının mətbuat konfransı da keçirildi. Konfrans zamanı hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış etdilər. Çıxışlar zamanı diqqəti çəkən bəzi məqamlar daha yadda qalan oldu. Azərbaycan Prezidenti çıxışında Türkiyə dövlətinin müharibə başlanan gündən Azərbaycanın yanında olmasını və Azərbaycanın apardığı haqq işində ona dəstək olduğunu bildirdi. Bu, Azərbaycan xalqı üçün olduqca vacib bir məqam idi. Azərbaycan dövləti və xalqı çətin bir sınaq qarşısında qaldığı dövrdə qardaş Türkiyə dövlətinin göstərmiş olduğu dəstək olduqca yüksək qiymətə layiqdir. Eləcə də, Türkiyə dövlət başçısının şəxsən bu günkü paradda iştirakı bir sıra dairələrə Azərbaycanın tək olmaması mesajını da verdi. Azərbaycan və Türkiyə arasında olan bu həmrəylik bir daha onu göstərdi ki, Azərbaycan həqiqətən haqq yolundadır. Türkiyənin son illərdə hərbi sənayesinin inkişafı ilə bağlı əldə etdiyi uğurlar və bu uğurlardan da Azərbaycanın istifadə edə bilməsi müharibə zamanı Azərbaycan ordusuna əlavə üstünlüklər verdi. Çıxışı zamanı ölkə başçısı Qarabağda yenidənqurma işlərinin artıq başlamasını da bildirdi. Qeyd olundu ki, Türkiyə şirkətləri hazırda və gələcəkdə də Qarabağda yenidənqurma işlərində yaxından iştirak edəcəklər. Hətta Şuşaya çəkilən yolu türk mühəndislər bitirdikdən sonra ora birgə səfərin edilməsi fikri də səsləndi.

Türkiyə prezidenti də öz bəyanatında Azərbaycanın əldə etdiyi qələbə nəticəsində regionda Azərbaycanın xeyrinə yaranmış yeni reallığın Türkiyə üçün də mühüm olduğunu vurğuladı. Məhz bu reallığa uyğun olaraq Qafqazda Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstandan ibarət yeni əməkdaşlıq alyansının yaranması nəzərdə tutulmuşdur. Bu, bölgədə geosiyasi güclərin ortaq məxrəcə gələrək bir sıra sahələr üzrə inkişafın təmin edilməsinə yönəlik bir əməkdaşlıq formatı olacaqdır. Ən əsası isə bu, özlüyündə regionda sülhün qorunmasını təmin edə bilən bir siyasi platformadır. Təbii ki, Ermənistan dövləti də bu əməkdaşlıqda iştirak edə bilər. Yalnız bu, Ermənistanın siyasi rəhbərliyinin bu məzmunda konstruktiv mövqe göstərməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı olan əsassız iddialardan əl çəkməsi şərti ilə mümkün ola bilər. Belə olduğu təqdirdə, Azərbaycanın Ermənistanla əməkdaşlığı və hətta Türkiyə ilə sərhədlərin açılması ehtimalı reallığa çevrilə bilər. Bu, hər şeydən öncə Ermənistan dövləti üçün vacibdir.

Azərbaycan və Türkiyə arasında mövcud olan strateji əməkdaşlığın artırılması məqsədilə bu gün iki dövlət arasında bir sıra mühüm sənədlər də imzalanmışdır. Belə ki, Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokolun imzalanması iki ölkə arasında bütün sahələr üzrə yüksək səviyyəli əməkdaşlığın olmasını bir daha açıq şəkildə bəyan etdi.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, Amid Əliyev

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar